Super User

Super User

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb. Teatr may ayında da tamaşalara bir-birindən maraqlı tamaşalar təqdim edəcək.

“Ədəbiyyat və incəsənət” repertuarı təqdim edir:

 

1 may - “Buratinonun macəraları”

2 may - “Qızıl balıq”

3 may - “Bremen musiqiçiləri”, “35 ildən sonra”

4 may - “Çipollino”

5 may - “Mauqli”, “Don Rafaello-trombonçu”

10 may - “İnanıram”

11 may - “Dəcəl keçi”, “Dəli yığıncağı”

12 may - “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”

17 may - “Cəza”

18 may - “Tıq-tıq xanım”, “Mənim ağ göyərçinim”

19 may - “Şirinlər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”

25 may - “Kod adı V.X.A”

26 may - “Şən Elf və Cadugər”.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ən dəyərli sözlər, ən dəyərli təbrik Onun halal haqqıdır!

Bu gün Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verən,  çiyinlərində bir mahalın gerçəyini, ürəyində bir mahalın arzularını, ruhunda Şəhidlərin, Ziyalıların xatirəsini yaşadan, Qazilərin yaralarına məlhəm olan ləyaqətli alim, Azərbaycan Texniki Universitetinin prorektoru, ləyaqətli El Ağsaqqalı, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun dünyaya gəldiyi gündür.

 

Bu gün oyanananda gözəl bir səhər qarşıladı bizi. Günəş al şəfəqlərini Yer üzərinə sərib. Bu gündə dünyaya göz açan İlham Pirməmmədov da səxavətini, sədaqətini, xeyirxahlığını Yer üzərinə ərmağan edib. Təkcə Yerlərəmi? Əlbəttə ki, yox. O həm də Göy Adamıdır. Tanrının şeçdiyi bəndədir. Onun yaxşılığının işığı qaranlıqlara işıq saçır. O, yolumuzun üstünə çıxan Xızır Peyğəmbərdir.

Daha çox yazmaq, daha çox təhlil etmək olar onun səxavətini, sədaqətini, ləyaqətini. Yazmaqla, danışmaqla bitib-tükənməz. Tütyədir, təbərrikdir İlham Pirməmmədov. Onunla çalışdığım bu illərdə Şahidi olduğum yaxşılıqlarının sayı-hesabı yoxdur. "Qazax" Xeyriyyə İctimai Birliyinə olan müraciətləri birər-birər İlham müəllimə çatdırıram. Hamısını diqqətlə dinləyir. Hər kəsə kömək əlini uzadır. Əməlləri özünə yaxşılıqdan bir heykəl ucaldıb - insanlığın, aliliyin, təmənnasızlığın heykəli. 

“Şairlər Vətəni bizim tərəflər” deyiləndə ilk göz önünə gətirdiyimiz Səməd Vurğun, mahalımızın səxavət, ləyaqət simvolu deyiləndə isə ilk ağlımıza gələn insan İlham Pirməmmədovdur. Biz onlara baxıb fəxrlə deyirik, nə yaxşı ki, biz Qazaxda dünyaya göz açmışıq. Ləyaqətli, səxavətli, sədaqətli, hünərli, ürəkli insanların doğulduğu torpaqdan boy atmaq səadətdir. 

Əməlləri ilə bu dünyaya səadət bəxş edən dəyərli, hörmətli, qədirbilən İlham müəllimi Şəhid ailələrinin, Qazilərin, Qəhrəmanların, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvlərinin, Qazax mahalının ziyalılarının, müəllimlərin, əli qabarlı zəhmətkeş insanların, körpələrin, gənclərin, tələbələrin - hər kəsin adından təbrik edirik. Çünki O, hər kəsin dostudur. Doğum günü mübarək olsun, yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Aprelin 17-də İtaliyada keçirilən beynəlxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında “Teatro Carlo Felice” Teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasını milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət edib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə sözügedən konfransda iştirak edən dünyaşöhrətli opera ifaçısı, Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.

 

Mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərir. "Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrlarının səhnəyə qoyduğu Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Səhnə əsərində Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də iştirak edəcək. Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başlayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona şəhərlərində milli balet əsərləri ilə yanaşı, dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq", - deyə o əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Poetik Qiraətdə bu gün sizlərlə mənzilcə  sumqayıtlı, yurdca qazaxlı İbrahim İlyaslı “Səni” şeiri ilə görüşəcək. Ənənəvi sevgi şeiridir. 

