Şəbnəm Xeyrullanın “Mais Netlandiyada” kitabı təqdim edildi

Yazıçı Şəbnəm Xeyrullanın “Parafraz Nəşrləri”ndə işıq üzü görən “Mais Netlandiyada” adlı uşaq kitabının Libraff-da təqdimat və imza mərasimi keçirilib. Tədbirdə ədəbiyyat və incəsənət adamları, oxucular, media nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına “Parafraz Nəşrləri”ndən verilən məlumata görə, tədbirin açılışında çıxış edən nəşriyyatın direktoru Cavid Qədir layihənin əhəmiyyətindən danışaraq bildirib ki, “Mais Netlandiyada” uşaqların dünyagörüşünün genişlənməsinə, onların yaradıcı təfəkkürünün inkişafına xidmət edən mühüm nəşrlərdəndir. Direktor qeyd edib ki, bu kitab “Parafraz Nəşrləri”nin yerli müəlliflərlə əməkdaşlığının başlanğıcı olmaqla yanaşı, milli uşaq ədəbiyyatının inkişafına töhfə vermək məqsədi daşıyır.

Mərasim çərçivəsində müəllif Şəbnəm Xeyrulla kitabın ideyası, yaranma prosesi və əsas mesajları barədə məlumat verib, oxucuların suallarını cavablandırıb. Bildirib ki, əsərdə uşaqların maraq dairəsinə uyğun mövzulara toxunulmaqla yanaşı, elmin, biliyin dəyəri ön plana çəkilir.

Təqdimat çərçivəsində təşkil olunan imza mərasimində oxucular müəlliflə müzakirə aparıb, kitablarını imzaladıblar.

Kitabı bütün kitab mağazalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.