Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı növbəti Açıq Portfel xəbərini Bakı Şəhər Statistika İdarəsinə istinadən təqdim edir.

 

Cari ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4 faiz artaraq 15 milyard 80,3 milyon manat olub.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsindən 4 faiz artaraq 15 milyard 48,3 milyon manat təşkil edib.

Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla ayda 140 manat çox əmtəə alıb. 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 2,7 faiz artaraq 9 milyard 79,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6 milyard 0,6 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 60,2 faiz təşkil edib.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 60,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,8 faizi elektrik malları və mebelin, 3,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 3,4 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi avtomobil yanacağının, 7,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər kəsin taleyinə yazılan bir ömür yolu var. Və hər kəs bu yolda öz təyinatını icra edir. Kiminsə səhv bildiyi təyinatın əsl mahiyyətini isə Tanrıdan savayı heç kim bilə bilməz. O da öz təyinatını icra edir...

 

 Əsilli-köklü adamdır. Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, zəruri bildiyi yerdə görünməyə səy göstərər...

 

Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara, titullara layiq görüldüyü də yəqin ki, Tanrı qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, sözün əsl mənasında fitri istedada malikdir, necə deyərlər, mayası poeziyadan yoğrulub...

 

Rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşlarından biri deyir ki;- "Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranır, sərbəst iş rejimi yaradıb. Bundan sui istifadə halları da yoxdur. Hər kəs bundan sui istifadəni özünə ayıb bilir"... 

 

Xeyli şeirləri var, gözəl poeziya nümunələri yaradıb. Onları oxuduqca mənəvi zövq alırsan, ruhun dincəlir: 

 

Ya Rəbb, deyəcəyim söz də qalmadı,

Nə mən danışanam...

Nə sən duyansan.

"Ömürdü, həyatdı…”,- dedim,

Olmadı-

Hər nədir, adını özün qoyarsan.

Neyləyim, verdiyin su ömrü deyil

Yağışda danışım, seldə danışım.

Ya mənim dilimdə yaz taleyimi,

Ya da... 

Sən bildiyin dildə danışım...

Göy üzü yorulub dualarımdan-

Bəlkə süzgəçindən keçmir, İlahi?

Mən hər gün ömrümün son baharından

Köçürəm,

Vücudum köçmür, İlahi.

Nə hesab soranam, nə hesab yazan-

Varlığım kimsəyə qənim ki deyil.

Daha yol qalmayıb

Yolundan aza-

Bu sənin dünyandı, mənimki deyil...

 

Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq insandan yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi bu gün yaşadığı mühitdən daha gözəldir. Az qala deyəcəkdim ki, o, bu dünyaya gərək yüz il bundan sonra gələydi...

 

Haqq yazıb sədəfdən alın yazımı,

Sədəf altındakı dürrdəyəm, dədə.

Varmıdır bu ömrün səndə yozumu?

Sonu bilinməyən sirrdəyəm, dədə. 

 

Bir ismi pünhanam, ismim açılmaz

Yüz il də desinlər "sim-sim", açılmaz.

Sinəmin ustündən tilsim açılmaz,

Sinəmin altında- pirdəyəm, dədə. 

 

Haqdan yol azan kəs yol dışındadı-

Nəfsi verim-alım savaşındadı...

Dünya ölüm-qalım savaşındadı

Mən elə durduğum yerdəyəm, dədə…

 

Bəli, sizinlə şair Elçin Mirzəbəyli haqqında danışırdım. Avqustun 12-si Elçin bəyin 56 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Xəbər verdiyimiz kimi, “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb. 

Bəs sonra nə olacaq? 

 

“Ədəbiyyat və incəsənət” portalı Mərkəzə istinadən xəbər verir ki, müsabiqədə seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun bağları” brendinin məhsulundan hədiyyə alacaqlar. 

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaq və həmin əsərlər “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

İstirahət günlərində “İstiqlal” ordenli Xalq şairi, Dövlət mükafatı laureatı Qabilin doğum günü idi.

 Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ilin 12 avqustunda doğulub, 2007-ci ilin 4 aprelində dünyasını dəyişib.

Unudulmaz ustadı undulmaz şeirləri ilə yad edir, sənətinə və ruhuna alqış deyirik. 

 

 

SƏHV DÜŞƏNDƏ YERİMİZ

 

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Muğan həsrət yağışa,

        Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

(1969)

 

 

KÜLƏKLİ HAVALARDA,

YAĞIŞLI HAVALARDA…

 

Külәk әsir... üşüyür yenә daş-divar,

Sәkilәrin üstünә düşür damcılar,

Küçәlәrdәn tәlәsik keçib gedirlәr,

Sәni xatırlayıram, qәlbimdә kәdәr –

Biz dә belә gedәrdik,

Külәkli havalarda, yağışlı havalarda.

 

Külәk әsir, titrәyir qapı-pәncәrә,

Yağış yağır... şırhaşır düşür şәhәrә,

Dalda yerә çәkilir bir qız, bir oğlan

Qorxub yağışdan.

Biz dә belә edәrdik,

Külәkli havalarda, yağışlı havalarda.

 

Külәk әsir... sevdiyin mahnını çalır,

Yağış yağır, o vaxtı yadıma salır.

Bir qız keçir sәn geyәn jaketdә bu dәm,

Duman çökmüş şüşәdәn onu görürәm,

Sәni görmürәm...

Külәkli havalarda, yağışlı havalarda.

 

Külәk әsir, közәrir odum, yanıram,

Yağış yağır, gözümdәn yağır sanıram,

Sәni, sәni axtarır, sәni gәzirәm.

Başqa vaxtı hicrinә bir cür dözürәm,

Ancaq dözә bilmirәm

Külәkli havalarda, yağışlı havalarda.

(1961)

 

 

GEDƏN YERİM OLAYDI

 

Yuxum ərşə çəkiləydi,

Dan yeri –qızarmış gözlərimdə,

Təki  söküləydi.

Səhər başımda sevdalı fikirlər,

Harasa gedən yerim olaydı.

 

Çətin bir ünvan axtaraydım,

Gəlişimə inanmayan,

Gəlişimi gözləməyən,

İnsan axtaraydım.

Raketdən sürətli nə var dünyada,

Təki gedən yerim olaydı…

Gedəydim payi-piyada,

 

Külək,yağış,qar canımı üzəydi.

Büdrəyib yıxılanda,

Kötüklər, daşlar dizimi əzəydi.

Cəhənnəmə ki,

Təki gedən yerim olaydı…

 

Axşam düşəndə çataydım,

Sıldırımlı dağlara sığınmış bir kəndə

Döyəydim bir qapını

əllərim əsə-əsə,

İt zəncir gəmirəndə

Adam çıxaydı səsə,

Bir cüt pərişan gözlə göz-gözə,

Bir xoş mehriban üzlə üz-üzə,

Dayanaydım.

 

O, heyrət elədikcə

Mən alışıb yanaydım.

Qucaqlayıb boynunu

Sığallayıb telini

Qupquru dodağımla

Yandıraydım əlini.

Uşaq kimi ağlayaydım,

Bulaq kimi çağlayaydım.

Gedən yerim olaydı gedən yerim,

Kiminsə həsrətiylə açılaydı səhərim…

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilənin qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb.

 

Səbail rayonu, Şeyx Şamil küçəsi, 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib.

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Eyni zamanda paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Mədəniyyət Nazirliyində nazirlik yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə iclas keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli çıxış edərək, İctimai Şuraya seçkilərdən sonra üzvlərlə ilk toplantının təşkil olunduğunu bildirib, onlara təbriklərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb. 

Müasir çağırışlar kontekstində nazirliyin fəaliyyəti haqqında danışan Adil Kərimli mədəniyyətin müxtəlif sahələrinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. İctimai Şuranın öz fəaliyyətini nazirliyin hədəflərinə adekvat şəkildə quracağına, prosesə öz töhfəsini verəcəyinə inam ifadə olunub. 

