Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib Featured

 

22 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Almatıda keçirilən Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə Qazaxıstanın ev sahibliyi ilə 23 iyuna qədər davam edəcək iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, TDT-yə üzv dövlətlərin ağsaqqalları, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış ediblər.

Çıxışlarında iştirakçılar gündəlikdə yer alan məsələlərin aktuallığını vurğulamış və iclas əsas əməkdaşlıq istiqamətləri üzrə müzakirələr və fikir mübadiləsi formatında davam etmişdir.

İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova gündəlikdə yer alan məsələlərə, xüsusilə də 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd olunmasına xüsusi diqqət yetirərək, onun türk dünyasının ümumi intellektual məkanının formalaşmasındakı tarixi əhəmiyyətini qeyd edib. Həmçinin türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi proseslərində müasir rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin tətbiqinin vacibliyi vurğulanmışdır.

Professor Aktotı Raimkulova Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq irsin qorunması və nəsillərarası varisliyin təmin olunmasına yönəlmiş Ağsaqqallar Şurasının təşəbbüs və tövsiyələrinin həyata keçirilməsinə Fondun bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə edib.

İclasın yekununda fikir mübadiləsi və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Ağsaqqallar Şurasının tövsiyələri qəbul olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.