Azərbyacan ədəbi düşüncəsinin estetik-fəlsəfi panoramı və nəsillərarası dialoq Featured

 

Təranə Turan Rəhimli,

Filologiya elmləri doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

O, bütün ruhuyla, qəlbiylə, yazdıqlarıyla mənsub olduğu tüŕk soyunun övladıdır. Ortaq Türk mədəniyyəti abidələrindən gələn ən yaxşı milli-mənəvi keyfiyyətləri Cahangir Namazovun yaradıcılığında, dünyagörüşündə müşahidə etmək mümkündür. Azərbaycan yazıçıları, elm adamları ilə ədəbi söhbətlərdən ibarət müsahibələr kitabı da onun Türk sevgisi sayəsində ərsəyə gəlib.

 

İki Türk soylu xalqın, özbək-Azərbaycan qardaşlığının möhkəmlənməsində bu kimi layihələrin önəmini yaxşı dərk edən gənc şair müsahibə aldığı ədiblərin düşüncələrini yalnız Azərbaycanda, Özbəkistanda deyil, müxtəlif ölkələrin mətbuatında oxuculara təqdim edib. Bununla da ortaq tarixi keçmişə malik xalqların mədəniyyətinin, ədəbiyyatının heç vaxt bir-birindən qopmadığını, daim qarşılıqlı əlaqədə inkişaf etdiyini, bir-birini zənginləşdirdiyini şüurlara həkk etmək kimi mühüm missiyanı yerinə yetirib.

Kitabda Azərbaycan poeziyasının, nəsrinin ustad şair və yazıçılarından gənc qələm sahiblərinə qədər müxtəlif ədəbi nəsillərin söz sənətinə, ədəbiyyata münasibəti ilə qarşılaşırıq. Toplu, əslində, Azərbaycan ədəbiyyatının son yarım əsrdə keçdiyi yolun canlı xəritəsidir. Burada hər bir yazarın konkret suallara verdiyi cavablar yalnız onun şəxsi yaradıcılıq fəlsəfəsini deyil, həm də ədəbi prosesin gedişatını, elmi-mədəni dəyişimi, ədəbi mühitin spesifikasını, mövcud problemlərini açıb göstərir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir…” kitabı müasir Azərbaycan ədəbiyyatının polifonizmini, yeni estetik axtarışlarını və müxtəlif nəsilləri tənsil edən yazıçı və ədəbiyyatşünasların dünya intellektində mövqelərini idraka yönələn unikal bir mənbədir. Kitab yalnız ayrı-ayrı müəlliflərlə aparılmış söhbətlərin, dialoqların toplusu deyiı, eyni zamanda,  ədəbiyyatın bugünkü durumunu müəlliflərin öz dili ilə şərh edən milli ədəbi şüurun bədii-elmi panoramıdır.

Müsahibələrdə təqdim olunan fikirlər poetik təcrübə, estetik dünyagörüş,  ictimai-mədəni kontekst baxımından müasir Azərbaycan ədəbiyyatının makro mənzərəsini formalaşdırmağa imkan verir. Həmin mənzərəni sistemli şəkildə dərk etmək, müxtəlif nəsillərə mənsub yazarların ədəbiyyat, söz, poetik yaddaş, zaman və cəmiyyət haqqında düşüncələrinin fəlsəfəsini anlamaq üçün kitabdakı hər bir müsahibənin önəmli yeri vardır. Mükalimə mətnlərinin məntiqindən doğan ardıcıllıqla müasir milli ədəbi inkişafın çoxəsrlik ənənə üzərində yüksəlişini mərhələ-mərhələ izləmək mümkündür. Cahangir Namazovun həmsöhbətləri poetik sözün mahiyyətini  klassiklərdən müasirlərə keçid kontekstində dəyərləndirən, ədəbi nəsillər arasındakı varislik əlaqəsini yaşadan, ənənəyə bağlı, eyni zamanda düşüncə tərzi daim yeniliklərə açıq olan söz sahibləridir. Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Firuzə Məmmədli, Rüstəm Behrudi, Rəşad Məcid, Səlim Babullaoğlu, Varis, Əkbər Qoşalı, Əsəd Cahangir, Almaz Ülvi, Təranə Turan Rəhimli və b. ilə aparılan hər bir müsahibənin ayrıca bir fəlsəfəsi, ədəbi düşüncə kodu var.

