"Çeşmə" Ədəbi Məclisinin növbəti yığncağı keçirilib

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

İyunun 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgər Ocağında keçirilib.

 

Tədbiri giriş sözü ilə adıçəkilən məclisin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, yığıncaqda ilk dəfə iştirak edən tanınmış şair, fəlsəfə elmləri doktoru Arzu Kazımqızı Nehrəmlini salamlayaraq, onun bu ədəbi məclisin daimi iştirakçılarından olmasını arzulayıb.Qeyd edib ki, ədəbiyyat adamlarının bir araya gəlməsi poeziyaya və milli ədəbi dəyərlərə olan sevginin bariz nümunəsidir.

Öncə çıxış edən Arzu Kazımqızı Nehrəmli Aşıq Ələsgərin zəngin yaradıcılığından bəhs edib, Dədə Ələsgərin adını daşıyan məkanda belə bir ədəbi məclisin keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib, öz şeirlərindən nümunələr səsləndirib.

Sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, AYB-nin üzvü, təcnis ustası Adil Cəfakeşə verilib. Şair iştirakçılara xoş arzular diləyib, yeni şeirlərini təqdim edib.

"Divan" müəllifi, tanınmış şair Hüseyn Sözlünü 80 yaşı münasibətilə təbrik edən məclis iştirakçılarına yubilyar yeni qələmə aldığı qəzəllərini səsləndirib.

Bir gün əvvəl 70 illik yubileyini qeyd edən AYB-nin üzvü, şair Vahid Çəmənli də duyğulu şeirlərini bölüşməklə tədbirə xüsusi ovqat qatıb.

Daha sonra Xəzər bölməsinin üzvü, ustad şair-qəzəlxan Əşrəf Pirşağılı, AYB-nin üzvləri  İldırım Əlişoğlu Qəhrəmanov, Əliyar Mərdiyev, eləcə də İkinci Qarabağ müharibəsinin qazisi, şair Eyvaz Qafqaz yeni şeirlərini səsləndiriblər.

İldırım Əlişoğlu Qəhrəmanov belə ədəbi məclislərin milli ədəbiyyatın inkişafına mühüm töhfə verdiyini bildirib, Əliyar Mərdiyev isə söz sənətinin cəmiyyətin mənəvi inkişafındakı rolundan və müasir ədəbiyyatın aktual məsələlərindən danışıb.

Lilpar Cəmşidqızı növbəti yığıncağın şair, AYB-nin üzvü Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni nəşr olunmuş "Sənsiz keçən ömür" kitabının təqdimatına həsr ediləcəyini diqqətə çatdırıb.

Sonda məclis rəhbəri tədbirin təşkilinə göstərdikləri dəstəyə görə "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə və digər təşkilatçılara bütün iştirakçılar adından minnətdarlığını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.