İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıtda pedaqoq, şair-publisist, dramaturq və şəhərin fəxri vətəndaşı Əvəz Mahmud Lələdağın “Düşmənə inanan özünə düşməndir” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi birgə təşkil edib.
Təqdimat mərasimində şəhərin ziyalıları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və gənclər iştirak ediblər.
Tədbiri tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı aparıb. O, çıxışında Əvəz Mahmud Lələdağın çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatına və maarifçiliyinə verdiyi töhfələrdən danışıb.
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxışında müəllifin yaradıcılığının milli düşüncənin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, yazıçının əsərlərində vətənpərvərlik, milli birlik və mənəvi dəyərlər xüsusi yer tutur.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, yazıçının Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib. Bildirilib ki, Əvəz müəllim həm pedaqoq, həm də ziyalı kimi Sumqayıtın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, şəhərin adını daim ucaldıb.
Teymur Səmədov dövlət tərəfindən elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən diqqət və qayğının Əvəz Mahmud Lələdağın həyat yolunda da öz əksini tapdığını diqqətə çatdırıb.
Çıxışlarda qeyd olunub ki, yazıçı müxtəlif illərdə “Ən yaxşı müəllim”, rəhbərlik etdiyi məktəb isə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Tərəqqi” medalı, Prezidentin fəxri diplomu və Heydər Əliyevin 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif edilib.
Vurğulanıb ki, Əvəz Mahmud Lələdağ uzun illər müəllim kimi minlərlə şagirdin yetişməsində mühüm rol oynayıb, Azərbaycan maarifçiliyinə dəyərli töhfələr verib. Müəllifin 560-dan çox elmi-publisistik və metodik məqaləsi, eləcə də çoxsaylı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Onun əsərləri cəmiyyət üçün əhəmiyyətli mesajlar daşımaqla yanaşı, oxucuları düşünməyə sövq edir.
Həmçinin söylənilib ki, Əvəz Mahmud Lələdağ ömrünü Azərbaycan təhsilinə və milli-mənəvi dəyərlərin təbliğinə həsr edib. O, şəhərin inkişafı, mədəni-mənəvi irsin qorunması və təbliği istiqamətində də mühüm fəaliyyət göstərib.
Tədbir zamanı şairin poeziyasına həsr olunmuş bədii kompozisiya təqdim edilib, sevilən şeirlərindən parçalar səsləndirilib, həyat və yaradıcılıq yolundan bəhs edən film nümayiş olunub.
Sonda çıxış edən Əvəz Mahmud Lələdağ tədbirin təşkilatçılarına, iştirakçılara və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, ömrü boyu Azərbaycan təhsilinə, ədəbiyyatına və milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməyə çalışıb. Müəllif gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayaraq bundan sonra da yaradıcılıq fəaliyyətini davam etdirəcəyini bildirib.
Tədbir iştirakçıları şairə yeni yaradıcılıq uğurları arzulayıblar.
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


