Super User

Super User

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biznes plan barədə söhbətimizi davam etdiririk. Onu nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan  kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan  kənaraçıxmalar  praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».

İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:

·        Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;

·        İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;

·        Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;

·        Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.

Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:

1.     Rezüme;

2.     Məqsəd və vəzifələr;

3.     Məhsul (xidmət);

4.     Bazarın analizi;

5.     Marketinq planı;

6.     İtsehsalat planı;

7.     İdarəetmə personalı;

8.     Tələb olunan vəsaitin həcmi və mənbələri;

9.     Maliyyə planı və risklərin analizi;

10.Müfəssəl maliyyə planı.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərinin təqdimatını davam etdirir. Bu gün siz daha 3 şeirlə tanış olacaqsınız. Oxunma sayından bəllidir ki, dünənki paylaşımı çox bəyənmisiniz. Əminik ki, bugünkü şeirlər də xoşunuza gələcək.

 

Unutmaq xatırlamaq üçün lazımdır...

4

Cümə axşamı, kofe sərsəmliyi edib

Müslüm Gursesə qulaq asıram...

Mahnıda bir cümlə var, lap damara işləyir:

“Eğer seni kırdıysam Darıl bana, Ama bir gün beni ararsan Bak ruhuna”…

 

Kimi qiymətləndiririksə, özümüzü ucuz edirik,

Həyatın yazılmamış qanunudur:

Kimi çox sevirsənsə, öncə o səndən nifrət edəcək…

 

Hava haqqında məlumat verilir:

Sabah adamların qanı qaralacaq,

Münasibətləri mənfiyə düşəcək,

Arabir baxışları tutulub, açılacaq,

Amma əsasən yağmursuz olacaq…

 

Dostum, darıxma, bir gün hamı biləcək,

Sənin yaxşı adam olduğunu…

Salavat çəkib ruhuna, qədir ağacını axır ki,

Sulayacaq qohumlar, doğmalar, yadlar…

 

Birtəhər ömrünü başa vurmaqdansa,

Burax getsin arzularını…

Bəlkə bir də gəlməyəcək,

Amma saxlama xəyallarını,

Bir qatar yoluna burax,

Bir məktub yaz keçmişə-

Yaz ki, bu günümə də şükür!

Bu gün də unutmağa çalışdım

Bu gün də insan qaldım…

 

Təkliyini kimə danışdınsa,

Ona məxsusdur azadlığın…

Yoxluğunu kim əzab libası edibsə,

Ona məxsusdur varlığın…

 

Qumar kimidi bəzi sevgilər,

Ancaq sevməyən qazana bilər…

Sən də qumar oynadınmı?!

Sən də uduzdunmu, son göz yaşına kimi…?

Sən də vurdunmu peşmanlıq daşına kimi…?

 

Özünü unutmaq ən böyük xilasdır…

5

Cümə günüdür, azan oxunur,

Günahlar yer axtarır gizlənməyə…

 

Atadan dəmi götürdük, anadan qəmi,

Bir az həssas olduq, duyğular cəmi.

Ürək bəla seçdi, gözlər də nəmi,

Olduq belə adam, olduq sərsəri.

 

Payıza oxşadı səsimiz,

Xəzan oldu avazımız.

Qışa döndü talelər,

Dönük oldu yazımız.

 

Adama paxıllıq da güc gəlmir,

Hamıya uğur diləyib,

Dəli olursan…

 

Tut ağacı kimiyəm,

Çırpıldıqca böyüyürəm,

Yığıldıqca dincəlirəm,

Kəsildikcə dirilirəm…

 

Sənə bir təsəlli deyim-

Qorxma, ölüm heç kimi unutmur…

 

 

Boş yerə mənə nifrət edənlər, başımın tükündən çoxdur…

Bibliyadan ayə

6

Nifrət-sevginin xain üzü,

Nifrət-həqiqətin axsaq ayağı,

Nifrət-hamının sonu, heç kimin əvvəlli…

 

Bax, dəniz ləpələri sahili döyür,

Sahil döyəcləyən ləpələr də böyüyür,

Amma sahillər ləpələrə küsmür,

əksinə hər dəfə bir az da aşiq olur ləpələrə sahillər…

 

Gülməli də olsa yaşamaq bəhanəsi ilə ölmək olmur,

Amma ölmək bəhanəsi ilə yaşamaq olur…

 

Adam var heç vaxt ölümü düşünmür,

Halbuki ölümü düşünməkdir həyatın özü…

 

Kim bizi unutsa da, kim bizi tərk etsə də,

Ölüm heç kimi unutmur, heç kimi birdəfəlik tərk etmir…

 

Sonda qayıdan qonağa ölüm deyirlər,

Əslində ölüm heç vaxt qayıtmır,

Ölüm bizi xatırlayanda hamı bizi unutmağa başlayır,

Hamı bizi xatırlayanda isə ölüm bizi unudur…

 

Musa əsasını dəryaya vurdu, dərya aralandı,

sən də gözlərini qəlbimə vurdun, qəlbim bütövləşdi…

 

Bəzən olacaqları təxirə salmaq üçün nəsə uydururuq,

Məsələn, “hər şey yaxşı olacaq” deyib, susuruq və …

 

Dəryanın ortasında daşın içindəki qurdam,

Məni unutmayan Tanrıya bir sualım var:

“Bəndənə unutmağı necə öyrətdin?”…

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

 

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti ötən günlərdə bəyan edib.

