Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu Featured

Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatı üzrə yeni araşdırma

 

 Elvira Məmmədova,

“Ədəbiyyat və incəsənət”

 

Azərbaycan uşaq ədəbiyyatı sahəsində mühüm elmi tədqiqatlardan biri olan, Türkiyəli tədqiqatçı Dr. Yaşar Sözenin “Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında hekayə” (“Bağımsızlık Dönemi Azerbaycan Çocuk Edebiyatında Hikâye”) adlı kitabı nəşr olunub. Müəllifin doktorluq dissertasiyası əsasında hazırlanmış bu əsər Türkiyədə, “Bengü” Nəşriyyatı tərəfindən türk dilində çap edilərək oxuculara təqdim edilib və müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişafını, xüsusilə hekayə janrını geniş şəkildə araşdırır.

 

5 illik tədqiqatın bəhrəsi olan 734 səhifədən ibarət kitabda Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolu üç əsas mərhələ üzrə təqdim olunur: Maarifçilik, Sovet və Müstəqillik dövrləri.

Maarifçilik dövründə uşaq ədəbiyyatı əsasən tərbiyəvi və maarifləndirici xarakter daşıyıb.

Sovet dövründə isə ideoloji təsirlərə baxmayaraq, bədii baxımdan zəngin əsərlər yaranıb.

1991-ci ildən sonra başlayan müstəqillik dövründə isə milli dəyərlər, vətənpərvərlik, mənəvi keyfiyyətlər uşaq ədəbiyyatında əsas istiqamətlərdən birinə çevrilib.

 

Kitabda əsas diqqət uşaq hekayələrinin inkişafına yönəldilib. Müəllif yüzlərlə hekayəni araşdıraraq onların mövzu, obrazlar, dil və ideya baxımından xüsusiyyətlərini təhlil edib. Araşdırma nəticəsində müstəqillik dövründə yazılmış uşaq hekayələri əsasında “uşaq hekayə xəritəsi” hazırlanıb. Bu xəritə vasitəsilə dövrün əsas mövzuları, ideyaları və ədəbi istiqamətləri sistemli şəkildə ümumiləşdirilib.

 

Tədqiqat çərçivəsində müxtəlif müəlliflərin yaradıcılığı da diqqət mərkəzində olub. Kitabda Zahid Xəlil, Elvira Məmmədova, Əfsanə Laçın, Reyhan Yusifqızı, Aygün Bünyatzadə, Rafik Yusifoğlu, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Solmaz Amanova və digər yazıçıların əsərləri təhlil edilərək onların Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı rolu göstərilib.

 

Əsərdə uşaq ədəbiyyatının pedaqoji və tərbiyəvi əhəmiyyəti də xüsusi vurğulanır. Qeyd olunur ki, uşaq hekayələri uşaqlarda oxu vərdişlərinin formalaşmasına, təxəyyülün inkişafına və milli-mənəvi dəyərlərin aşılanmasına mühüm təsir göstərir.

Müəllif tədqiqat zamanı həm nəzəri, həm də praktik metodlardan istifadə edib, müxtəlif elmi mənbələrə və sahə araşdırmalarına əsaslanıb. Toplanan materiallar əsasında Azərbaycan uşaq ədəbiyyatının müstəqillik dövrü hərtərəfli şəkildə təhlil olunub.

Qeyd olunur ki, bu tədqiqat yalnız Azərbaycan ədəbiyyatı üçün deyil, ümumilikdə Türk dünyası uşaq ədəbiyyatının öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir və gələcək araşdırmalar üçün dəyərli elmi mənbə hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.