“Sən dənizsən, mən ada” – KİTAB BƏLƏDÇİSİ Featured

Təranə Turan Rəhimli,

şair, ədəbiyyatşünas, filologiyaelmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

Cəvahir Tanrıverdi məsuliyyəti, öz şəxsiyyətinə hörməti, milli-mənəvi dəyərlərə sədaqəti ilə çox böyük hörmət və rəğbətimi qazanan tələbələrimdən olub. Hələ ilk tanıdığım vaxtlardan doğulduğu torpağın – Qazax elinin insanlarına xas olan şirin sözü-söhbəti, gözəl nitqi, saz çalmağı, bədii qiraəti ilə diqqətimi cəlb edib.

 

Onu 2003-cü ildə universitetdə müəllimlik həyatımın ilk günündə, ilk daxil olduğum tələbə auditoriyasında tanımışam. 102-ci qrupda, əsmər bənizli gözəl, uca boylu, bir qədər utancaq qızın elə ilk dərsdəki fəallığı, ixtisasına sevgisi, yenicə qazandığı tələbə  adının ilk gündən haqqını vermək çabası diqqətimi cəlb etmişdi.  Dörd illik tələbə həyatında hər il bir fərqli fənndən dərs dediyim Cəvahir zaman keçdikcə özünəməxsus kövrək təbiəti , daxili mənəvi saflığını bütün gözəlliyi ilə təqdim edən sonsuz səmimiyyəti ilə məndə olduqca dərin təəssürat yaratmışdı.

Uzun illər sonra istəkli tələbəm çapa hazırladığı şeirlər kitabını redaktə və ön söz üçün mənə təqdim edəndə onun qəlbini daha yaxından tanımaq imkanım oldu. Bu gənc ürəyin təlatümləri, sevincləri, həyəcanları, ruhi-mənəvi sarsıntıları, dünyaya, yaşama son dərəcə həssas münasibətinə bələd oldum. Cəvahir Tanrıverdinin real həyatdakı ciddiyyəti, təmkinli xarakteri ilə şeirlərindəki uca qadın  mənəviyyatı, yüksək  humanizm ülvi bir vəhdətdədir.

Bu şeirlərin, kövrək qəlb pıçıltılarının ünvanı bəzən  həyatda yaxından tanıdığı, sıx ünsiyyətdə olduğu insanlar – ailə üzvləri, doğmaları, müəllimləri və b.  İlə bağlı yaşadığı  ülvi duyğular, bəzən Vətənin, ana torpağın, yurdun harayı, dərdi, sevinci, zəfəri , bəzən də uzaqdan  müşahidə etdiyi, lakin qəlbinin bütün dərinliyi ilə hiss etdiyi, ruhuna yaxın buraxdığı  daha böyük miqyaslı qlobal, bəşəri hadisələrdir.

Lakin hər bir şeirdə onun həssas qəlbinin döyüntüsü, kövrək  qadın ürəyinin narahatlığı aşkar hiss olunur.

Cəvahir Tanrıverdinin şeirlərində insanın əzəl başlanğıcı olan təbiətə, bütün ruhunun qidası, milli-mənəvi zəmini olan Vətənə, üzərində əməyi olan doğmalarına, uzun illərin zəhməti ilə ərsəyə gələn və dəyər qazanan sevgiyə qırılmaz tellərlə  bağlılıq duyğusu tərənnüm olunur. Onun “Sən dənizsən, mən ada” adlı ilk şeirlər kitabı təbiət şeirləri ilə başlayır. Təbiət mövzusunda yazdığı şeirləri özündə birləşdirən “Təbiət sevgisi” başlığından da göründüyü kimi, bu bədii düşüncədə təbiətə munis bir münasibət var.  Gənc şair “payızın qoxusu – ruhumun ətri” deyə saralmlş yarpaqların içində, xəzəl xışıltısında belə min bir məna  axtarır:

 

Payızın qoxusu – ruhumun ətri,

Rəngbərəng yarpaqlar çiçəyə dönür.

O həzin mehdə bir eşq hərarəti,

Bir damla yağışda həyat görünür.