RAMİZ RÖVŞƏN

“Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur.” Ramiz Rövşənin bu fikri toplunun poetik başlanğıc nöqtəsi kimi görünür, həm klassik Azərbaycan poeziyasında lakonizmə üstünlük vermə ənənəsini, həm də çağdaş poetik düşüncədə sadəliyin dərinliklə birbaşa əlaqəsini göstərir. Şairin sözə özünəməxsus münasibəti kitabın ümumi ruhunu müəyyənləşdirir, ədəbiyyatın əsas ölçüsü səs-küy yox, iç səsdir, daxili həqiqətdir məntiqini ehtiva edir. Bu fikir həm klassik Azərbaycan şeirinin ənənəsini (sözün iç yükü və gizli enerjisi), həm də müasir minimalist poeziyanın estetikasını xatırladır. Həmin konsepsiya Azərbaycan poeziyasında sadəlik–dərinlik, sakitlik–səda dualizminin əsas ifadələrindən biri kimi digər müsahibələrdə də dolayısı ilə davam edir,  sözün gücünün formal pafosda deyil, onun daxili qatında, iç intonasiya, mənəvi situasiyada olduğunu şərtləndirir. Poeziyada etdikləri ilə zamana, sovet siyasi rejiminə, ideologiyanın təsirindən doğan sxematizmə meydan oxuyan Ramiz Rövşənin suallardan birinə Musa Yaqub sayağı “Eləmədikləırim yandırır məni” cavabı isə oxucunu dərin düşüncələrlə baş-başa buraxır.

SABİR RÜSTƏMXANLI

Sabir Rüstəmxanlı ilə söhbət daha çox ədəbiyyatın milli özünüdərk prosesində rolu haqqında düşüncələrlə diqqəti çəkir. Şairin fikrincə, “Vətənə, millətə məcnun sevgisi” yaradıcılığın əsas şərtidir. Bu baxış Azərbaycan ədəbiyyatında köklü tarixə malik milli-romantik estetik xəttin müasir dövrdə də aktuallığını göstərir, həmçinin sonrakı müsahibələrin bir çoxunda yer alan milli kimlik və mədəni yaddaş məsələsini daha da qüvvətləndirir. Şair vurğulayır ki, “yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur.” Sabir Rüstəmxanlı müxtəlif əsrlərdə fars, rus, ərəb işğalçı siyasətinin xalqı öz Azərbaycan-türk kökündən qopara, ayıra bilməməsini ədəbiyyatın fövqəladə gücü ilə izah edir. Şairin “Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir” qənaəti söz sənətinin hər zaman bütün siyasətlərdən daha üstün və böyük siyasət olduğunu xatırladır.

SEYRAN SƏXAVƏT

Kitabda yaradıcı prosesin psixologiyasına baxış kimi Seyran Səxavətin ekzistensial düşüncələri diqqəti cəlb edir. Yazıçı yaradıcılığın mexaniki yox, psixoloji-fəlsəfi proses olduğunu vurğulayır. Onun fikrincə, “Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır.” Bu bir cümlə belə Azərbaycan ədəbiyyatında müəllif–mətn münasibətinin fərdi və qeyri-normativ xarakterini çox dəqiq ifadə edir. Seyran Səxavətə görə, bəşəriyyətin yüzdə bir faizi belə yazmaqla məşğul deyilsə, bu artıq yazıçının fərqli biri olduğu deməkdir. O, yaradıcılığın mexaniki vərdişə çevrildiyi zaman mahiyyətini itirdiyini bildirir, yazı-pozu adamının öz ritmini özünün qurduğuna inanır. Bununla da, istedadı müxtəlif intizam çərçivlərinə sığdırmağa ciddi etirazını bildirir. Seyran Səxavətlə söhbət kitabda yaradıcı psixologiyaya dair dərin məzmunlu müsahibə kimi müasir ədəbiyyatın fərdiyyətçi mahiyyətinə işıq salır.

