Müaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalında bu gündən etibarən “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızı, “Əslində mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
1-Cİ DƏRC
GİRİŞ
Əslində biz kimik? Özümüzü gördüyümüz kimi biriyik, yoxsa başqalarının bizə baxdığı gözlərlə formalaşan bir surətik? Bəlkə insan, öz mahiyyəti ilə bir heçdir? Yalnız başqalarının düşüncələrində mövcuddur? Əgər onların gözündəki insan deyilsinizsə, o zaman əslində siz kimsiniz?
Bu sualların cavabı bizi düşünməyə vadar edir. Həyatımız başqalarının gözləntiləri ilə məhdudlaşıbsa, öz həqiqi kimliyimizi necə dərk edə bilərik? Özümüz olmaq nə vaxtsa mümkün olubmu? Cəmiyyətin qınağından qorxduğumuz üçün, çox vaxt əsl kimliyimizi gizlətməyə məcbur oluruq. Bu gizlənmənin kökündə insanların gözündə mükəmməl görünmək arzusu dayanır.
Kənardan baxılanda mükəmməl bir ana kimi görünən şəxs, içində dərin yorğunluqla mübarizə aparan bir insandır. Nümunəvi ata kimi tanınan biri, əslində problemlərin ağırlığı altında əzilən bir insan ola bilər. Ağıllı və sakit övlad, içində həyəcanla çırpınan, coşub-çağlayan bir gəncdir. Ciddi və ağırbaşlı müəllim isə, əslində uşaq kimi kövrək və həyat dolu bir insan ola bilər.
Bu nümunələri saymaqla bitirmək mümkün deyil. Bəzən nə zaman “özümüz” olduğumuzu belə unuduruq. Cəmiyyətin bizim haqqımızdakı fikirlərinə o qədər əhəmiyyət veririk ki, öz varlığımızı itiririk. Nəticədə öz həyatımızı deyil, onların düşüncələrini yaşamağa başlayırıq.
Anlamaq lazımdır ki, heç kim pis insan olaraq dünyaya gəlmir. Həyat bizi bəzən zorla müəyyən bir istiqamətə yönəldir, bəzən isə bu bizim öz seçimimiz olur.
Bu rastlantı təsadüf deyil,
ruhun çağırışına cavabdır
BİRİNCİ HİSSƏ
Axşamüstü idi. Günəş artıq buludların arxasında gizlənmişdi. Özümü gümrah hiss edirdim, amma izah edə bilmədiyim bir duyğunun içində boğulmuş kimi idim. Elə bil ürəyim sözlə dolu idi. Onları kiminləsə bölüşmək istəyirdim, amma kimlə bölüşəcəyimi belə bilmirdim. Yeganə bildiyim, hər zaman getdiyim o yerə getməyin məni rahatlaşdıracağı idi. Vərdiş halına gətirdiyim kimi, qulaqcığın yalnız birini qulağıma taxdım – hər ikisini taxa bilmirəm, bu məni narahat edir. Telefonumdan sakit, retro bir musiqi seçdim, əlimdə isə yarıya qədər oxuduğum kitab var idi. Musiqi ilə kitab oxumağın ahəngini bir ayrı sevirəm.
Dəniz kənarına çatanda, adətim üzrə qayaların yanına doğru yavaş-yavaş irəlilədim. Niyə məhz o qayalar? Çünki orada nadir hallarda insanlar olurdu, bəzən isə heç olmurdu. Kitabı vərəqlədikcə, qayaların yanına necə çatdığımı belə hiss etmədim.
Hava bir az küləkli idi. Dənizin dalğaları qayalara sərt şəkildə dəyib geri çəkilirdi. Elə bil dəniz qəzəblənmişdi, hirsini qayalardan çıxmağa çalışırdı. Ancaq mənim üçün bu səs-küy sakitləşdirici idi. Dalğaların çırpılması ilə sıçrayan su damcıları üzümə dəydikcə, içimdəki gərginlik çəkilir, ruhum rahatlıq tapırdı.
