
Super User
BİRİ İKİSİNDƏ: Nuranə Təbriz və Əziz Yaqubzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, 1+1 rubrikasında bir gənc xanımın və bir gənc bəyin şeirləri təqdim edilir.
Nuranə TƏBRİZ
ZÜLMƏTİN QUCAĞINDA
...Və elə dərdlər də var, ağır olur çəkisi;
Nə bitməyi mümkündür, nə də daşımaq olur.
Ruh da var ki, ağrısı meydan oxuyur cana,
Nə əcəl yaxın gəlir, nə də yaşamaq olur.
Şehli xatirələri baxışına çəkəsən,
Kimsə görməsin deyə, yumasan gözlərini.
Güləsən “arsız” kimi taleyinin üzünə,
Ağlayasan gizlində qucaqlayıb dizini.
Hara getsən, qaçaraq döndüyün o otaqda
Təkliyini görüncə divarlar üzə durar.
İşığı yandırsan da zülmətin qucağında,
Taleyin şamı yanmaz, soban şaxta sovurar.
Dərd özü də bir dərdir, dərdi gizləmək betər,
Təsəllisi xoş gəlməz doğma bildiklərinin.
Güc aldığın güclərə məcbursan güc olmağa,
Hesabı yarım qalar üzə güldüklərinin.
Əziz YAQUBZADƏ
GİZLƏNPAÇ
Səndən sonra hamı bir az yarımçıq,
Səndən sonra hər şey çiydi bu evdə.
Səndən sonra elə küskün böyüdüm,
Xoş söz də xətrimə dəydi bu evdə.
Döşəməsi soyuq oldu bu evin,
Səndən sonra divarları qızmadı.
Nə vaxt biri getməyindən danışsa,
Bu qış gəlmiş evdə qəlbim sızladı.
Bir gün hamı yoxluğunla barışdı,
Bircə mən saxladım səni içimdə.
Sənin qəbrin üstə gedəndə belə
Mən səni axtardım evin içində.
Mən səni axtardım gecə yatanda,
Səhər anam məni oyadanda da.
Mən səni axtardım məktəbdən evə
"Quyruqlu beş" alıb qayıdanda da...
Özüm öpdüm qanayan barmağımı,
Heç kim gəlib göz yaşımı silmədi.
Mən hətta gizlənpaç oynayanda da
Səni axtarırdım, heç kim bilmədi.
Harda xoşbəxt ailə tablosu gördüm,
Gözüm həsrət ilə daldı uzağa.
Nə gizlədim, mən paxıllıq edirdim
Atasıyla oynayan uşaqlara.
İndi də ümidim tərdi, təzədi,
Sanıram, hardansa mənə baxırsan.
Bəs indi gözümü yumsam, səninlə
Gizlənpaç oynasaq, görən, çıxarsan?!
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Şuşa teatrında “Ana” nümayiş olunacaq
Sentyabrın 23-də yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir; Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Nobelçilər: Qabriela MİSTRAL
“Ədəbiyyat və incəsənət” portalı İlham Abbasovun “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” silsiləsindən Qabriela Mistrala həsr etdiyi yazısını təqdim edir.
LATIN AMERİKASI ƏDƏBİYYATININ“ŞAHZADƏ XANIMI”
Birinci sinfə gedərkən – böyüyəndə kim olmaq istərdin? – sualına tərəddüd etmədən – kraliça olacağam! – cavabını vermişdi. Bu cəsarətli sözləri monarxist ənənələri olan ölkədə cəmiyyətin yüksək elitar təbəqəsinə mənsub bir ailənin uşağı söyləsəydi, bəlkə də, o qədər təəccüb doğurmazdı. Ancaq bu, tarixi boyu kraliça görməmiş Çilinin ucqar dağ kəndində, ən aşağı zümrədən olan ailədə dünyaya gəlmiş Lusilanın arzusu idi. Taleyi ona zəngin sərvət, əsilzadəlik mənsəbi, hökmdar ədası verməsə də, zəngin istedad, kübarlıq xarakteri, insanilik mənəviyyatı bəxş etmişdi. Və bu ona arzusuna yetmək üçün kifayət etdi. Poeziya sənətnin, müəllimlik peşəsininkraliçası oldu. Boyük hərflərlə yazılan ŞAİR və PEDAQOQ adlarını ömrü boyu şərəflə, qürurla daşıdı.