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

3-CÜ YER

Xan Abdulla

2-Cİ YER

Orxan Cuvarlı

1-Cİ YER

Cavid Babayev

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

Oxucuların xahişi ilə yer tutmuş iştirakçıların yazılarının dərcini davam etdiririk. Bu gün sizə 3-cü yer tutmuş Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsini təqdim edirik.

 

Mahmudov Xanbala Elçin oğlu (Xan Abdulla) 1994-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 2017-ci ildə BDU-nun hüquq fakultəsini bitirib. Hazırda «Teas Press» nəşriyyatının redaktorudur. 

 

YAZGÜLÜN NƏVƏSİ

 

Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi. Qışqırıqçı, hay-küyçü arvadlar bir-birilərini təhdid etməkdən, söyməkdən, saçlamaqdan, dişsiz, maymaq qocalar həyətdə domino, nərd oynamaqdan, burnufırtıqlı uşaqlar ağlayıb-zırıldamaqdan, burnuyelli gənclər binanın qarşısında küllənməkdən bezməzdilər. Ən çox pəncərələrə oğrun-oğrun baxmaqdan xoşlanırdım, qıraqdan bu bəxtsiz insanların həyatına tamaşa edirdim. Bəzi evlərin içi aydınca görünürdü –maykalı arıq bir kişi tosqun arvadını öpürdü, balaca bir uşaq iştahla çörək gəmirirdi, ana yeniyetmə oğlunu döyürdü...

Demək olar ki, yataqxanın bütün sakinləri qarabəniz idi. İkisindən başqa...

On beş yaşım təzəcə tamam olmuşdu. Yaşdaşlarım kimi bütün gün qadınlar barəsində düşünürdüm. Erotik filmlərə baxır, xoşuma gələn, gözüm tutan qızları fikirləşib yaşdaşlarım nə edirdisə, onu edirdim. Sakit, qaradinməz, adamayovuşmaz bir uşaq idim. Hansısa qızın dodağından öpmək, hətta əlindən tutmaq mənimçün əlçatmaz bir xəyal idi. Qızlarla dilxoşluq edən söhbətcil, qanışirin, yapışıqlı oğlanlara qiptə edirdim. Çirkin uşaq deyildim... Sadəcə, bəxtim gətirməmişdi, dovşandodaq doğulmuşdum... Dodağımın üstündə çəhrayı bir çapıq vardı. İndi də var, amma çox da bilinmir. Çünki bığ saxlayıram...

Günlərin bir günü tənəffüsdə sinif yoldaşım Həsəni yanlayıb müxtəsərcə dedim:

– Məni Yazgülün yanına apar. Pulum var.

Yazgül fahişə idi. Yataqxanada yaşayırdı. Onu bir neçə dəfə uzaqdan görmüşdüm. Yataqxananın iki sarışın sakinindən biri o idi. Həsən danışanda eşitmişdim, bilirdim ki, on manata görüşür. Anam mənə hər gün bir manat verirdi ki, məktəbdə acsam, nəsə alıb yeyim. On gün heç nə alıb yeməmişdim.

Həsən mənə baxıb rişxəndlə gülümsədi. Sinifin ən hərcayi uşağı idi. Qalın, pırpız qaşları vardı – sanki kimsə kiminsə saqqalını yolub alabaşına-külbaşına Həsənin qonur gözlərinin üstünə yapışdırmışdı. Həsən rişxəndlə gülümsəyəndə şeytana oxşayırdı. Düzdür, heç kəs şeytanın necə göründüyünü bilmir, amma Həsəni (daha doğrusu, rişxəndlə gülümsəyən Həsəni) şeytana oxşadanların sayı az olmadığı üçün bunu əminliklə yaza bilirəm.

– Deyəsən, qızmısan, – Həsən dedi. – Özün niyə getmirsən? Qorxursan?

Sözün düzü, qorxurdum. Daha doğrusu, utanırdım. Yazgüllə necə danışmalı olduğumu bilmirdim. Çünki heç vaxt heç kimlə belə bir sövdəyə girməmişdim. Bir az həyəcanlanan kimi dilim dolaşırdı, boğulurdum. Yazgülün yanında gülünc vəziyyətə düşmək, naşı kimi görünmək, pərt olmaq istəmirdim.

– Aparırsan, ya yox? – mən soruşdum.

– Yaxşı, dərsdən sonra gedərik, – Həsən cavab verdi.

Dərsdən sonra birlikdə yataqxanaya getdik. Mart ayı idi. Binanın həyətindəki ağaclar çiçəkləmiş, çiçəklərin xoş rayihəsi binanın üfunətinə qarışmışdı. Həyəcanlı idim. Ürəyimin guppultusunu eşidirdim. Qaçıb getmək, aradan çıxmaq istəsəm də, namusa boğulub gözləyirdim.

