Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
İyunun 6-da Respublika Veteranları Təşkilatının konfrans zalında "Mübarizlər" kitabının təqdimatı keçirilib. Xatırladaq ki, bu kitab müəllifi Azər Hacıbəylinin "Azərbaycan fədakarlıq məktəbi" silsiləsinə daxil olan növbəti kitabıdır.
Kitab Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Vətən müharibəsi Şəhidləri Səbuhi Əsədov, Rauf İbadov, İsrayıl Cəfərzadə haqqındadır.
Tədbiri Azər Hacıbəyli açıq elan etdikdən sonra Dövlət Himni səslənmiş sonra Ulu Öndər və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Azər Hacıbəyli kitabda yer alan Şəhidlərin qəhrəmanlığı haqqında məlumat vermişdir.
Kitabda yer alan şeirləri bəndəniz - filoloq-yazar, AJB-nin üzvü Ülviyyə Əbülfəzqızı qiraət edərək zaldakı dinləyicilərə çatdırmışdır.
Şəhidlərin ailələri qürurla çıxışlar etmiş, kitab barəsində öz fikirlərini bölüşmüşlər.
Eləcə də şəhid Ramin Hüseynovun atası Qüdrət Hüseynov, yazıçı, araşdırmaçı, ehtiyatda olan zabit Rüfət Hüseynli, Qarabağ müharibəsi əlili, ilahiyyatçı, yazar Hacı Həsən Hüseynli, 1-ci Qarabağ müharibəsi iştirakçısı, həvəskar qiraətçi və istefada olan polkovnik-leytenant Cəbrayıl Qənbər, Qarabağ müharibəsi veteranı, yazıçı-publisist, Əməkdar müəllim Bayram Məmmədov çıxış etmişlər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


