Super User

Super User

Çərşənbə, 27 Sentyabr 2023 10:45

Əli kitablı balaca çoban

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Şəkildə gördüyünüz bu oğlan Arzu Qədimovdur. Samux rayonu Çobanabdallı kəndində yaşayır. 

 

Onun haqqında eşidən kimi istədim sizinlə də bölüşüm. 

Arzu həmin kənd məktəbinin 6-cı sinif şagirdidir. Kənd uşağının həmişə ailənin ağır yükünü çəkməyə köməklik etmək qismətidir. Arzu da qoyun otarır, amma qoyunların otlamasına nəzarət etməklə yanaşı dərslərini də oxumağı unutmur. 

Oxuduğu məktəbin müəllimləri və şagirdləri Qədimov Arzu ilə fəxr edir. Keçən il o, Lütfizadə adına Məntiq Olimpiadasında rayon birincisi olub.

Belə uşaqları bütün ölkə tanımalıdır.

Sağ əli dərs oxumağa “vaxt tapmayan” bekar uşaqların başına.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Çərşənbə, 27 Sentyabr 2023 10:30

Respublika çempionu vətən uğrunda şəhid olub

QƏHRƏMANLARIMIZI TANIYAQ  LAYİHƏSİNDƏ ARİF QEYBİYEV

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

 

27 sentyabr 2020-ci il.

Saat 05:17 də sübh azanına oyanıb, namazımı qıldıqdan sonra təkrar yuxuya getdim. Səhər yenidən oyandığımda isə saat 9, bəlkə də, 10 olardı.

Bütün ölkə ərazisində internet kəsilmişdi artıq. İnsanlarla internet, sosial şəbəkələr vasitəsilə əlaqə qurduğumuz, dünyaya internet vasitəsilə açıldığımız, son məlumtlar, xəbərlər aldığımız bir dövrdə internetin kəsilməsi problem idi, amma problem saydığımız bu durum, bizim üçün daha böyük bir problemə işarə idi əslində.

Bədbəxt hadisələr adətən öncədən əyan olur axı insanların ruhuna, bəli müharibə başlamışdı və çatdığı hər evə, hər qəlbə narahatçılıq, təşviş və qorxu toxumları səpirdi bu xəbər.

Hamı gözdə-qulaqdaydı, hamının gözü yol çəkir, hamı cəbhədən bir xəbər gözləyirdi.

Saat 11-12 radələrində həm sinif yoldaşım, həm də qonşumuz olan dostum nigarançılıqdan evdə otura bilməmiş, bizə gəlmişdi. Oturub bir qədər söhbət etdikdən sonra: “Mən daha gedim"-, deyib ayağa qalxdı. 

Onu ötürərkən: "Nə xəbər alsan, mənə də mütləq xəbər et"-, dedim. 

O da: "Yaxşı mütləq edərəm"-,  deyib getdi.

Günortadan sonra təqribən saat 4-5 radələrində telefonum zəng çaldı, dostum idi, telefonu açar-açmaz, elə ilk dediyi söz bu oldu:

- Arifi vurublar!

- Arifi vurublar?

- Hə, dedilər gətirirlər..

Yəqin ki, dostumun danışıq kartı bitmişdi, çünki zəng anidən sonlandı.

Zəng sonlanan kimi telefon əlimdə cavab verməkdən qorxduğum sualların təsiri ilə sanki güllə ilə beynimdən vuruldum.

Necə yəni gətirirlər?

Əgər Arif həqiqətən vurulubsa və yaralıdırsa onda onu hərbi hospitala aparacaqlar. Axı dostum onu gətirilər dedi. Gətirirlər?! Deməli..

Çox qəribə təsviredilməz bir hiss ağuşuna aldı məni, necə deyərlər, tüklərim biz-biz oldu, bir üşütmə keçdi canımdan.

Telefonu stolun üstünə qoyub həyətə çıxdım. Az öncə aydın və işıqlı olan səmanın rəngi tutulmuş, buz buludlarla dolmuşdu.