FİRUZƏ MƏMMƏDLİ

Estetik emosionallıq və qadın poetikası baxımından kitabda Firuzə Məmmədlinin sənətkar mövqeyi maraq doğurur. Şair bütünlükdə öz yaradıcılıq yolunu “fədakarlıq”la eyniləşdirir və poeziyasının duyğusal mahiyyətinə diqqət çəkir. Onun “ocaqdakı közün də, varaqdakı sözün də dərdinə yanmaq” barədə düşüncəsi poeziyanı daxili yanğın, mənəvi həssaslıq və emosional intellekt kimi izah edir. Bu yanaşma qadın poeziyasında duyğunun yaradıcı enerjinin əsas elementi olduğunu əsaslandırır. Firuzə Məmmədli öz şairlik təcrübəsindən bəhs edərkən həyatla sənəti bir-birindən ayırmır, “həyatımın özü fədakarlıq deyiminə ekvivalentdir” deyir. Bu fikir onun poetik dünyasının mahiyyətini anlamaq üçün açar rolunu oynayır. Firuzə Məmmədli üçün şeir yalnız misraların mükəmməlliyi, tamlığı deyil, mənəvi gücün, səbrin, insana həssaslığın abidəsidir, insanın iç dünyasından qopan, emosional müşahidə ilə intellektual duyumu birləşdirən bir prosesdir. Empatiyanı və şəfqəti şair təbiətinin ayrılmaz cəhəti kimi dəyərləndirən Firuzə Məmmədli qadın hissiyyatının estetikasını, duyğunu fəlsəfi dəyərləndirmənin mərkəzi obyektinə çevirir. Söz dünyasında elegik ovqatı və müdriklik tonu ön plana çıxan şairin poetikası Azərbaycan qadın şeirinin ən zərif xəttini – sözün sükuta bürünmüş emosional yükünü daşıyır.

KAMİL ƏFSƏROĞLU

Kamil Əfsəroğlunun ədəbi düşüncəsinin təməlində keçmişə bugünün gözü ilə baxmaq ideyası dayanır: “Keçmiş hadisələrə bugünün gözü ilə qiymət vermək lazımdır” fikri müəllifin tarixi determinist bir məfhuma çevirmədiyini, əksinə, onu daim yenidən oxunan, dəyişən və hər dövrdə yeni mənalar qazanan hadisələr məcmusu kimi dərk etdiyini göstərir. Kamil Əfsəroğlu üçün tarix sabit deyil; yazıçı isə onun içində həqiqəti axtaran səyyahdır. O, gerçəklə həqiqətə münasibətində yazıçını faktın özündən çox, həmin faktın mənəvi qatının maraqlandırdığını vurğulayır. Yazıçı üçün gerçək rast gəlinən hadisədirsə, həqiqət insanın iç dünyasında formalaşan dəyərdir. Bu baxış ədəbiyyatın və tarixin kəsişdiyi nöqtədə hermenevtik bir mövqe yaradır: yazıçıya yalnız baş verənləri deyil, həmin baş verənlərin insan taleyində buraxdığı izləri göstərmək vəzifəsi verilir. Müxtəlif dövrlər arasında dialoq yaratmağın yazıçının məsuliyyətinə daxil olduğunu vurğulayan Kamil Əfsəroğlu zamanı yalnız axıcı bir mexanizm kimi deyil, ədəbi dərk prosesini qidalandıran bir kontekst kimi qiymətləndirir. Onun bədii idrakın fəlsəfəsinə yönələn fikirləri göstərir ki, müasir Azərbaycan nəsri tədricən tarixlə dialoqa girən, zamana hermenevtik baxışla yanaşan, faktı yox, mənanı öyrənən intellektual xəttə yönəlir.

RÜSTƏM BEHRUDİ

Rüstəm Behrudi ilə müsahibə kitabın ən ideoloji yüklü, türkçülük, milli özünüdərk və tarixi yaddaş üzərində qurulan söhbətlərindən biridir. O, poeziyanı milli ağrının “nəfəsi” kimi təqdim edir: “Mənim şeirlərimdə xalqın ağrısı təkcə söz deyil, nəfəsdir. Vətənin yarası şairin ürəyində qan kimi döyünür…” Bu düşüncə Behrudinin poetik dünyagörüşünün əsasını – xalq ağrısının ümummilli taledən fərdi ruha süzülməsi prinsipini göstərir. Onun Vətən, kimlik, tarix barədə dedikləri Azərbaycan poeziyasında fəlsəfi-vətənpərvərlik ənənəsinin davamı kimi çıxış edir. Behrudi ədəbiyyatın tarixi missiyasına da diqqəti çəkir: “Ədalətsizlik mənim yol yoldaşım olub… Kim sözünü düz deyirsə, qarşısında divar görəcək.” Burada o, ədəbiyyatın sosial mübarizə funksiyasına toxunur. Səbir “lal fəryad”, “içində üsyan olan səssizlikdir” deyimləri isə poeziyanı həm də ruhani güc kimi görən şairin görüşlərindəki təsəvvüf qatına işarə edir.