Nobel mükafatına namizədliyi təsdiqlənəndə İsveç Akademiyasının üzvü Yalmar Qulberq Çili şairəsini təqdim edərkən demişdi: “Zəngin Latın Amerikası ədəbiyyatının uğurlarını qeyd etməklə biz onun qüssə və analıq mehrinin böyük nəğməkarı olan şahzadə xanımını qürurla salamlayırıq.” XX əsrin ortalarından üzü bəri müasir dünya ədəbiyyatının inkişafında çox əhəmiyyətli rol oynayan, ədəbi prosesdə iz qoymuş neçə-neçə görkəmli ədibin (o cümlədən Nobel mükafatçısının) yaradıcılıq uğurlarına meydan verən bu ədəbi mühitdən ən nüfuzlu ədəbi mükafatı birinci olaraq qazanan məhz bu şairə xanım olmuşdu. 1945-ci ildə Nobel Mükafatları Komitəsinin qərarına əsasən, ədəbiyyat üzrə qırxıncı mükafata “bütün Latın Amerikası idealist bədii təsəvvürlərinin simvoluna çevrilmiş yüksək hisslər ifadə edən poeziyasına görə” görkəmli Çili şairi, maarif xadimi, diplomat Qabriela Mistral layiq görüldü.
Şairə cavab nitqində özünü bütün Latın Amerikası mədəniyyətinin təmsilçisi saydığını vurğulayaraq bu mükafatın Latın Amerikası ədəbiyyatının nümayəndəsinə verilməsini İsveçin mənəvi ucalığı olduğunu bildirdi. (Həqiqətən də, şairin əsərlərinin çoxu vətənindən əvvəl xaricdə – qonşu Latın Amerikası ölkələrində çap olunmuşdu. Bu mənada şairə öz vətəninə qəlbən, ruhən nə qədər bağlı olsa da, real olaraq bütün Latın Amerikasının sənətkarı idi.) Çıxışında onu da əlavə etdi ki, mükafata layiq görülməsinin səbəbini şeirlərində qadın və uşaqların mənəvi dünyasının ifadə olunmasında görür. Əsərlərini ispan dilində yazan Qabriela Mistral 1889-cu il aprelin 7-də And dağlarındakı sivilizasiyadan uzaq Monte Qrande kəndində ibtidai sinif müəlliminin ailəsində dünyaya göz açmışdı. Sənədlərdə yazılan adı Lusila de Maria del Perpetio Sekorro Qodoy Alkayaqa idi. Anası ispan, atası isə hindu əsilli olan qızın bu bioqrafiya faktı onun həm xarakterində, həm taleyində, həm də əsərlərinin dil və ifadə tərzində müəyyən izlər qoymuşdu. İlk əsərləri dərc olunmağa başlayanda gənc şairə özünə təxəllüs yaratmaq üçün çox sevdiyi iki görkəmli sənətkarın imzalarından istifadə etmişdi: Adını İtaliya şairi Qabriela Danmuntsonun adından, soyadını isə 1904-cü ilin Nobel mükafatçısı, böyük Fransa (Provans) şairi Frederik Mistralın soyadından götürmüşdü.
Lusilanın anabir bacısı Elvina qonşu kənddə müəllim işləyirdi. Hər şeydə böyük bacısını təqlid etməyə çalışan Lusila da müəllim olmaq həvəsinə düşür. Xüsusi pedaqoji kursu bitirərək 18 yaşından kənd məktəbində müəllim köməkçisi işləməyə başlayır. Ciddi pedaqoji təhsili olmasa da, fitri istedadı sayəsində müəllimlik işinə qəlbən bağlanır və özünü bu peşədə tapmış olur. Elə həmin il ilk şeirləri mətbuatda dərc olunur. Bundan bir neçə ay əvvəl isə gənc şairənin həyatında onun bütün ömrünə və yaradıcılığına qara kölgə salan faciəvi hadisə baş vermiş, nişanlısı intihar edərək dünyadan köçmüşdü. Çap olunan ilk şeirlərinin “Ölüm sonetləri” adlanması və onların hüznlü məzmunu da bununla bağlı idi. Peşəkar ədəbiyyatda bu sayaq debüt etməsi şairənin bütün sonrakı yaradıcılığına matəm havası hopdurmuş olur. Amma beləliklə də olsa, Q.Mistralın imzası peşəkar müəlliflər siyahısına düşür. 1914-cü ildə Santyaqoda keçirilən poeziya festivalında birinci yeri tutan Lusila ilk sənət uğurunu qazanmış olur.
Bədii yaradıcılıqdan əvvəl isə gənc xanıma həyat fəaliyyətinin ikinci sahəsində – pedaqoqikada ciddi uğurlar nəsib olur. Müəllim, müfəttiş, lisey direktoru kimi pillələri uğurla keçərək vətənində dəyərli maarif xadimi kimi şan-şöhrət qazanır.
