BAİBÜİLEF-İG 2026 beynəlxalq elmi platforma kimi diqqət mərkəzində oldu
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
13–15 may 2026-cı il tarixlərində Türkiyənin Bolu Abant İzzət Baysal Universitetinin İletişim Fakültəsi tərəfindən təşkil olunan “Əlifbadan Alqoritmaya: Qlobal Kommunikasiyada Yeni Üfüqlər” mövzusunda 3-cü Beynəlxalq Kommunikasiya Günləri Simpoziumu (BAİBÜİLEF-İG 2026) uğurla başa çatıb.
Üç gün davam edən beynəlxalq tədbir kommunikasiya elmlərinin rəqəmsal transformasiya dövründə keçirdiyi dəyişikliklərin geniş elmi müstəvidə müzakirə olunduğu mühüm akademik platformaya çevrilib.
Simpoziumda Türkiyə ilə yanaşı Avstriya, Gürcüstan, Azərbaycan, İordaniya, Özbəkistan, Türkmənistan və Nigeriya daxil olmaqla 8 ölkədən 37 universitet və elmi qurumu təmsil edən 110-a yaxın alim və tədqiqatçı iştirak edib. Tədbir çərçivəsində 16 panel və 105 elmi məruzə təqdim olunub. Məruzələrdə kommunikasiya sahəsinin yalnız media ilə məhdudlaşmadığı, dilçilik, ədəbiyyat, proqramlaşdırma, mühəndislik, dizayn, mədəniyyət araşdırmaları və süni intellekt kimi sahələrlə sıx bağlı olduğu xüsusi vurğulanıb.
Simpozium boyunca generativ süni intellekt texnologiyalarının kommunikasiya proseslərinə təsiri, alqoritmik görünürlük rejimləri, rəqəmsal nəzarət, deepfake texnologiyaları, platform kapitalizmi, dezinformasiya, rəqəmsal asılılıq və mədəni yaddaşın rəqəmsallaşması kimi aktual məsələlər geniş müzakirə olunub. Çıxışlarda insan mərkəzli kommunikasiya modelinin qorunmasının vacibliyi, etik prinsiplərin gücləndirilməsi və süni intellektin cəmiyyətə təsirinin tənqidi yanaşma ilə qiymətləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, rəqəmsal dövrün yeni kommunikasiya formalarının mədəni irsin qorunmasına, qlobal dil praktikasının dəyişməsinə, vizual mədəniyyətin yenidən formalaşmasına və ictimai məkan anlayışının transformasiyasına təsirləri də elmi müstəvidə təhlil edilib. Alqoritmlərin gündəm yaratmaq, mədəniyyət istehsalını yönləndirmək və fərdi davranışlara təsir imkanları kommunikasiya araşdırmalarında tənqidi baxışın əhəmiyyətini bir daha ortaya qoyub.
Simpozium çərçivəsində süni intellektin təhsil, jurnalistika, reklamçılıq, kino, brend kommunikasiyası, rəqəmsal diplomatiya və mədəniyyət araşdırmaları sahələrində yaratdığı yeni imkanlar da geniş şəkildə müzakirə edilib. Eyni zamanda rəqəmsal etika, məlumat təhlükəsizliyi, alqoritmik şəffaflıq və doğrulama mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi barədə ortaq elmi qənaət formalaşıb.
Azərbaycanı beynəlxalq tədbirdə təmsil edən alim və tədqiqatçıların çıxışları da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Türk Akademisyenlər Birliyi Başkan Yardımçısı, professor Dr. Təranə Turan Rəhimli “Ümmülbanu yaradıcılığı Şərq və Qərb ədəbi əlaqələri kontekstində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şərq və Qərb ədəbi-estetik düşüncəsinin qarşılıqlı təsiri, Ümmülbanunun yaradıcılığında mədəniyyətlərarası əlaqələrin bədii ifadəsi və ədəbiyyatın qlobal kommunikasiya müstəvisindəki rolu elmi aspektdən təhlil olunub. Çıxış iştirakçılar tərəfindən maraqla dinlənilib və yüksək qiymətləndirilib.
Türkiyədə elmi və akademik fəaliyyət göstərən azərbaycanlı alimlər – dosent Dr. Leyla Əliyeva və dosent Dr. Kəmalə Kərimovanın məruzələri də iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Onların çıxışları elmi aktuallığı, müasir yanaşmaları və akademik məzmunu ilə diqqət çəkib.
Türkiyənin Dokuz Eylül Universitetinin magistrantı Şəfiqə Rəhimli isə “Avropa Birliyi çevrə politikasında tarım politikası” mövzusunda məruzə təqdim edib. Gənc tədqiqatçının çıxışında Avropa Birliyinin kənd təsərrüfatı və ekoloji siyasəti arasındakı əlaqələr, davamlı inkişaf prinsipləri və müasir ekoloji yanaşmaların aqrar sektora təsiri araşdırılıb. Məruzə auditoriyanın diqqətini cəlb edib, maraqla qarşılanıb və təqdir olunub.
Qeyd edilməlidir ki, simpoziumun yüksək səviyyədə təşkili Bolu Abant İzzət Baysal Universiteti İletişim Fakültesinin dekanı, professor Dr. Emre Tandırlının böyük zəhməti və təşkilatçılıq fəaliyyəti nəticəsində mümkün olub. Beynəlxalq elmi platformanın uğurlu keçirilməsi, müxtəlif ölkələrdən alimlərin bir araya gətirilməsi və elmi müzakirələrin yüksək akademik mühitdə təşkil olunması Prof. Dr. Emre Tandırlının kommunikasiya elmlərinə və akademik əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilib.
Simpozium proqramı çərçivəsində tədbir iştirakçıları Bolunun səfalı və füsunkar guşələrini də ziyarət ediblər. Xüsusilə Gölcük turu özünün valehedici təbiət mənzərələri ilə iştirakçılarda unudulmaz təəssüratlar yaradıb. Təbiətin sakitliyi və gözəlliyi elmi müzakirələrin yaratdığı intellektual mühitlə harmonik şəkildə birləşərək qonaqların böyük məmnunluğuna səbəb olub.
BAİBÜİLEF-İG 2026 simpoziumu beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, multidissiplinar elmi araşdırmaların təşviqi və kommunikasiya elmlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. “Əlifbadan Alqoritmaya” uzanan bu elmi düşüncə platforması insan, texnologiya və mədəniyyət münasibətlərinin yenidən dəyərləndirilməsi istiqamətində vacib töhfələr verən nüfuzlu beynəlxalq tədbir kimi yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


