Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı o qədər zəngin, o qəsər çoxşaxəlidir ki, nə qədər müraciət etsən, hansı aspektdən yanaşsan belə, yenə də tam bələd ola bilməyəcək, tam qavramağın mümkünsüz olacaq.
Təsadüfi deyil ki, Nizami Gəncəvi bütün dünyada, o cümlədən türk dünyasında – Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və digər ölkələrdə sevilir, təbliğ olunur, təkrar-təkrar nəşr edilir.
Ötən gün Türk Mədəniyyəti və İrsi Fondunun Bakı şəhərindəki mərkəzi qərargahında təşkilatın əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına həsr olunmuş “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirildi - “Aqibətnamə” Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm mövzularına dair ədəbi şərhlərdən ibarət esselər toplusudur.
Tədbirdə TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş türk ölkələri diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri, media təmsilçiləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirdi ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.
“Fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər və müxtəlif beynəlxalq tədbirlər türk xalqlarının zəngin ədəbi və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun bir çox tədbirlərində iştirak edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər müxtəlif kitab sərgilərində nümayiş etdirilib", - deyə A.Raimkulova vurğuladı.
Tədbirin moderatoru olan Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər yalnız klassik və müasir ədəbiyyatın təqdimatı deyil, həm də türkdilli ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Səlim Babullaoğlu Nizami irsinin öyrədilməsi və təbliğində qiymətli bir mənbə olaraq bu nəşrə daim müraciət ediləcəyinə əminliyini bildirdi.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirdi ki, şairin əsərlərində milli dəyərlərin qorunması və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq şəkildə görünür.
“‘Aqibətnamə" oxuculara insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını dərindən təqdim edir. Əsərdəki hekayələr və təhlillər milli dəyərlərin qorunması, insan xarakterinin incəlikləri və cəmiyyətlə fərd arasındakı münasibətləri geniş şəkildə əks etdirir”, - deyə akademik bildirdi.
Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktoru, professor Rüstəm Kamal fondun təşəbbüsü ilə işıq üzü görən nəşrlərin oxucular arasında böyük maraq yaratdığını, həmçinin türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin qorunması və insan taleyi mövzularını ustalıqla işləməklə yanaşı, türk dünyasının ortaq mədəni irsinin təbliğini də yüksək qiymətləndirdilər.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, şair Qismət nəşrin ədəbi-fəlsəfi məziyyətlərindən söz açaraq gənc müəllifin yaradıcılığını yüksək qiymətləndirdilər.
Tədbir boyu Fərid Hüseynin şeirləri tanınmış qiraətçilər Tural Əhməd, Günel Həmidova, Sabirə Abdullayevanın ifalarında səsləndi, gənc şairin şeirlərinə bəstələnən mahnılar Elgiz Əliyev, Aişən Mehdiyeva, Yaqut Xəlilzadənin ifalarında dinlənildi. Xanəndələri tarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah müşayiət edirdilər.
Tədbirin sonunda F.Hüseyn oxucular üçün kitablarını imzaladı və xatirə fotosu çəkildi.
Bəli, dahi Nizami Gəncəvi yüzlərlə, minlərlə kitaba mövzu verib, hələ bundan sonra da verəcək. Yetər ki, şairin “Xəmsə”sini bir dəfə vərəqləyəsən.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)