Super User
“Mənim dərdim ayrı dərddir…” - İlham Qəhrəmanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlham Qəhrəmanın şeirləri təqdim edilir.
Yazı masam
Yazı masam təndir misalı,
həmişə odda saxladım.
Nə şit gördü, nə təlx gördü,
bir şirin dadda saxladım.
Təndirə çırpı yığan uşaq kimi,
6 il qapı-qapı gəzdim, -
Qələmə şəlləyib gətirdim,
üstündə "Laçın folkloru" yazdım.
14 ilə o tay-bu tay Vətəndə
topladım Sarı Aşığı,
İndi adı ölkəylə birdi, -
aləmi tutub işığı!
Masada dizimi yerə verdim,
qoymadım it-bat ola Aşıq Alı.
Sözləri səmtinə qoydum,
üzə çıxdı təcnisin gül camalı.
Bir gözümdə gülüş, o birində yaş,
Laçının "Lətifə"sini yazdım,
Şad günündə sevinə-sevinə
"Söz xəritəsi"ni cızdım.
Yazı masamda nə yazdımsa,
məndən irəli düşdü ürək.
Ayrı masamız olmadı -
mən üstünə söz daşıdım,
qadınım çay-çörək.
Yazı masamda yazıldı
essem, şeirim, bayatım...
Yazı masamdan başladı
yoxluğa bağlı məhkumluq həyatım.
*
Hər günümə şərik çıxdı,
Ömrü sözlə tən elədim.
Necə ki nar dənələnər,
Qələmdən söz dənələdim.
Yolların ağına çıxdım,
Qəmin ocağına çıxdm,
Sözün qabağına çıxdım,
Qapımı da gen elədim.
Payız gəlir yaydan sonra,
Uçurumdu qıydan sonra...
Xeyli götür-qoydan sonra
Sözü məndə mən elədim.
Mənim dərdim ayrı dərddir
Daşdan uzaq, gülə yaxın,
Mənim dərdim ayrı dərddir.
Dişdən uzaq, dilə yaxın,
Mənim dərdim ayrı dərddir.
Yara yol gedən ərinməz,
Hər ağac gülə bürünməz.
Çıraq tutalar, görünməz,
Mənim dərdim ayrı dərddir.
Tikan olmadım, kəsələr,
Acı demədim, küsələr.
Deyil eşq dərdi, - desələr,
Mənim dərdim ayrı dərddir.
Məna xovdu, söz ilmədi,
Çox sirr qaldı çözülmədi...
Yıxılmadım, əzilmədim,
Mənim dərdim ayrı dərddir.
İlham, telə gül taxdı yar,
Gül məmnundu, yar bəxtiyar.
Ariflər gözdən oxuyar,
Mənim dərdim ayrı dərddir.
Eşq sənə çəkdirər, aşıq
Aşıq Nəbiyə
Vurulsan bir salatına,
Eşq sənə çəkdirər, aşıq!
Tablamarsan təlatümə,
Eşq sənə çəkdirər, aşıq!
Başını sadağa qoyar,
Dilini qadağa qoyar.
Yanağı isdağa qoyar,
Eşq sənə çəkdirər, aşıq!
Baxmaz adın urvatına,
Qəm toxuyar bayatına.
Üzüm ayağın altına -
Eşq sənə çəkdirər, aşıq.
Dərd dərdi yedək eyləyər,
Od vurar, ətək eyləyər.
Dilini gödək eyləyər,
Eşq sənə çəkdirər, aşıq!
Evdi - girəcək görünməz,
Yoldu - duracaq görünməz,
Belə görəcək görünməz,
Eşq sənə çəkdirər, aşıq!
Aşıq belə zalım olmaz
Aşıq Afil Bəxtiyara
Allah sənə insaf versin,
Aşıq belə zalım olmaz!
Barmaq simə hesab versin,
Aşıq belə zalım olmaz!
Ta görməzlər təzə bizi,
Sən də belə bəzə bizi.
Almadınmı gözə bizi?!
Aşıq belə zalım olmaz!
Körpü atmışam keçə yol,
Gedər, bölünər üçə yol...