Lusilanın bu illərdə yaşadığı ikinci eşq macərası da uğursuz alınır. Ona aşiq olmuş və bir-birinə sevgi şeirləri yazdıqları gənc şair Manuel Mourey Lusiladan üz döndərərək özündən xeyli yaşlı, varlı bir qadınla evlənir. Bu xəyanətdən dərin sarsıntı keçirən Q.Mistral Santyaqonu tərk edərək ölkənin cənubundakı Panta-Arenas şəhərinə köçür və bundan sonra yazdığı şeirlər onun ağrılı qəlb yaşantılarını əks etdirməyə başlayır. Bir il sonra onu Temruko şəhərindəki qadın liseyinə direktor vəzifəsinə dəvət edirlər. Q.Mistral burada müəllim işləyən başqa bir gənc istedadla -- gələcəyin böyük şairi, 1971-ci ilin Nobel mükafatçısı Pablo Neruda ilə tanış olub dostlaşır və ona peşəkar ədəbiyyatda ilk addımlarını atmaqda kömək edir. Həm şair, həm də bir insan (qadın) olaraq xarakterinin və həyat mövqeyinin formalaşdığı bu illərdə Q.Mistralın psixoloji portreti və mənəvi siması bitkin şəkildə müşahidə olunmağa başlayır.
Sağlığında cəmi beş kitabı nəşr olunmuş şairin ədəbi irsi həcmcə kiçik olsa da, bədii dəyərinə görə dövrünün dünya poeziyasında ən dəyərli hadisələrdən biri kimi qəbul olunur. Onun şeirləri sadə və səmimi, süni pafosdan və qondarma bəlağətdən uzaq, fəqət dilin və düşüncənin təbii obrazlılığı ilə zəngin bir üslubda yazılmışdır. Bu poeziyanın orijinallığı və bənzərsizliyi də məhz bundadır. Q.Mistral həyatda olduğu kimi, sənətdə də şöhrətpərəstlikdən uzaq, təvazökar bir insan idi.
Q.Mistralın həyat və yaradıcılığı onun haqqında vətənində və digər ispandilli ölkələrdə yazılmış onlarca kitabda, yüzlərlə məqalədə dərindən təhlil olunmuş, poeziyasının və nəsr əsərlərinin ən parlaq, onun XX əsr dünya ədəbiyyatının ən dəyərli nümayəndələri sırasında yer tutmasını təmin edən cəhətləri yüksək qiymətləndirilmişdir. Böyük soydaşı, dünya şöhrətli Çili şairi Pablo Neruda onun haqqında yazmışdır: “Maraqlıdır ki, Q.Mistralın hənişə qəm-qüssə ifadə edən ölməz poeziyası ümumi şəkildə həmişə ölümü yox, həyatı vəsf edirdi.”
Təbii ki, Q.Mistral həyat mövqeyinə, dünya duyumuna, düşüncə tərzinə özünüifadə manerasına görə ilk növbədə şair idi, ancaq onun yaradıcılığında kifayət qədər peşəkar səviyyədə yaradılmış nəsr əsərləri də önəmli yer tutur. Onun şeir yaradıcılığı üçün səciyyəvi olan incə poetiklik və bədii ifadə zənginliyi nəsr əsərlərində də geniş müşahidə olunmaqdadır. O, nəsr əsərlərini hansısa bitkin janrlar formasında yox, həyatının müxtəlif məqamlarına aid mövzularda özü ilə daxili söhbət, yaxud monoloq şəkilli qısa, bir neçə səhifəlik qeydlər şəklində yazırdı. Müəllif özü bu əsərləri “nəsr” yox, “motivlər” adlandırırdı. Məsələn, hind şairi R.Taqor bu tip yazılarını “mənsur şeirlər” adlandırırdı. Bu yazılarda o, süjet və personajları dərin duyğularla ifadə edərək poeziyasında olan təbiilik və səmimiyyəti hekayəçi yaradıcılığında da qoruyub saxlaya bilir.
Yazıçı özü etiraf edirdi ki, bu nəsr mətnləri onun vətən və dünya haqqında, insan mənəviyyatı barədə ən səmimi intonasiya ilə söylənmiş, həyatını həsr etdiyi, ölümünü həsr edəcəyi, insanlarla bölüşməyi layiq bildiyi əsərlərdir.