 

 “Dağlar”, “Küləklə söhbət”, “Küknar və akasya” , “Məni də apar, bənövşə”, “Təbiət sevgisi”,  “Lalə”  kimi şeirlərində də  təbiətə özünəməxsus poetik münasibət var. “Lalə” şeirində baharın ilk çağında düzlərdə açan  zərif bir çiçəyə heyranlıq duyğusu ilə yanaşı, həm də ömrü az olan lalə üçün dərin  həyəcan hissi ilə qarşılaşırıq. “Laləyə toxunma, laləyə dəymə, Qəmli gözlərində hələ yuxu var” deyə o həssas çiçəyi üzməyə tələsənləri xəbərdar edir:

 

Nə qızılgül kimi tikanı yoxdur,

Nə də keşiyində duranı yoxdur.

Ömrü bircə bahar, qalanı yoxdur,

Bir fəsillik sevgi qibləgahı var.

 

“Akasya və küknar” şeirində isə yanaşı əkilmiş iki ağacı müqayisə  ediərək  həyatın hər üzünü – şaxtasını, sazağını görmüş qoca küknarın illərin yükündən ağırlaşan tünd yaşıl çaları ilə  dünyanın qəmindən, kədərindən xəbərsiz  körpə akasyanın  gənclik təravətli açıq yaşıl rənginə müdrik bir  poetik münasibət bildirir.

 

Küknarla gənc akasya –

Biri qışdır, biri yaz.

Biri şuxluq, təravət,

Birinin ömrü ayaz.

 

...Biri: “ömrü duy!” – deyir.

Biri: “həyatı yaşa!”

Fərqli çalarlardadır

Küknar ilə akasya.

 

Cəvahir Tanrıverdinin  təbiət şeirlərində “ürəyində bahar döyünən payız”,  keçdiyi hər yeri “min şəklə salan külək”, uzaqdan uzağa, toxunuşsuz, təmassız kainata  nurunu – təmənnasız sevgisini  ötürən ay,  hər yaranı sağaldan dağlar,  “dərin bir sevginin qarmağına ilişən dəniz”,  sevgisinə əmək verən,  çör-çöp yığıb yuva  tikən dişi  quş... kimi rəngarəng obrazlar dil açıb danışır.  Məhz  təbiətə belə sonsuz sevginin nəticəsi gənc şairə “Ən çox sevdiyim fəsil” şeirini yazdırır. Bu şeirin adı hansı fəslin daha sevimli olduğuna diqqəti çəksə  də, məzmundan anlaşılır ki, lirik “mən”in  ilin bütün mövsümlərinə qarşı dərin poetik duyğuları var və  şeirin hər bəndi onun fərqli bir fəslə sevgisini izhar edir. Gənc şairin  təbiət sevgisi Vətən şeirlərinin də əsas leytmotivini təşkil edir. “Qazaxdadır”, “Xanbulan”, “Astara”, “Qazax torpağı” və s.

Şeirlərdə vətənə olan sonsuz məhəbbət həm də təbiət lirikası ilə birləşib. Eyni zamanda, bu şeirlərdə darda qalan torpaqlarımızın harayı,  vətən dərdi,  yurd nisgili motivləri də acı kədərlə dilə gətirilir. Azərbaycan torpaqlarının uzun illər  işğal altında  qalmasından doğan bu kədər  Cəvahir Tanrıverdinin son illərdə qələmə aldığı şeirlərdə sevinc nidası ilə əvəzlənir. Qəm notları  öz yerini  böyük  zəfərdən doğan şadlıq duyğusuna verir,. Beləliklə, “Unutma, Qarabağ Azərbaycandır”,  “Bizimdir”,  “Ali Baş Komandan, biz səninləyik!”,  “Bu torpaq sənindir”, “Üçrəngli bayrağım, zəfər bizimdir”, “Gün o gün oldu” kimi şeirlərdə zəfər ətirli günlərin sonsuz fərəhi, qüruru, əzəməti tərənnüm edilir. Bu şeirlərdən birində  “gün o gün olsun” – el alqışının reallaşdığı, 30 il həmvətənlərimizin bir-birinə “gün o gün olsun ki, bayramları Şuşada, Kəlbəcərdə qeyd edək, tonqal qalayaq” diləyinin gerçəkləşdiyi,  böyük zəfər sevincinin yaşandığı  GÜN  xüsusi coşqu ilə tərənnüm edilir.  Bəzən küskün ümidlə, bəzən susqun ürəklə “gün o gün olsun” deyən xalqımızın sonunda öz arzusuna çatdığı, həmin gün gəldiyi üçün  yerə-göyə sığmayan lirik qəhrəmanın sevincdən özünə yer tapmadığı bu şəkildə ifadə edilir:

 

“Gün o gün olsun”, - dedik,-

“Gələn il tonqal çataq

Şuşada, Kəlbəcərdə.”