Az keçmədi ki, kəndin girişində ambulansın sirena sədalarının eşidilməsi ilə soyuq payız yağışının torpağı döyəcləyən damlaları bir-birinə qarışdı.

Çempionun bu cür qayıdışana səma belə ağladı o gün. Doğulub boya-başa çatdığı həyətdən qalxan ah-nalə səsi quşları belə qorxudub dəstə-dəstə uçurtdu ağacların budaqlarından. Yağış su səpdi çempionun gələn yollarına, “şəhidlər ölməz, vətən bölünməz” sədaları ilə son mənzilə ötürdü izdiham şəhidini. 

O gün müharibənin qəlbləri titrədən zəhmli ayaq səsləri eşidildilməyə başladı və 44 gün ərzində o hər ambulans sirenası sədası ilə addım-addım yurdun hər qarşını gəzib dolaşdı. 

Neçə evə, neçə qəlbə girdi, neçə ruhu qabağına qatıb apardı özüylə, ömürlük məhbus etdi işgəncələrinə, bir Allah bildi, bir də o.

 

Son payızı oldu həmin payız

Şəhidlərimizin son payızı

Bəlkə neçə gözəl arzuların 

Ölüb qəlbdə gömülən payızı 

Həsrət gəlin köçdü gözlərinə. 

Doğması geri dönməyənlərin

Qaranlıq özünə yuva qurdu 

Çırağı söndürüldü neçə evin

Kədər ev tikdi qazi qəlbində 

İtirdi candan bir parçasını 

Həmin il payızda neçə insan 

Torpağa gömdü öz yarısını?

Könüllər viran, sevdalar yarı 

Körpələrin boynu bükük qaldı 

Ana, atalar gözləri yaşlı

Ağac tək sındı qolu, budağı 

 

Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə şəhid Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olub. 2012 -ci ildə həmin məktəbin 9-cu sinifindən çıxıb sənədlərini Astara Pedaqoji kollecinə verib və 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

Arif Qeybiyev orta məktəb və orta ixtisas təhsili dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.

O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.

Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olub.

2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib. 

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək, 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.

Natiqlər şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin, şəhid Arif Qeybiyevin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.

Şəhidimiz 2019-cu ildə ailə həyatı qurub və bir qız övladı var. 

Ruhu şad olsun!

 

(İstifadə olunan mənbələr: az.m.wikipedia.org , Memorial.az)

 

“Ədəbiyyat və incəsənət”

(27.00.2023)

KİTAB BƏLƏDÇİSİNDƏ LEV TOLSTOYDAN “İVAN İLİÇİN ÖLÜMÜ”

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Yazıçı İvan İliç obrazının həyat tərzi, işi, ağrı-acıları ilə cəmiyyətimizin bir sıra problemlərinə öz kəsərli qələmi ilə çox gözəl toxunur. 

 

Əsər İvan İliç adlı şəxsin ölüm xəbərinin xidmət göstərdiyi məhkəmə dairəsində yaratdığı dırnağarası səs-küy ilə başlayır. Dırnağarası kəliməsini nəyə görə işlətdiyimi kitabı oxuduğunuz zaman bariz görəcəksiniz. 

Daha sonra isə İvan İliçi ölümə sürükləyən həyat yolu ilə tanış oluruq. Ailədaxili sevgisizliyə, qadınına - Fyodorovna Qolovinaya və qızı Lizaya qarşı günü-gündən artan nifrətinə və oğluna qarşı olan kövrəkliyinə şahid oluruq. 

Nə yalan deyim, İvan İliçə mən də haqq qazandırdım. Hətta kitabı oxuyarkən ağlıma gələn və Fyodor Dostoyevskidən olan bir sitat gətirəcəyəm:

Yaxşı kişilər yalnızlıqdan ölərkən, yaxşı qadınlar pis kişilərin eyvanından səmaya baxırlar. 

Bəli tam olaraq bu.... 