Yazgül birinci mərtəbədə yaşayırdı. Bloka girib qapıya yaxınlaşdıq. Həsən qapını döydü. Bir neçə dəqiqə sonra qapı açıldı, iyirmi-iyirmi beş yaşlı kürən bir oğlan mənzildən çıxdı və bizə salam verib getdi. Yazgül Həsəni tanıyıb gülümsədi:

– Xoş gəlmisiniz, – dedi.

Mənim üzümə baxanda duruxdu, sanki özünü itirdi. Mən daha da həyəcanlandım. Elə güman etdim ki, qadının sir-sifətimdən xoşu gəlmədi.

– Xoş gördük, Yazgül, – Həsən əkəc-əkəc diləndi. – Necəsən? Nə var, nə yox? Dostum görüşmək istəyir. Siftəsidir.

Yazgülün otuz-otuz beş yaşı olardı, parlaq dərisi, nazik dodaqları, yaşıl gözləri,əyri və bəyaz dişləri, sısqa ayaqları, iri döşləri vardı. Qəhvəyi rəngli şort, pələngi köynək geyinmişdi.

– Yaxşıyam, şükür...

– Gör nə deyirəm... On beş manatımız var. Bəlkə, ikimiz də girək?

– Yaxşı... Keç içəri, iki dəqiqəyə gəlirəm.

Yazgül həyətə düşdü.

– Qapının ağzında gözlə, – Həsən dedi və bic-bic gülümsəyib içəri keçdi.

Yazgülün səsini eşitdim, kimisə haylayırdı: “Yaqut... Yaqut... Yaqut...” Üç-dörd dəqiqə sonra qayıtdı. Yanımdan keçib içəri girdi və qapını kilidlədi. Gözləməyə başladım...

Beş-altı yaşlı sarışın bir qız uşağı gəlib qapının dəstəyini burdu, kilidli olduğunu anlayıb geri çəkildi. Əlində sarısaç bir kukla vardı. Bu qızı bir neçə dəfə uzaqdan görmüşdüm. Amma dodağının üstündə çəhrayı rəngli, səliqəsiz bir çapıq olduğunu bilmirdim. Qıza ürəyim yandı. Mən heç olmasa bığ saxlaya bilərdim... Kuklasının da ağzı cırıq idi. Güman ki, hansısa uşaq ona sataşmaq üçün gəlinciyin ağzına mismar batırmışdı. Mənim özüm də belə zarafatlara, hənəklərə tez-tez məruz qalırdım. Bəlkə də, bunu qızın özü etmişdi, istəmişdi ki, kuklası özünə oxşasın...

– Sən Yazgülün qızısan? – ondan soruşdum.

– Hə, – deyə qız gülümsədi.

Yaşıl gözləri par-par parıldayırdı. Ağzında dişi yox idi. Bununla belə, gülümsəmək ona yaraşırdı. Allah bilir, kimin qızı idi. Yaşım çatsaydı, Yazgüllə beş-altı il qabaq görüşsəydim, elə bilərdim ki, mənim qızımdır. Çünki mənə çox oxşayırdı. Qızın başını sığallamaq, üzündən öpmək istədim. Lütf edirmiş kimi... Nədənsə belə güman etmişdim ki, indiyədək anasından başqa heç kim onu tumarlamayıb, üzündən öpməyib.

– Nə gözəl kuklan var, – deyə qızın saçını sığalladım, amma öpmədim, çiyrəndim. – Anan alıb?

– Hə, o mənim qızımdır, – uşaq sevincək dedi və kuklasını möhkəmcə qucaqladı.

Nitqi qüsurlu idi, sözləri düzgün tələffüs edə bilmirdi. “O mənim qızımdır” yox, “o əim ıdımdı” demişdi...

– Böyüyəndə nə olmaq istəyirsən? – vaxt keçirmək üçün soruşdum.

– Həkim... Anamı sağaltmaq istəyirəm... Başı ağrıyır tez-tez...

– Hə, mən də həkim olmaq istəyirəm. Ananı çox istəyirsən?

– Hə, hamıdan çox istəyirəm. O da məni hamıdan çox istəyir. Qızımı da hamıdan çox istəyirəm...

– Necə yəni? Ananı hamıdan çox istəyirsən, ya qızını? – deyə gülümsədim.

– İkisini də, – qız gülə-gülə dedi və qaçaraq həyətə düşdü.

Bir neçə dəqiqə sonra qapı açıldı. Həsən mənzildən çıxdı. Pörtmüşdü. Üzünə xoş bir təbəssüm qonmuş, yumru sifəti sanki daha da yumrulaşmışdı.

Əlini çiynimə qoyub dedi:

– Qorxma, keç içəri.

Deyəsən, həddən artıq həyəcanlı olduğumu anlamışdı.

İçəri keçdim. Mənzilin təmirinin, şəraitinin bizim evimizə bab olması məni əməllicə təəccübləndirdi. Dəhlizdə yaşıl bir ləyənlə qırmızı aftafa vardı. Yazgül otaqda siqaret çəkirdi.