Burada tək olmağa o qədər öyrəşmişdim ki, məndən bir az aralıda şux qamətli, orta yaşlı, səliqəli geyimli bir oğlanın oturduğunu görməmişdim. Nəhayət ona nəzər yetirəndə, sanki baxışlarımı hiss etdi. Başını mənə tərəf çevirdi. Bir anlıq özümü itirdim. İçimdə səbəbsiz bir həyəcan hiss etdim. Nə baş verdiyini anlaya bilmirdim. Tez özümü ələ aldım. Oğlan, bu çaşqınlığımı sezib, nəzakətlə gülümsədi. Biixtiyar onun gülüşünə qarşılıq verib mən də gülümsədim.
Əslində kənardan çox ciddi və sərt görünən biriyəm. Özümü bilərəkdən belə göstərirəm. Bu sərtlik məni daha güvəndə hiss etdirir, çünki, məncə sərt görünən qadınlar cəmiyyət içində daha toxunulmaz olurlar. Amma sahildə rast gəldiyim bu oğlanın mehriban gülüşündə, baxışlarında qəribə bir uşaq təsviri var idi. Bir az da kədər. Elə bil ki, bir söz desəm, gözləri dolacaqdı. Baxışları ilə mənə nələrisə danışmaq istəyirdi. Amma bu göz təması, çox uzun çəkmədi. Hər ikimiz sakitcə üzümüzü yana çevirdik.
Qısa müddət oturandan sonra evə qayıtmaq məcburiyyətində qaldım. Evdə, işimlə əlaqədar sənədlər vardı. Onları götürüb vaxtında işə çatmalı idim. Halbuki onu orada qoyub getmək istəmirdim.
Evə qayıtsam da, fikrim o baxışlarda ilişib qalmışdı. Həyatımda ilk dəfə idi ki, bu cür fərqli bir hiss yaşayırdım. Yox, yox, bu xoşlanma deyildi. Bu başqa bir həyəcan idi. Bəlkə də həssas təbiətimdən qaynaqlanırdı. Əsasən işimlə əlaqədar idi deyərdim.
Gecə yatağa uzananda, yenə həmin baxışlar gözümün önünə gəldi. O gözlərin arxasında gizlənən həssaslığın və kədərin səbəbini bilmək istəyirdim. Öz-özümə qərar verdim. Bir daha rastlaşsam, mütləq onunla danışmalıyam.
Səhər yenidən eyni saatda sahilə yollandım. Nə qədər göz gəzdirdimsə, onu görə bilmədim. Bu dəfə yanımda iki kitab götürmüşdüm – birini bitirirdim, ikinciyə isə başlamaq üçün hazırlaşırdım.
Kitablarımın biri, böyük qayanın üstündən, kiçik qayaya tərəf sürüşdü. O anda qalın bir səs eşitdim:
- Ay xanım, ay xanım! Kitabınız suya düşəcək, diqqətli olun!
Tez başımı çevirdim və son anda kitabı suya düşməkdən qurtardım. Təşəkkür etmək üçün üzümü ona tutanda, gördüm ki, bu, dünən rastlaşdığım həmin oğlandır! Ancaq bu dəfə içimdə həyəcan yox, sevinc vardı. Təşəkkür edib nəzakət xətrinə:
- Buyurun, istəyirsinizsə, əyləşin, – deyə yanımdakı qayanı işarə etdim. O da razılıq əlaməti olaraq başını tərpədib, sözümü yerə salmayıb yanıma əyləşdi.
Təxmini on dəqiqə boyunca sükut içində idik. O, səssizliyi pozub, mənə suallar verməyə başladı. Sualları elə qəribə idi ki, sanki qarşımdakı adam bir uşaq idi. Məhz bu qəribəlik onu daha da maraqlı edirdi. Hər dəfə mövzunu dəyişərək, onun dünyasına bir az da yaxınlaşmağa çalışırdım. Lakin düşündüyüm kimi asan olmadı; suallar bəsit görünsə də, qarşımdakı insanın belə biri olmadığını hiss edirdim. Mən isə qərara gəlmişdim – ona kömək etməli idim. Hiss edirdim ki, hər gün dəniz kənarına tək gələn, səssizlik içində dənizi izləyən insanın, qəlbində gizlətdiyi dərdi var.
- Üzr istəyirəm, adınız necə idi?
