
Super User
Uca sözün gerçək ünvanı: Mahirə Nağıqızı
Yusif Alıyev, Fizika elmləri doktoru, dosent
“Ədəbiyyat və incəsənət” portalı Fizika elmləri doktoru, dosent Yusif Alıyevin söz və elm adamı, professor Mahirə Nağıqızının 63-cü doğum günü münasibətilə qələmə aldığı “Uca sözün gerçək ünvanı: Mahirə Nağıqızı” yazısını təqdim edir.
Bəşəriyyətdə Yer üzünün əşrəfi sayılacaq insan peyda olduqdan sonra bir-birini anlamaq üçün höccə-höccə sözlərlə danışıb dil yaratdılar. Sonra bu dildən istifadə edilib bəzəkli, düzəkli ədəbiyyat yaradıldı. Ədəbiyyatı yaradanlar isə seçilmişlər oldular. Ədəbiyyat zəncir halqaları kimi toxuna-toxuna uzanaraq keçmişdən üzü gələcəyə doğru yol gəldi.
Bu bütün xalqlarda belə oldu. Amma bizim üçün isə Azərbaycan ədəbiyyatının ağırlığına çiyin verən nəhəng ədəbiyyat xidmətçiləri, dil yaşadıcıları daha maraqlıdır.
Bəllidir ki, türkün at belinə minib, qılınc çəkərək Doğudan Batıya dəfələrlə köç etməsi haqqında olan-qalan məlumatlar yad mənbələrlə yanaşı folklorumuzda, ədəbiyyatımızda yaşayaraq günümüzə kimi gəlib çıxmışdır.
Xüsusən bu mövzuda zərifliyi ilə daim zirvədə olmağı bacarmış xanım-xatun ədəbiyyat yaradıcılarımızın yaradıcılığında dərdimiz dərd kimi, sevincimiz sevinc kimi, özümüz özümüz kimi möhürlənərək gəlib bizləri tapmışdır. Ehtimal olunan ən qədim yazılı ədəbiyyatımızın banisi də məhz VIII yüzildə yaşayıb, yaratmış xanım Zibeydə Xatun olmuşdur.
Üzü Zibeydə Xatundan, Məshəti Gəncəviyə, ondan Xan qızı Natavana, ondan Təsnifi-Gülşada, ondan da Aşıq Pəriyə, ondan da ta Mirvarid Dilbaziyə kimi gələn ədəbiyyat yolunda irəliləyən poeziya karvanı nəhayət gəlib uca sözün gerçək ünvanı Mahirə Nağıqızı məqamına da yetişdi. Və onu da öz ədəbiyyat yüklü barxanası ilə bu karvana qoşub haqq yolu gedən zəvvara çevirdi.
Mahirə Nağıqızı danışmağa yavanlıq edib, qələmə tökdü sözlərini. O haqdan gələn ulu səslə oturub, duran dərviş olub dedi ki:
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
Bəli, Mahirə xanım ruhuna Tanrıdan gələn səslə ucaldı hər yanda. Çiyninə ağır bir missiya biçilmiş soyun övladı olmaq məsuliyyətini isə daha dərindən dərk edərək, ən gənc yaşlarından Həsən Mirzə yolunda mətinləşməyə başladı.
Daşlı-qayalı ədəbiyyat dağında özünə bir məkan seçdi, Mahirə xanım. Şirin türkcəsindəki sözlərlə qala burada tikdi özünə. Qala bürclərində özü durub dilinə dil uzadanların gözünə söz körüyü ilə qızmış misralar, beytlər, bəndlər sancdı.
Həlim, həzin, yüklü və işıq sürətilə türk ellərini dolanıb gələn şeirlərindən ibarət kitabları işıq üzü gördü. Hər kitab isə bir ideya mənbəyi, tərbiyə istiqaməti, sevgi ünvanı idi. Çünki professor Mahirə Nağıqızı gözəl bilirdi ki, ədəbiyyatın əsas qayələrindən biri insanlara ruhsal zövq verməkdirsə, biri də insanlara əxlaq aşılamaq, tərbiyə vermək, mənəviyyatı zənginləşdirməkdir. Bax Mahirə xanım bu yöndə də öz mənəvi missiyasını ən yüksək formada icra edən vətəndaşdır.