İctimai Şuranın üzvləri mədəniyyət sahəsinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər. Görüş müvafiq sahələr üzrə fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, bu ilin iyul ayında Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, Şuranın 9 nəfərdən ibarət heyəti formalaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Cümə, 11 Avqust 2023 19:00

Sabah Beynəlxalq Gənclər Günüdür

 

Sabah - 12 avqust Beynəlxalq Gənclər Günüdür. International Youth Day - hər ilin bu günündə BMT-nin bayram təqvimində yer almaqla qeyd edilərək dünyanın inkişafında gənclərin roluna önəm vermək məqsədi daşıyır. 1999-cu ilin dekabrında BMT-nin Lissabonda keçirilən iclasında təsdiq edilən bu əlamətdar tarix 2000-ci ildən qeyd olunmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənclər dünyanın işçi qüvvəsinin dörddə birini təşkil edirlər, onlar bəşəriyyərin sabahıdırlar. 

Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxananın məlumatına görə, virtual sərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı məqalə və kitablar nümayiş olunur.

Bizdə 2 fevral Gənclər Günü kimi qeyd edildiyindən 12 avqusta elə də önəm verilmir. Amma biz sidqi ürəkdən bütün gəncləri təbrik edirik. 

Bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru olub.

BAKU.WS xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yeni təyinat “Rəsmi Qəzet”də dərc edilib.

 

Xatırladaq ki, Azərbaycan əsilli aktyor ailəsi ilə Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib.

Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib.

Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

BALKANLARIN ƏN BÖYÜK FİLM FESTİVALI QİTƏNİN DƏ ÖNCÜLLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMƏKDƏDİR

 

Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il 29-cu dəfə təşkil edilən Sarayevo Film Festivalı qırmızı xalça mərasimi ilə qapılarını kinosevərlərin üzünə açacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Kino.ru-ya istinadən məlumat verir. 

 

Keşmiş Yuqoslaviya dağılandan və Bosniya müstəqillik qazanandan sonra fəaliyyətə başlamış bu festivalda bu il 70 ölkədən 230-dan çox film nümayiş etdiriləcək. 

Festival zamanı bir həftə ərzində bölgənin mədəniyyət mərkəzinə çevrilən Sarayevo bu il dünyaca məşhur qonaqları qəbul edəcək.

Bu il “Sarayevonun ürəyi” fəxri mükafatı amerikalı rejissor, kinoprodüser və ssenarist Çarli Kaufmana təqdim olunacaq. Kaufman Sarayevoda pərəstişkarları ilə qırmızı xalçada görüşəcək.

Qırmızı xalça mərasimindən sonra festival sloveniyalı rejissor Nenad Cicin-Sainin “Gələcəyi öp” filmi ilə açılacaq. Ekran əsəri Bosniya və Herseqovina müharibəsi zamanı mühasirədə qalan Sarayevo xalqının mübarizəsindən bəhs edir.

Festival Sarayevoda ilə bərabər, ölkənin digər böyük şəhərləri Mostar və Tuzlada da davam edəcək. Bu dəfə festivalda bədii filmlər, qısametrajlı filmlər, sənədli filmlər və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda 49 film mübarizə aparacaq. 

Festival çərçivəsində “Bədii filmlər” kateqoriyasındakı filmlərdən 2-nin dünya, 5-nin isə regional premyerası olacaq.

Festival avqustun 18-i axşam keçiriləcək mükafatlandırma mərasimi ilə başa çatacaq.

Azərbaycan filmlərinin festivalda təmsilçiliyi barədə redaksiyamızda hər hansı məlumat yoxdur. 

 

Şəkildə: Qırmızı xalça sabahkı açılışı gözləyir. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 16:14

II Milli Qurama Festivalı Abşeronda

 

II Milli Qurama Festivalı çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbir keçirilib. 

 

AzərTAC xəbər verir ki, tədbir qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək musiqili proqramla bitib. 

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.