RƏŞAD MƏCİD

Sözün sosial funksiyası Rəşad Məcidin tədqiq xarakterli mülahizələrində xüsusilə diqqəti çəkir. “Sözün şəfası da, qüdrəti də qarşı tərəfin söz sahibinə nə qədər inandığına bağlıdır.” Sözün mənəvi və sosial gücünü vurğulayan bu fikirlər ədəbiyyatın cəmiyyətdəki performativ rolunu açıqlayır, sözü yalnız estetik vasitə deyil, həm də psixososial təsir mexanizm kimi dəyərləndirir. Konseptual məzmun daşıyan, ədəbiyyatın ictimai şüuru formalaşdıran gücünə, sosial-tarixi funksiyasına toxunan bu müsahibədə şeirə, bədii mətnə münasibət ədəbi fəlsəfə ilə publisistik məsuliyyətin sintezindən qaynaqlanır. Rəşad Məcid sözün mahiyyətini təkcə estetik kateqoriya kimi deyil, mənəvi və sosial güc kimi, cəmiyyətin psixoloji və mənəvi durumuna təsir edən dinamika kimi dəyərləndirir.

 

SƏLİM BABULLAOĞLU

Kitabda hər bir yazıçının, tədqiqatçının ədəbiyyata, söz sənətinə özünəməxsus münasibəti məzmun rəngarəngliyi yaratmaqla yanaşı, ədəbiyyatın fərqli inkişaf məsələlərinin izahını verir. Səlim Babullaoğlunun Azərbaycan ədəbiyyatının ümumtürk kontekstində yeri ilə bağlı dəyərləndirməsi poeziyamızın sözügedən poetik sistemdə ən zərif və dərin qat olduğunu nəzərə çatdırır, Bu dəyərləndirmə milli poeziyanın tarixi-poetik gücünü və ədəbi liderlik ənənəsini təsdiqləyən elmi baxışa əsaslanır.

VARİS

Varisin konsepti müharibə yaddaşı və bədii idrak məsələsi üzərində dayanır, müharibə mövzusunu Azərbaycan ədəbiyyatının aparıcı xəttlərindən biri kimi izah edir. O, Aristotelin “ədəbiyyat tarixi tarixin özündən yaxşı yaşadır” fikrini əsas götürərək Qarabağ müharibəsinin bədii yaddaş yaratdığını vurğulayır: “Bu mövzuda çoxlu romanlar, poemalar, hekayələr yazılıb və indi də qələbə ədəbiyyatı yaranır.” Bu yanaşma müharibənin ədəbiyyatda təkcə fakt deyil, həm də ontoloji təcrübə olduğunu göstərir.

ƏSƏD CAHANGİR

Əsəd Cahangirin daha çox ədəbi tənqid, esse və Qarabağ mövzusu üzərində qurulan müsahibəsində “Səs” essesi ilə bağlı düşüncələr diqqəti çəkir. “Esseni tamam başqa mövzuda yazmaq istəyirdim, amma şüuraltı axın məni Qarabağa tərəf çəkdi.” - deyə vurğulayır. Bu fikir Qarabağ mövzusunun ədəbi yaradıcılığa təsirini həm psixoloji, həm də bədii motivlərlə izah edən yazıçı-tənqidçinin estetikasında şüuraltı – tarixi yaddaş əlaqəsi kimi dərin görünür. “Üçüncü minillik din və elmin sintezi olacaq” qənaəti isə Əsəd Cahangirin ədəbi-tənqidi görüşlərinin fəlsəfi çalarına qarşı ciddi maraq doğurur.

