Super User
“Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram – darıxıram
2.
Anlaşılmaz qəribə nisgillə yaşamağa hazırlaşdığımız səhərlərdən biri başını yana əyərək yavaşca, utana-utana etiraf edir: “Mən səhər deyiləm, gecəyəm” deyir.
3.
Hər bir adam öz içində istədiyi mürəkkəb melodiyanı “çala bilir”. Öz içindəki harmoniyanı qoruyub saxlayır. Amma əgər o adam haman melodiyanı “içindən buraxıb” səsli halda təqdim etmək istərsə, buna nail ola bilməyəcək. İçindən çıxdısa, səni tərk etdisə, o zaman harmoniya dağılır.
4
“ -Günahlarım ürəyimdə dağ oldu,
Sap qırıldı, mirvarilər dağıldı.
Hamısı da təkcə sənə oxşadı – birindən başqa. Sonra gördüm, yox, o da sənə oxşayır.”.
5.
Biz “şair” xalq deyilik. Biz harmoniyaya - qafiyəyə, ritmə, ölçüyə can atan xalqıq.
6.
“Ədəbiyyat xalqa yaxın olmalıdır” ideyasına şübhə ilə yanaşmaq lazımdır. Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı. Kimisə arxasınca apara bilmək üçün.
7.
“Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver mənə.
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə.”
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Rəştbərin “Vətən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.
Əli Rəştbər
Urmiya
VƏTƏN
Gəldiyim yollardır şahdim mənim,
Səni sevə sevə gəlmişəm Vətən.
Sənin qəm günündə kövrək olmuşam,
Güldüyün zamanlar gülmüşəm Vətən,
Səni sevə_sevə gəlmişəm Vətən.
Adımı tarixdə yazsalarda pan,
Sevgin urəyimdə qiymətlı mərcan.
Duymuşam səsini səslənən zaman,
Səni öz canımdan bilmişəm Vətən,
Səni sevə_sevə gəlmişəm Vətən.
Sevdim ocağını sevdim odunu,
Yaşadım sevginin şirin dadını,
İkiyə böləndən tarix adını,
Məndə ürəyimi bölmüşəm Vətən,
Səni sevə_sevə gəlmişəm Vətən.
Bakın ya Təbrizin birdirlər mənə,
Ömürlük hayatda bağlıyam sənə,
Xocalı dərdindən neçə min dönə,
Donmuşam ،yanmışam , ölmüşəm Vətən,
Səni sevə_sevə gəlmişəm Vətən.
Qoy aləm eşitsin Qayıb'ın hayın,
Üsyanlı ruhunda susan harayın.
Şeir xəritəmdən araz tək çayın,
Adını çoxdandır silmişəm vətən,
Səni sevə-sevə gəlmişəm vətən.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb
Oktyabrın 12-13-də Çexiyanın paytaxtı Praqada Ermənistanın Azərbaycana qarşı apardığı mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb. Fotosərgilər “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən “Land of Fire” təşkilatının təşkilati dəstəyi ilə reallaşıb.
İctimai Birlikdən AzərTAC-a bildirilib ki, “Düyməni sıxan ayaqlar” adlı ilk fotosərgi şəhərin tarixi mərkəzində yerləşən Qədim Şəhər meydanında təşkil olunub. Həmin meydanın sahəsi təxminən 9 min kvadratmetrdir. 20 fotoşəkildən ibarət sərgi insanların daha çox hərəkət etdiyi ərazidə qurulub. Bununla da çoxlu sayda turist və yerli sakin fotosərgini ziyarət edə bilib.
Sərginin ikinci günü insanların ən çox ziyarət etdiyi məkanlardan sayılan Respublika meydanında baş tutub. Praqada və Avropanın digər şəhərlərində yaşayan azərbaycanlılar da sərgi ilə yaxından tanış olublar. Tədbirdə Azərbaycanın Çex Respublikasındakı səfirliyinin əməkdaşları da iştirak ediblər. Sərgidə Azərbaycan Bayrağı, eləcə də “Gilavar Foto Klubu”nun bayrağı dalğalandırılıb.
Layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, iki gün davam edən sərgilər zamanı minlərlə ziyarətçi Ermənistanın Azərbaycana qarşı apardığı mina terroru ilə bağlı ətraflı məlumat əldə edib. Sərgidə nümayiş olunan fotoşəkillər peşəkar fotoqraf Famil Mahmudbəyli tərəfindən çəkilib və Azərbaycanda çap olunub. Hər bir fotonun yanında məlumat xarakterli lövhələrdə mina qurbanlarının hekayələri ingilis dilində əks olunub. Sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru haqqında şifahi olaraq da məlumatlar verilib.
