"Ulduzlu görüşlər"in növbəti qonağı Məhəmməd Turan olub

"Ulduzlu görüşlər"in növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Məhəmməd Turan olub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Ulduz”jurnalı redaksiyasından məlumat verilib.

 

AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri və ədəbiyyatsevərlər iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs öz həmyaşıdları arasında  fərqlənməyi  bacaran Məhəmməd Turanın yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur gənc həmkarı haqqında qənaətlərini bölüşüb. Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin keçmiş rəhbəri Şəfa Məmmədova Belarus Dövlət İqtisadiyyat Universitetində təhsil aldığı müddətdə Məhəmməd Turanın  fəallığı  və yaradıcılığı ilə Belarus ictimaiyyətinin diqqətini cəlb etdiyini vurğulayıb.

Məhəmməd Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Öz düşüncələrini bölüşüb, şeirlərini səsləndirib. Tələbələrin çoxsaylı suallarını cavablandırıb. Ədəbiyyat və yaradıcılıqla bağlı fikirlərini səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.