Latın Amerikası ədəbiyyatı ilk növbədə ispandilli ədəbiyyatdır. Yəni bu ədəbiyyat müxtəlif ölkələrdə, müxtəlif etnokulturoloji mühitlərdə yaransa da, ortada ədəbiyyat üçün çox vacib olan ümumi dil amili var. Bununla belə, ayrı-ayrı ölkələri təmsil edən ədiblərin dünyabaxışı, üslub və ifadə tərzi özünəməxsusluğu ilə seçilir. Q.Mistralın yaratdıqları da ruhən məhz Çili ədəbiyyatıdır. Şairə vətənindən əlavə, dünyanın bir çox ölkələrinin ədəbi və ictimai həyatında fəal iştirak edib, xidmətlər göstərib. Dünyanı ölkə-ölkə, şəhər-şəhər gəzib, hətta dünyasını özgə ölkədə, yad şəhərdə dəyişib. Amma son istəyinə uyğun olaraq, Çilinin ən ucqar bir guşəsində torpağa tapşırılıb. Onun poeziyasının Çili torpağının dərinliklərinə işləyən qüdrətli kökləri, Çili səmasının ənginliklərinə ucalan qüdrətli qanadları var.
İki dəfə faciəli məhəbbət yaşantılarından keçmiş, ömrü boyu ailə qurmayaraq tənha yaşamış, həyat və yaradıcılığı əsasən qəm-kədər, üzüntü motivləri əsasında təşəkkül tapmış yazıçı bir yandan ciddi, zabitəli bir qadın, digər tərəfdən isə pozitiv rəftar normaları ilə ömür sürən işgüzar, hətta nikbin əhvali-ruhiyyəli bir xanım təəssüratı yaradır. Bu dövdə bütün Latın Amerikasında nüfuzlu ziyalı kimi tanınan Kolumbiya Universitetinin professoru Federiko de Onislə tanış olması və dostlaşması sayəsində onun köməyi ilə şairənin “Ümidsizlik” adlı ilk şeir toplusu 1922-ci ildə Kolumbiya Universiteti tərəfindən nəşr edilir. Adından da göründüyü kimi, qüssə, kədər motivləri buradakı şeirlərin əsas mövzusunu təşkil edirdi. Təxminən iyirmi il sonra tanınmış ABŞ ədəbiyyatşünası M.Adams yazacaqdı ki, bu kitab sevimlisini itirmiş, öz faciəsini dərin hüznlə yaşayan, xaraktercə güclü, hissiyyatca zərif bir qadının könül yaşantılarının poetik ifadəsidir.
Vətənindən kənarda işıq üzü görmüş birinci şeir kitabı müəllifə beynəlxalq miqyasda ilk məşhurluq xalları qazandırdı və bu kitab Q.Mistralı Latın Amerikasının ispandilli ölkələrində ciddi bir poeziya nümayəndəsi kimi tanıtdı. Qeyd etdiyimiz kimi, kitabdakı poeziya nümunələri ilk növbədə müəllifin tənhalıq, kimsəsizlik duyğularını, pessimist düşüncələrini əks etdirirdi. Hətta şairə kitabın sonunda belə bir qeyd verməyi də lazım bilmişdi: “Qoy həyatı şirin olanlar bu acı yazılara görə məni bağışlasınlar.”
1921-ci ildə Q.Mistral Santyaqo liseyinin direktoru vəzifəsinə təyin olunur və yenidən ölkənin paytaxtına qayıda bilir. Lakin ali təhsilinin olmaması Q.Mistralın ictimai karyerasının inkişafına müəyyən maneələr yaradırdı. Məhz bu səbəbdən, daha dəqiqi, bu bəhanə ilə onu lisey direktoru vəzifəsindən azad edirlər. Ancaq pedaqoji sahədə bütün regionda qazandığı nüfuz sayəsində qonşu Meksika dövlətinin Təhsil Nazirliyi Q.Mistralı ölkəsinə dəvət edərək təhsil sahəsində aparılan islahatlar layihəsini həyata keçirəcək komissiyaya rəhbərlik etməyi ona tapşırır. Onun Meksikadakı fəaliyyəti bu ölkədə təhsil sisteminin inkişafına və müasirləşməsinə güclü təkan vermiş olur.
Şairin 1924-cü ildə nəşr olunmuş “Nəciblik” adlı ikinci kitabı ona daha artıq ədəbi şöhrət qazandırır və poeziyasının ədəbi tənqid tərəfindən “epoxal bir hadisə” kimi dəyərləndirilməsi ilə nəticələnir. Əvvəlki əsərlərində olduğu kimi, bu kitaba daxil olan şeirlərində də şair həyatda məhrumiyyətlərlə üzləşmiş nakam qadının acı yaşantılarını qələmə alır. Onun poeziyası Latın Amerikasının canlı həyatını əks etdirməklə oxucuya bu regionun insanlarının daxili dünyasını, mənəvi aləmini duymaq, anlamaq imkanı yaradır. 1938-ci ildə nəşr olunmuş “Meşənin qırılması” kitabına daxil etdiyi şeirlərin əksəriyyəti hindu mövzusuna (onların təbiət, tarix, mənəviyyat, yaddaş, ənənə, folklor və s.mövzularına) həsr olunmuşdu.