Fotosərgilər “Təhlükənin kulminasiya nöqtəsi” adlı fotolayihənin tərkib hissəsidir. Layihənin əsas məqsədi mina qurbanlarının sayının artmasının qarşısının alınmasına dəstək vermək, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının ərazisində mina partlayışları nəticəsində zərərçəkmiş insanların düşdüyü vəziyyətlərini fotolar vasitəsilə göstərmək, onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir. İnsanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 30 ildən artıq müddətdə mina hadisəsi qurbanları olan insanlar ilə görüşlər keçirilib, bu insanların acı durumu fotolarda olduğu kimi əksini tapıb.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə qaliblərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
"Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ilk təlim Qusar teatrında təşkil edilib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 3-dən 11-dək Qusar Dövlət Ləzgi Dram Teatrında keçirilən “Peşəkar teatr dərsləri” layihəsi başa çatıb.
Mərkəzdən AzərTAC-a bildirilib ki, layihə çərçivəsində ilk ustad dərsləri Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilib.
Təlim, iştirakçılara təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialını inkişaf etdirmək imkanları yaradıb.
Peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.
Sözügedən layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“Köçüb qonşuluqdan hayana getdin?” - MƏMMƏD ARAZIN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?
Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.
Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.
Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...
Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...
Bu gün tərcüməçi, publisist "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı"- söyləyən xalq şairi Məmməd Arazın doğum günüdür.
Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur.
Orta təhsilini Şahbuz rayonunun Nursu kəndində alan şair hələ məktəbdə oxuyarkən 1945-ci ildə atası İnfil "xalq düşməni" adı ilə Sibirə sürgün olunur.
O, 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olur.
Tələbəlik illərində yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edən şair ədəbi fəailiyyətə 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan "Yanın, işıqlarım" şeiri ilə başlayır. Yaradıcılığa Məmməd İbrahim adı ilə başlasa da daha sonra Azərbaycanı iki yerə bölən Araz çayının sahilləri onu çox düşündürdüyü üçün Araz adını özünə təxəllüs götürür.
O, 1954-cü ildə ali təhsilini başa vurub doğma kəndindəki orta məktəbdə müəllim kimi fəaliyyət göstərməyə başlayıb.
1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilən şair xalq yazıçısı Əli Vəliyevin qayğısı ilə ədəbi mühitdə tanınmış və elə həmin ildə “Üç oğul anası” poemasını ərsəyə gətirərək Azərbaycan Yazarlar Birliyinin üzvlüyünə daxil olmuşdur.
Məmməd Araz 1959-1961-ci illərdə təhsilini Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarında davam etdirmişdir.
Bakıya qayıtdıqdan sonra «Maarif» nəşriyyatında redaktor vəzifəsinə, 1963-cü ildə isə Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə təyin olunmuşdur.
1967-ci ildə "Ulduz" jurnalında məsul katib kimi fəaliyyətə başlayan Məmməd Araz 1971-ci ildən – 1981-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş və milli şeirin inkişafına, ədəbi gəncliyin formalaşmasına xidmət göstərmişdir.
1974-cü ildə isə o, yeni nəşrə başlayan "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsinə təyin edilmiş və ömrünün sonuna qədər orada işləmişdir.
Şair həmçinin uzun illər bədii tərcümə ilə də məşğul olmuş dünya xalqları ədəbiyyatından 195 şеir və 5 poеma tərcümə еdərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab halında çap еtdirmişdir.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini görə Məmməd Araz 1978-ci ildə Əməkdar mədəniyyət işçisi,
1984-cü ildə Əməkdar incəsənət xadimi, 1991-ci ildə isə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüş, 1995-ci ildə Azərbaycanın ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif olunmuşdur.
1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur.
Məmməd Araz 2004-ci il dekabr ayının 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
EKSPRESS-SORĞU -“Sənin üçün payız nədir?”
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Payız öz rəngarəngliyi ilə insan ruhunu oxşayır, qəlbə sakitlik bəxş edir. Qızılı yarpaqlar təbiətin həzin bir nəğməsi kimi hər yanı bəzəyir, sanki insanın iç dünyasını qidalandırır, ona mənəvi rahatlıq gətirir.
Lakin Ağdamda payız başqadır, burada kədər və sevinci bir arada yaşayırsan.
Bu məğrur torpaq sanki dağıntılar arasında da gözəllik yaratmaq istəyir. Erməni işğalçılarının viran qoyduğu şəhərin xarabalıqları arasında təbiətin toxuduğu sarı və qızılı naxışlar yeni bir həyatın simvoluna çevrilir. Dağıntılar arasından baş qaldıran Xan çinarları, nar kolları sanki dirçəlişin işarəsidir. Onlar, Cümə məscidinin kölgəsində, yeni tikilən binaların fonunda, bir daha baş əyməyəcəklərini hayqırır.
