Sənsiz viranədir bu qoca dünya... Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucular. Yenidən Təqdimat rubrikasındayıq. Bu cümə günü sizlərə dəyərli şairə xanım Nargilə Yusifqızından  iki şeirini təqdim etmək istəyirəm.

Tək elə bu bənd xəbər verir ki, bəyənəcəksiniz:

 

Sən – əlçatmaz üfüq, mən – yorğun bulud,

Yağsam, torpağına qarışa bilməm.

Bu eşqin əlindən hər şeyi unut,

Özümdən küsmüşəm, barışa bilməm.

 

 

NARGİLƏ YUSİFQIZI

TƏZAD

 

Sükutun rəngi yox, dadı var imiş,

Hər dadım sükutdan xatirə qalır

Mənim bu sevgimdə bir ah var imiş,

Gözümdən tökülən kəhkəşan olur.

 

Sən – əlçatmaz üfüq, mən – yorğun bulud,

Yağsam, torpağına qarışa bilməm.

Bu eşqin əlindən hər şeyi unut,

Özümdən küsmüşəm, barışa bilməm.

 

Aramızda zaman – kəsərli bıçaq,

Hər anı doğrayıb həsrət eləyir.

Könlüm bir mənzildir, hər yanı çıraq,

Tək sənin yoxluğun zülmət eləyir.

 

Nə eşqi bitirə bildik, nə yolu,

Mən səndə yox oldum, sən məndə qaldın.

Taleyim bir kəlmə "əlvida" dolu,

Mən səni itirdim, sən məni aldın.

 

 

BİTMƏYƏN HƏSRƏT

 

Yenə pəncərəmdə payız nəfəsi,

Otağım sükutun səsilə dolur.

Ruhumda sızlayır həsrət nəğməsi,

Sevgisiz ümidlər saralır, solur.

 

Aramızda yollar – soyuq və uzaq,

Mən burda qəribəm, sən orda tənha.

Könlüm bir uşaqdır, gəl onu ovut,

Daha dözümüm yox fərağa, aha

 

Səninlə keçdiyim hər saat, hər an

İndi bir xatirə, şirin bir röya.

Sən mənim dünyamsan, sən mənim bəxtim,

Sənsiz viranədir bu qoca dünya.

 

Gözlərim dikilib uzaq üfüqə,

Bəlkə bir xəbər var əsən yellərdən.

Sevgi bir dənizdir, mən isə yolçu,

Üzərək keçirəm xatirələrdən.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.