Türk Mədəniyyəti və İrsi Fondu “Berel” qoruq-muzeyinə ziyarət təşkil edib Featured

Şərqi Qazaxıstan vilayətinin Katon-Karagay rayonunda təşkil olunan “Altay – Türk Dünyasının Beşiyi” adlı Beynəlxalq Musiqi Festivalı, beynəlxalq aşıq deyişməsi (aytış) və elmi konfranslar kimi bir sıra mədəni tədbirlər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu yanında fəaliyyət göstərən Bərpaçılar, Tarixçilər və Memarlardan ibarət Məşvərət Şurasının “Berel” qoruq-muzeyinə səfəri baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fond tərəfindən təşkil olunmuş bu səfərin məqsədi ekspert diqqətini Altayın unikal tarixi-mədəni irsinə yönəltmək və onun qorunması üçün elmi əsaslandırılmış tövsiyələrin hazırlanmasına təkan vermək olub.

Türk ölkələrini təmsil edən Şura üzvləri memarlıq və bərbaçılıq, arxeologiya və abidələrin qorunması sahəsində çoxillik təcrübəyə malik aparıcı mütəxəssislərdir. Belə ki, dünya miqyasında vacib hesab edilən abidələrin bərpası üzrə uğurla həyata keçirilmiş layihələrin müəllifləri, elmi araşdırmalar və mədəni irsin qorunması sahəsində praktik fəaliyyətləri ilə tanınırlar.

“Berel” qoruq-muzeyinə səfər çərçivəsində iştirakçılar Sak mədəniyyəti dövrünə aid qiymətli artefaktları ilə zəngin olan Berel kurqanlarını ətraflı şəkildə tədqiq ediblər. Bu kurqanlar yalnız elmi baxımdan deyil, həm də türk xalqlarının tarixi və mədəni ardıcıllığında mühüm  halqa kimi qiymətləndirilib.

Ekspertlərin apardıqları müşahidə və təhlillər nəticəsində abidələrin konservasiyası və muzeyləşdirilməsi üzrə kompleks proqramların hazırlanması, unikal obyektlərin mühafizəsinin gücləndirilməsi, həmçinin yerli və beynəlxalq elmi ictimaiyyətin birgə tədqiqatlara cəlb olunmasının vacibliyi qeyd olunub. Regionun təbii və iqlim baxımından həssas şəraitində arxeoloji tapıntıların davamlı şəkildə qorunmasına dair metodiki tövsiyələrin hazırlanması prioritet istiqamət kimi müəyyənləşdirilib.

Görüş zamanı həmçinin ənənəvi biliklərin müasir bərpa texnologiyaları ilə inteqrasiyası və türk dünyasının birgə elmi-mədəni platforması çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.

Berel arxeoloji kompleksinə edilən səfər yalnız peşəkar missiya deyil, eyni zamanda ortaq mədəni irsin birləşdirici rolu baxımından rəmzi əhəmiyyət daşıyıb.

Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının dəyərli tarixi irsinin qorunması və tanıdılması istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.