13 iyun tarixində YUNESKO-nun Paris şəhərində yerləşən mənzil qərargahında görkəmli qazax bəstəkarı və dirijoru Nurgisa Tlendiyevın anadan olmasının 100 illiyinə həsr olunmuş “İlhamın kökləri: Nurgisa Tlendiyevin irsi” adlı Xalq Musiqi Alətləri Üzrə Beynəlxalq Sərginin təntənəli açılış mərasimi keçirilib. Yubiley YUNESKO-nun tarixi əhəmiyyətə malik yubileylərin siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbir Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, Almatı şəhərinin Akimatı və Almatı şəhəri Muzeylər Birliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondunun fəal dəstəyi ilə reallaşdırılıb.
Açılış mərasimində Qazaxıstan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi və Səfiri cənab Askar Abdrakhmanov, UNESCO-nun Mədəniyyət işləri üzrə Baş direktor müavini cənab Ernesto Ottone, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova, Qazaxıstan Dövlət Akademik Folklor-Etnoqrafik “Otyrar Sazy” orkestrinin baş dirijoru, bəstəkarın qızı və tədbirin fəxri qonağı xanım Dinara Tlendiyeva çıxış ediblər.
Xanım Aktotı Raimkulova öz çıxışında Nurgisa Tlendiyevın yalnız qazax xalq musiqisi deyil, ümumilikdə türk xalqlarının folklor musiqi ənənələrinin beynəlxalq miqyasda inkişafına verdiyi misilsiz töhfəni vurğulayıb. O, eyni zamanda sərginin yüksək səviyyədə təşkil olunduğunu və türk dünyasının musiqi irsinin qorunması və təbliği baxımından əhəmiyyətini qeyd edib.
Sərgidə Yıxlas adına Qazax Milli Musiqi Alətləri Muzeyinin kolleksiyasından türk xalqlarına məxsus musiqi alətləri nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə müşayiət olunub. Çıxış edənlər sırasında Nurgisa Tlendiyevin Memorial Muzeyinin əməkdaşı Erkin Kudaybergenov (dombyra), “Turan” folklor-etnoqrafik ansamblının solisti və Türk Mədəniyyəti və İrsi Fondunun tədqiqat üzrə mütəxəssisi Serik Nurmoldayev (sıbızğı, şankobız, sazsırnay) olub.
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)