Qazaxıstanın paytaxtı Astana şəhərində IX Beynəlxalq kitab sərgi-yarmarkası – Astana Eurasian Book Fair – 2026-nin təntənəli açılış mərasimi baş tutub.
Açılış mərasimi Prezident Mərkəzində təşkil olunub. Mərkəzi Asiyanın ən genişmiqyaslı mədəni-maarif tədbirlərindən biri hesab edilən sərgidə dövlət və ictimai xadimlər, tanınmış yazıçılar, eləcə də xarici ölkələrin səfirləri iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalına HƏDƏF mediadan verilən məlumata görə, sərgi-yarmarkanın təşkilatçısı "Foliant Publishing House" nəşriyyatıdır. Tədbir Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, Astana şəhər İcra Hakimiyyəti və "Qazaq Creative" fondunun dəstəyi ilə keçirilir.
Qeyd olunub ki, sərgidə 80-dən çox nəşriyyat, elmi-təhsil və poliqrafiya şirkəti iştirak edir və onların yarısını Qazaxıstan təşkilatları təşkil edir. Bununla yanaşı, tədbirdə Azərbaycan da daxil olmaqla Rusiya, Türkiyə, Qırğızıstan, Özbəkistan, Monqolustan, İspaniya, Çin, İran, Belarus, Portuqaliya, Venesuela və Böyük Britaniyadan olan qurumlar təmsil olunur.
Azərbaycan sərgidə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi tərəfindən təmsil edilir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


