Türk Mədəniyyəti və İrsi Fondunun Təşkilatçılığı ilə Qaziantepdə Beynəlxalq Konfrans öz işinə başlayıb
27 aprel 2026-cı il tarixində, Türkiyənin Qaziantep şəhərində Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Arxeologiya və Mədəni İrs İnstitutu, TİKA və Qaziantep Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Türk Mədəni İrsinə aid Strateji Əməkdaşlıq Konfransı: Mədəni Mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda Beynəlxalq Konfrans öz işinə başlayıb.
"Ədəbiyyat və incəsənət" portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən nümayəndələr, həmçinin beynəlxalq mütəxəssislər bir araya gəlib mədəni irsin qanunsuz dövriyyəsinə qarşı mübarizə, institusional əməkdaşlıq imkanları və ortaq mühafizə mexanizmlərini müzakirə edcəcəklər.
Tədbirin əsas məqsədi mədəni mülkiyyətin qanunsuz dövriyyəsi sahəsində koordinasiyanın gücləndirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də davamlı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.
Konfransın açılış sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova çıxış edərək mədəni irsin qorunmasının həm tarixi, həm də mənəvi bir vəzifə olduğunu vurğulayıb. Fondun prezidenti çıxışında həmçinin qeyd edib ki, əsər qaçaqmalçılığı və qanunsuz ticarət bu gün ümumi mirasımızı ciddi şəkildə təhdid edir.
Professor Aktotı Raimkulova Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, TİKA-ya, Qaziantep valiliyinə, yerli bələdiyyəyə və tərəfdaş qurumlara proqramın reallaşmasındakı dəstəklərinə və qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. Həmçinin konfransın gedişatına və iştirakçılara bu strateji əməkdaşlıq yolunda uğurlar arzulayıb.
Açılışda eləcə də Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Dr. Ali Ercan, Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin müavini Bülent Gönültaş, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman və Türk Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri Prof. Şaban Doğan çıxış edərək Qaziantepdə reallaşan bu platformanın mədəni irsin qorunması sahəsində gələcək birgə layihələr üçün yeni perspektivlər yaradacağını bildiriblər.
Kofransın ilk günündə eyni zamanda “UNESCO-nun 1970-ci il Konvensiyası, Mədəni mülkiyyətin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin beynəlxalq hüquqi və diplomatik yolları” sessiyası çərçivəsində UNESCO-nun Almatı Regional Ofisinin direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piric; "Mədəni irsin qorunmasında ICOM-un fəaliyyəti və qanunsuz dövriyyəyə qarşı Qırmızı Siyahıların əhəmiyyəti" sessiyası çərçivəsində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri İbrahim Barış Sarıca; "Mədəni irsin qanunsuz ticarətinə qarşı mübarizədə qurumlararası koordinasiyanın rolu" sessiyası çərçivəsində BMT-nin UNODC (Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi) Cənub-Şərqi Avropa üzrə Regional Ofisinin rəsmisi Danilo Rizzi; "Mədəni irsin geri qaytarılmasında dövlətlərarası sazişlərin və vətəndaş cəmiyyətinin rolu" sessiyası çərçivəsində Corciya Universitetinin (ABŞ) fəxri professoru Ceyms Rip məruzələrini təqdim edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.
30 aprelə qədər davam edəcək proqram çərçivəsində panel sessiyaları və iştirakçılar üçün Antik Şəhərlərə tanışlıq turları təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