Ölüb dirildim neçə yol,
Aşıq belə zalım olmaz!
Yar dolanan o dağ olam,
Yelləndiyi budaq olam.
Ha istədim toxdaq olam...
Aşıq belə zalım olmaz!
Ölü haqqı, diri haqqı,
Od-ocağın qoru haqqı,
Dədəmizin goru haqqı,
Aşıq belə zalım olmaz!
Hal-əhval
Ürəyimdən keçən adam,
Ürəyimi necə gördün?!
Yəqin qədim evlər kimi
Dərd-qəmi iç-içə gördün?!
Dağların qarı tükənər,
Heç tükənməz məlal məndən,
Yaxam qalıb öz əlimdə,
Sən bu məni gəl, al məndən.
Ürəyimdən keçən adam,
Başına yol qəhətdirmi?!
Utanıram soruşmağa -
Barı, yolun rahatdırmı?!
Hələ gedir tağa dərdim
Yar üzdən telin qatlasa,
Deyərdin, Göy ayazıdı.
Məni qoyub gedən gündən
Rəngi-rufum avazıdı.
Günümüz onda gün idi,
Həm işıqlı, həm şen idi,
Aramızda yol gen idi,
İndi durna boğazıdı.
Bu bəy dərdim, ağa dərdim,
Hələ gedir tağa dərdim,
Qalxıbdı qurşağa dərdim,
Vaxt varıdı, dayazıdı.
*
Yaz göyərən qamış kimi,
Bir şivərək oğlan idim.
Qələm bellə, kağız bağla
Söz bağında bağban idim.
Cütüm nəydi, təkim nəydi,
Bu bəxt gələn hökm nəydi?!.
Dərman nəydi, həkim nəydi,
Top kimiydim, sağlam idim.
Ya yerdə qaçan öləcəm,
Ya göydə uçan öləcəm...
O sirdi, haçan öləcəm, -
Yazağzı doğulan idim.
Nədi
Bir gözəl görmüşəm, əhli-hal bilər -
Sinəmin çəkdiyi bu ahı nədi?!
Onu görən gündən keçən günlərin
Bilmirəm axşamı, sabahı nədi.
Deyib-gülən idim, bir zaman şuxdum,
Qalamın bürcünə ağ bayraq taxdım...
Kəsdirə bilmədim nə qədər baxdım -
Cəlladdı, mələkdi, ya, Ya Hu, nədi?!
Bilək balıq qarnı, ayaqlar mildi,
Boyu yasəməndi, dodaqlar güldü...
Demir İlham birdən yıxılıb öldü, -
Deməz bu yazığın günahı nədi.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Halal və haram yeyənlər - İBRƏTAMİZ
Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Hər bir canlının vücudu qidasından asılıdır. Bitkilər birmənalı olaraq pakdılar, torpaq, su və havadan qidalanırlar.
Bitki yeyən heyvanlar da təmiz olurlar.
Ət yeyənlər çirklənirlər, çünki, ikinci məhsulu yeyirlər. Ət və cəsəd yeyənlər lap betər olurlar, məsələn goreşənlər.
İnsanların halal yeyənləri nurlu və təmiz mənəviyyatlı olurlar. Haram yeyənlərin ruhu və vücudu dəyişir, ətyeyən yırtıcılara bənzəyirlər.
Halalı harama qarışdıranlar lap betər olurlarlar, ən təhlükəli və yaramaz forma alırlar.
ALLAH bizləri, xalqımızın çoxunu bitkilər və halallar aləminə yaxın etsin ki, bəlkə pak, nurlu mövcudluqlardan olaq.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Sənətkarlarımızı tanıyaq! - Sənətimizin Jazzizası
ƏZİZƏ VAQİF QIZI MUSTAFAZADƏ KİMDİR?
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət"
Əzizə Mustafayeva Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Əzizə atasının yolu ilə gedir. Atası Vaqif Mustafazadə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artistidir (1979). Əzizənin anası Eliza Mustafazadə isə gürcü mənşəli müğənnidir. Tam bir incəsənət ailəsi!
“Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin hələ uşaq yaşlarından musiqi duyumu var idi. Əzizə uşaq ikən Şur muğamı ilə Rastı ayırırmış. Atası Vaqif Şur muğam ifa edəndə o ağlayır, Rastda isə oynayırmış. Hətta Əzizə anası Elizanın danışdığı bir əhvalatı səsləndirir:
Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam."
Demək sənətkarlıq Əzizənin qanından- canından gəlirmiş.
Jazziza(Cazziza) isə atası Vaqif Mustafazadənin qızına uşaqkən verdiyi ləqəbdir .
Əzizənin incəsənətin bir çox sahəsinə marağı var idi, xüsusilə rəssamlıq, rəqs və ifaçılığa.
Atası Vaqif öləndən sonra Eliza xanım kariyerasını yarıda qoyub, qızının istedadını inkişafına köklənir. Fədakar ananın əziyyəti bəhrəsini görür. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür. Əzizənin uğuru bununla bitmədi .
Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardıb. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim edib.
27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Həqiqətən də, Əzizə xanım bu fəxri adı haqq edənlərdəndir.
2022-ci ilin oktyabrında 14 ildən sonra Əzizə ilk dəfə Azərbaycanın paytaxtında çıxış etdi. Konsert Bakı Konqres Mərkəzində keçirildi və ona böyük alqışlar qazandırdı.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Hər gün kitablar barədə 5 QEYRİ-ADİ FAKT
Könül, “Ədəbiyyat və incəsənət”
Kitablar barədə dahilər nələr deməyiblər… Mən Şərqi Avropanın və Asiyanın ən böyük ədəbiyyat platforması olan LitRes ədəbiyyat dərgisindən sizlər üçün maraqlı iqtibaslar seçmuşəm. Beləliklə, kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm.
1.
“Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.
2.
Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).
3.
Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.
4.
İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə) 12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.
5.
“Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi.
“Əədəbiyyat və incəsənət”
(03.09.2024)
Mədəniyyət Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər kimlərdir?
Orxan İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə, Seymur Hüseynov isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.
“Ədəbiyyat və incəsənət” Bizim.media-ya istinadən onların dosyesini təqdim edir:
O.İsgəndərov 1993-cü ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentində böyük mütəxəssis vəzifəsində çalışıb.
S.Hüseynov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Katibliyinin koordinatoru və Global Entrepreneurship Network-də (GEN) icraçı direktor vəzifələrində çalışıb.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
"Ürəkmi insana sev deyən, yoxsa, təklikmi?
Nədir sevmək: bir şama od olmaqmı, yoxsa, yanan oda toxunmaqmı?" ( Sədi Şirazi)
Əziz Şairimiz, bu sualımıza nədir cavabınız?
CAVAB
Sevgi və sevda tamamilə fərqli anlayışlardı!
Sevgiyə ağıl qarışıb, sevda dəlilikdi!
Mən dəlilərin tərəfindəyəm!
Şam ya pərvanə ol, nə fərqi var ki?
Biri öz -özünə yanır, biri özünü yandırır!
Əsas olan yanmaqdı! Ancaq bir şey də var-sevən adam sevilən adamdan daha xoşbəxtdi!
Şam, ya pərvanə olmaq! Mən şam olmağın tərəfindəyəm! Qarşılıq gözləmədən sevən adam Allah kimidi!
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
“Atamın - Corc Oruelin səsini xatırlamıram...”
Dünyanın ən məşhur mədəniyyət xadimlərinin övladları ilə olduqca maraqlı müsahibələr hazırlayan jurnalist Hafiz Əhmədov bu dəfə dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, “Heyvanıstan” və “1984” kimi məşhur əsərlərin müəllifi, dahi ingilis yazıçısı Corc Oruellin yeganə övladı, varisi Riçard Bleyerdən müsahibə götürüb. Hafiz Əhmədovun suallarını cavablandıran Riçard Bleyer müsahibə zamanı bir çox mühüm məqamdan söhbət açıb, atası ilə bağlı xatirələrini bölüşüb, ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini ifadə edib və oxuculara öz tövsiyyələrini verib.
“Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni oxucularına təqdim edir.