 

Kitab bizə az səhifəsi ilə çox şeyi öyrədir və öyrətdiyi şeylərə inanmağa hazır olmadığımız da çox barizdir. Min dəfə çalışsaq da, min dəfə vuruşsaq da, sonumuzun bir heç olması, həqiqətən də, çox acınacaqlıdır. Qazandığımız dostluqların bizim yoxluğumuzda mənfəətin köləsi olması hissi insanı nəfəs alarkən öldürəcək cinsdəndir. Əsər bir mövzunu çox yaxşı vurğulayır: Nə qədər xəstə oluruqsa olaq, bir çıxış yolu mütləq var, amma əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır. 

 

Başının üstündəkilərdən kimsə:

- Vəssalam, qurtardı! - dedi.

O bu sözü eşidib içində təkrarladı: "Qurtardı ölüm... O daha yoxdur..."

Sonra havanı ciyərlərinə çəkdi, nəfəsi yarıda kəsildi, dartınıb-gərildi və öldü.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Çərşənbə axşamı, 26 Sentyabr 2023 20:00

Onlar sabah Qarahəsənli kənd qəbristanlığında qovuşacaqlar

“Ədəbiyyat və incəsənət” portalına "Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat xidmətinin məlumatı daxil olub. Bəhs edilən mövzu ilə bağlı əməkdaşlarımız da müəyyən bilgilər əldə ediblər. Və indi sizə ilginc, tükürpədici bir əhvalat barədə danışacağıq. 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu,  Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Vəli Ceyhun oğlunun Şəhadət xəbərini eşidən istəklisi, 2006-cı il təvəllüdlü Oruczadə Arzu Camal qızı Xırdalanda hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 

Qəfil hadisənin təsirindən çaşqın qalan valideynlər Arzunu 22 sentyabrda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn ediblər. Vəlinin də valideynləri Arzunun intihar etməsindən bir gün sonra xəbər tutublar. Bu ağır xəbəri eşidən "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Vəlinin valideynləri ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı Vəlinin atası Ceyhun Mustafayev İlham Pirməmmədovdan Arzunun valideynləri ilə danışıb, nəşinin Vəlinin məzarının yanında torpağa tapşırılmasına köməklik etməyi xahiş edib: "İlham müəllim, biz bilirdik ki, Vəli ilə Arzu istəklidir. Vəli əsgərlikdən qayıdandan sonra toy edəcəkdik.  Qismət belə imiş. Vəli Şəhid oldu. Arzu intihar etdi. Arzu intihar etməzdən öncə səhər saatlarında (09:13) yazıb ki, "Anana de, gəlnin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm." İlham müəllim, Qazax mahalının ağsaqqalı kimi siz bizə köməklik edin. Arzunun nəşinin Vəlinin məzarının yanında dəfn olunmasına görə valideynlərindən razılıq almaq üçün əlinizdən gələn köməyi əsirgəməyin". 

Şəhid atasının istəyini nəzərə alaraq İlham Pirməmmədov, İctimai Birliyin üzvləri ehtiyatda olan polis polkovniki Namiq İsmayılov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva, Səbinə Yusif Arzunun 3 mərasimində iştirak ediblər. Qazax mahalının ziyalıları Arzunun vəsiyyətinə əməl olunmasını, 7 mərasiminə kimi Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kəndinə aparılmasını onun valideynlərindən, ailəsindən, doğmalarından xahiş ediblər. 

İlham Pirməmmədov və Namiq İsmayılov Arzunun atası ilə danışıqlar zamanı Arzunun Qarahəsənli kənd qəbristanlığında dəfn edilməsinə razılıq verilməsini xahiş ediblər. Ata Arzunun Vəlinin yanında dəfn olunmasına etiraz etmədiyini bildirib: "Mən sizin təklifinizə yox demirəm. Ancaq ana ürəyi başqadır. Anası razı olsa, Arzunu Vəlinin yanında dəfn etmək üçün Qarahəsənli kəndinə apara bilərsiniz". 

İlham Pirməmmədov Vəlinin valideynlərinin də xahiş üçün Bakıya gələcəyini bildirib.