– Keç əyləş. Çəkənsən? Götür birini.

Nəzakətlə imtina elədim və keçib divanda – televizorun qarşısında oturdum.

– Qızının adı Yaqutdur? – deyə soruşdum.

– Hə, gözləri yaşıldır deyə adını Yaqut qoymuşam, – Yazgül məmnunluqla cavab verdi.

Onda yaqutun, əslində, qırmızı rəngdə qiymətli bir daş olduğunu mən də bilmirdim. Yazgül qızının adını “Zümrüd” qoymalı idi.

Televizorda hansısa cizgi filmi göstərilirdi. Yazgül gözlərini televizora zilləmişdi, aramla siqaretini tüstülədirdi. Nəhayət, siqaretini külqabıya basdı. Ayağa qalxıb dəhlizə doğru addımladı. Ləyənin yanında dayanıb şortunu çıxardı və əyilib aftafadan su tökərək qasığını yaxşı-yaxşı yudu. Sonra birlikdə çarpayıya uzandıq...

Doğrusu, heç bir dəqiqə də çəkmədi. Qalxıb alt paltarımı, şalvarımı geyindim. Yazgülə on manat verdim və sağollaşıb mənzildən çıxdım. Həsən həyətdə idi.

– Sən də kişi oldun? – məni görüb irişərək dedi.

– Kişiliyi bununla ölçürsən?

– Yazgülün ləyəninə düşmüşdün? – deyə Həsən qəhqəhə çəkdi. – Elə bildim, düşüb boğulmusan. Niyə gec çıxdın?

– Gec çıxmadım. Mən on manat verdim, sən beş manat. Niyə məndən qabaq girdin?

– Kişi kimi düzünü de. Sənə milyon manat versələr, ləyəndəki sudan içərsən?

– Söhbəti fırlatma.

Doğrusu, əməllicə peşmanlamışdım. Hər şeyi başqa cür təsəvvür edirdim. Belə olacağını bilsəydim, nəinki on, heç beş manatımı da qıyıb verməzdim. On manata nə qədər kökə, şirni, qutab almaq olardı. İçəri birinci girməyin elə bir təfavütü yox idi. Sadəcə, Həsəni acılamaq istəyirdim. O, yanımızda Yazgüldən şirin-şirin danışmasaydı, belə bir həvəsə düşməzdim.

– Əşi, birinci girsəydin, guya nə edəcəkdin? Bu gün bizdən qabaq, kim bilir, neçəsi girib.

­– Sən girəndə tamam soyundu?

– Necə yəni?

– Koftasını da çıxardı? Döşlərini gördün?

– Hə, əlbəttə.

– Bəs niyə mənlə görüşəndə soyunmadı? Soruşdum ki, koftanı soyuna bilərsənmi. Dedi, yox.

– Mən haradan bilim? Ac tülküyə oxşayırsan. Yəqin, düşünüb ki, dişləyib qopardarsan.

– Görəsən, Yazgül bu yola necə düşüb?

– Sənin kimi yaramazlara görə.

– Çaşma. Allah haqqı, vurub ağzını dağıdaram.

– Yaxşı, incimə. Bir dəfə soruşmuşdum, yetimxanada böyüdüyünü demişdi. Sonrası da məlumdur... 

Deyişə-deyişə məktəbə qayıtdıq, çantalarımızı sinifdən götürüb evə getdik. Eyni binada yaşayırdıq...

Gələn il Yazgülün qızı Yaqut məktəbə başladı. Görəndə salam verirdim, başını sığallayırdım. Məhzun-məhzun salamımı alırdı. Deyəsən, ona salam verməyimi, başını tumarlamağımı istəmirdi. Həmişə sıranın ən axrasında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi. Gözləri əvvəlki kimi parıldamırdı. Özü boyda çantası vardı. Əyin-başı həmişə səliqəli olurdu.

Aradabir zarafatla ondan soruşurdum:

– Qızın necədir, Yaqut?

Üzünü turşudub cavab verirdi:

– Yaxşıdır.

Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yazgülün təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...

O məşum hadisənin üstündən on beş il keçib. Mən həkiməm. Şəhər xəstəxanasında işləyirəm. Aradabir Çexov kimi hekayələr yazıram... Ailəm, arvad-uşağım var. Şəhərin küçələrində Yazgülü tez-tez görürəm. Bütün günveyil-veyil gəzir. Cındırından cin ürkür. Öz-özünə danışır, qışqırıb-bağırır, kimisə söyür... Yay-qış boynuna şərf dolayır... Yaqutun ağzıyarıq kuklası həmişə qucağında olur... Yataqxananı uçurub yerində çoxmərtəbəli, qəşəng bir bina tikiblər. Həmin məşum hadisədən altı ay sonra dağıtdılar yataqxananı...