- Rüstəm. Bəs sizin?
- Humay.
- Gözəl adınız var.
- Təşəkkür edirəm. Baxışlarınızdakı kədər diqqətimi cəlb etdi. Özünüz də bunu hiss edirsiniz?
Gülümsədi, sonra üzündə ciddi bir ifadə yarandı. Qaşlarını çatdı. Elə bildim məni acılayacaq. Bu sualıma cavab gözləyərkən tam fərqli cavab verdi.
- Deyəsən, dəniz kənarı adı ilə psixoloq qəbuluna gəlmişəm! Mən psixoloqlarla danışmağı sevmirəm. Bunu bilsəniz, yəqin inciyib gedərsiniz. – dedi.
Onun bu cavabı gözlənilməz idi. Bir anlıq nə deyəcəyimi bilmədim. Lakin geri çəkilmək niyyətində deyildim; məqsədim onun kədərini anlamaq idi.
- Bəs yazıçılarla necə? Onlarla söhbət etməyi sevirsiniz? – deyib söhbətin istiqamətini dəyişmək istədim.
O, qaşlarını qaldırıb bir az istehza ilə gülümsədi:
- Yazıçı? Maraqlıdır, – dedi. Sonra mənə şəxsi suallar verməyə başladı. Ona cavab verməkdən qaçırdım, çünki anonim qalmaq istəyirdim. Mən onun daxili aləmini açmalıydım, o mənim yox. Bir az sərt danışdım, amma içimdə narahatlıq var idi. Bəlkə də bu sərtlik onu narahat edib uzaqlaşdıra bilər. Ancaq gözlədiyim baş vermədi. O, əksinə, cavablarımı təbəssümlə qarşılayıb gülümsədi.
- Nədir sizi güldürən?
- Sərt görünməyə çalışsanız da, əslində nə qədər həssas və mərhəmətli olduğunuzun fərqindəyəm. Bunu bilmədiyimi düşünməyiniz məni güldürür.
- Haradan bilirsiniz ki, dediyiniz kimiyəm?
- Bir nümunə verim?
- Buyurun.
- Eqoist insanlar başqalarına qarşı laqeyd olurlar. Onlar üçün başqalarının nə düşündüyü önəmli deyil.
- Hər eqoist olmayan insan mərhəmətli və yumşaq qəlbli olurmu?
- Xeyir, əlbəttə ki yox. Amma mənim təcrübələrim və dünya görüşümə əsasən sizinlə bağlı belə bir qənaətə gələ bilirəm. Sizi tünd şokolada bənzətmək olar.
- Tünd şokolad? Nə əlaqəsi var?
- Bəli, tünd şokolad. Çünki, bu sizin xasiyyətinizlə əlaqəlidir. Tünd şokolad, ilk əvvəl acı dadır, amma zaman keçdikcə ağızda şirinləşir, dadı damaqda uzun müddət qalır. Həm acı, həm şirin. Siz də eləsiniz. İlk baxışda qapalı, sərt görünə bilərsiniz, amma sizi tanıdıqca nə qədər xoş və mehriban olduğunuzu görünür. Zarafatımı anlamamağınızı başa düşürəm, amma tünd şokolad o demək deyil ki, sizi götürüb yeməlidirlər. Hər bir məsələnin arxasında gizlənən bir hekayə var. Yəni, hadisələrə daha dərin baxmağı öyrənin.
Onun bu sözləri məndə qəribə hisslər oyatdı. Elə bil qəlbim titrədi. Bir insan ilk dəfə idi ki, məni bu qədər düzgün təsvir edirdi.
- Deyəsən, təəccübləndiniz?
Susdum, sonra isə yavaşca, “Yox” – dedim. Növbəti yalanım idi.
- Bəs sizi nə təəccübləndirir?
- Kitablarda oxuduğum müxtəlif insanların taleləri.
- Kiminsə taleyi sizi təəccübləndirə bilib?
- Olub, amma çoxdan.
- Niyə insanların taleyi sizin üçün bu qədər maraqlıdır?
- Ola bilər, yazıçı olmağımla əlaqəlidir?!