– Atanız Corc Oruelllə bağlı ən unudulmaz xatirəniz nədir?
– Xatirələrim daha çox Jurada böyüdüyüm illərlə bağlıdır. Yadımda qalan şeylərdən biri, təxminən üç-dörd yaşımda olarkən, Jurada yaşadığımız zaman Barnhilldəki bağda köhnə bir boru tapmışdıq. Atam çox siqaret çəkən idi. Biz yemək otağında oturub nahar edərdik, o isə siqaretin uclarını kaminəyə atardı.
Fikirləşdim ki, onun arxasınca getmək üçün bu köhnə borunu tapmaq da lap yaxşı oldu. Bu köhnə borunu onun atdığı siqaret kötükləri ilə doldurdum. Daha sonra onun üsuluna uyğun olaraq yandırmaq istədim. Bundan sonra nə baş verdiyini təsəvvür edə bilərsiniz. Onu yandırmağa çalışdım və çox pis xəstələndim.
“Atamın səsini xatırlamıram”
– Təəssüf ki, səsini xatırlamıram. Mən həmişə onun 1937-ci ilin aprelində İspaniyada boynundan vurulduğu üçün bir qədər zəif səsə malik olduğunu düşünürəm. Onun səsinin çox güclü olduğunu düşünmürəm. O, nə etsəm də səsini mənə ucaltmadı. Həqiqətən də atamın səsini heç xatırlamıram.
Digər məşhur xatirəm isə Jura sahillərində az qala boğulduğumuz hadisə ilə bağlıdır. Bir həftəsonu hamımız qayıqda gəzdik. Dördümüz bir qayıqla qayıdıb gedirdik, bir bəla ilə üzləşdik. Qayığın arxasındakı matoru itirdik. Atam tez əmim oğlu Henriyə dedi ki, yaxınlıqdakı adaya tərəf kürək çəksin. Ora getməyi bacardıq. Henri bacısı Lüsi ilə birlikdə qayıdan sahilə çıxdılar və qayığı sürüşkən bir qayaya tərəf çəkdilər. Dalğalar zəifləməyə başladı. Mən atamın dizi üstə oturan zaman birdən qayıq sürüşdü və tərsinə çevirildi. Biz suya düşdük.
“Bu, onun sonu olardı!”
– Biz tez qayığın altından çıxdıq. Sahilə getdik və nəhayət xilas olduq. Əlbəttə ki, dənizdəki hər hansı bir qəza çox tez faciəyə çevrilə bilər və xəsarət alarsan, başını bir yerə vurarsan və ya axına qarışıb itərsən və s. Həmin vaxtlarda atam məhz “1984” romanını (Nineteen Eighty-Four) yazdığı üçün boğula bilərdi. Bu, onun sonu olardı.
-Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Mənim üçün sürpriz oldu. Bilirəm ki, atamın kitabları tərcümələrlə bütün dünyanı gəzir. İnsanların zəhmət çəkərək Oruelli oxumalarına və həqiqətən də mənimlə əlaqə saxlayıb danışmaq istəmələrinə heyranam. Xoş bir şəkildə təəccüblənirəm. Onların bunu etməsi məni çox duyğulandırdı.
– Sizcə, Corc Oruellin ən dəyərli ideaları nələrdi?
– Düşünürəm ki, onun əsas məqsədi fikir aydınlığıdır, ətrafınızda baş verənləri başa düşməyinizdən əmin olmaqdır. Hökumətlər insanlara həqiqətə uyğun olmayan şeyləri söyləməyə, arqumentləri təhrif etməyə çalışırlar. Məncə, Oruell bizi məhz bu mövzuda xəbərdar etməyə çalışır. Bu, atamın “1984”dəki işinin əsas prinsipidir.