Bir nəfər Yazgülün boğazını kəsmiş, qızını boğub öldürmüşdü... Xoşbəxtlikdən, Yazgül sağ qalmış, qatilin kim olduğunu polislərə deyə bilmişdi. Qatil Yazgülün qonşusu idi. Sərxoş halda gəlib onunla görüşmüş, sonra pulu olmadığını bildirmişdi. Yazgül hay-kül qaldıranda kişi öz bıçağı ilə onun boğazını kəsmişdi. Evdən çıxanda Yaqutun qapının ağzında durduğunu görmüş, talesiz qızcığazı içəri çağırıb kandardaca boğazlamışdı... Ələ keçməmək üçün...

Yaqut indi yoxdur... Nə vaxtsa Yazgül də olmayacaq... Günlərin bir günü haradasa soyuqdan donacaq, acından öləcək, ürəyi partlayacaq, beyninə qan sızacaq, ya da maşın vuracaq onu... Yaqutun ağzıyarıq gəlinciyi hansısa zibilxanada yandırılanda iki öksüz başdaşından savayı bu dünyada Yazgülün və onun qızının izi, nişanəsi qalmayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Qarabağ abidələri barədə əfsanələr” adlanan yeni layihəsində oxucularımıza işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələrimiz barədə toplanmış əfsanələri təqdim edəcəyik. 

Rubrikanı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, yazıçı Zahirə Cabir (Dadaşova) aparır. 

İlk olaraq sizlərə Laçın rayonunun Ağoğlan kəndindəki Ağoğlan məbədi barədə danışılacaq. 

Ağoğlan kəndi füsünkar  gözəlliyi, səfalı təbiəti ilə seçilir, dəniz səviyyəsindən 1 250-1 300 metr yüksəklikdə, rayon mərkəzindən isə 26 km cənub qərbdə yerləşir.

Kəndin ərazisində mövcud olan mədəniyyət nümunələri və memarlıq abidələri Azərbaycan tarixini ən qədim zamanlara, hətta antik dövrlərə qədər aparıb çıxarır. 

Kəndin ən əhəmiyyətli abidəsi isə Qafqaz Albaniyası dövrünə aid olan, eyni adlı çayın sahilində yerləşən "Ağoğlan" qəsr kompleksidir. 

Araşdırmaçılar yazırlar ki, "Ağoğlan" məbədinin tarixi çox qədimlərə, hətta xristianlıqdan da əvvəllərə qədər gedib çıxır və bura hər zaman ziyarətgah olub. Ona görə də yerli əhali tərəfindən bura əvvəllər “Ağoğlan piri” adlandırılıb və inanc yeri kimi istifadə edilib. 

V-VI əsrlərə aid alban monastırı olan tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.

 

 

ZAHİRƏ CABİR

 

AĞOĞLAN ƏFSANƏSİ

 

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.

Qədim zamanlarda bir cavanın bulaq başında bir qıza gözü düşür. Onun dərdindən dəli olur. Nəhayət öyrənir ki, bu qızı başqa birisi sevir, odur ki, artıq buna bir çarə tapa bilməyir, qıza namə göndərir ki, nə vaxt məni sevib, məni tapmaq istəsən, ayağına dəmir bir çarıq geyib, əlinə də bir dəmir əsa alarsan. Çarığın altı yırtılıb, əsanın ucu əyiləndə məni ancaq gəlib taparsan. Qərəz bu sözü deyib yola düzəlir. Meşələr keçir, ormanlardan su içir, yad gözəl bir məmləkətə yetişir. Ulu Yaradan bu məmləkəti elə bil özü üçün, özünün mələkləri üçün yaratmışdı, eşqin, məhəbbətin coşub-çağlayan vaxtı yaratmışdı. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, qırmızı palıd ağacları, göydə süzən qartalları olan bir məmləkətə gəldiyi üçün özünü xoşbəxt sayırdı. Cavan oğlan çox gözəl bənna idi. Az keçmir ki, gənc səyyah yerli əhalinin hörmətini qazanır, camaatı ilə qaynayıb qarışır. Təbiət vurğunlu gənc burada yerli əhalinin köməyi ilə bir məbəd tikir. Yalnız ibadətlə məşğul olmağı, Allaha dua etməklə yaşamağı üstün tutur. Çayın sahilində saldığı məbəd bu yerlərə pənah gətirən insanlar üçün bir sığınacaq olur. Gənc səyyah yerli adamlardan dərisinin rənginin ağlığına görə seçildiyindən onu Ağoğlan çağırırlar, onun tikdiyi məbədə Ağoğlan məbədi, çaya da Ağoğlan çayı deyirlər.