Bundan sonra Q.Mistral həyat fəaliyyətinin üçüncü vacib sahəsi olan diplomatiya ilə daha ciddi şəkildə məşğul olmağa başlayır. 1926-cı ildən Parisdə – Millətlər Liqasının İntellektual Əməkdaşlıq Komitəsində fəaliyyət göstərir. Onun məşğul olduğu sahələrdən biri də Latın Amerikası ədəbiyyatının tərcümə və dünyada təbliğinin təşkil edilməsi idi. Paralel olaraq 1930-1932-ci illərdə ABŞ-ın bir sıra kolleclərində və Puerto-Riko Universitetində Latın Amerikası ölkələri ədəbiyyatından dərs demiş, bu fəaliyyəti ilə həm də region ədəbiyyatının sistemli şəkildə araşdırılmasının elmi əsaslarını qoymuşdu.
Diplomatik fəaliyyətini uğurla davam etdirən Q.Mistral İtaliya, İspaniya, Fransa, Portuqaliya, Braziliya kimi ölkələrdə Çilinin səfiri vəzifəsində xidmət edir. Həmin dövrdə bütün dünyada tüğyan edən faşizm ideologiyasına qarşı barışmaz mövqe tutan Q.Mistral 1938-ci ildə Parisdə nəşr olunmuş “Məhvolma” adlı publisistik kitabında özünün antifaşist görüşlərini cəsarətlə nümayiş etdirir.
Braziliyada səfir olaraq Rio-de Janeyroda yaşayarkən 1942-ci ildə şairənin həyatında yeni faciəli hadisələr baş verir: Yaxın dostu, faşistlərin əlindən qaçaraq burada mühacir kimi yaşayan görkəmli Avstriya yazıçısı Stefan Sveyq və xanımı, yarım il sonra isə şairənin öz oğlu kimi saxlayıb boyütdüyü qardaşı oğlu Xuan Migel intihar edərək dünyadan köçürlər.
İkinci Dünya müharibəsi başa çatandan sonra artıq Nobel mükafatına layiq görülmüş sənətkar bir müddət ABŞ-ın Nyu-York şəhərində Çilinin konsulu kimi fəaliyyət göstərir, diplomatik işi başa çatandan sonra da ömrünün sonuna qədər burada yaşayır.
1951-ci ildə Çilinin milli ədəbiyyat mükafatı ilə təltif olunur. 1954-cü ildə Nyu-York və Santyaqo universitetlərinin fəxri doktoru seçilir. Bu münasibətlə vətəninə gələn şairəni milli qəhrəman kimi qarşılayırlar. Onun nitqini dinləmək üçün prezident sarayının qarşısındakı meydana iki yüz mindən çox adam toplaşmışdı. Bundan sonra Q.Mistralın Çili maarifini və mədəniyyətini dünyada şərəflə təmsil edən əvəzsiz bir xadim olduğunu elan edərək onu ölkənin fəxri vətəndaşı titulu ilə mükafatlandırırlar və Latın Amerikası ölkələrinin mədəniyyəti üzrə dövlət müşaviri təyin edirlər.
1954-сü ildə “Məhək” adlanan son şeir kitabı çap edilir. Bu kitab onun həyat və yaradlclıq yaşantılarının yekunu, ümumiləşdirilməsi kimi təsir bağışlayırdı. 1957-ci il yanvarın 10-da Nyu-Yorkda xərçəng xəstəliyindən vəfat edən şairə Çilidə üç günlük matəmdən sonra öz doğma kəndində dəfn edilir. Məzar daşı üzərində bu misrası həkk olunmuşdur: “Öz şairi olmayan xalq ruhsuz cəsəd kimidir...” ...Qabriela Mistral öz xalqının ruhu olmağı bacaran şair idi.
Qabriela Mistralın aforizmlərindən seçmələr:
– Bəşəriyyət xroniki yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir.
– Əbədiyyət o deməkdir ki, əvvəl necə idiksə, indi də eləyik.
– Öz şairi olmayan xalq ruhsuz cəsəd kimidir.
– Məhəbbət müalicəsi olmayan xəstəlik kimi qorxulu bir şeydir.
– Həyatın müqəddəsliyi bizə həyat verən anadan başlayır.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Bu gün Altıağac Milli Parkında “Açıq qapı” günü keçiriləcək
Bu gün - 31 avqustda Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parkda “Açıq qapı” günü keçiriləcək. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayaıb.