Amma siz bir həsrətin gücünə baxın:

“Qismətim dövrəndə qovrulmaq oldu,

Bağrıbadaş sandım od ilən səni.”

Xoş mütaliələr! 

 

Səni

 

Həsrətin ruhumu elə göynədər,

Hər gün çağıraram dad ilən səni.

Gözlərim ovulub düşər ovcuma, 

Birdən görər olsa yad ilən səni.

 

Mən sənə enincə dərə dağ oldu,

Çinar arzularım qol-budaq oldu.

Qismətim dövrəndə qovrulmaq oldu,

Bağrıbadaş sandım od ilən səni.

 

İbrahim İlyaslı - qəm bəylərbəyi,

Tanrıya aşkarın pünhandı nəyi?!

Dünya ha dağılmaz, sevgilim deyib,

Bir gün də çağırsam ad ilən səni.

 

Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Səməd Vurğun və onun “Azərbaycan” şeiri. Poeziyamızda şairliyin və şeirin iki kulminasiyası. Bu şeiri bütün xalq əzbər bilir, demək ki, poeziya tariximizin əsl şah əsəridir. 

Elə təkcə Ümummilli liderimiz Heydər Əliyevin bu şeiri necə hiss və həyəcan burulğanında söyləməsi şeiriyyətin təntənəsi deyilmi?

Biz orta məktəbdə bu şeiri ixtisarla oxumuşuq, bu isə bütöv versiyadır. 

 

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan;

Eşitmişəm uzaqlardan

Sakit axan arazları;

Sınamışam dostu, yarı...

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

Fəqət səndən gen düşəndə,

Ayrılıq məndən düşəndə,

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

 

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

 

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə,

Nəsillərdən-nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır...

 

Hey baxıram bu düzlərə,

Alagözlü gündüzlərə,

Qara xallı ağ üzlərə

Könül istər şer yaza;

Gəncləşirəm yaza-yaza...

 

Bir tərəfin bəhri-Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolaşar gəzər

Gah Muğanı, gah Eldarı.

Mənzil uzaq, ömür yarı!

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr...

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranın, yaylağın sənin.

 

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

 

Bu yerlərdə limon sarı,

Əyir, salır budaqları;

Dağlarının dümağ qarı

Yaranmışdır qarlı qışdan

Bir səngərdir yaranışdan.

 

Lənkəranın gülü rəng-rəng,

Yurdumuzun qızları tək.

Dəmlə çayı tök ver görək

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

 

Sarı sünbül bizim çörək,

Pambığımız çiçək-çiçək.

Hər üzümdən bir şirə çək

Səhər-səhər acqarına,

Qüvvət olsun qollarına.

 

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan-tərə bata-bata,

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!

 

Ey azad gün, azad insan,

Doyunca iç bu bahardan!

Bizim xallı xalçalardan

Sər çinarlar kölgəsinə,

Alqış günəş ölkəsinə!

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Gözəl vətən! Mənan dərin,

Beşiyisən gözəllərin!

Aşıq deyər sərin-sərin,

Sən günəşin qucağısan,

Şer, sənət ocağısan.

 

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər!

Əlin qələm, sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

 

Bir dön bizim Bakıya bax,

Sahilləri çıraq-çıraq,

Buruqları hayqıraraq

Nərə salır boz çöllərə,

İşıqlanır hər dağ, dərə!

 

Nazlandıqca sərin külək,

Sahillərə sinə gərək.

Bizim Bakı — bizim ürək!

İşıqdadır qüvvət sözü,

Səhərlərin ülkər gözü.

 

Gözəl vətən! O gün ki sən

Al bayraqlı bir səhərdən

İlham aldın... yarandım mən.

Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət” 

 

Heyvanların, quşların və həşaratların nə qədər yaşaması çox maraqlıdır. Bir neçə mənbəni axtardıqdan sonra ən dəqiq hesablamanı Böyük Sovet Ensiklopediyasından əldə etdim. 