Sizə kimdən deyim, həmin Ağoğlanın istədiyi, görən andan sevdiyi qızdan. Sən demə qız da onu sevmişdi. Atası onu başqasına ərə vermək istəyəndə onu sevmədiyini söyləyir. Qıza elçi düşən hər bir oğlana yox cavabı verir. Bunu görən ata hirslənir, ifritin köməyi ilə onu tilsimləyir, quşa döndərir. İfrit quşu götürüb evinə gətirir, qəfəsdə saxlayır. Quş bir gün qəfəsin açıq qaldığını görüb, uçur. Sevgilisini tapmaq ümidi ilə yorulmadan qanad çalır. Nəhayət ki, Ağoğlanın yaşadığı gözəl diyarı tapır. Amma o quş idi, Ağoğlan onu tanıya bilməzdi. Odur ki, quş Ağoğlanın tikdiyi məbəddə özünə yuva tikir. Ağoğlan da quşa meyl edir. Onu gözdən qaçırmır. Amma bu yerlərdə də Ağoğlanı istəməyənlər tapılır. Yaz ayında güllü çiçəkli bir çəmənlikdə Ağoğlan çayın kənarında məclis qurub, gəlib gedən səyyahlara, məbədi ziyarət edənlərə ehsan verərdi. O bu diyarda evlər tikər, bənnalığı ilə qazandığı bütün pullarını kasıb insanlara xərclərdi. Bir gün çayın kənarında aşpaz böyük bir qazanda ehsanlıq yemək hazırlayır. Yemək hazır olur. Aşpaz Ağoğlana və onunla bir süfrədə oturanlara yemək çəkmək istəyəndə quş aşpaza mane olur, qoymur ki, qazana yaxınlaşsın. Aşpaz hirslənib əlindəki çömçə ilə onu vurur, qazandan yemək çəkmək istəyəndə quş özünü qaynar qazana atır. Ağoğlan bunu görəndə donub qalır, quşun nə üçün belə etdiyini heç kəs başa düşmür. Aşpaz qazanı kənara boşaldır, qazanda quşdan başqa ölü bir ilan da çıxır. Sən demə quş bunu bilib onların zəhərlənməməsi üçün özünü qazana atıbmış. Ağoğlan bundan çox təsirlənir, quşu əlinə götürür, göz yaşları tökür. Tikdiyi məbədin divarının yaxınlığında onu basdırmaq istəyir. Həmin anda tilsim sınır, quş cildindən cıxır, əvvəlkindən də gözəl bir qız olur. Ağoğlan qızı tanıyır. Eldə özünə hörmət qazanan Ağoğlana camaat yeddi gün, yeddi gecə toy eləyir, muradlarına hasil olurlar. Tikdiyi qəsrdə uzun illər birgə yaşayıb ömür sürürlər.

Həyatda xoşbəxt olmağa səbəb tapmayanlar dünyanın gözəlliklərini görə bilməyənlərdir. Ancaq dünya o qədər gözəldir ki, onun gözəlliklərini seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edir. Gözəlliklər içində yaşayanlar xoşbəxt insanlar olur. Ağoğlan da yad məmləkətdə, gözəlliklər yurdunda öz xoşbəxtliyini tapdı.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Çərşənbə axşamı, 23 Yanvar 2024 11:15

REDAKSİYANIN POÇTUNDAN - Oxucularımızın yaradıcılığı

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında oxucumuz Şəbnəm Abdurrahmanovanın bir şeiri sizlərə təqdim edilir. 

Ana həsrəti… Şeirin mövzusu bax bu ilahi kədər barədədir. 

 

Yenə səhər açılıb,

Açammıram gözümü.

Gecədən itirmişəm ,

Tapammıram özümü.

 

Evi qoxu bürüyüb.

Otaq siqar tüstüsü.

Yataqla üzbəüzdü

Anamın boy güzgüsü.

 

Yarıkey boylanıram

Güzgüdə öz əksimə...

"Ay bədbəxt, bəsdi durdun

Cəllad kimi qəsdinə!"

 

Yenə səsi gəlir, bax!

Yoxsa dəli oluram?!

Axı yalnızam evdə...

Uşaq kimi qorxuram...

 

Əlim gedir şəraba...

 

"Axı sübhün beşidi, 

Zəhər qatma qanına.

Sən yalnız deyilsən ki,

Anan gəlib yanına."

 

Bəsdi daha, sus, dinmə!

Axı sən daha yoxsan!

Nə olar ki, ay ana,

Yadımdan bir an çıxsan?!

 

"Alışa bilmirəm,bax

İllərdi yoxluğuna

İnsan yetim qalırmış

Ananın yoxluğunda...."

.........

 

Yenə təkəm otaqda...

Nə bir insan, nə bir səs.

Huşum gedir özümdən 

"Ana, ölürəm, tələs!"

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün onun doğum günü idi, hamımız onu ürəkdən təbrik etdik. Ömürlər var ki, əslində, bir neçə ömrə sığan hadisələrə qucaq açır. Bu gün sizə belə ömürlərdən biri barədə söz açacağam. 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qazax mahalında sayılıb seçilən Babanlılar nəslinin layiqli nümayəndəsi Məhəmməd Babanlının  72 yaşı tamam oldu. 

Məhəmməd Babanlı Azərbaycan Respublikasında elmin, təhsilin inkışafında böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan dəyərli alimdir. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-2021-ci illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru vəzifəsində işləmişdir, 2021-ci ilin avqust ayından isə həmin müəssisənin icraçı direktorudur. O, eyni zamanda 2015-ci ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək yaradılmış Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının elmi rəhbəridir.