Məlumatda deyilir: “Xızı rayonunun inzibati ərazisində yerləşən Altıağac Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan dağ, meşə, çəmənlik mənzərəli təbiətimizin məxməri mövsümünün başlanğıcını seyr etmək üçün hər kəsi zəngin təbii landşafta, unikal ekosistemə malik olan Altıağac Milli Parkına dəvət edirik. Bir-birindən fərqli təbiət mənzərələrini, piknik nöqtələrini birləşdirən 10 ekoturizm marşrutu ilə Altıağac Milli Parkı yolunuzu gözləyir”.
Xatırladaq ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Con Maksvellin Liderlik qanunlarından: Tam etibar qanunu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 14-cü qanundur:
14.Tam etibar qanunu
«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»
Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.
Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.
İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.
***
Digər 13 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
8.İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
9.Maqntizm qanunu
«Siz özünüz kimi olanları cəzb edirsiniz»
Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.
Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.
İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.
10.Əlaqə qanunu
«Liderlər öncə ürəkləri tərpədirlər»
Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.
ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.
Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.
11.Yaxın çevrə qanunu
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
12.Səlahiyyətlərin bölünməsi qanunu
«Yalnız özünə tam güvənən liderlər hakimiyyəti başqalarına verirlər».
Yalnız müəyyən səlahiyyətlər almış insanlar öz potensialını tam aça bilirlər. Əgər lider işçilərə bu səlahiyyətləri vermirsə, onda o, öz əli ilə təşkilatında maneələr yaradır, maneələr uzun ömürlü olanda işçilər öz potensiallarını maksimal dərəcədə realizə etmək üçün işdən çıxıb başqa təşkilatlara keçirlər.
Səlahiyyətləri bölməyin bir nömrəli düşməni liderliyi itirə bilmək qorxusudur. Zəif lider həmişə güclü işçilərdən qorxur, onlara səlahiyyətlər vermir, onları sıxışdırır.
Əsl lider o qədər əvəzolunmaz olmalıdır ki, öz yerini itirməkdən heç vaxt qorxmasın.
13.Yetişdirmə qanunu
«Lider yetişdirmək üçün lider lazımdır»
Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:
Krizisə görə – 5 faiz.
Anadangəlmə qabiliyyətinə görə – 10 faiz
Başqa liderin təsiri altında – 85 faiz.
Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.
Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.
Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.
«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.
Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Qazaxıstanda keçiriləcək texnologiya forumunda təmsil olunacağıq
Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq ( “Artificial and Human Intelligence: The right balance”).
Bu beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək. Bu barədə “Digital Bridge 2023” internet səhifəsində xəbər yayıılıb.
Forumun ikigünlük proqramına dövlət başçısının iştirakı ilə plenar iclas və onunla təkbətək görüşlər, beynəlxalq məruzəçilərin iştirakı ilə 30-dan çox panel iclası, sazişlərin imzalanması, dövlət başçısının iştirak edəcəyi “Google for Startups” kimi irimiqyaslı tədbirlər daxildir. Forumda ən yaxşı startaplara, innovativ layihələrə və sahibkarlara verilən beynəlxalq mükafat - “Digital Bridge Awards”un təqdimat mərasimi keçiriləcək. Həmçinin forum çərçivəsində “Startap Xiyabanı”nda xarici texnoloji startaplar və Qazaxıstanın 100-dək startapı öz innovativ həllərini nümayiş etdirəcək.
Beş il ardıcıl olaraq İT ictimaiyyətinin xüsusi diqqətini cəlb edən və geniş ictimaiyyət arasında maraq doğuran forumun maraqlı hadisəsi “Astana Hub Battle” - ən yaxşı İT startaplarının ən böyük yarışıdır. Bu il yarışın mükafat fondu 4 dəfə artırılıb. Qaliblər üç kateqoriya üzrə mükafatlandırılacaqlar – “Best Social Impact”, “The Most Innovative”, “Exponential Growth”. Mükafat fondu isə 75 min ABŞ dollarına qədər artırılıb ki, bunun da hər nominasiya üzrə 25 min ABŞ dolları təşkil edəcək. “Digital Bridge 2023” çərçivəsində “Astana Hub Battle”da iştirak üçün müraciətlər sentyabrın 20-dək digitalbridge.kz saytında qəbul ediləcək.
İlkin seçim mərhələsindən sonra seçilmiş 100 ən rəqabətədayanıqlı layihə münsiflər heyətinə təqdim olunacaq. Onlar forumun ilk günündə yarımfinalda bir dəqiqəlik təqdimatla çıxış etmək imkanı əldə edəcəklər. Münsiflər heyəti forumun ikinci günündə baş tutacaq finalda ən yaxşı adı uğrunda mübarizə aparacaq 10 startapı seçəcək.
Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri – Fidan Barçın (1-ci yer)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 1-ci olmuş Fidan Barçının “Məşhurluq qayğıları” hekayəsini təqdim edəcək.