- Bu sualdır, yoxsa cavab? Həyatdır, hər şey ola bilər. Bəs bunları öyrənmək sizə nə isə qazandırır?
- Bəli, həyat təcrübəmi artırır.
Yavaş-yavaş aramızdakı münasibət daha da istiləşirdi. Artıq bir-birimizə qarşı daha səmimi davranmağa başlamışdıq və bu mənə xoş gəlirdi. Deyəsən, hər addımım doğru istiqamətə gedirdi, məqsədimə yaxınlaşırdım. O, qəfildən ayağa qalxdı və “Bu günlük kifayətdir,” dedi.
Digər gündəki kimi, bu gün də çox səliqəli geyinmişdi. Onun zahiri görünüşündən, xarakteri haqqında çox şey demək olurdu. Kostyumunun hər bir detalı, onu necə seçib, hansı üslubda geyinməsi özünə verdiyi dəyəri və xarakterini açıq şəkildə göstərirdi.
Mən də təbəssümlə “Yaxşı.” – dedim. Amma sabah yenidən gələcəyini soruşmağa cəsarətim çatmadı. Sadəcə sakit səslə: “Sabaha qədər.” – deyib, cavabını gözləməyə başladım. O, başını yüngülcə tərpədərək, “İnşallah,” deyib uzaqlaşdı.
Gedəndən sonra fikirlərim yenə onun ətrafında dolaşmağa başladı. Səhəri gün bir az da tez gəldim. O isə hələ yox idi. Kitabımı oxuyur, arada fasilə verib son iki gündə baş verənləri fikirləşirdim. Düşüncələrimdə onun hər hərəkəti, hər sözü əks olunurdu. Bir müddət sonra yaxınımda addım səsləri eşitdim. Bir nəfər mənə yaxınlaşdı, salam verdi. Başım aşağı olduğu üçün, əvvəlcə ayaqqabılarını, qaldıranda isə o olduğunu gördüm.
Bu dəfə yad insanlar kimi deyildi. Doğma və səmimi tərzdə salam verdiyini hiss etdim. Bu səmimiyyətdən ürəklənib mən də “Xoş gəlmisiniz.” – dedim. O da başı ilə minnətdarlıq etdi.
- Açığı, bu gün gələcəyinizi ümid etmirdim, – dedim.
- Niyə elə düşünürsünüz?
- Dünən “İnşallah” dediniz, amma mənə elə gəldi ki, bunu sadəcə nəzakət xətrinə deyirsiniz.
- Düzünü desəm, gələcəyimdən özüm də, tam əmin deyildim. Fikirləşdim ki, işlərim olar, gələ bilmərəm. Ona görə də yalançı çıxmaq istəmədim.
- Yenə də gəldiyiniz üçün təşəkkür edirəm. Nədənsə sizin yaxşı biri olduğunuzu hiss edirəm.
- Mən o qədər də yaxşı biri deyiləm.
- Təvazökarlıq edirsiniz. Əgər etiraz etməsəniz, sizə bir neçə sual verə bilərəm?
- Buyurun, maraqlı olar.
- Bəs sizcə siz necə birisiniz?
- Bilirsiniz, bir məsəldə deyilir ki, bir nəfər, illərlə gülə bilmir. Nə qədər adam onunla danışırsa, onu güldürə bilmir. Axırda deyirlər, “Şəhərə bir kloun gəlib, onu gətirək, bəlkə o səni güldürər.” O adam isə cavab verir ki, “O mənəm.” Mən də özümü belə hiss edirəm. Bəzən nə edəcəyimi, hansı yolla gedəcəyimi bilmirəm. Ara-sıra huşsuz, məsuliyyətsiz biri kimi görünə bilərəm, amma elə deyil. Sadəcə, sevgimi ifadə etməkdə çətinlik çəkirəm. Mənim beynimi, ruhumu yeyib-bitirən başqa səbəblər var. Heç kim onları görmür və anlamır. Bir neçə dəfə psixoloqa da getmişəm, amma orada belə danışa bilməmişəm. İçimdə yığılmış problemləri, etdiyim səhvləri bilsəniz, bəlkə də məndən uzaqlaşarsınız. Düşünərsiniz ki, bu adamda ciddi problemlər var. Ona görə də, içimdəki uşağı ortaya çıxarmağa üstünlük verirəm. Uşaq kimi davrananda zarafat edirəm, gülürəm, belə özümü daha rahat hiss edirəm. Sizi də, öz dərdlərimə şərik etmək istəmirəm. Yaxşısı budur, yaxşı şeylərdən danışaq.