Onun elmi-tədqiqat yaradıcılığından, elm və təhsil təşkilatçılığından, ictimai fəallığından isə danışdıqca insan qarşısında sübh günəşinin işıq salaraq işıqlandırdığı al qırmızı üfiq görsənir. Al qırmızı rəng isə Mahirə xanımın poeziyasının rəngidir. Çünki onun yaradıcılığı da qədim yurd yeri kimi yaralıdır. Mahirə xanımın yaradıcılığındakı azadlıq eşqi də al qırmızı rəngdədir. Çünki ilahidən gələn bir ünlə onun ruhunda qaynayan eşqin də rəngi al qırmızıdır ki, bu da babalarımızın Vətən torpaqları uğrunda axıtdığı qanların rənginin simvoludur. Mahirə xanımın bayatıları da al qırmızıdır, çünki Nazlı ananın söylədiyi nənnilər al qırmızı yanaq Dərələyəz gözəllərinin şəninə qoşulurdu. Bir sözlə onun misralarındakı güllər, çiçəklər də al yanaqlı lalə kimidir.
Öz poeziya yükünü el-oba, yurd-yuva, vətən-millət yükündən götürmüş şairə, ailim Mahirə xanım heç kimə dərd yükləməz, dərdlilərin dərdini dağıdar, könüllər qırmaz, qırıq könüllülərin könlünü alar.
Bax bu gün el dəyəri ilə dəyərlənmiş, söz təhnəsində yoğrulmuş, həqiqət sacında bişmiş dəyərli Mahirə xanımın həm də 63 yaşı tamam olur. Mahirə xanım ulu nənəsi Zibeydə Xatundan ərmağan gələn UCA SÖZü anası Nazlı xanımın dilindən alaraq Tanrı əmanəti kimi gələcəyə ötürür. Onu Zefsin dərgahından od götürüb insanlara verən Prometey kimi Qafqaz dağına zəncirləsələr də o UCA HƏQİQƏTi deyəcək, çünki mayası düzlükdən, saflıqdan yoğrulub.
Əzizimiz Mahirə xanım, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə söz kimi ucalıq, su kimi saflıq, sübh kimi aydınlıq, sünbül kimi bərəkətlilik, sevgi kimi xoşbəxtlik arzu edirəm.
Tanrı yazıb, yaradan eşqinizi heç zaman söndürməsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Regionda ilk dəfə “Öz mahnını oxu” adlı musiqi müsabiqəsi keçirilib
Azərbaycan Gənclər Fondunun təşkil etdiyi “Öz mahnını oxu” adlı layihənin müsabiqə mərhələsi keçirilib.
AzərTAC xəbər verir ki, müsabiqədə bir çox dövlət qurumlarının nümayəndələri, ekspertlər, musiqiçilər və Göyçay gəncləri iştirak ediblər.
Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim edildikdən sonra gənclərin ifaları dinlənilib.
On beş ifaçı arasından Əvəz Əmirli “Sinyaya veçnost” mahnısı ilə birinci yeri, Namiq Məhərrəmli “Küçələrə su səpmişəm” mahnısı ilə ikinci yeri, Nailə Fətəliyeva isə “Dilbərim” mahnısı ilə üçüncü yeri tutub.
Layihə Göyçay, Ağdaş və Ucar rayonlarında yaşayan, musiqi istedadı olan 18-29 yaş arası gənclərin istedadlarının üzə çıxarılmasını və onların tanıdılması məqsədilə baş tutub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi, Göyçay Heydər Əliyev Mərkəzi və Arif Məmmədov adına Göyçay Musiqi Məktəbi ilə əməkdaşlıq edilib.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Rəsm qalereyası: Nəvai Metin, “Mənzərə”
Xəbərçi ağac - QAZAXDA QƏRİBƏ BİR ƏNƏNƏ VAR
“Ədəbiyyat və incəsənət” portalı Fərman Qəhrəmanovun Qazax rayonunun Məzəm kəndində hökm sürən qəribə bir adət barədəki yazısını təqdim edir.
Azərbaycanda bir kənd var. Qazağın Məzəm kəndi. Bu kənd Azərbaycanda ermənilərin atəş xətti ilə bizim sərhəd qoşunlarının atəş xəttləri arasında yerləşirlər. Ermənilərin səngərdə səsləri bu kənddə aydın eşidilir. Məzəmlilər hətta gələn səslərin ahəngindən onların yeyib içdiklərini və kefli olduqlarını duyub həmin gün ayıq davranırlar.
