Erkinbek Serikbay, “Ədəbiyyat və incəsənət” portalının Qazaxıstan təmsilçisi
Bu gün Qazaxıstanda Vətən müdafiəçiləri günüdür. Bu münasibətlə Astana şəhərində Dövlət başçısı – Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Qasım-Jomart Tokayevin iştirakı ilə 7 may – Vətən müdafiəçiləri günü və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad keçirildi.
Paradda Qazaxıstan Silahlı Qüvvələrinin bütün qoşun növlərindən 4 mindən artıq hərbi qulluqçu iştirak etdi. Həmçinin 200-dən çox xüsusi hərbi silah və texnika, 66 hərbi aviasiya təyyarəsi və helikopter cəlb olunmuşdu.
İlk dəfə olaraq mexanikləşdirilmiş kolonların sırasını “Buk”, “Tor” zenit-raket kompleksləri, “Bars”, “Alan”, “Aybar”, “Taymas”, “Terrex” təkərli döyüş maşınları, minazərərsizləşdirən robotlarla təchiz olunmuş xüsusi avtomobillər tamamladı.
Bundan əlavə, yerli müdafiə sənayesi kompleksinə daxil olan müəssisələrin istehsal etməyi planlaşdırdığı döyüş maşınları, robotlaşdırılmış qayıq və pilotsuz uçuş aparatları təqdim olundu.
Baş meydana 5 mindən artıq tamaşaçı toplaşdı. Onların arasında müharibə və arxa cəbhə veteranları, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, deputatlar və ictimai xadimlər, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş nümayəndə heyətləri, hərbi-vətənpərvərlik klublarının gənc əsgərləri var idi.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)