Mərasimdə Başxanım Abbaslının çıxışından sonra oradakı bütün qadınlar Arzunun anası Sevda xanımdan Arzunun nəşinin çıxarılaraq Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasının tərəfdarı olduqlarını bildiriblər: "Sevda xanım, bilirik, yaranız çox dərindir. Arzu Vəliyə görə həyatına qəsd edib. Onun son arzusu Vəlinin yanında dəfn olunmaq olub. Xahiş edirik, Arzunun son arzusunun gerçəkləşməsində siz bir ana olaraq öz razılığınızı bildirin". 

Başxanım Abbaslı deyib: "Siz Arzunun Qarahəsənli kənd qəbristanlığında sevdiyi oğlanın yanında torpağa tapşırılmasına icazə verin. Arzu Qazax mahalının toysuz gəlinidir. Biz Arzunun vəsiyyətinə görə sizdən xahiş edirik, onu Vəlidən ayırmayın". Üç mərasimində söhbət zamanı demək olar ki, Arzunun Vəlinin yanında dəfn olunmasına qismən razılıq olduğu hiss edilib. Yas məclisini idarə edən molla Arzunun Vəlinin yanında dəfn olunmasının vacib olduğunu bildirib: "Arzu Vəli üçün özünü öldürdü. Bu bizim tariximizdir. Qızlarımızın qorxmazlığının, əzmkarlığının, sədaqətinin göstəricisidir. Tarix təkrar olunur. 90-ci ildə İlham Fərizə sevgisi dillərə dastan oldu. 33  ildən sonra  Vəli Arzu sevgisi dillərə dastan olacaq.”

Mərasimdə iştirak edən qadınlardan biri böyük yanğı ilə qeyd edib: "Arzunu dəfn edəndə qəbrə sığışmadı. Bunu hamımız öz gözlərimizlə gördük. Nə qədər edirdilər, Arzu qəbrə sığışmırdı. Ona görə də ipəyi büküb başının altına qoydular ki, Arzu qəbrə sığışsın. Ancaq yenə sığışmadı. Nə qəbir Arzunu qəbul etdi. Nə də Arzu qəbiri qəbul etdi. Yenə də məsləhət, son söz Sevda xanımındır. Ancaq Arzunun rahat olmasını istəyirsə, Qarahəsənli kəndində dəfn olunmasına icazə verməyi məsləhətdir".

Yas məclisində eşitdiklərimizdən onu da bildik ki, Arzu məktəbdə nümunəvi şagird olub. Sınaq imtahanlarından 550-600 bal toplayan Arzu Polis Akademiyasına qəbul olmaq niyyətində olub. Müharibə çox gənclərin, sevənlərin arzusunu yarıda qoyduğu kimi Vəli və Arzunun də arzularını yarıda qoydu.

Arzunun Vəlinin yanında torpağa tapşırılması üçün 25 sentyabrda Ağstafa rayon Qarahəsənli kəndindən Vəlinin valideynləri Arzunun valideynləri ilə görüşmək üçün Bakı şəhərinə gəldilər.  İlham Pirməmmədov və Namiq İsmayılov Şəhidin ailə üzvlərini qarşılayıb Arzunun ailəsi ilə görüşdürdülər. 

Valideynlər Azrunun nəşinin Vəlinin məzarının yanında dəfn olunması üçün ailə ilə yenidən danışıq apardılar. Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasına Arzunun ailəsi razılıq verdi.

İlham Pirməmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbər işçiləri ilə əlaqə saxladı. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirildi ki, mövcud qaydalar gözlənilməklə Arzunun nəşi çıxarılıb Vəlinin məzarının yanında torpağa tapşırıla bilər. Sentyabrın 26-sı Arzunun nəşi çıxarılaraq Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi. 

"Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən Arzunun valideynləri və qohumları dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi.

Hal-hazırda İlham Pirməmmədov, İctimai Birliyin üzvləri dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonu Qarahəsənli kəndinə gedirlər.

Arzunun nəşi 27 sentyabrda (sabah) Ağstafa rayonunun Qarahəsənli kəndində Vəlinin məzarının yanında torpağa tapşırılacaq.

