Aprel ayının 28-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasında şair, nəğməkar-müəllif Gülnar Hüseynin “Bir gün uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi” kitablarının təqdimat mərasimi keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Yazıçının yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Təqdimatda iştirak edən qonaqlar arasında şair, publisist Nəzakət Məmmədli, şair, publisist Hikmət Məlikzadə və şair Rafael Tağızadə şairənin poetik dilinin sadəliyini və insan talelərini səmimi şəkildə sətirlərə köçürməsini yüksək qiymətləndiriblər. Gülnar Hüseyn yalnız kəlmələri deyil, insan talelərini sətirlərə köçürür. Bu səbəbdən də hər bir oxucu onun şeirlərində özündən bir parça, öz yaşantılarını tapa bilir.
Müəllifin təqdim olunan kitablarında vətən sevgisi, dövlətə və xalqa bağlılıq hissləri poetik bir dillə oxucuya çatdırılır. “Bir gün uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi” kitabları oxucuları şairin düşüncələri ilə daha yaxından tanış etmək baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin şair onlarla sevilən mahnıların söz müəllifidir.
Tədbirin əsas məqsədi Gülnar Hüseynin yaradıcılığını geniş oxucu auditoriyasına təqdim etmək, gənc nəslin bədii ədəbiyyata marağını artırmaq, vətənpərvərlik ruhunun təbliği və milli-mənəvi dəyərlərin təşviqinə töhfə verməkdən ibarət olub. Eyni zamanda tədbir çərçivəsində müəllif-oxucu görüşünün təşkil olunması, ədəbiyyatsevərlər arasında fikir mübadiləsinin aparılması və mütaliə mədəniyyətinin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