Düz otuz ildir ki, məzəmlilər öndə düşmən gülləsi ilə arxada qaçqınlıq əzabından qorunaraq bu yurdu yaşadırlar. Bu kəndi bu kritik vəziyyətdə saxlayan onların mehribanlığı və birliyidir. Əgər bir adam ev tikdirirsə, bütün kənd yığışıb ona kömək edir.
Əgər bir evdə toy olursa bütün kənd böyüklü- kiçikli həmin toyda iştirak edir.
Bu kənddə dəvətnamə paylamırlar ev-ev .
Bütün kəndə bir dəvətnamə yazılır və bu dəvətnamə yazılıb kəndin mərkəzindəki çinar ağacının üzərinə yapışdırılır.
Bu çinar ağacı bəlkə də 50 ildir bu kəndin bütün toylarının carçısıdır. Birinci olaraq kəndin bütün adamları bu ağacdan evlənənlərin adlarını oxuyub onlara xoş arzularını və diləklərini bildiriblər.
Budur, şəkildə siz keçən həftəyə düşən növbəti toyun dəvətnaməsini görürsünüz.
Biz də bu yeni evlənənlərə xoşbəxt olsunlar deyək. Qazağın işğalda olan 7 kəndinin də qayıtmasını tezliklə görək. Orada da hər kəndin öz dəvətnamə ağacında ilk toy dəvətnaməsini görək, inşallah!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
SEVGİ ŞEİRLƏRİ - “Gedəcəyini bilə-bilə sevdim səni…”
Bu dəfə “Ədəbiyyat və incəsənət” portalının Sevgi şeirləri rubrikasında Naxçıvanda yazıb-yaradan gənc şair Gülay Tahirlinin “Gedəcəyini bilə-bilə sevdim səni” şeiri təqdim olunur. Nə xoş bizə ki, bu rubrikanın şeirlərini sevənlər bir-birinə göndərirlər.
Gedəcəyini bilə-bilə sevdim səni,
salamında əlvidanın qoxusu...
Hər saniyə bir az da gedirsən,
Gözümün önündəcə
ilim-ilim itirsən.
Sarılan əllərində
Ayrılığın buzu var,
Sarıdığın yaraların
Hələ tökülməmiş duzu var.
Dərib gətirdiyin güllərin də rəngi
Gündən-günə saralır,
Qərənfil ətri gəlir hər çiçəkdən,
Elə bil ölüm ayağında olan adamların
Ömrünə hər gün
bir gün daha dilənirsən fələkdən...
Mən "Getmə" deməyi bacarmıram, adam!
Mən ölməyi bacarıram.
Gedənlə bütünləşə bilmirəm,
Hər gün özümü
tikə-parça bölməyi bacarıram.
Bilirsən, tək adamlıq canınla
Bir dünyalıq adam olmusan mənə.
Bu yetim dünyada
Olanım da, qalanım da tək sən idin...
Qazancım da, itkim də,
Doğulanım da,
Ölənim də tək sən...
Mən ayrılıq yaşamamışam ki,
Amma ölüm nədir, yaxşı bilirəm.
Ölümləri yaxşı bilirəm, adam!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Bu gün köşklərdən “Ədəbiyyat qəzeti” almağı unutmayın!