 

Ev pişiyi: 36 il

Ev iti: 27 il

Qonur ayı: 47 il

Ağ ayı: 33 il

Çaqqal: 13 il

Qırmızı tülkü: 13 il

Yaquar: 22 il

Leopard: 23 il

Pələng: 22 il

Canavar: 16 il

Amerika porsuğu: 13 il

Əqrəb: 5-6 il

Qarğa: 13 il

Bayquş: 5-6 il

Ceyran: 30 il

Kenquru: 15-18 il

Delfin: 30-40 il

Dovşan: 8-12 il

Birə: 1-2 il

At: 20-30 il

Şir: 25-30 il

Eşşək: 20-30 il

İnək: 25-35 il

Balina (cinsinə görə): 100-90-60

Fil: 60-70 il

Qartal: 40-55 il

Meymun: 20-25 il

Ağ qutan: 51 il

Sərçə: 23 il

Arı (erkək): 6 ay

Arı (İşçi): 6 həftə

Arı (Ana): 5 il

Dəvəquşu: 50-60 il

Qoyun: 10-12 il

Göyərçin: 10-18 il

 

Nəhayət gəlib çatdıq ən qısa və ən uzunömürlüyə:

Kəpənək: 2-4 həftə

Tısbağa: 150 il

 

Desəm ki, sizə tısbağa ömrü arzulayıramv acığınız tutmaz mənə?

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə istedadlı şair Nəsib Məlhəmin 3 şeirini təqdim edir. Klassik şeirin ən gözəl və zərif xüsusiyyətlərini özündə cəmləşdirir bu şeirlər. Onun rəqəmlərə gətirdiyi cinas qafiyə isə sadəcə mükəmməldir. 

 

Göz oxşayan çəmənlər 

Yarı tikan, yarı gül.

Tüstülənən ocağın

Yarı közdü, yarı kül.

 

Qarışıq hisslərimiz 

Yarı sevinc, yarı dərd.

Dostların, düşmənlərin

Yarı namərd, yarı mərd.

 

Ömrümüzün hər günü

Yarı qara, yarı ağ.

Həyatın çətin yolu

Yarı dərə, yarı dağ.

 

Dünyamızın havası

Yarı od, yarı şaxta.

Yaşayırıq beləcə

Yarı düz, yarı saxta.

 

.* * *

Elə qırdın ürəyimi,

Qalmadı bir güman yeri.

Yerə vurdun kürəyimi,

Qıymadın bir aman yeri

 

Kədər etdin sirdaşımı, 

Dərdə saldın çal başımı,

Al boyadın göz yaşımı,

Ovcum oldu ümman yeri.

 

Yola dikdin baxışımı,

Ömürlük etdin qışımı, 

Kim açacaq qırışımı?

Yox könlümün uman yeri.

 

Boğub eşqin nəfəsini,

Qəhərlədin zil səsini,

Eşqimin dağ zirvəsini

Niyə etdin duman yeri?

 

*  *  *

Xoşbəxtlik qərinəsi 

Keçdi, ömür oldu 40,

Əlvida, qara saçım,

Deyib çal başını qırx.

Minnətsiz yaşa 10 il

Həm ayaqlı, həm əlli,

Yuxu kimi ötəcək

Ömür olacaq 50.

Əcəl möhlət verərsə

Ömrünü elə 60,

Görərsən qüssə-qaymaq,

Kef-damaq isə altmış.

Günü günə calayıb

Yaş ötür olsun 70,

Hamı sənə deyəcək

Ahıl yaşına yetmiş.

Gah diksinib ölümdən, 

Gah da əcəldən səksən,

Onca il iməkləsən

Yaşın olacaq 80.

Cinas qafiyə yoxdur

Görən niyə 90-a?

80 deyib səksəndim

Bəlkə ölüm yox sana.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Cümə axşamı, 18 Aprel 2024 13:00

Belarus və alman pivəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

1.

Naməlum meşədə sussan yaxşıdır

 

2.

ERMƏNİ LƏTİFƏSİ

 

Qaynana cins şalvarı yudu, yumamışdan da öncə onun cibindəkiləri masanın üstünə tökdü. Bir-iki pul əskinası və prezervativ. 

Dərhal yan otağa - kürəkəninə səsləndi:

-Ayıb olsun, heç səndən gözləməzdim.

Bu dəm qızı da meydana atıldı, kükrədi, coşdu:

-Bu dəqiqə boşanıram səndən. Əxlaqsız. Gözüm görməsin səni! 

