Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, YUNESKO görkəmli qazax bəstəkarı və dirijoru Nurgisa Tlendiyevın bu ilə təsadüf edən 100 illiyi yubileyini tarixi əhəmiyyətə malik yubileylərin siyahısına daxil edib. Bu münasibətlə təşkilatın Paris şəhərində yerləşən mənzil-qərargahında “İlhamın kökləri: Nurgisa Tlendiyevin irsi” adlı Xalq Musiqi Alətləri Üzrə Beynəlxalq sərgi keçirilir.
Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun fəal dəstəyi ilə Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, Almatı şəhərinin Akimatı və Almatı şəhəri Muzeylər Birliyinin təşkilatçılığı ilə reallaşdırılıb.
Ekspozisiyada Almatı Muzeylər Birliyinin fondlarından 60-dan çox eksponat nümayiş olunur. Bunlar müəllifin nadir əlyazmaları, partituraları, şəxsi əşyaları, həmçinin əfsanəvi “Dariga Dombra”dır. Bu dombra Nurgisa Tlendiyevə bir vaxtlar ustadı olan böyük qazax musiqişünası və bəstəkarı Ahmet Jubanov tərəfindən hədiyyə olunub.
Sərgi beş bölməyə ayrılıb. Bu bölmələr Nurgisa Tlendiyevin həyat yolunu əks etdirir. Həmçinin ayrıca bölmədə Yıxlas adına Qazax Milli Musiqi Alətləri Muzeyinin kolleksiyasından türk xalqlarına məxsus musiqi alətləri nümayiş etdirilir.
Layihənin məqsədi Qazaxıstanın musiqi irsini beynəlxalq arenada təbliğ etməkdir.
Qeyd edək ki, sərgi YUNESKO tərəfindən beynəlxalq mədəni əməkdaşlığın və xalqlar arasında dialoqun təşviqi baxımından mühüm bir hadisə kimi dəyərləndirilib. UNESCO nümayəndələri sərginin açılışında çıxış edərək Nurgisa Tlendiyevin xalq musiqisini klassik musiqi ilə birləşdirən nadir sənətkar olduğunu vurğulayıblar və onun irsinin bəşəriyyətin ümumi mədəni sərvəti olduğunu qeyd ediblər.
Ümumilikdə, UNESCO bu yubileyi sərgini mədəni müxtəlifliyin qorunması və təbliği baxımından nümunəvi bir təşəbbüs kimi qiymətləndirib.
Təsadüfi deyil ki, Türk Dünyası Mədəniyyət və İrs Beynəlxalq Fondunun prezidenti Aktotı Raimkulova söyləyir:
“Görkəmli müəllif Nurgisa Tlendiyevin yaradıcılığı həm müasir bəstəkar məktəbimizə, həm də ifaçılıq sənətinə böyük təsir göstərmişdir. O olmasaydı, musiqi tamamilə başqa cür olardı. Onun orkestr üçün yazdığı kompozisiyalar və əsərlər öz heyrətamiz səslənişi ilə valeh edir. Bu, şübhəsiz, bizim qürurumuzdur — qazax musiqi sənətinin qürurudur.”
Klassik və milli musiqini sintez edərək Qazax musiqi məktəbinin yaradıcılarından biri kimi tarixə düşən Nurgisa Tlendiyev 1 aprel 1925-ci il tarixində Almatı regionunun Şilikəmir kəndində dünyaya gəlib, sonralar kənd onun şərəfinə adlandırılıb. Atası dombra ifaçısı, anası isə vokal və musiqi alətlərini sevən bir insan olublar, musiqi ilə bağlı ailədə böyüməsi öz sözünü deyib, Nurgisa beş yaşında pianoda ifa etməyə başlayıb.
1937-ci ildə o, Ahmet Jubanovun mentorluğuna düşüb, bu fitri istedada malik uşaq 12 yaşında orkestrin konsertmeysteri, 14 yaşında isə baş direktorun köməkçi olub. Böyük Vətən Müharibəsi başlayanda yaşını böyük göstərərək orduya yazılıb.
Müharibədən sonra Qazax Dövlət Konservatoriyasının xalq alətləri fakültəsinə qəbul olunub; daha sonra Moskva Konservatoriyasında ilk qazax tələbəsi kimi ixtisaslaşıb. Professor N.Anosovun sinfində oxuyub, Böyük Teatrda təcrübə keçib.
1953-cü ildə Abay Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru təyin olunub, “Orteke”, “Dostyk Zholy” və “Mənim Qazaxstanım” kimi balet və kantatalar yaradıb.
1961–1964-cü illərdə Qurmangazy Orkestrinin baş diijoru və bədii rəhbəri, Abay adına Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb; “Ata Tolgau”, “Halyk Kuanyshy”, “Kairat” kimi əsərlər yaratdı və “Mənim Adım – Qoja” filmində musiqisi yer alıb.
1982-ci ildə “Otyrar Sazy” folkor-etnoqrafik orkestrini təsis edib və uzun müddət ona rəhbərlik edib. Bu orkestr səsləndirdiyi dombra və kobyz kimi qədim alətlərlə milli musiqi ənənələrini qorudu və inkişaf etdirib.
Onun çoxşaxəli musiqi irsi 500‑dən çox əsərə malikdir: operalar, balet, kantatalar, sənədli film və animasiya musiqiləri, həmçinin 32 kuidən ibarətdir.
O, SSRİ Xalq Artisti, Qazaxıstanın Millət Qəhrəmanı fəxri adlarına layiq görülüb. Görkəmli musiqi xadimi 1998-ci ildə vəfat edib və Almatıda xatirə muzeyi fəaliyyət göstərir, şəhərdə onun monumental abidəsi göz oxşayır.
Bu il TURKSOY tərəfindən “Tlendiyev ili” elan edilib, onun 100 illik yubiley tədbirlərini YUNESKO beynəlxalq orkestr konsertləri, sərgilər və festivallarla qeyd etməkdədir.
Tarixdə iz qoyan şəxslər əlbəttə ki, unudulmur.
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)