“Ədəbiyyat və incəsənət” portalı bugünkü “Ədəbiyyat qəzeti”nin anonsunu təqdim edir. Qəzet həmişəki kimi yenə də gözəl yazılarla boldur:
Asif Rüstəmli – İki əsrə sığmayan 20 il
Azər Turan – Türkün Fələstin tərəfi
Tərlan Quliyev – Milliləşən əruz
Cavanşir Yusifli – Ədəbi konsept üfüqü
Rüstəm Kamal – Qars metafora kimi: Koroğlu, Aleksandr Puşkin və Orxan Pamuk
Elnarə Akimova – “Balalara hədiyyə” – Firidun bəy Köçərlinin hekayəsi
Füzuli internet əsrində yaşasaydı... – İsgəndər Pala ilə Məhəmməd Füzulinin “Su” qəsidəsi haqqında söhbət (Söhbətləşdi: Fərid Hüseyn)
İntiqam Qasımzadə - Bakı səni heç zaman unutmayacaq, əziz dost! (Aleksandr Qriçin xatirəsinə)
Nadir Yalçın – Yazıçı Anarın vətənində... (Xalq yazıçısı Anarla gənclərin görüşündən qeydlər)
Buker mükafatı qalibi Lidiya Deyvisdən qısa hekayələr - Banuçiçək Qasımzadənin tərcüməsində
Hədiyyə Şəfaqət – “Elnur” (Hekayə)
Nərgiz Cabbarlı – Roman təkamülünə bir baxış
Nicat Məmmədov – Əbədi Əlef (Səlim Babullaoğlunun “İlk hərfi itmiş cümlə” kitabı barədə)
Qulu Ağsəs, Zeynal Vəfa, Abuzər Turan – Şeirlər
Elçin İsgəndərzadə - “Mənim Şuşa dastanım” (Zəfər poeması)
Oğuz Ayvaz – Mən ona xəyanət edə bilmərəm...
Əli bəy Azəri – “Əmzikli sərhədpozan” (Hekayə)
İsmayıl Kazımov – Mənzər Niyarlının “Qızıl qaval” və “Vətəndən vətənə” əsərlərinin dil xüsusiyyətləri
İmir Məmmədli – “Şimşək” (Hekayə)
Turan Uğur – Məmməd İsmayıl poetikasının özəlliyi
Əfşan Yusifqızı – Müqəddəs yolçuluq
Sara Osmanlı – “Yaddaşlardakı xatirələr danışanda...” (Gülbəniz Qocayevanın “Yaddaşlardan vərəqlənən xatirələr” kitabı haqqında)
Kənan Hacı – Dəniz onun yazı masasıdır (Şair Damət Salmanoğlunun “Seçilmiş əsərləri” üzərinə bir neçə söz)
Ay Bəniz Əliyar – Güzgü yazı (Şair Nəcməddin Mürvətovun 70 illiyinə)
Əlövsət Bəşirli – “Ömüryolu” (Xatirə-povestdən səhifələr)
Günel Məlikli – Azərbaycan kinosunun tarixi
Rəşid Faxralı – Üç büst haqqında ballada.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
SUAL-CAVAB: UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində neçə Azərbaycan şəhəri var?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Hörmətli redaksiya. UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daha 55 şəhərin qoşulması barədə mediada məlumat yayıldı. Çox maraqlıdır, orada Azərbaycan şəhərlərindən hansısa yer alıbmı?
(Gövhər Səlimi, Bakı şəhəri)
Gövhər xanım, nəzərinizə çatdıraq ki, Azərbaycandan 3 şəhər - Lənkəran (2021, “qastronomiya” tematikası üzrə), Şəki (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı (2019, “dizayn” tematikası üzrə) Yaradıcı Şəhərlər Şəbəkəsinə daxildir.
Və düz buyurursunuz, bugünlərdə, daha dəqiqi, oktyabrın 31-də - Ümumdünya Şəhərlər Günündə daha 55 şəhər UNESCO-nun Baş direktoru Odri Azulay tərəfindən təsdiq olunduqdan sonra bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub.
Bu yeni şəhərlər inkişaf strategiyalarının bir hissəsi kimi mədəniyyət və yaradıcılıqdan istifadə etmək və insan mərkəzli şəhərsalmada innovativ təcrübələr nümayiş etdirmək üçün güclü öhdəliklərinə görə qəbul edilib. Ən son əlavələrlə Şəbəkə hazırda yeddi yaradıcı sahəni - sənətkarlıq və xalq sənəti, dizayn, film, qastronomiya, ədəbiyyat, media və musiqini təmsil edən yüzdən çox ölkədən 350 şəhəri əhatə edir. Türkiyənin Şanlu Urfa və Gürcüstanın Kutaisi şəhərləri də siyahıya daxil edilib.
2008-ci ildən bəri media incəsənətinin Yaradıcı Şəhəri olan Lion şəhərinə yaradıcılıq sahəsini dəyişdirmək tələbindən sonra Yaradıcı Ədəbiyyat Şəhəri statusu verilib.
UNESCO bildirib ki, iqlim dəyişikliyi, artan bərabərsizlik, eləcə də 2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılan sürətli urbanizasiya kimi inkişaf edən təhlükələrə qarşı dayanıqlığını gücləndirmək üçün Şəbəkə üzvləri ilə sıx əməkdaşlıq edəcək.