Ağdamdan dağlara doğru irəlilədikcə yolun hər iki tərəfində təbiətin öz boyaları ilə yaratdığı möcüzələr insanı heyran qoyur. Qarqarçayın sahillərində, Şahbulaq dağının ətəyində və Xaçınçay su anbarının ətrafında sarı-qızılı yarpaqların rəqs etdiyi çiçəklər, itburnu, böyürtkən və nar kolları payızın füsunkar palitrasını gözlər önünə sərir. Təbiətin sinəsində yerləşən Şahbulaq qalası isə bir rəssamın əlindən çıxmış əsər kimi qarşımıza çıxır. Sanki qızılı boyalarla işlənmiş möhtəşəm bir tabloya baxırsan. Qalanın yaxınlığında pıçıltı ilə axan bulağın göz yaşı kimi şəffaf suları kiçik bir göldə toplanaraq, ətrafdakı mənzərənin sakitliyini və təbiətin qəlbindəki sonsuz gözəlliyi tamamlayır. Ağacların sarı və qırmızı rəngləri bu dumduru göldə əks olunaraq insanın ruhuna toxunan bir harmoniya yaradır.
Burada payız mənə görə, 6 min şəhidin anasıdır, şəhid olmuş bir şəhərin ümidləridir, vətən həsrəti ilə bu dünyadan köçən doğmaların həsrətidir, kədəridir, nisgilidir.
Ağdamın payızı təbiətin dilə gətirə bilmədiyi bir qüssənin, eyni zamanda yenidən dirçəlişə olan ümidin rəmzidir.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal qarnından bozartma
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal qarnından bozartmanın
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Mal qarnı – 200 qr
§ Soğan – 25 qr
§ Kərə yağı – 30 qr
§ Axta zoğal – 10 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ nar turşusu – 15 qr, nar –
20 qr, sirkə-sarımsaq – 10 qr, tərəvəz turşuları – 20 qr
QEYD: Mal qarnının bişmə müddəti heyvanın yaşından və
mal qarnının bərklik dərəcəsindən asılı olaraq, 2-3 saat çəkə bilər.
HAZIRLANMASI:
Qarın təmizlənir, yuyulur. 5-6 sm- lik kvadrat şəklində tikələrə doğranır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynayana yaxın suyu bir dəfə dəyişdirilir. Yenidən su əlavə olunaraq, gur odda bişirilir və kəfi təmiz alınır. Qabıqlı soğan əlavə olunur və təxminən 1 saatdan sonra çıxarılır. Vam odda bişirilir. Bişənə yaxın həm suyu çəkilməli, həm də tam bişməlidir. Kərə yağı vurulur, tovlanır, duz, istiot, sarıçiçək şirəsi, axta zoğal əlavə olunur, bir daha tovlanır və 5-6 dəqiqə yer dəmi alır. Yanında göyər- ti, nar turşusu, nar, sirkə-sarımsaq, tərəvəz turşuları verilir.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub
Oktyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasında hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı olub. Kitabın təqdimatı 20 oktyabr-Beynəlxalq Kulinariya gününə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və layihə rəhbəri Aynurə Əmiraslanova tərəfindən qələmə alınmış kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatlarımızın düsturlarının bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Kitabın "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır.
Tədbirdə çıxış edən Aygün Əliyeva kitab haqqında öz təəssüratlarını bölüşüb, kitabın elmi, praktiki, mədəni mahiyyəti ilə yanaşı, siyasi mahiyyətini də açıqlayıb, görülmüş işi yüksək dəyərləndirib.
Sonra Qərbi Azərbaycan İcması nümayəndələri, AMEA-nın alimləri və digər qonaqlar Qərbi Azərbaycanın zəngin irsindən, süfrə mədəniyyətindən danışıblar. Onlar Azərbaycan milli mətbəxinin dünyanın ən qədim və zəngin mətbəxlərindən olduğunu diqqətə çatdırıblar.
Daha sonra qonaqlara “Qərbi Azərbaycanın şirin inciləri” kitabı hədiyyə olunub.
Kitab Azərbaycan və ingilis dillərində çap olunub, 220 səhifədən ibarətdir. Əsərdə Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunub.
Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, Göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Kitabın üz qabığında ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri də yer alır. Son üz qabığında isə "Kəvər" adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Kitabda geniş mövzulara toxunulub: un və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumatlar yer alır.
Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz qaynaqdır.
Kitabın sonunda müəlliflər və əsas mənbələr haqqında məlumat və digər faydalı bilgilər yer alıb. Kitab "Nero" nəşriyyatında çap olunub.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Bu gün QGallery”də “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Eight Group” şirkəti ilə birgə təşkilatçılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə tələbələrin əsərlərindən ibarət “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AƏrTAC-a istinadən məlumat verir.
Bu gün açılan və oktyabrın 17-dək davam edəcək, paytaxtın “QGallery” sərgi salonunda keçiriləcək sərgidə müasir insanın düşdüyü ekoloji vəziyyətlə bağlı fikirlərini əks etdirən sənət əsərləri nümayiş etdiriləcək. Sərginin məqsədi incəsənət vasitəsilə tamaşaçının diqqətini təbiətə müdaxilənin nəticələrinə, ekologiyanın insan mədəniyyətinin səviyyəsindən asılılığına, ətraf mühitdə baş verən dəyişikliklərdə hər kəsin məsuliyyətinə yönəltməkdir.
Bir qədər əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin 100-dən çox rəsm əsərinin təqdim edildiyi müsabiqə keçirilib. Akademiyanın rektoru və müəllimlərinin, “Eight Group” qrupunun nümayəndələrinin daxil olduğu münsiflər heyəti təqdim olunmuş işlərin arasından müsabiqə yolu ilə 33 rəsm əsərini seçib.
Təşkilatçıların qeyd etdiyi kimi, bu gün rəssamlar təkcə rəsm çəkməyi bacaran və rəsm çəkən insanlar deyil. Onlar müxtəlif fənlərin kəsişməsində işləyən və aktual suallar verən yaradıcılardır.
“Yaşıl Dünya Naminə Həmrəylik” sərgisində təqdim olunan əsərlər arasında insanın və Yer kürəsində həyatın həm təbii fəlakətlər, həm də öz əməlləri qarşısında acizliyini nümayiş etdirən, müəyyən bir reallıq ab-havasına qərq edən akademik şəkildə işlənmiş mənzərələr var.
“Yaşıl Dünya Naminə Həmrəylik” sərgisinin konsepsiyasının əsasını ekoloji şüurun, şüurlu istehlakın və təbiətə qayğının sadəcə dəb tendensiyası olmadığını ifadə edən çağırış təşkil edir. Bu gün bu, daha çox həyati zərurətdir və ümumi gələcəyimizə töhfədir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri olan 21 müəllifin 33 əsəri nümayiş olunacaq. Müsabiqənin nəticələri elan ediləcək, müsabiqənin üç finalçısına pul mükafatı veriləcək. Əlavə olaraq yeddi iştirakçıya da pul mükafatının verilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
GÜLÜŞ KLUBUnda futbol millimiz
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Azərbaycan xalqının çox xeyirxah, təəssübkeş xalq olması barədə çox deyilib, çox eşidilib. Bu dəfə isə futbol üzrə milli komandamız sözügedən fikri isbatladı.
Belə ki, Azərbaycan millisi səfərdə estonlardan 3 top yeyərək məğlub oldu. Bu, estonların tarixində ilk dəfə idi, 3 qol vurub qalib gəlmək!
Millimiz eston xalqına müdhiş bir bayram yaşatdı! Afərin millimizə, onun 70 yaşlı, ayda da 70 min qazanana əcnəbi baş məşqçisinə!
2
Dayısı və regionu hesabına yükəsk karyera əldə etmiş nazir Mazanov barədə “Mazanovun nailiyyətləri” adlı kitab çapdan çıxıb. Kitab ağ vərəqlərdən ibarətdir.
3.
Güclü külək evlərin damlarını qoparır, ağacları aşırırdı. Sovet kəşfiyyatçısı Ştirlis düşündü ki, deyəsən külək başlayacaq.
4.
“Neftçi” rəhbərliyi yerli məşqçiləri bəyənmir, əcnəbilər də gəlib klubu lap bərbad vəziyyətə salır. Roman Qriqorçuk da belə getdi.
Bəlkə rəhbərlik “Neftçi” yə məşqçilik etməyə yadplanetli gətirsin?
5.
İcra başçısı müavininə:
-Bu camaat hardan bilir ki, bizim şəhərdə korrupsiya var?
-Necə hardan, cənab başçı? Mətbuatdan.
-Dərhal məsələyə son qoyulsun!
-Oldu, cənab başçı. Demək, sabahdan korrupsiaya ilə mübarizəyə başlayırıq, eləmi?
-Korrusiyaya qarşı niyə? Mətbuata qarşı!
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)


