Aktotı Raimkulova TRT World Forum 2025 çərçivəsində spiker qismində Featured

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbulda keçirilən TRT World Forum 2025 çərçivəsində “Mərkəzi Asiyada Mədəni Diplomatiya və Kollektiv Kimlik: Regional Əlaqə və Birliyə Aparan Yollar” adlı Ekspertlər Dəyirmi Masasında spiker qismində çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, panel zamanı Aktotı Raimkulova Fondun fəaliyyəti, həyata keçirilən layihələr və Türk dünyasında mədəni inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Xanım A. Raimkulova, həmçinin Fondun YUNESKO, İSESKO, Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Türk Akademiyası, TÜRKPA və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edərək, bu tərəfdaşlıqların Türk dünyasının səsinin qlobal səviyyədə eşidilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Paneldə akademik mübadilələrin, ortaq dil və təhsil proqramlarının insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını qeyd edən Fond prezidenti bu istiqamətdə həyata keçirilən layihələr - “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının görkəmli şəxsiyyətləri” və “Türk Dünyasının Tarixi İnciləri” seriyaları, eləcə də TurkDiscovery adlı rəqəmsal platformanın beynəlxalq səviyyədə maarifləndirici rolunu xüsusi vurğulayıb.

Aktotı Raimkulova həmçinin Fondun mədəni irsin qorunması və təqdimatı sahəsində həyata keçirdiyi nümunəvi layihələr –“Türk dünyasının mədəni kodu” Türk dünyasının mədəni irsi kataloqu və “Türk Folklor İrsi” adlı Antologiyası, “Divanü Lügat-it-Türk”ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə yubiley tədbirləri, “Qurama” sənəti festivalı, “MIRAS” etnodizaynerlər forumu və digər təşəbbüsləri barədə də məlumat verib.

Onun sözlərinə görə, Fondun əsas məqsədi keçmişin irsini gələcəyin dəyərlərinə çevirmək, mədəniyyət vasitəsilə xalqlar arasında dayanıqlı əməkdaşlıq, dialoq və birliyi möhkəmləndirməkdir.

TRT World kanalının aparıcısı və müxbiri Cəffər Hasnainin moderatorluğu ilə baş tutan sessiya müzakirəsində, Qırğız Respublikasının sabiq Baş naziri Joomart Otorbaev, Qırğız Respublikasının keçmiş mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais və çıxış ediblər.

Müzakirə sessiyası Mərkəzi Asiyada mədəni diplomatiyanın, ortaq kimlik və mədəni irsin regional əməkdaşlıqda oynadığı rola həsr olunub.  Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.