Sentyabrın 26-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə qonaqlar sarayın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.
MURAD HÜSEYNOV
Forumda açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur.
Nazir müavini onu da qeyd edib ki, “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum bu gün növbəti dəfə dəyərli elm və sənət xadimlərini bir araya toplayıb. İki paneldən ibarət bu forumda Üzeyir Hacıbəyli yaradıcılığının qlobal aləmdə - Şərq və Qərbdə təcəssümü, onun dünya musiqi sənətində mövqeyi barədə mülahizələr və diskussiyalar dinləniləcəkdir.
Dahi bəstəkarın yaradıcılığına daha fərqli prizmadan baxış imkanları olacaqdır. Forumda yerli tədqiqatçılar, elm adamları ilə bərabər xarici qonaqlar da öz fikirlərini paylaşacaqlar.
AKTOTI RAİMKULOVA
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz çıxışında Üzeyir Hacıbəylinin dünya, o cümlədın türk xalqları musiqisinin inkişafındakı misilsiz rolundan danışıb, “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forumun əhəmiyyətinə toxunaraq, Hacıbəyli irsinin öyrənildikcə öyrənilməsinin vacibliyinə toxunubdur.
ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək Üzeyir Hacıbəylinin əbədiyaşar irsindən danışıblar.
Sonra forum iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən filmi izləyiblər.
Gün ərzində Forum işini panel sessiyalarla davam etdirəcəkdir.
Forum barədə xəbərlərimiz davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)