Yeni təyin olunmuş yaradıcı şəhərlər 2024-cü ilin iyulunda Portuqaliyanın Braqa şəhərində "Növbəti onillikdə gəncləri masaya gətirmək" mövzusunda keçiriləcək UCCN-in illik konfransında iştirak etməyə dəvət olunublar.
Şəkildə: Şəki sənətkarlığında şəbəkə xüsusi yer tutur.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
“Bir ovuc fındıq” - MİNİATÜR
Pərviz Yəhyalı, “Ədəbiyyat və incəsənət” üçün
-Mən insan yox, ağac ola bilsəydim və seçimim öz əlimdə olsaydı söyüd ağacı olardım. Bilirsən necə xoşum gəlir söyüd ağacından? Harda salxım söyüd görürəmsə məni ağlamaq tutur. Elə bilirəm kədər yağır budaqlarından qulac-qulac. Uşaqlığım düşür yadıma. Mənim də söyüd salxımları kimi hörüklərim vardı. Maraqlıdı bəs sən nə ağacı olmaq istəyərdin?
-Çətin sulal oldu. Düzü bu barədə heç fikirləşməmişdim- deyə çiyinlərini çəkdi. Telefonu sağ əlindən sol əlinə keçirib susdu.
-Heç mən də səni hansısa ağac təki təsəvvür etmirəm. Amma…
-Amma nə?
Ucadan güldüyü telefonda aydın eşidilirdi. Bu gülüşdən çox şaqaraq qəhqəhəyə bənzədi. Heç gülüşünə ara vermədən əlavə etdi:
-Amma başqa canlı kimi təsəvvür edirəm səni.
-Nə?
-İlan!
-ilan?
- Hə! Bilirsən…
-Çox sağ ol!
-Bilirsən, hamı ilanlardan qorxur. Əslində ilanların insanlarla işi yoxdur. Quyruğunu tapdalayan olmazsa. Biçarələr özlərini qorumaq üçün sancırlar.
-Bəs onda niyə el arasında deyirlər ilanın ağına da lənət bozuna da
-Nə bilim. Yəqin kor-koranə qorxduqları üçün. -sonra əlavə etdi:-İncidin?
-Bilmirəmki…
-Yaxşı incimə, Bax mən də digər canlı ola bilmək şansına malik olsaydım dələ olardım.
-Hm. Dələ niyə?
-Nə bilim… Yaxşı xüdafisləşək. Hələlik.
-Hələlik.
* * *
-Bura bax, azı 10 dəfə zəng etmişəm. Açmırsan telefonu. Məcbur qalıb ismarıc yazmalı oldum. Hardasan?…
-…
-Aaa bu nədi, oxuyub da cavab vermirsən. Kimlə danışırsan?
-…
-Yaxşı, yaxşı sən həmişə mənə belə diqqətsizsən. Allah bilir kimlə danışırsan. Danış! Mane olmayacam.
-…
-Bu nədi? 3 saatdı yoxa çıxmısan. Nə zəngimə cavab verirsən, nə də mesajıma.
-Fındıqdı bir ovuc. Tez yetişən. Yay fındığı.
-Mənim başımı tovlayırsan? Uşağam?
Elə bilirsən diqqətsizliyini bağışlayacam? Mənə zəng etmə, mesaj da yazma!
-Yadındadı, yazda sənə söyüd ağacının şəklini çəkib göndərmişdim.
-Hə, nə olsun. Tutaq ki yadımdadı
-O söyüd ağacı bizim evdən xeyli aralıdadır. Amma yolumun üstüdü deyə yanından keçirəm hər gün.
-Bu sənin mənim zəngimə cavab verməməyinə əsasdı?
-Qulaq as da bir. Mən o söyüd ağacının budaqlarında dələlərin oynaşdığını görmüşdüm. Bağımızdan bir ovuc fındıq yığıb aparıb qoydum ağacın dibinə. Dələlər sevinsin deyə.
-Dəli.
-Amma nə bilim sən dələ beləcə hirslənəcəksən.
-Dəli.