Fidan BARÇIN (HÜSEYNOVA)
MƏŞHURLUQ QAYĞILARI
Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırdı. Saatın əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağrıyırdı insanlara, bu gün səssiz-səssiz, ağır-ağır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxmaqla, şəhər camaatı beləcə dincini alırdı. Amma bu şənbə adi günlərdən fərqlənəcək və bir gəncin xatirə təqvimini yamyaşıl rəngə boyayacaqdı...
Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Şənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyndən başqa. Hüseynin həftəiçi də, həftəsonu da yuxusu olmazdı.
Ata-anası qorxu və təşvişlə soruşdu:
– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?
Gündəlik həyatda alçaq səsli danışığı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığıra-çığıra danışırdı:
– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...
Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarıyuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağıllarına hər şey gəlirdi. Nəhayət, sükutu ata pozdu. Əsəblə:
– Turan, nə baş verib?! – dedi.
Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıtdı.
– Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıyım deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimimdən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim “Cəlil Məmmədquluzadə və Meterlink” başlıqlı araşdırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünki yazını qəzetin elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalısının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...
Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzetdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındakı köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafı gəzib son qəpiklərini qəzetə vermişdi. Tez qəzetlərdən birini babasının əlinə sıxdı. Çünki ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.
Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxaracaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılaya bilmədilər. Qızın həvəsini qırmamağa, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çoxdan dolan qız onlar pis olmasın deyə, “oyun”u qaydasınca oynamağa davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.
– Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək, hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...
– Afərin, qızım! Qələmin qüvvətli olsun!
Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...
Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünki bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzetdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə – 32-yə çatmayıblar. Axı qəzetin bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...
Bəlkə də, hələ dostları bu münasibətlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yazan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sıxılmırlar ki? Nə isə, bunlar hələ sonranın işləridir.
Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çırtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzetlərinə büküb soyuducuya yerləşdirir...
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Başımız alayarımçıq işləyir deyə…
“Ədəbiyyat və incəsənət”in Baxış bucağında yenidən Eltən Törəçidir
Dərin və törəli düşünmək üçün öz dilini çox yaxşı bilməlisən. Yad dillərdən alınma sözlər başıpozuqluq yaradır, yaradıcı, bilgə və qurucu yanaşmalar yerinə yabanıların sırıdığı qəliblərə uyğun dayaz iş cizgilərini yamsılamaqdan başqa ortaya heç nə çıxara bilmirik.
Başımızın alayarımçıq işləməsi yabançıların torpaqlarımızda, əkinlərimizdə istədiklərini becərməsinə imkan verir, buyruqçuluqdan qurtula bilmirik. Başımız onların alqı və duyğu yönləndirən qurğularına və dalğalarına qoşulduğundan (oxu - sinema, media, tv) onların bizə satdığı geyim-keçimi geyinir, onların yaşam biçimini, alışqanlıqlarını, yeyəcək-içəcəklərini, əyləncə davranışlarını yamsılamağa alışır, özümüzdən diksinərək onlara anlaqsız tapınırıq. Batılılar başımızın içinə yerləşdirdikləri biliklərlə, orda baş verən düşüncə olaylarını, seçimləri çox asanlıqla yönləndirirlər. Türklər gecikmədən Əkinsəl Oyanışa başlamalı, Törəli yaşam biçininə keçməli, düşüncə köləliyindən qurtulmalıdır.
“Ədəbiyyat və incəsənət”
(31.09.2023)
KİNOBƏLƏDÇİdə “Məmləkət”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Filmlər içində beynimdə " iz qoyan" film.
Filmin tarixinə nəzər salsaq, dünyada ilk film 1896-ci ildə Lümyer qardaşları,
Azərbaycanda isə 1898-ci ildə Mişon tərəfindən çəkilmişdir. İlk olaraq filmlər ağ-qara olaraq efirlərə verilmişdir.
Filmlərin bizim həyatımızda-psixologiyamızda xüsusi yeri vardır. Ümumi süjet xəttini nəzərə alsaq, filmlərin həm müsbət, həm də mənfi tərəfləri olur. Daha çox da müəyyən yaş hədlərini nəzərə alsaq, bəzi filmlərdə şiddət, zorakılıq mənfi təsir yarada bilər.
Filmlər ideologiyamızı, inancımızı dəyişmə gücünə malikdir. Görmədiyimiz məqamları filmlərdə görüb özümüz özümüzü sual atəşinə tuta bilərik.
Tarkovskinin belə bir deyimi var: " Film insanları dəyişə bilməz. Çünki insanlıq son 4 min ildə dəyişməyəcəyini artıq göstərib".
Ümid edək ki, filmlərin mənfi təsiri insanları mənfiyə doğru dəyişməz, əksinə filmlərdə təbliğ olunun müsbət xususiyyətlər insanların düşüncəsində kök salar.