Qorxmaz, sədaqətli, vəfalı gənclərə Uca Allahdan rəhmət diləyirik. Doğmalarına, yaxınlarına, əzizlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, Qazax mahalının ziyalılarının adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

 

P.S. Dəfn mərasimi sabah saat 13:00-da Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında olacaq. Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin Bakı şəhərindən, eləcə də Qazax və Ağstafa rayonlarından olan üzvləri iştirak edəcəklər. Dəfn mərasimindən öncə İlham Pirməmmədov və İctimai Birliyin üzvləri 27 sentyabr Anım günü ilə əlaqədar olaraq Qazax və Ağstafa rayonlarında təşkil olunan Anım tədbirində iştirak edəcəklər. Dəfn mərasimindən sonra İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində Şəhid olan hərbçilərin 7 mərasimində iştirak edəcəklər. Həmçinin sentyabr ayının 28-də Şəhidlərin 7 mərasimində iştirak edəcəklər.

Dəfnin bütün xərclərini "Qazax" Xeyriyyə İctimai Birliyi öz üzərinə götürüb.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Çərşənbə axşamı, 26 Sentyabr 2023 19:00

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

SİTAT:

“Azərbaycanda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışdıqları kimi, sahibkarlıq fəaliyyəti ilə də məşğuldurlar. Qeyd edə bilərik ki, Sahibkarlar Konfederasiyası Aparatının 71 faizi qadınlardan ibarətdir.

Azərbaycanda fərdi sahibkarların 78 faizini kişilər, 22 faizini isə qadınlar təşkil edir”.

Sitat Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova məxsusdur. O, bu fikirləri  “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar oktyabrın 20-dək Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (018) 64-4-46-04 (daxili 210) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

 

Ənənəyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayıb.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində milli musiqi sənətimizin incilərindən olan “Arşın mal alan” tamaşası nümayiş olunub.

Tamaşada əsas rollarda teatrın təcrübəli solistləri Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Səbinə Vahabzadə ilə yanaşı, istedadlı gənc vokalçılar Fatimə Cəfərzadə, Atəş Qarayev, Taleh Yahyayev və başqaları iştirak ediblər.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və xormeysteri Savzixan Serderovdur.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir. 

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub. 

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır. 

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

 

"Ədəbiyyat və incəsənət”

(26.09.2023)

 

Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə təşəbbüs və təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi təşkil edilib. Layihə 5 günlük ustad dərslərindən və konsertdən ibarət olub.

Bunu AzərTAC-a təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova- Bernard bildirib.

Onun sözlərinə görə sentyabrın 23-də Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestri və İncəsənət və Mədəniyyət Fondunun musiqiçiləri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin “Birləşmiş səslər” adlı konserti baş tutub.

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatının, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə təşkil edilən konsertdə hər iki mərkəzin musiqiçiləri ilə birgə Azərbaycan bəstəkarları - Arif Məlikov, Fikrət Əmirov, Azər Rzayev, Sərdar Fərəcov, Vasif Adıgözəlovun musiqiləri və Azərbaycan muğamları səsləndirilib. Bildirilib ki, layihənin digər məqsədi afrikalıları tar musiqi aləti ilə tanış edərək, onların tədris sisteminə tar alətini daxil etməkdir.

Konsertdə Anqolada yaşayan xarici vətəndaşlar, səfirliklərin, beynəlxalq şirkətlərin nümayəndələri ilə bərabər Türkiyə Respublikasının səfiri Ufuk Ekici də qonaq qismində iştirak edib.

Azərbaycan tarının səsi və musiqiləri qonaqları valeh edib.

Konsertin sonunda İncəsənət və Mədəniyyət Fonduna tar məktəbinin yaradılması ilə bağlı simvolik olaraq Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Tar və Camunga Simfonik Musiqi Məktəbinə Fond tərəfindən çap edilmiş “Azərbaycan musiqisinin inciləri” xalq və bəstəkar mahnılarından ibarət kitablar hədiyyə edilib.

Konsert zamanı Azərbaycan ilə bağlı kitablar, məlumatlar, milli şirniyyatlar qonaqlara təqdim edilib.

“Ədəbiyyat və incəsənət”
(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.