-Çox istəyirəm səni!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
BİZİMKİLƏR - Cüdo üzrə Amerika çempionu
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən "Qış milli cüdo çempionatı"nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib…
Evinin harasına baxsan orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 16 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, nə də dilində yad heç nə hiss olunmur…
"Səmimi sözümdür, Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Yaxşı idmançının necə deyərlər, hamının gözü üstə yeri var."- söyləyir...
Haqqında söhbət açdığım Zaur Cəlilin atası Telman Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunda "Səhnə hərəkəti kafedrası"nda müəllim işləyib, eyni zamanda Sumqayıt Dövlət Teatrının baş baletmestri olub. 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda "Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidentidir.
Zaurun həyat yoldaşı Leyla Rəhimova(Cəlil) muğam ifaçısıdır. 1998-ci ildə Türkiyədə keçirilən "Dədə Qorqud festivalı"nın, 1999-cu ildə "Pöhrə- 99" muğam müsabiqəsinin laureatı olub. 2000-ci ildə muğam müsabiqəsində 3-cü yerə çıxıb. 2002-ci ildə isə müsabiqənin "Qram Pri" mükafatına layiq görülüb. "O səs Türkiyə" telemüsabiqəsində iştirak edib. Cənnət adlı bir qızları var. Onu da qeyd edim ki, Zaur da həyat yoldaşı ilə birlikdə mahnılar ifa edir və artıq bu cütlük duet ifası ilə tanınır...
Zaur Cəlil 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2003-cü ildə şəhərin 5 saylı məktəbində orta təhsilini başa vurub. Bir il sonra hərbi xidmətə çağrılıb. Ordudan təxris olunandan sonra, 2006-cı ildə ABŞ-a gəlib. Hazırda Minnesota ştatının Minneapolis şəhərində yaşayır…
O, 1991-ci ildən, 6 yaşından idmanın cüdo növü ilə məşğul olur. İlk vaxtlar Əhəd Rəcəblinin, 1995-1997-ci illərdə Zaur Rəcəblinin, 1999-cu ildə isə Tofiq Məmmədovun yanında məşqlərə qatılıb. Arada məşğul olduğu idman növünü roma-yunan güləşiylə dəyişib. Burada onun məşqçiləri Qərib və Tahir Əliyevlər olub. 2000-ci ildən yenidən Rəcəbli qardaşlarının yanında cüdo ilə məşğul olub…
2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub və Roçester şəhərində keçiriləcək olimpiadaya vəsiqə qazanıb. Həmin yarışda da yüksək nəticə göstərərək, olimpiadanın qızıl medalına layiq görülüb. Ümumiyyətlə, 2006-cı ildən bugünədək 100-ə yaxın medalla təltif olunub və xeyli kubok alıb. Yaşadığı Minnesota ştatının ardıcıl olaraq 11 dəfə çempionu olub.
2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017-2018-ci illərdə iki dəfə dalbadal qızıl medala layiq görülüb. Beləliklə, yeganə azərbaycanlı olaraq bir neçə ildir ki, cüdo üzrə Amerika çempionudur. Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir…
Deyir ki,- "Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşəallah bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda vuruşub qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla görüşümüz də olub. 2018-ci ildə öz vəsaitim hesabına "CHAMPIONS Gym" idman zalını açmışam. Və çalışacam ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada imzamı tanıdım..."
Doğrusu, dilindən Allahın adı düşməyən, hər kəlməsindən təvazökarlığı hiss olunan, milli kimliyini unutmayan, içində Azərbaycan sevdası gəzdirən bu gənclə tanışlığımdan qürur duyuram…
Azərbaycan! Doğma məmləkətim, nə qədər ki, belə oğulların var, başın həmişə uca olacaq…
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Filarmoniyada çıxış edib
Zövqlü musiqini kim xoşlamaz ki. Bu klassik musiqidirsə, xüsusən.
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
Seçmə repertuarlı konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında J.S.Bachın “Çakona” (işləyəni Ü.Məmmədov), V.Lutoslavskinin xalq melodiyaları (Bakıda ilk ifa), P.İ.Çaykovskinin “Qardələn”, “Payız mahnısı”, J.Sukun Simlilər üçün serenada əsərləri səslənib.
Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Orkestr bir çox xarici dirijorlar ilə çıxış edib. 2007-ci ildə dünyada Azərbaycan klassik musiqisinin təbliğinə görə orkestr “Humay” milli mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)