Onun bu açıqlaması məni məyus etdi. Amma özünü mənə bu qədər açıq və səmimi ifadə etməsi xoşuma gəldi. Onun daxili dünyasını anlamaq üçün daha da yaxınlaşmaq istəyirdim, amma hiss edirdim ki, bu səmimiyyət həm də ağır bir yükün ifadəsidir. O, özünü qınamırdı, sadəcə, başa düşülməməyin çətinliyini yaşayırdı.
- Yaxşı, onda sualı bir az fərqli verim. Sizcə, başqalarının gözündə necə birisiniz? – dedim.
O, dərin bir nəfəs aldı və cavab verdi:
- Ətrafımdakılara qarşı yaxşı insanam. Özümə qarşı isə çox pis. Həyatda çox səhvlər etmişəm, hələ də etməyə davam edirəm.
Mən onun bu sözlərində gizlənmiş kədəri hiss edib, sual verdim:
- Yəni, demək istəyirsiniz ki, iki fərqli insansınız? Görünən və görünməyən tərəfləriniz var?
O, düşüncəli bir ifadə ilə başını tərpədərək dedi:
- Elə bil içimdə başqa bir adam var. Sanki o, məni yoldan çıxarır, pis vərdişlərə sürükləyir. Mənim pis iş dediyim, başqasına zərər vermək deyil, daha çox özümə qarşı etdiklərimdir. Zərərli vərdişlərim olub. Problem ondadır ki, bəzən bu vərdişlərin əsirinə çevrilirəm. Həmin an pis bir iş görürəm, sonra özümə gəldikdə peşman oluram. Ancaq bir müddət sonra, yenə eyni vəziyyət yaranır. Hərdən huşsuz kimi gəzirəm. Özümlə çox mübarizə aparıram, amma bu mübarizə bir yerdə dayanır və hər şey yenidən təkrarlanır. Qıraqdan baxanda çox qabiliyyətli, istedadlı və işgüzar bir adamam. Amma bu halım potensialımı tam şəkildə göstərməyimə mane olur.
Mən onu dinləyərkən sükut içində qalmışdım. Sözlərinin səmimiyyətini hər hərəkətindən hiss etmək mümkün idi. O danışarkən əvvəl başını qaşıyır, sonra əlini boğazına endirib qurdalanırdı. Bu qeyri-iradi hərəkətlər, daxili bir narahatlığın və səmimi etirafın əlaməti idi.
İnsanlar nə qədər yalan danışsalar belə, bədən dilləri həqiqəti gizlədə bilmir. Məncə, Rüstəmin özünə qarşı bu ikili münasibəti və düşüncələri yaşadığı çətin bir travmanın nəticəsi idi. Belə hallar, bəzən post travmatik stress pozuntusu kimi özünü göstərir. Bu vəziyyət, müəyyən bir psixoloji sarsıntıdan sonra başlayan, insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bir problemdir. Travmatik hadisənin yaratdığı emosional, koqnitiv və hissi təcrübələr tez-tez yuxularda təkrarlanaraq, gündəlik həyatda özünü göstərir. Bu geriyə dönmələr (feedbacklər), hadisəni şəxs üçün yenidən canlı şəkildə yaşadır. Nəticədə insanın həyatına ağır bir yük kimi yansıyır.
Danışdıqlarından və hərəkətlərindən aydın idi ki, hələ də öz keçmişi ilə barışmağa çalışır, amma daxili mübarizəsi davam edirdi. Onunla ciddi şəkildə danışıb problemini kökündən həll etməyi çox istəsəm də, təəssüf ki, bu arzum yarımçıq qaldı. Rüstəmi bir daha görə bilmədim. Məni ən çox məyus edən isə ona kömək edə bilməməyim oldu.
(Sabah sizlərə 2-ci hissə tədim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