M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termo­di­na­mikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin komp­leks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayaraq geniş şəkildə reallaşdırmışdır. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, superion keçirici və digər funksional xassəli materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-ste­xiometrik fazalar aşkar etmiş, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır. 1000-dən artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq  məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi “Web of Science” və “Scopus” elmimetrik bazalarına daxil olan beynəlxalq elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu “Nature”, “Nature Communications”, “ASC Nano”, “Nano Letters”, “Quantum materials”, “Physical Review Letters”, “Physical Review B”, “Scientific Review”, “Solid State Chemistry”, “Journal of Alloys and Compounds”, “Journal of Thermal Analysis and Calorimetry” və s. jurnallarda çap edilmişdir. M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq və respublika qrantlarına layiq görülmüşdür.

Alim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 36 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar ara­sında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır.

Kimyaçı alim respublikamızın elmi-ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının Kimya üzrə Ekspert şurasının üzvü, sədr müa­vini və sədri, BDU-nun Elmi şurasının, bir sıra Dissertasiya şuralarının üzvü olmuşdur. Hazırda o, “Azərbaycan Kimya Jurnal”ının, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry”, “Turkish Journal of Chemistry”, “Condensed  Matter  and  Interphases”, “Physics and Chemistry of Solid State”, “New Materials, Compounds and Applications” və “Chemical Problems” jurnallarının redak­siya heyətlərinin üzvüdür.

Bundan əlavə, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. 

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə, REA-nın Rəyasət Heyəti tərəfindən mükafat və diplomla təltif edilmişdir. 2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan görkəmli elmi məqaləyə görə, xüsusi mükafata layiq görülmüşdür.

2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. “Russ.J.Inorg.Chem” jurnalında 2019 və 2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilmişdir.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü professor Məhəmməd Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Azərbaycan elmi qarşısındakı misilsiz xidmətlərinə və anadan olmasının 70 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Xalq şairi Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur.

 Məhəmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. El-obasına, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Məhəmməd Babanlını doğum günü münasibətilə ürəkdən təbrik etdilər, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar arzuladılar. 

 

Məhəmməd Babanlı 22 yanvar 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Qazax rayonunda medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.

 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkeçiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin İtisaslaşdırılmış Şurasında müdafiə etmişdir.

1986-ci ildə dosent elmi adı almışdır. 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı almışdır.1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir. 1993-2000-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini, 1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.

1000-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 36 elmlər namizədi yetişdirmiş, 4 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. 

ABŞ-ın Amerika Biblioqrafiya Institutu tərəfindən 2000-ci ilin Adamı adına layiq görülmüşdür.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə, BDU-nun Fəxri fərmanı ilə 2010-2011, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyəti tərəfindən diplomla təltif olunmuşdur.

Ailəlidir. 2 qızı, 1 oğlu, 8 nəvəsi var.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini  təqdim edir.

 

 Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd  1983-cü ildə Təbriz  şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.

 

QADIN

 

Harada quyulanarsa;

Oyaq gözlərlə baxar qadın!

Üfürər tanrı, gözlərindəki torpağı,

Gömülməz!

Yeddi can var köksündə

Çıxmaz,

Canı can doğurar, bitməz!

Mətbəxdəki duz qabında mumyaya dönər

Tablolarında gül pənbə rəngi görünər

Getməz!

Yaşarmış gözlərində,

Cavanlaşar şəhər.

Süpürər yanağını

Quyulanar, quyulanar.

Doldurar ancaq

Erkəklərin çanağını

Gözlərindən

Göyərçinlər uçar öföqə sarı.

Qartal qanadlarını gizlədərək “dikdabanlarında”

Sərçələri qonaqlamağa çırmalanar dik-dik

Atlanar… Atlanar…

Sığalsızkən saçları

Dördnala çapar əzik-əzik

Yol!

Özündə başlayıb, özündə bitər

İki ayaq yeriyər onda, görməzsən!

İki ayaq uzaqlaşar səndə, bilməzsən!

Sevgi,

Malikanəsidir qadının!

Səsi qapı səsi,

Gülüşü pəncərə

Hadır ol!

İşkilləməsin dodağını qadın!...

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri ilk dəfə Cənubi Koreyada - beynəlxalq sərgidə nümayiş etdirilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a verilən məlumata görə, əlilliyi olan gənclərin əl işlərindən ibarət sərginin açılışı Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində təşkil edilib.

“Birlikdə böyü, əbədi parla” devizi ilə keçirilən sərgidə mərkəzin benefisiarları Şamxal Xələfli, Şəbnəm Əhmədova və Qumru Əliyevanın müxtəlif mövzularda çəkdikləri tablolar, o cümlədən “Şuşa”, “Neft buruqları”, “Qış mənzərəsi” əsərləri qonaqların və media nümayəndələrinin marağına səbəb olub.

Tədbirdə iştirak edən Cənubi Koreyanın hökumət nümayəndələri, diplomatik korpus üzvləri və sənət xadimləri Azərbaycan rəssamlarının əsərlərindən ibarət ekspozisiyaya baxıblar. Sərgidə əsərləri yer alan müəlliflərin emosional və rəssamlıq baxımından yüksək səviyyədə iş nümayiş etdirdikləri diqqətə çatdırılıb. Bu cür əsərlərlə rəssamların dünyaya ümid və gözəllik bəxş etdiyi vurğulanıb.

Tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri ilə bağlı məlumat da verilib, sosial cəhətdən həssas əhali qruplarına aid, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyası sahəsində aparılan işlərdən danışılıb.

Qeyd edək ki, ekspozisiyada Asiya, Amerika, Afrika, Avropa və Okeaniya ölkələrindən 53 rəssamın 274 əsəri sərgilənir.

Sərgi fevralın 1-dək Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları müddətində Qanqneunq İncəsənət Mərkəzində sənətsevərlərin ixtiyarında olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Çərşənbə axşamı, 23 Yanvar 2024 09:30

Şəhidlər barədə şeirlər – Əbülhəsən Eyvazov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbülhəsən Eyvazova  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ƏBÜLHƏSƏN BALAŞ OĞLU EYVAZOV

(01.11.1996.-30.10.2020.)

Əslən  Kürdəmir rayonunun Mollakənd kəndindən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

    İGİD ƏBÜLHƏSƏN

 

Bu müqəddəs yolu könüllü seçdi,

Üçrəngli bayrağı öpüb, and içdi,

Doğma vətən üçün canından keçdi,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Üzündən, gözündən tökülürdü nur,

İşlədi, zəhmətlə qazandı uğur,

Belə övladyla el duyur qürur,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Dostlar arasında hörmətli idi,

Necə qorxmaz idi, cürətli idi,

Sözü bütöv idi, qeyrətli idi,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Aprel döyüşündə döyüşmüşdü o,

Bir anda böyüyüb, dəyişmişdi o,

Düşmənlə mərdliklə vuruşmuşdu o,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Fəxr edilən oğul, qayğıkeş qardaş,

Füzulidə qoydu yağını çaşbaş,

Düşmənin qolları qırılaydı kaş…

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Vətən müqəddəsdir,  şəhidlər ölməz,

Düşmənlər bir daha sevinməz, gülməz,

Adı qəlbimizdən heç vaxt silinməz,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

 

Çərşənbə axşamı, 23 Yanvar 2024 10:30

İndi bizim Göyçədə heç kimimiz qalmadı...

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü Şəhidlər… 

 

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi Şəhidlər… 

 

Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi Şəhidlər… 

 

Küllərindən yenidən doğula bilmək üçün əvvəl yanıb kül olmağı gözə almaq gərəkdir. Deyirlər Azərbaycan da 20 yanvarda verdiyi azadlıq qurbanları hesabına bağrına çəkilən o böyük, o dərin yaradan yendiən doğuldu o gün. 

 

Dözdü hər zillətə, dözdü hər şeyə,

“Dünyada mənimdə haqqım var” ,- deyə

Kütləni xalq edən müqaviləyə,

Qanıyla qolunu çəkdi Şəhidlər… 

 

İnsan insan olur öz hünəriylə.

Millət, millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi Şəhidlər. 

 

Kim bilir, bəlkə bu da tarixin bir sınağıydı. Kütləmiyik, yoxsa xalqmıyıq? Bəlkə də o gecə atılan güllələr məhz bu suala cavab axtarırdı və öz cavabına sinəsini tank gülləsinə sipər edən, ölümün gözünə dik baxan, əli yalın qorxmaz şəhidlərin simasında tuş gəldi. 

Bəli, azadlıq fədaləri bu ağır məsuliyyəti öz boynlarına götürüb böyük bir xalqın adından bir gecədə kütləni xalq edən o müqaviləyə öz qanlarıyla qol çəkdilər.

O qanlı imzalardan biri də  20 yaşlı gənc şair Ülvi Bünyadzadəyə məxsus idi.

Ülvi Bünyadzadə haqqında ilk dəfə oxuduğum zaman o, mənə Ərtoğrul Cavidi xatırlatmışdı. Çünki onların hər ikisi hələ ömürlərinin bahar çağındaykən, hələ qarşıdakı hədəflərinə çatmamış yolun yarısında, nakam köçmüşdülər bu dünyadan. Və onların hər ikisi öz qısa ömürlərinə çox böyük və çoxşaxəli bir yaradıcılıq sığdırmışdılar. 

Ülvi 20 illik qısa ömrünə nələr sığdırmamışdı ki? 200 dən çox şeir, 40-a yaxın hekayə, 5 pyes, Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunan “Ömür yolu” poemasını və “Qansızlar” povestini, dünya ədəbiyyatından-inglis və rus dillərindən 20-yə yaxın orjinal tərcümə, saysız ictimai məzmunlu məqalə və bir də yarımçıq qalan əlyazması...

Bütün bunlardan əlavə o, qarmon, tar, saz, piano və kamançada məharətlə çalır, ərəb, fars, latın, özbək,  inglis və rus dillərini də mükəmməl bilirmiş.

23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açan Ülvi məktublarında həmişə belə yazırmış: "İndi bizim Göyçədə heç kimimiz qalmadı..."

Bütün Azərbaycan gəncliyinə görk olacaq andında isə belə yazırdı Ülvi:

"Mən Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun, öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim"

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.