Cəlilabadda 30-dan çox nəşriyyatın iştirakı ilə kitab sərgisi keçirilib

 

İyunun 5-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrangahında I Cəlilabad Kitab Sərgisinin açılış mərasimi keçirilib.

 

BP-nin sponsorluğu ilə təşkil olunan sərginin açılışında Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) sədri Şəmil Sadiq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və layihənin icraçısı Mübariz Həsənov çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb.

Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgidə 30-dan çox nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim olunub.

Tədbir çərçivəsində müxtəlif mədəni proqramlar, təqdimatlar, müzakirələr və yazıçıların imza saatları təşkil edilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qax rayonunda da kitab sərgisi keçirilmiş, tədbir yerli oxucular tərəfindən böyük maraqla qarşılanmışdı. Regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.