Qazax şəhərində böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş I Qazax Kitab Sərgisi uğurla başa çatıb.
Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, BP Azərbaycan şirkətinin dəstəyi ilə keçirilən sərgi geniş oxucu auditoriyasını, ziyalıları, müəllimləri, tələbələri və kitabsevərləri bir araya gətirib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyindən verilən məlumata görə, sərginin açılış mərasimində İctimai Birliyin İdarə Heyətinin sədri və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial fəaliyyətlər rəhbəri Xalid Rəcəbov, Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal, filoloq və Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Qazax Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Ayaz Qələndərli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, eləcə də İctimai Birliklər və Dini Qurumlarla İş üzrə ekspert Əkbər Qoşalı çıxış edərək kitabın, mütaliənin və maariflənmənin cəmiyyətin inkişafındakı rolundan danışıblar.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və Azərbaycan dili üzrə dərsliklərin müəllifi, Altun Kitab Nəşriyyatının direktoru Rafiq İsmayılov da iştirak edərək sərgiyə öz töhfələrini veriblər.
Sərgi çərçivəsində müxtəlif nəşriyyatların kitabları oxuculara təqdim olunub, kitablar endirimli qiymətlərlə satışa çıxarılıb, ziyarətçilər müəlliflərlə görüşmək və yeni nəşrlərlə tanış olmaq imkanı əldə ediblər.
Oxu mədəniyyətinin təşviqi, kitab sevgisinin aşılanması və bölgələrdə maarifçilik mühitinin gücləndirilməsi baxımından əhəmiyyətli olan I Qazax Kitab Sərgisi yüksək iştirakçı fəallığı və böyük ictimai maraqla yadda qalıb. Tədbir bir daha göstərib ki, kitab cəmiyyətin inkişafı və gənc nəslin formalaşması üçün ən vacib mənəvi dəyərlərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(22.06.26)