“Onun anti-totalitarizmi yalnız Stalinə qarşı deyildi”
– Hökumətlər insanların sizə həqiqəti söyləməsini istəmirlər. Və bunu çox diqqətlə izləyirlər. Düşünürəm ki, Oruell də bütün həyatı boyu buna qarşı mübarizə aparıb. Bir çox insanlar onun anti-totalitarizminin Stalinə qarşı olduğunu söyləyirlər. Lakin bu, mütləq Stalinə aid deyildi. Bu, öz iradəsini başqalarına da tətbiq etməyə çalışan hər kəs ola bilər. Öz iradəsini təbəələrinə tətbiq etməyə çalışan istənilən hökumət totalitarizmdir.
-Ən çox sevdiyiniz Corc Oruell romanı hansıdır?
– Güman edirəm ki, bu, “Heyvanıstan” (“Animal Farm”) romanıdır. Bu, mənim oxuduğum ilk kitabdır və oxumaq çox asandır. “Kataloniyaya məhəbbətlə” (“Homage to Catalonia”) və “Uiqan körpüsü yolu”nu (“The Road to Wigan Pier”) da sevirəm, lakin bunlar roman deyil.
Onun bütün romanlarının arxasında eyni fikir var – ayaqlar altında əzilən kiçik adam. Onlar bir az mürəkkəbdirlər, lakin yenə də yumorla yazılıblar. Bu, gündəlik həyatdır, nə olursa olsun sistemə qarşı işləyən insanın mübarizəsidir, həmişə zirvəyə çatmaq üçün mübarizə aparan əzilmiş, adi, məzlum insandır.
“Hökumət arasında mübahisə yarananda hamı “Corc Oruell- 1984” deyir”
– “1984”ün müasir siyasət və cəmiyyətlə əlaqəsi necədir?
– “1984” romanı bugünkü siyasət üçün hələ də aktualdır. Çox vaxt tam hekayənin nə olduğunu dəqiq bilmirik, hökumətlər üçün qarışıqlıq yaratmaq hər şeydən vacibdir. Bu, onların yaydıqları mülayim ifadələrdir, siz bunu birbaşa görə bilərsiniz. Bunu görmək üçün dahi olmaq lazım deyil.
Hər dəfə hökumət arasında mübahisə yarananda, demək olar ki, hamı “Corc Oruell, 1984” deyir. O, bunu yazmadı ki, hər şey belə olacaq, sadəcə dedi ki, bu, xəyali dünyada hadisələrin necə cərəyan edə biləcəyi barədə bir xəbərdarlıqdır.
-Corc Oruell haqqında ən böyük yanlış təsəvvür nədir?
– Biri budur ki, guya onun yumor hissi yox idi. Bu, yalandır. Ancaq ən böyük yanlış fikir budur ki, insanlar çox vaxt Corc Oruelli sadəcə özləri üçün başa düşürlər. İnsanlar Corc Oruelli özləri üçün, öz siyasi ideyaları üçün şərh etməyə çalışırlar, Corc Oruelli sahiblənirlər. İnsanlar ‘Oruellian’ sözünü həddindən artıq istifadə edirlər.
– Sizcə, azadlıq nədir?
– Azadlıq 2 + 2 = 5 və ya 4 və ya 3 olduğunu söyləyə bilməkdir. “Bu baxımdan o, bir dahi idi”.
– Sizin fikirincə, Corc Oruellin dahiliyini təsdiq edən ən tutarlı fakt nədir?
– Məncə, bu, onun fikirlərinin aydınlığı, yazılarının sadəliyi, tam sağlam düşüncəsi və ətrafda baş verənləri bir çox insandan daha tez başa düşmək bacarığıdır. O, dünyada nələrin baş verdiyini başa düşə bilirdi, hökumətin bu qədər çox diktəsini və insanların nə etməyə çalışdığını görə bilirdi. O, bunu tam olaraq görə bilirdi. Bu baxımdan, Corc Oruell bir dahi idi.
-Demokratiya sizin üçün nə deməkdir?
– Demokratiya başqalarının eşitmək istəmədiyi bir şeyi söyləmək hüququ deməkdir.
– Azərbaycanda Corc Oruelli sevən insanlara nə demək istərdiniz?