Hönkürdü-hönkürdü, birdən anasının yuduğu cins şalvara diqqət edəndə gördü ki, şalvar ərininki yox, onunkudur. 

 

3.

Necə olursa qədim zamanlarda bir alimə çox küt şagirdlər düşürlər. O nə qədər deyir, şagirdlər başa düşmürlər. Nəticədə alim məcbur olub yazını kəşf edir.

 

4.

Rus lətifəsi:

Bizlərdə büdcəmizdəki bütün kasıbçılığa və dilənçiliyə baxmayaraq arağa, müharibəyə və kosmosa uçmağa pul həmişə tapılır. 

 

5.

Belarus lətifəsi

Orta statistik alman bir il ərzində 200 litr pivə içir. Belə çıxır ki, bizdə orta statistik almanlar orta məktəbin 8-9-cu siniflərində oxuyurlar. 

 

6.

Baba nəvəsinə deyir:

-Bax mən nə içirəm, nə çəkirəm, nə də bazlıq edirəm. Sapsağlamam və sabah da səksən yaşımı qeyd edəcəm.

Nəvəsi təəccüblənir:

-Baba, sən içmirsənsə, çəkmirsənsə, bazlıq etmirsənsə, onda səksən yaşını necə qeyd edəcəksən?

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

Cümə axşamı, 18 Aprel 2024 14:02

İnteqral alqoritm – ABİTURİYENTİN UĞUR FORMULU

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.

 

           

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

 

Cümə axşamı, 18 Aprel 2024 16:33

“YUXU” – Aydın Tağıyevin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin yaradıcılığı ilə tanışlıq çərçivəsində bu dəfə onun “Yuxu” hekayəsini təqdim edir.

 

 

 

AYDIN TAĞIYEV

 

 

YUXU

 

 

...Neçə il bundan qabaq kişi ona gecə gördüyü yuxusunu dil boğaza qoymadan xüsusi bir şadyanalıqla danışmışdı. Hərçənd ki, gördüyü yuxular çox vaxt kişinin yadında qalmırdı.

– Hə, yuxuda görürdüm ki... – O vaxt əri qulağı ağzında qalan xanı­mını çox intizarda saxlama­mışdı. – Heç bilmədim, məni hardan, necə tutub elə bir saraya gətiriblər ki, kinolarda gördüyümüz şah saray­larından qat-qat təmtəraqlı, dəbdəbəli... Döşəmələr fərşlə döşənib, divarlar da başdan-başa xalça, gəbə... Tavanlardan yeddi rəngdə işıq salan çılçıraqlar asılıb.

Kişi hələ də gördüyü yuxunun ləzzəti ilə səsini uzada-uzada:

– Hə... Hə... Hə...

Məni hələ uzaqdan görən kimi qarşıma yüyürüb qarşılayan saray əhli də bir nəfər kimi ədəb-ərkənla əlbəəl pişvazıma çıxıb, “buyur-buyurla” yer göstərirlər. Heç ac-tox olmağımı soruşmadan qarşım­da əlüstü süfrə açırlar. O süfrədəsə nələr yoxdu? Kişi iştahla dodaq­larını yaladı. Quş südünə kimi hər cür naz-nemət. Mən də uzan­mışam xalının üstündə, dirsəklənmişəm qu quşunun tüklərindən hazırlanmış yumşaq mütəkkələrə. Qulluğu­ma biri gəlir, biri gedir... Bir tə­rəfdən də bülbüllərin cəh-cəhi, gül­lərin də ətri məni məst edib. Elə bil birdən-birə ayılıram, ağlıma nə gə­lirsə, üzümü tuturam mənə cani-dildən qulluq edənlərə, soruşuram ki, bəs bura haradır, mən har­da­yam? Onlar da gülümsəyə-gü­lüm­səyə, mehriban-mehriban cavab verirlər ki, əlbəttə, öz evində! Əlbəəl evimiz gəlib durur gözlərimin qabağında. Amma evimiz ha­ra, bura hara? İncik-incik dillənirəm ki, niyə mənimlə məzələ­nirsiniz, axı bura mənim evim deyil? Onlarsa and-aman edirlər ki, elə şey yoxdu. Birdən ağlıma yenə də nə gəlirsə, qayıdıb xəbər alıram ki, əgər bura mənim evimdisə, onda bəs elə bu gündən köçüb gəlib qalıram burda. Daha köhnə evə döndü yoxdur. Bu dəfə onlar nədənsə qayğılanıb ciddi­ləşirlər: – Yox, yox, – deyə tez-tələsik səs-səsə verirlər, – tələsmə, deyirlər, vaxtı çatanda bu evinə birdəfəlik köçəcəksən...