ƏKBƏR QOŞALI

Əkbər Qoşalının poetik və publisistik düşüncənin sintezi ilə diqqət çəkən müsahibəsində sənətkar dünyagörüşünün əsas xətti kimi türkçülük, turançılıq, milli kimlik və mənəvi oyanış, söz sənətinin mənəvi-etik yükü, ədəbiyyatda vicdan konsepti önə şıxır. Öz identitetinə dair fikirləri onun bütün ruhu ilə yaradıcılığa təslim olmuş ideoloji şair obrazını təsdiqləyirsə, müasir türklüyün problemlərinə dair dedikləri də aktuallığı ilə seçilir. “Ortaq keçmişdən – ortaq gələcəyə!” devizi onun türkçülüklə bağlı düşüncələrinin əsas istiqamətverici mayakıdır. Lakin türk poeziyasının ən böyük dərdi kimi gördükləri də var: parçalanmışlığın və bir-birindən uzaq düşməyin ruh halımızda yaratdığı təlatümlər, bir ağacın budaqları olub çox vaxt öz kökünü görməmək, dili bir olsa da, bəzən qəlbinin bir-birinə “tərcümə” ehtiyacı duyması…

VƏ DİGƏRLƏRİ

Almaz Ülvinin müsahibəsi ədəbi yaradıcılığın duyğu – təcrübə sintezi olduğunu göstərərək, sözün həyatı müşahidənin təbii davamı kimi formalaşdığını vurğulayır. Salidə Şərifova müasir Azərbaycan ədəbiyyatının struktur problemlərini, metodoloji parçalanmanı və qadın ədəbiyyatının nəzəri əsaslarını elmi şəkildə izah edərək ədəbi prosesin konseptual xəritəsini çəkir. Vüqar Əhməd klassik ənənə ilə müasir ədəbi təfəkkür arasında körpü yaradaraq həm folklorun, həm də bədii irsin milli kimliyin daşıyıcısı kimi strateji rolunu önə çəkir. Təranə Turan Rəhimli ədəbiyyatı “mədəniyyətin lideri” kimi dəyərləndirməklə onu ictimai düşüncənin istiqamətverici mexanizmi kimi şərh edir, bədii mətnin emosional-intellektual qatları və şairliyin metafizik təbiətinə toxunur. Rəfail Tağızadənin “şairin hər xoş sözündə, xəyalında bir ümid var” tezisi onun poeziyasının mahiyyətini – sözün daşıdığı təskinlik və gələcəyə yönəlik mənəvi enerji ideyasını açır. Təmxil Ziyəddinoğlu “bütün dövrlərdə şəxsi nümunə ən yaxşı, ən müasir formadır” deyə vətənpərvərlik ideyasını davranış və əməl müstəvisinə keçirir, vətəndaşlıq borcunun ədəbiyyatdakı təbliğindən çox, real həyatdakı təcəssümünü önə çəkir. Rəsmiyyə Sabirin müsahibəsində qadın psixologiyasının bədii təcəssümü və insanın daxili sükutunun poetik göstəriciləri diqqətə çatdırılır. Aysel Xanlarqızının “uşaqlıq xatirələrim məni hər zaman kövrək notlarda kökləyir” etirafı onun yaradıcılığında nostalji duyğu və emosional həssaslığın əsas bədii stimullardan biri olduğunu göstərir. Bu müəlliflərin hamısının ədəbiyyat haqqında düşüncələrində sözün mənəvi məsuliyyəti ortaq prinsip kimi meydana çıxır.

Namiq Dəlidağlı müsahibəsində sənətkar şəxsiyyəti və yaradıcılıqda  jurnalistika ilə poeziyanın sözə, həqiqətə sədaqət aspektini önə çəkirsə,  Faiq Balabəylinin görüşlərində  ədəbiyyatı həyat təcrübəsinin, dənizçilik psixologiyasının təlqin etdiyi nizam-intizamla sintez konteksti diqqəti cəlb edir.  Nazilə Gültacın düşüncələri sözün və sevginin insan psixologiyasına təsirini dərindən hiss edən həssas yaradıcılıq diapazonunu nümayiş etdirirr.  Zaur Ustac öz yaradıcılıq fəlsəfəsinin həyatın gerçəkliklərinə, səmimiyyətə və “qələm saflığı” prinsipinə söykəndiyini vurğulayır. Sevinc Qəribin müsahibəsində isə müharibə, köçkünlük və yurd ağrısı poetik düşüncəni formalaşdıran əsas emosional təməl kimi boy göstərir.

