“Sən mənim ömrümə gəldiyin gündən” – müəllifin ilk kitabı

 

Azərbaycan Yazıçılar Birliyində Nadir Qüdrətoğlunun “Sən mənim ömrümə gəldiyin gündən” adlı şeirlər kitabının tanıtım törəni keçirilib. Tədbir poeziyanın insan taleyi, zaman və məsuliyyət anlayışı ilə vəhdətini əks etdirən mənəvi ovqatla yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu Nadir Qüdrətoğlunu həm istedadlı şair, həm də vətəndaş məsuliyyətini poeziyasına daşıyan aydın kimi səciyyələndirib. O, müəllifin şeirlərində dilin sadəliyinin, duyğunun səmimiliyinin, sevgi və vətən mövzularındakı ülviyyətin özəl estetik dəyər daşıdığını vurğulayıb.

Tənqidçi Əsəd Cahangir şairin yaradıcılığındakı mövzu çoxqatlılığına diqqət çəkib. O, hüquqşünas peşəsinin müəllifin düşüncə sisteminə gətirdiyi intizam və məsuliyyət hissinin poeziyada da öz əksini tapdığını bildirib, gələcək yaradıcılıq axtarışlarında sərbəst şeir imkanlarının sınanmasını tövsiyə edib.

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin rəhbəri Cavid İsmayıl çıxışında Nadir Qüdrətoğlunun poeziyasını təkcə lirika ilə məhdudlaşmayan, Qarabağ Zəfəri, mənəvi dəyərlər və milli dövlətçilik ideyaları ilə zəngin olan fəlsəfi düşüncə xətti kimi dəyərləndirib.

Naşir Elman Qasımov, şairlər İlqar Türkoğlu, Nəcibə İlkin, Mələk Yazar, Roma Xosrov, yazıçı Mirhicab Abdullayev, eləcə də Əlibəy Sərxanlı müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Yekunda söz alan Nadir Qüdrətoğlu bu kitabın yaradıcılıq məsuliyyətinin yeni mərhələsi olduğunu bildirib.

İxtisasca hüquqşünas olan müəllif, son altı ildə böyük məsuliyyətlə ərsəyə gətirdiyi bu kitabda oxucunun ruhuna toxunmağa çalışdığını söyləyib. O, Yazıçılar Birliyində keçirilən bu tanıtımı gələcək yaradıcılığı üçün güclü motivasiya kimi xarakterizə edib.

Tədbirin sonunda müəllif kitabını oxucular üçün imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.