Hər birimiz həyatımız boyu bir neçə filmə baxırıq. Bu filmlərin sayəsində digər ölkələrin mədəniyyəti, əlavə məlumatlar
və s. bilgilərlə silahlandırılırıq. Bəzən də bir film uzun müddət beynimiz və qəlbimizdə uzun müddət yer ala bilir.
Bu yaxınlarda bir tanışımdan önəmli məlumat almalı idim, ona zəng etdim. Düzdür, xarakterimə bələd olduğu üçün xanım dostum ani telefonu açdı, amma “gözlə bunun axırına çıxım" -deyərək mənimlə əlaqə saxlayacağına söz verdi. Təbii ki, " salamatçılıqdı?" sualım qaçılmaz oldu.
Şükr, anlatdı ki, hər şey qaydasındadır. Yenə də "ürəyimin 40-cı qatında" narahatlığımı əsir etdim. Təqribən, iyirmi dəqiqə sonra o mənə zəng vurdu. Maraqlı bir filmə baxdığını söylədi və həvəslə izlədiyi üçün mənimlə danışa bilmədiyini bildirib üzr istədi. Sözün açığı o filmi dostuma qısqandım. O necə film idi ki, mənimlə dostumun arasında 20 dəqiqəlik divar olmuşdu? O dostum da bilirdi ki, mənimlə danışarkən sözləri söz boxçasından ehtiyatla çıxarmalıdır. Elə canının dərdindən filmin linkin mənə yönəltdi və xahiş etdi ki, baxım. Əlbəttə, o filmə acığım tutmuşdu və linkin üstünə əsəbi barmaqlarımla vurdum. Sanki telefonun sinəsi: "ay qız, yavaş ol da"- söylədi.
Bəli, film türk film istehsalı " Məmləkət" adlı bir film idi.
Ucqar kənddən görüntülər, kənddə qalan iki-üç ailədən bəhs edilirdi. Zəhmətkeş bəy və xanım, ailədəki azyaşlı qızın məktəbə getməsi üçün uzun yol qət etməsi və ailənin yaşam mübarizəsi. Əsas məsələ çətinliklərə baxmayaraq qadın və kişinin bir-birini anlaması daha çox bəyəndiyim məqamlardan oldu. Evin bəyi yıxılıb yataqda qalıb daxili ağrılarla vuruşarkən həyat yoldaşının cəsarətli xarakteri çətinliklərə kölgə salırdı.
Bəyin yıxılandan sonra yataq vəziyyətində qalıb acizanə intihara hazırlaşarkən xanımın son anda öz yoldaşına yetişməsi bəyin həyatına son verməsinə mane oldu. Qadının öz həyat yoldaşını " sözlə çırpması" əla final idi.
Filmin verdiyi mesaj “çətinlik- maddi sıxıntı, fiziki problem, şəraitsiz yaşam tərzi, hər nə olursa, olsun ailə bütün çətinliklərə bir yerdə sinə gərməlidir” siqnalı idi.
Müasir cəmiyyətimizdə də hal-hazırda boşanmaların sayı artmaqdadır. Ailə kiçik bir dövlətdir aspektində yanaşsaq, o zaman bu ailənin təməli məhəbbət, anlayış, humanizm, özünədərk prinsipləri üzərində qurulmalıdır.
Bu film bəzi gənc ailələr üçün kifayət qədər ibrətverici bir film idi.
Yeri gəlmişkən, o müdrik dostuma bu film üçün təşəkkür etməmişəm, cümlənin nöqtəsini qoyan kimi ona zəng vururam, bəlkə də, o bu dəfə də hansısa filmi izləyir, amma eybi yox. İkinci belə ibrətverici bir filmə baxmağa hazıram.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)
Azərbaycanlı rəssam Ukraynada təltif olunub
Ukraynanın İrpen şəhərində təşkil olunan rəsm sərgisində gənc azərbaycanlı rəssamın əsərləri də yer alıb.
AzərTAC xəbər verir ki, qəhrəman İrpen şəhərində müharibədən sonra ilk dəfə yenidən VII “Boyalı İrpen” pleneri təşkil olunub.
Ukraynanın bütün regionlarından məşhur rəssamların qatıldığı tədbirdə ölkəmizi gənc rəssam Həzrət Mərdanlı təmsil edib.
Azərbaycanlı rəssamın əsərləri sərgiyə gələnlərdə maraq doğurub.
Sərgiyə baxanlar əsəri yüksək dəyərləndirib, rəssama uğurlar arzulayıblar.
Plener İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən təltif olunması ilə yekunlaşıb.
Gənc rəssam Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)