Qaziantep Konfransı: Mədəni irsin qorunmasında beynəlxalq və milli yanaşmalar Featured

28 aprel 2026-cı il tarixində Türkiyənin Qaziantep şəhərində keçirilən "Türk Mədəni İrsinə aid Strateji Əməkdaşlıq Konfransı: Mədəni Mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə" öz işini geniş tərkibli sessiyalarla davam etdirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirin ikinci günü olan Texniki Seminar çərçivəsində əsas diqqət beynəlxalq və milli əməkdaşlıq modelləri vasitəsilə mədəni dəyərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəlib. 

Günün ilk sessiyasında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Yasemin Name Genç nazirliyin bu sahədəki fəaliyyətindən danışıb.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən isə layihə rəhbəri Nuri Aksu və Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsinin koordinatoru (“Ostrov Krım” Laboratiyası) Elina Altınbekova Fondun mədəni irsin qorunması istiqamətində gördüyü işləri təqdim ediblər.

Sessiyanın davamında Macarıstanın təcrübəsi Macarıstan Tikinti və Nəqliyyat Nazirliyinin Mədəni Sərvətlər Departamentinin nümayəndəsi Virag Judit Kata, Milli Vergi və Gömrük Administrasiyasında Gömrük Leytenantı Péter Tóth və Milli Vergi və Gömrük Administrasiyası, Beynəlxalq Əlaqələr Departamentində Baş məmur  Bence Ábel Szöts, həmçinin Macarıstan Polisinin Türkiyədəki rabitə məmuru András Papp tərəfindən geniş şəkildə şərh olunub. 

İkinci sessiyada dövlətlərin milli strategiyaları üzrə təqdimatlar davam etdirilib.

Azərbaycan Respublikasının bu sahədəki fəaliyyəti Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki Hüseyn Mənsimli, Dövlət Gömrük Komitəsinin Analitika və Kəşfiyyat şöbəsinin rəisi Zübeydə Rüstəmli və Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin nümayəndəsi Orduxan Qəhrəmanzadə tərəfindən diqqətə çatdırılıb.

Qazaxıstan Respublikasını təmsil edən nümayəndə heyətinin üzvləri – Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin məsul şəxsi Diana  Jolmuxanova, Ədliyyə Nazirliyinin İntellektual Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, İntellektual Mülkiyyət Hüquqları Komitəsinin Müəllif Hüquqları və Əlaqəli Hüquqlar İdarəsinin eksperti (Ədliyyə Nazirliyi) Zarina Kuanışbayeva, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin şöbə müdiri Ayan Kolbay öz ölkələrində intellektual mülkiyyət və gömrük nəzarəti mexanizmləri barədə məlumat veriblər.

Qırğızıstan nümayəndələri Dövlət Gömrük Xidmətində Baş əməliyyatçı Bekbolot Bektemirov, Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin Baş mütəxəssisi Nurzat Ybıkeva, Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin redaksiya rəisi Nurlan Qaparov öz növbələrində milli təcrübələrini iştirakçılarla bölüşüblər.

Günün ikinci yarısı Türkiyədəki əməkdaşlıq modellərinin müzakirəsinə həsr olunub: Konfransın "Türkiyədə Əməkdaşlıq Modelləri" adlı üçüncü sessiyasında Türkiyə Respublikası Ticarət Nazirliyinin (Gömrük Baş İdarəsi) ticarət eksperti Emel Özcan "Mədəni İrsin Qeyri-qanuni Dövriyyəsinin Qarşısının Alınmasında Gömrüyün Rolu" mövzusunda, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin (KOM) komissarı Mehmet Ali Korkut isə "Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsi ilə Mübarizədə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamentinin (KOM) Rolu" mövzusu ilə çıxış ediblər.

 Bu sessiyada Türkiyə Ticarət Nazirliyindən Emel Özcan gömrük nəzarətinin rolundan, Daxili İşlər Nazirliyinin əməkdaşları Mehmet Ali Korkut (KOM) və Jandarma polkovniki Murat Ekenel isə qaçaqmalçılıqla mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətindən bəhs ediblər. Həmçinin Türkiyə Ədliyyə Nazirliyinin hakim-referenti Engin Sağlam mədəni irsin qorunmasının hüquqi tərəflərini izah edib

Həmin sessiyanın davamında Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının jandarma polkovniki Murat Ekenel "Mədəni Dəyərlərin Qanunsuz Dövriyyəsi ilə Mübarizədə Jandarma Baş Komandanlığının Rolu" mövzusunda, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin hakim-referenti Engin Sağlam isə "Mədəni Dəyərlərin Qanunsuz Dövriyyəsi ilə Mübarizədə Ədliyyə Nazirliyinin Rolu" mövzusu ilə məruzə ediblər.

Məruzələrdən sonra keçirilən sual-cavab sessiyasında iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Günün proqramı iştirakçıların dünyanın ən mühüm mozaika mərkəzlərindən biri hesab olunan Zevqma Arxeologiya Muzeyinə təşkil edilən ekskursiyası ilə yekunlaşıb.

Qeyd etmək lazımdır ki, bu nüfuzlu tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Arxeologiya və Mədəni İrs İnstitutu, TİKA və Qaziantep Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.