Onların bu sözləri elə bil ağlıma batır, sonra daha mən də susub danışmıram, fikrə gedirəm. Kişi köks ötürüb ah çəkmiş, sonra da yanıqlı-yanıqlı yuxusınun ardını danışmışdı. Çənə-boğaz etməyin yeri deyildi, abrıma qısılıb otur­duğum yerdən ayağa qalxdım. Ayağa qalxmaqla da yuxudan ayıldım...

Bir vaxt gördüyü bu yuxunu kişi bu günəcən yaxşı-yaman ömür-gün sürə-sürə, işləri gah düz, gah əyri gətirə-gətirə bir daha görmədi. Bu­rasını da bilirdi ki, elə özü də gah düz, gah əyri olub.

Əyri olan vaxtların birində yu­xusunu yadına salıb: – Yox, çətin ki, o yuxunu bir də görəm, – deyə yanıb-yaxılmışdı. – Kaş o vaxt o yuxudan heç ayılıb oyanmayay­dım. Bilirdi ki, elə yatan yerindəcə gördüyü yuxunun içində nə qədər dünyasını dəyişənlər olub... Əmin idi ki, o vaxt öz yuxusunun içindən ayılıb oyanmasaydı, bəlkə də, qalıb elə o sarayda da yaşayardı...

 

***

 

Qadın çarpayıda yatan xəstə ərinin başının üstünü kəsdirmişdi. Çarpayının həndə­vərində dörd do­lanır, gah çarpayının baş, gah da ayaq tərəfinə keçə-keçə həm də için-için ağlayırdı. Hönkürtü vurub ağlamağa qorxurdu, xəstəni oyatmaqdan çəkinirdi. Qadın başa düşürdü ki, əri yuxu görür. Xəstənin başı üstündə özündən başqa birisinin də durduğundan isə xəbəri yox idi...

Axı otağın qapısı da, pəncərələr də bağlı idi. Bir kimsə içəri daha haradan keçə bilərdi ki?

Yuxu görən xəstə arabir əl-qol atmağa cəhd edirdi. Bir müddət ondan səs-səmir çıxmadı, heç bir tərpənişi də yox idi. Qadının gözü ərinin yuxulu üzündə qalmışdı. Və yuxulu adamın meyit rəngi almış qırışıq sifətinin haldan-hala düşməsindən, sifət cizgilərinin tez-tez dəyişməsindən başa düşdü ki, xəs­tə hələ də yuxu görür. Yuxu görən adamdan əvvəlcə çağa çığırtısına bənzər bir səs çıxdı. Sonra elə bil bir körpə iç vurub ağladı.

Bir ara yenə ortaya sükut çökdü. Sonra yenə səslər gəldi. Amma budəfəki səslər qarışıq idi. Gah həzin, həlim, sakit, gah qəzəbli. İndi yuxu görən adam elə bil kimə isə gah yalvarır, bəlkə də, onu yola gətirə bilmədiyinə görə hərdən də coşub özündən çıxırdı.

Və ən nəhayət, yuxu görənin xırıltısı eşidildi. Bu xırıltıya həm də bir ağrı-acı, inilti də qarışmışdı. Elə bil xəstə yuxuda onu dartıb harasa aparmaq istəyənin əlindən xilas olub qurtulmaq istəyirdi. Ancaq indi buna gücü çatma­dığından, yalvar-yaxarın da bir xeyri-faydası olmadığını başa düş­düyün­dən yuxusunda köməyə ana­sını haraylayırdı...

...Sonra yuxu görən xəstə toxtayıb səssiz-səmirsiz, kirimişcə, şirin-şirin mışıldadı. Bir ara ondan heç bir səs-səda gəlmədi. Sanki aradan illər keçdi. Yuxulu xəstə birdən yerində, yorğan-döşəkdə qımıldanıb vurnuxmağa, taqətsiz olsa da əl-qol atmağa başladı. Məlum idi ki, bütün bunlar gördüyü yuxunun içində baş verən hadisələrin təzahürüdür, hələ də yuxu görür. Sonra kişidən pıçıltılı bir səs çıxdı. Bu pıçıltını yalnız yuxu görən adamla üzbəüz qarşısındakı eşidə bilərdi.