– Əgər siz Azərbaycanda Corc Oruelli oxuyursunuzsa zəhmət olmasa, “Heyvanıstan” və “1984”dən daha çoxunu oxumağa çalışın. Onun digər kitablarını və bütün esselərini oxuya bilsəniz, bu tam başqa təəssüratdır. Onun esselərini oxumaqdan həzz alacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
GÜLÜŞ KLUBUnda üzgüçü Əbdüləli
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bu gün pulu olmayanın sabah pulu ola bilər.
Amma bu gün vicdanı olmayanın sabah da vicdanı olmayacaq.
2.
Qaraçı kentavrı görəndə hönkürüb ağladı. Çünki bilmədi, oğurlasın, yoxsa soysun.
3.
Kim suyun altında çox qalar?
Türkiyədə dincələn müxtəlif ölkələrin turistləri arasında Aralıq dənizində keçirilən yarışda Amerikalı Con 10 dəqiqəlik rekord vurdu. Jurnalistlər ondan bu qədər suyun altında qala bilməsinin sirrini soruşdular, cavab verdi ki, uşaqlıqdan məşq etmişəm, məndə vərdiş yaranıb.
Amma gözlənilmədən ən sonda çıxış edın azərbaycanlı Əbdüləli 35 dəqiqəlik rekordla hamını mat qoyub 1-ci oldu.
Başının üstünq alan jurnalist soruşdu:
-Bu məcüzədir. Necə oldu ki, siz siyun altında bu qədər qaldınız? Siz də Con kimi uşaqlıqdan məşqlər etmisiniz?
Əbdüləli ona verilən qızıl medalı dişinə çəkərək söylədi:
-Qədeş, yox e, prosta plavkim qarmağa ilişmişdi, çıxara bilmirdim.
4.
Baş nazirin çıxışından:
-Biz bütün internatları internetlə təmin edəcəyik, bütün internetdə özlərini pis apparanları isə internatla təmin edəcəyik.
5.
Yasamalda çoxmərtəbəli evin qarşısına vurulan elan: “Lift işləmir. Ən yaxın lift qonşu blokdadır.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Küçənizdə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Dərviş Təbrizlinin şeirlərini təqdim edir.
Dərviş Təbrizli
Təbriz
KÜÇƏNİZDƏ
Gördüm səni mən ilk dəfə öz küçənizdə,
Dil tutmadı heç bir yol atam söz küçənizdə.
Salxımla bitib gözlərim üstündə məhəbbət,
Gəl, əl uzadıb bircəsini üz küçənizdə.
Göstərmə gözəl gözlərini hər kəsə, vallah,
Çox qorxuram axir vuralar göz küçənizdə.
Min gənc o qara gözlərinin bəndinə düşmüş,
Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.
Sal sevgi odun könlümə bağrım başı yansın,
Bu sevgidən arzumdur olam köz küçənizdə.
Axşamdan inan sübhəcə səndən danışırdıq,
Tanrımla gəzirdik o gecə biz küçənizdə.
Təbriz dolusu sevgi gətirdim qucağımda,
Tökdüm, qapızda qoy qala Təbriz, küçənizdə.
Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,
Addım ata bilməz daha sənsiz küçənizdə
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Çingiz Abdullayev, “Körpə və kürən pişik balası”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ÇİNGİZ ABDULLAYEV,
Xalq yazıçısı
KÖRPƏ VƏ KÜRƏN PİŞİK BALASI
(Hekayə)
Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.
Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər... Bəzən hətta həmişəkindən tez isladırdı.
Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini - pampersini dəyişsin.
O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə... Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan - anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.
Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: "Ata...". Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da... Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.
Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə - hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. "Ana"dan dərhal sonra öyrəndiyi ilk söz olan "ata" sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.
Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır...
Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.
Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi - başqasının malına kəm baxmamaq!
Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona "ana" deyir. Başa düşə bilmirdi ki, bir evdə iki "ana" necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə "Nənə gəldi!" deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı "ana" deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə "nənə" deməyə cəhd edirdi.
Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də - körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.
...Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki... Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi, buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.
O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.
Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.
- Oradakıların hamısı ölüb! - tanımadığı bir səs qışqırdı. - Qonşu otaqda heç kim yoxdur.
Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı "qədər" və "sonra" adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə "qədər"də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı...
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)


