"Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində növbəti görüş keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxanasında "Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində AYB-nin üzvü, “ Qızıl Qələm “ mükafatı laureatı, tədqiqatçı Yusif Rza ilə görüş təşkil olunub.

Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Ağababayev, Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov, "Qəbələnin səsi" ədəbi birliyinin sədr müavini Mirhəsən Ağayev, Mingəçevir şəhərindən gələn qonaqlar, Oğuz ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, idarə və müəssisələrin rəhbərləri, poeziya sevərlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Oğuz rayon MKS-nin direktor müavini Nəzakət xanım Qasımova tədbir iştirakçılarını salamladıqdan sonra söz qonaqlara verilib.  

Çıxış edənlər Yusif Rzanın bir Oğuz ziyalısı kimi tarixi və etnoqrafik məqalələrinin, kitablarının Oğuzun tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətli olduğundan danışıblar. Yusif Rzanın bir şair kimi öz dəst-xəttinin olduğu, İstər poetik, istərsə də elmi məqalələrində mühüm əhəmiyyət daşıyan tarixi mövzulara müraciəti təqdirəlayiq hal kimi vurğulanıb. Yusif müəllimə elmi və ədəbi yaradıcılığında uğurlar arzulanıb.

Tədbir iştirakçıları müəllifin son kitabı olan "Yoldaş Rüstəmov kimdir?" kitabındakı novellalardan oxuyublar. Qeyd olunub ki, ədəbiyyat insanın daxili aləminin güzgüsüdür. Xüsusən novella janrı böyük fikri az sözlə demək, insan taleyini bir anın içində bütöv göstərmək sənətidir. Bu baxımdan Yusif müəllimin novellaları yalnız süjet deyil, düşüncədir, həyatın özüdür, insan ruhunun səssiz harayıdır.

Tədbirdə müəllif iştirakçılara öz kitabını hədiyyə edib. Oxucular tərəfindən ünvanlanmış suallar cavablanırmışdır.

Sonda xatirə şəkli çəkilib. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.