Azərbaycan Texniki Universitetində "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən icra olunan "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı layihə çərçivəsində Azərbaycan Texniki Universitetində görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələri, Universitetin pedaqoji kollektivi və tələbələr iştirak edib.

Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev tədbir iştirakçılarını salamlayaraq layihənin önəmi və Universitetdə təşkil olunmasının faydası haqqında fikirlərini bölüşüb.

Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri, şair-publisist İntiqam Yaşara verilib.  O çıxışı zamanı layihə haqqında geniş məlumat verib, layihə çərçivəsində çap olunmuş kitab və kitabda yer alan müəlliflər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

DGTYB başqan müavini şair Ayşən Rəhimin aparıcılığı ilə baş tutan tədbir, günün fəxri qonağı, görkəmli şair-publisist Rüstəm Behrudinin çıxışı ilə davam edib. Oədəbiyyatın cəmiyyətdə vacib yerindən, şeirin önəmindən bəhs edən geniş çıxış edib, tədbir iştirakçıları üçün şeirlərini səsləndirib.

Layihənin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı şair-publisist Əkbər Qoşalı çıxış edərək ədəbiyyat, ədəbi görüşlər, layihə çərçivəsində çap olunmuş kitab haqqında fikirlərini bildirib. 

Azərbaycan Texniki Universiteti Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Akif Nağı çıxış edərək layihənin önəmindən bəhs edib.

Görüşün davamında layihə çərçivəsində çap olunmuş kitabda yaradıcılıq nümunələri yer alan şair-publisistlər Yusif Nazim və Ayşən Rəhim layihə haqqında fikirlərini bölüşüb, şeirlərini səsləndiriblər.

Sonra Universitetin tələbələri Canpolad Quliyev və Sevinc Əhmədova təqdim olunan kitabda yer alan şeirlərdən bir neçəsini səsləndiriliblər.

Görüşün sonunda Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən layihədə yer alan müəlliflərə plaketlər və diplomlar təqdim olunaraq kollektiv foto çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.