Şirin Kreydeh V Uşaq Kitab Festivalında seminar keçib

Bakıda fəaliyyətə başlayan V Uşaq Kitab Festivalı çərçivəsində “Müasir uşaq ədəbiyyatındakı tendensiyalar: Hans Xristian Andersen Mükafatından nümunələr” mövzusunda seminar təşkil olunub.

 

Seminarı festivalın fəxri qonağı, Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti, naşir və nəşriyyat işi üzrə fəlsəfə doktoru Şirin Kreydeh aparıb.

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Nəşriyyatları Assosiasiyasından verilən məlumata görə, tədbirdə dünya uşaq ədəbiyyatında müasir janr istiqamətləri, nəşr prosesində tətbiq olunan yeniliklər, uşaq kitablarında mətn və illüstrasiyaların son illərdə keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir uşaq kitablarında istifadə olunan illüstrasiya üslubları, vizual elementlərin uşaqların dünyagörüşünə və estetik zövqünün formalaşmasına təsiri mövzuları ətrafında müzakirələr aparılıb.

Seminar zamanı mədəni irsin illüstrasiyalarda əks etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübə nümunələri də iştirakçıların diqqətinə çatdırılıb.

Məlumatlandırıcı görüşdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları, illüstratorlar, tərcüməçilər, ədəbiyyat təmsilçiləri və oxucular iştirak ediblər.

Sonda Şirin Kreydeh yerli naşirlərin, yazıçıların və illüstratorların suallarını cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.