Ankarada Azərbaycan tarı və sazı ilə bağlı ustad dərsi Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ankara Gözəl Sənətlər və Musiqi Universitetində Aşıqlıq ənənəsi topluluğu ilə Azərbaycan Muğam Sənəti İcra Topluluğunun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda tar ifaçılığı- Azərbaycan aşıqlıq ənənəsi və aşıq sazı ” mövzusunda seminar və ustad dərsi keçirilib.

 

Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin dəvəti ilə təhsil ocağının təşkil etdiyi seminar və ustad dərsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, dosent, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  İlhamə Qəsəbova iştirak ediblər.

İlhamə xanımdan aldığımız bilgiyə görə, seminarda tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, milli musiqi irsində tar sənətinin yeri və əhəmiyyəti, tar ifaçılığı sənətinin tarixi inkişaf mərhələləri barədə geniş və əhatəli məruzə ilə çıxış edib. Məruzədə xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda tar alətinin təkmilləşdirilməsi prosesi, bu istiqamətdə görkəmli sənətkarların fəaliyyəti, tarın texniki və akustik imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Bununla yanaşı, tarda muğamların, xalq musiqisinin və Azərbaycan bəstəkarlarının əsərlərinin ifa xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Seminar iştirakçıları Azərbaycan musiqi mədəniyyətinin zəngin ənənələrini əks etdirən bu ustad dərsini böyük maraqla izləyiblər. Tarzən nəzəri məlumatlarla kifayətlənməyərək seminar iştirakçılarına əyani şəkildə müxtəlif Azərbaycan muğamlarından parçalar ifa edib, ifa zamanı istifadə olunan mizrab texnikaları, ştrixlər, keçidlər və improvizasiya xüsusiyyətləri barədə geniş izahlar verib. İştirakçılar canlı ifa vasitəsilə Azərbaycan tar məktəbinin incəliklərini yaxından müşahidə etmək imkanı əldə ediblər.

Səmimi və yaradıcı mühitdə keçən seminar zamanı Sahib Paşazadə tar ifaçılığının solo və müşayiət formaları, ansambl daxilində tarın rolu, ifa zamanı musiqi duyumu və improvizasiya bacarıqları haqqında praktik nümunələr təqdim edib. O, həmçinin tələbələrin Azərbaycandakı muğam məktəbləri, regional ifa xüsusiyyətləri və müasir dövrdə tar sənətinin inkişaf perspektivləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb. Əməkdar artist Sahib Paşazadənin virtuoz ifası professor-müəllim heyəti və tələbələr tərəfindən yüksək alqışlarla qarşılanıb, tədbir iştirakçılarında unudulmaz təəssürat yaradıb.

Uzun illərdir Türkiyədə yaşayan tanınmış tar ifaçısı, həmyerlimiz Abdulla Qurbaninin də seminara qatılıb və belə seminarların hər iki qardaş ölkələrin müsiqi mədəniyyətinin birgə inkişak və təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.

Əlbət ki, tarla yanaşı diqqət mərkəzində həm də saz olub. Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan aşıq yaradıcılığı, bu sənətin tarixi inkişaf mərhələləri, janr xüsusiyyətləri və poetik sistemi, eləcə də ustad-şəyird münasibətlərinin mahiyyəti və ənənəvi ötürülmə mexanizmləri haqqında əhatəli ustad dərsi keçib.

Seminar çərçivəsində aşıq sənətinin milli-mədəni yaddaşın qorunmasında rolu, onun folklorşünaslıq baxımından əhəmiyyəti və müasir dövrdə yaşadılması istiqamətində aparılan elmi və praktik fəaliyyətlər geniş şəkildə izah olunub. Xüsusilə, aşıq ifaçılığında sazın funksional rolu, dastan ənənəsi, şifahi poetik irsin struktur xüsusiyyətləri və improvizasiya bacarığının əhəmiyyəti diqqətə çatdırılıb.

Seminarda Ankara Gözəl Sənətlər və Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri fəal iştirak ediblər, mövzu ətrafında elmi müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Əlbəttə ki, bu kimi elmi-maarifləndirici tədbirlər Azərbaycan aşıq sənətinin beynəlxalq müstəvidə tanıdılması, eləcə də mədəniyyətlərarası elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Seminarın sonunda Sahib Paşazadə və İlhamə Qəsəbova universitetin rəhbərliyi tərəfindən Sertifikatla təltif edilib.

Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin rektoru professor Erhan Özden qonaqlarla görüşərək ali təhsil müəssisəsi ilə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə əməkdaşlığın perspektivləri mövzusunda fikir mübadiləsi aparıblar. Erhan Özden ötən il Bakıda keçirilən AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu zamanı BMM-də olduğundan məmnunluğunu ifadə edərək iki qardaş ölkə arasında musiqi sənəti sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.     

Sahib Paşazadə və İlhamə Qəsəbova universitetdə saz və tar ifaçılığı ixtisaslarının fəaliyyət göstərməsini yüksək qiymətləndiriblər. Vurğulanlb ki, bu kimi elmi-maarifləndirici tədbirlər Azərbaycan tar ifaçılığı və aşıq sənətinin beynəlxalq müstəvidə tanıdılması, eləcə də mədəniyyətlərarası elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.