Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA arasında Anlaşma Memorandumu imzalanıb Featured

11 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil qərargahını ziyarət edib və TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı fondun Prezidenti, professor Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Aktotı Raimkulova türk xalqlarının ortaq dəyərlərinin mənəvi sütun rolunu oynadığını xüsusi vurğulayıb. O bildirib ki, Fondun əsas hədəfi bu qədim irsi təkcə qorumaqla məhdudlaşmamaq, həm də müasir çağırışlara uyğun olaraq beynəlxalq müstəvidə layiqincə təbliğ etməkdir. Fond Prezidenti həmçinin qeyd edib ki, TÜRKPA ilə qurulan sıx əməkdaşlıq ortaq mədəni irsin hüquqi bazasının möhkəmləndirilməsinə və türk dünyasının birliyinin daha da dərinləşməsinə xidmət edəcəkdir.

TÜRKPA-nın Baş katibi Ramil Həsən nümayəndə heyəti ilə görüşdə 15 mart 2026-cı il tarixində Qazaxıstanda keçiriləcək Konstitusiya referendumunun müşahidəsinə hazırlıq məsələlərini diqqətə çatdırıb və bu islahatların türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Təşkilatın qanunvericilik sahəsindəki roluna toxunan Baş katib, daimi komissiyalar çərçivəsində mədəni irsin qorunması üzrə model qanunların hazırlanması və gələcək birgə təşəbbüslərin dəstəklənməsi istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş birgə təşəbbüslərin həyata keçirilməsi ilə türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin gücləndirilməsinə, eləcə də türk mədəni və siyasi irsinin regional və beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş Anlaşma Memorandumunun imzalanma mərasimi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.