Türk Mədəniyyəti və İrsi Fondu Parisdə Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Featured

 

15 dekabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbir çərçivəsində Fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı baş tutub, eyni zamanda dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (azərbaycan, rus, ingilis dili) təqdim olunub.

Tədbirin məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin 15 dekabr — Ümümdünya Türk Dili Ailəsi Günü ilə əlaqədar keçirildiyini qeyd edərək, bunun rəmzi əhəmiyyətini vurğulayıb. O, Əcəmi Naxçıvaninin yaradıcılığını Türk dünyasının intellektual və mənəvi irsinin parlaq təcəssümü kimi yüksək qiymətləndirib, onun memarlıq əsərlərinin yüksək texniki ustalığı, fəlsəfi dərinliyi və mədəni kimliyi özündə birləşdirdiyini bildirib. Həmçinin yubiley tədbirinin UNESCO çərçivəsində keçirilməsinin bu irsin dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən məqam kimi qeyd edilib.

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət Məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, Azərbaycan Memarlar İttifaqının katibi Rasim Babakişiyev, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli tədbir çərçivəsində çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri, Müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, UNESCO rəsmiləri, Fransada akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, iştirak ediblər.

Tədbir təntənəli şəraitdə keçirilib, mədəni irsin qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.