 

***

 

Neçə vaxtdan bəri yorğan-döşəkdə yerinin içində gecəni səhərəcən inildəyə-inildəyə, ah-vayla keçirən xəstə bu gecə yataqda daş kimi düşüb qalmışdı. Bəlkə də nə vaxtdan bəri oyaq qaldığı gecələrin yuxusuzluğu ona güc gəlmişdi. Xəstə yuxuya get­mişdi. Səs-səmiri gəlməyən xəstə­nin birdən-birə ayılıb qatma-qarı­şıq səslər çıxarmasından qadın ilk əvvəl diksindi, sonra da başa düşdü ki, əri yuxu görür. Əlbəttə, yuxu görən ərinin indi yuxuda nələr gördüyündən o agah ola bilməzdi, ta ki, yuxu görən ayılıb gördüyü yuxusunu elə özü ona danış­masaydı. Amma... Yuxu görənin qırıq-qırıq, bir növ ardıcıl səslərin­dən elə bil o kişinin yuxuda nələr gördüyünü özlüyündə təxmin edə bilərdi. Çarpayıya bir az da yaxın oturub səsə dinşək kəsildi.

...Elə bil səslər lap qulağının dibindən gəlirdi. Əvvəlcə çağa çığırtısına bənzər bir səs idi. – İnqə... İnqə... İnqə...

Bir müddət çarpayıdakı yuxulu xəstədən heç bir səs-hənir çıxmadı. Sonra elə bil südəmər bir körpə acından iç vurub ağlamağa başladı, bir müddət keçdi, elə bil ac körpəni əmizdirib doydurmuş­du­lar. Səs kəsildi, körpə şirin bir yuxuya getmişdi.

Çarpayıya daş kimi düşmüş yuxulu xəstə bir müddət inildədi, ancaq yuxudan ayılmadı.

Qadın xəstə ərinin başının üstünü kəsdirmişdi.

Qəfildən yenə yuxulu xəstə qarışıq səslər çıxartmağa başladı. Elə bil nadinc, qabağından yemə­yən bir dəliqanlı kiminləsə dala­şırdı.

Sonra pıçıltı ilə qırıq-qırıq deyilən sözlər... Qırıq-qırıq deyilən bu sözlər indiyəcən qadının yadındaydı. Və qadın aradan neçə il keçsə də, birdən-birə ilk dəfə o sözləri eşitdiyində necə həyalanıb həyəcanlanmışdısa, yenə də eləcə haldan-hala düşdü...

Xəstə yuxu görürdü.

Kişi yatağa düşəndən bəri hər gün gəlib ona baş çəkən tanış həkim bir neçə gün bundan qabaq sonuncu dəfə xəstəni müayinə edib onu yola salan qadına pıçıltıyla: – Xəstəni dəva-dərmanla, vurulan iynələrlə incitmək daha günahdı, – demişdi.

Həkimin bu sözlərindən sonra qadın hıçqırmış və o gündən bəri də dediklərinə əməl edib ərinin dəlmə-deşik olmuş qollarına daha iynə vurdurmur, acı dərmanları içirdib sonra da öyüməyə məcbur etmirdi.

Çağa çığırtısı isə başlanan bir yuxu beləcə qarışıq səslərlə hələ ki davam edirdi. Gecədən isə keçirdi... Yuxu görən adamın xeyli sükutdan sonra birdən yenidən səsi gəldi bu bu səsi xanımından savayı yanında hər kim olsaydı da, eşidib ayırd edə bilərdi. Xəstə açıq-aşkar inildəyir, elə hey “Ana, ana” deyib zarıyırdı, körpə kimi anasından kömək istəyirdi.

Qadın başını qaldırıb divardan asılan saata baxdı. Əqrəblərin hər ikisi 12-nin üstündə idi...

Qadın birdən-birə hövllənib gücü çatan qədər çarpayını bərk-bərk silkələdi, xəstəni oyatmaq istədi. Xəstə qımıldanmadı. Və şivən qoparan qadın başa düşdü ki, ərini indi yatdığı bu yuxudan oyanmağı bir də İsrafilin öz Surunu çalan günə qaldı...

 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.