Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Türkiyənin Qars şəhərində “Azərbaycandan Qarsa Sazın Sözün Körpüsü” adlı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbir Azərbaycan və Türkiyə arasında ortaq mədəni yaddaşın, saz-söz ənənəsinin və aşıq sənətinin mənəvi bağlarını bir daha nümayiş etdirən əlamətdar sənət görüşü kimi yadda qalıb.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, desent aşıqşünas İlhamə Qsəbovanın portalımıza açıqlamasında bildirilir ki, böyük el sənətkarı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunan proqram aşıq sənətinin iki qədim coğrafiyasını — Azərbaycan və Anadolu aşıq mühitini eyni səhnədə bir araya gətirib. Tədbir sazın, sözün və milli-mənəvi dəyərlərin ortaq yaddaş üzərində formalaşan birləşdirici gücünü ön plana çıxarıb.
Qars Azərbaycan İş Adamları Dərnəyinin ev sahibliyi ilə baş tutan proqramda Azərbaycanın və Türkiyənin tanınmış aşıqları iştirak edərək klassik aşıq havaları, deyişmələr və ustadnamələrlə çıxış ediblər. Gecə boyunca ustad sənətkarlar tərəfindən Aşıq Ələsgərin poetik irsindən nümunələr səsləndirilib, sənətkarın həyat və yaradıcılığına dair xatirələr bölüşülüb. Bununla yanaşı, saz müşayiəti ilə ifa olunan şeirlər və dastan parçaları tədbir iştirakçıları tərəfində böyük maraqla qarşılanıb.
Açılış nitqində çıxış edən Azərbaycanın Qardakı Baş konsulu Zamin Əliyev Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahədə deyil, mədəni-mənəvi müstəvidə də güclü təməllərə söykəndiyini bildirib. O, saz və söz sənətinin ortaq milli yaddaşın daşıyıcısı olduğunu qeyd edərək bu cür tədbirlərin iki qardaş xalq arasındakı mənəvi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra Qars Bələdiyyə Başkanı Prof. Dr. Ötüken Senger çıxış edəeək Qars şəhərinin tarixən türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayıb. O, Azərbaycan aşıq mühitinin Anadolu aşıq ənənəsi ilə ortaq köklərə malik olduğunu qeyd edərək, belə sənət görüşlərinin ortaq irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasyon Başkanı Ədalət Turan çıxışında Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın son illərdə daha da genişləndiyini qeyd edib. O, aşıq sənətinin türk xalqlarının mənəvi dünyasını əks etdirən nadir irs nümunəsi olduğunu bildirərək, bu kimi layihələrin ortaq dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Qars Azərbaycan İş adamları Dərnəyi başkanı Zeki Demiral isə proqramın təşkilində əsas məqsədin Azərbaycan ilə Türkiyə arasında mövcud olan mədəni bağları daha da gücləndirmək, xüsusilə gənc nəslə ortaq saz-söz irsini tanıtmaq olduğunu bildirib. O, Qarsın tarixən Azərbaycan mədəniyyətinə yaxınlığı ilə seçildiyini və bu baxımdan tədbirin məhz bu şəhərdə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, böyük el sənətkarı Aşıq Ələsgərin nəvəsi Xətai Ələsgər çıxışında ustad sənətkarın zəngin yaradıcılığından, onun türk dünyası mədəniyyətindəki yerindən və aşıq sənətinə verdiyi misilsiz töhfələrdən bəhs edib. O bildirib ki, Aşıq Ələsgər irsi yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qiymətli mənəvi sərvət hesab olunur.
Çıxışlarda ümumilikdə vurğulanıb ki, “Azərbaycandan Qarsa Sazın Sözün Körpüsü” kimi layihələr ortaq mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm missiya daşıyır və Azərbaycan–Türkiyə qardaşlığının mədəni müstəvidə daha da möhkəmlənməsinə xidmət edir.
Proqram çərçivəsində Aşıq Məqsud Fəryadı Koca, Aşıq Zülfiyyə İbadova, Aşıq Ramin Qarayev, Aşıq Tural Bağırov, balaban ifaçısı Asiman İsmayıllı və Aşıq Əfqan Şamilov çıxış ediblər. Tədbirdə həmçinin məruzəçi qismində Xətai Ələsgərov iştirak edib. Gecənin moderatorluğunu İlhamə Qəsəbova və Kemal Alin həyata keçiriblər.
Tədbirdə çıxış edən sənət adamları və tədqiqatçılar aşıq sənətinin yalnız musiqi və söz ənənəsi deyil, həm də türk dünyasının ortaq mənəvi-mədəni yaddaşı olduğunu vurğulayıblar. Bildirilib ki, bu cür layihələr ortaq folklor irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycandan Qarsa Sazın Sözün Körpüsü” adlı anım proqramı iki qardaş ölkə arasında mədəni əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, saz və söz sənətinin yaşadılması istiqamətində də mühüm addım kimi dəyərləndirilib. Tədbir iştirakçıları proqramın gələcək illərdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini qeyd edərək, aşıq sənətinin türk dünyasının ortaq mədəni sərvəti kimi qorunmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