Kitabdakı gənclərin müsahibələri isə yeni nəsil yazıçıların daha fərdiyyətçi, eksperimental və çoxsəsli estetik meyllərə sahib olduqlarını göstərir. Onların cavablarında həm ənənədən uzaqlaşma, həm də onu yenidən oxuyub öyrənmə tendensiyası aydın görünür. Gənclər ədəbi düşüncəsində texnologiya, şəhər təfəkkürü, fərdi tənhalıq və sürətli həyat ritmi əsas bədii motivlər kimi seçilir. Gənc yazıçıların (İntiqam Yaşar, Tural Turan, Nicat Hunalp və b.) müsahibələrində şeirə və nəsrə yanaşmada forma axtarışları, sivilizasiya və şair mövqeyi, tarix və həqiqət məsələlərinin yenidən dərki motivləri önə çıxır. Ümumilikdə, gənc imzalar kitabda həm ənənəvi ideallara sadiqliyi, həm də poetik düşüncədə yenilənmə, fərdiləşmə və estetik həssaslığın artmasını təmsil edən nəsil xəttini tamamlayırlar. Kitaba daxil edilən bütün müsahibələr birlikdə müasir Azərbaycan ədəbi məkanının çoxqatlı, dinamik və nəsillərarası dialoq üzərində qurulan bütöv mənzərəsini formalaşdırır.

“Azərbaycan yazarları belə deyir…” toplusu müasir Azərbaycan ədəbiyyatının ideya-coğrafiyasını, estetik çoxsəsliliyini, nəzəri problemlərini dilə gətirən bir mənbədir. Kitabdakı müsahibələr göstərir ki, Azərbaycan ədəbiyyatı bugün poetik dərinləşmə və daxili sadəlik xətti üzrə inkişaf edir, milli kimlik konseptini mədəni yaddaşla birlikdə daşıyır, fərdi yaradıcılıq psixologiyasını ön plana çəkir, müharibə mövzusunu bədii fəlsəfəyə çevirir, ümumtürk ədəbi məkanında özünəməxsus poetik xətt yaradır və bütün bunlarla yanaşı, metodoloji və institusional problemlərlə üz-üzədir.

Cahangir Namazovun müsahibələr toplusu ədəbi prosesin bu gününü yalnız faktlar səviyyəsində deyil, həm də düşüncə arealında sənədləşdirir. Adətən publisistik çalarlarla müşayiət olunan müsahibə janrı bu topluda öz janr hüdudlarını aşaraq elmi-nəzəri mühakimələr mənbəyinə çevrilir. Burada həm poetik idrakın mahiyyəti, həm də ədəbi prosesin struktural problemləri öz əksini tapır. Kitabın əsas üstünlüklərindən biri odur ki, müəllif sualları sadəcə bioqrafik yönəltmir, əksinə, yazarların ədəbi düşüncə sisteminə, yazı prosesinin fəlsəfəsinə, ictimai funksiyasına dair mülahizələrini üzə çıxarır. Beləliklə, toplu Azərbaycan ədəbiyyatının son onilliklərdə keçdiyi intellektual transformasiyanın ardıcıl və çoxplanlı təsvirini yaratmaq gücünə malik olur.

Cahangir Namazovun dünya şairləri arasında yeni körpülər qurmağa sərf etdiyi əməyin bəhrəsi bir çox yazılarında öz əksini tapıb. Azərbaycan yazıçı və alimləri ilə müsahibələr toplusu da bu qəbildəndir. Gənc özbək şairi üçün ədəbi dostluq bağlarının möhkəmlənməsi ədəbiyyatın dünyada dostluğa, qardaşlığa, ümdə məqsəd olan sülhə xidmətinə önəmli bir qatqıdır. Onun doğulub böyüdüyü torpaqların Əl-Xarəzmi, Əbunəsr-Fərabi, Əl-Biruni, İbn Sina, Sultan Mahmud Qəznəli, Əmir Teymur, Əlişir Nəvai kimi əzəmətli oğullarının əsərlərindən pərvazlanan insan sevgisi bu müsahibələr toplusunda Azərbaycan aydınlarının könlündən, dilindən qopub dünyaya qanad açır.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.