Bir cümləyə sığındı

Dünya boyda dilək də.

 

...İllərlə qızınmadıq

Hər alışan tonqalın

İstisinə, oduna.

Üzümüzdə don gülüş,

Qəlbimiz qan ağladı.

Qaladıqca, arzular

Sinəmizi dağladı.

 

Şeirdəki “Yuxudurmu, İlahi, Şuşada yanan tonqal? “sualı bir gözümüz şəhidlər üçün ağlarkən, digər gözümüzdən qələbəmizin sevinc  yaşları axan o günlərin dərin  yaşantılarını, həyəcanını xatırladır.  Cəvahir Tanrıverdinin yazdığı kimi,  həmin günlərdə də, indi də Bakı, Quba, Lənkəran, Qazax, Şəki, Naxçıvan, hətta Təbriz...  -- bütöv bir Azərbaycan Şuşada yanan tonqalın istisinə qızındıq:

 

Sən varsan, alışırsan,

Yaşa , tonqalım, yaşa!

“Gün o gün olsun”, - dedik,

Gün bu gün oldu, Şuşa.

 

Bütün duyğuların açarı eşqdir, bu,  əsrlərin həyat təcrübəsinin isbatladığı bir aksiomdur.  Cəvahir Tanrıverdinin şeirlərində eşq – böyük əmək istəyən, sahib çıxdığın zaman əsil məhəbbətə çevrilən ülvi bir duyğudur. Eşq – ailədir, qurduğun isti yuva, ürəyinin odu ilə yandırdığın,  qoruduğun ocaqdır,  ömür-gün yoldaşıdır, sədaqətdir, vəfadır...   Müəllifin öz sözləri ilə desək, bu şeirlərdə “sevginin dadı, rəngi, qoxusu”  bir başqadır. Naz etməyə yol açdığı üçün küsməkdən xoşu gələn, yar könlünü alanda hər incikliyi unudan, evdə oğul-uşaq sevinəndə ruhu rahatlıq tapan, sevgisi şeirə-sənətə, kainatın nizamına, mövcud olan bütün varlığa vurğunluğunu artıran, ömür yoldaşının zər kimi qədir-qiymətini bilən gənc qadın bu şeirlərin rəğbət doğuran  lirik qəhrəmanıdır.

  Cəvahir Tanrıverdinin ömür-gün yoldaşına həsr etdiyi şeirlərdə tamamilə fərqli “bir ab-hava” var. Başdan -başa ailə müqəddəsliyini tərənnüm edən bu poetik düşüncələr xalqımızın milli-mənəvi dəyərlər sistemində evin başçısının aparıcı mövqeyini, çalarında qayğı və sevginin birləşdiyi qoruyuculuq, rəhbərlik funksiyasını aydın nəzərə çatdırır.   “Ömür yoldaşı” şeirində oxuyuruq:

 

Mən ki anlayıram zər qiymətini,

Nəfəsin olmasa, sönər bu ocaq.

Qanadın gərilmiş başımız üstdə,

Sənsiz quru daşa dönər bu ocaq.

 

Və bu “Babək biləkli”, ailə təməlinə “hər qoyduğu daşa vətən deyən”, alovu gur yanan bir  ocaq çatan, “şir ürəkli”  Azərbaycan ərinin fikri oğul-uşaq, qurduğu, üstündə əsdiyi yuvadır.  Buna görə də o yuvanı həyatın bütün fırtınalarından qorumaq üçün ömürlük mübarizədədir:

 

Göydə buludlara, yerdə küləyə

Bir sərhəd çəkirsən, dəyməsin bizə.

Hər soyuq, hər pünhan, hər yad baxışdan

Elə qoruyursan, gəlməyək gözə.

 

Bu ailə sevgisinin hüdudsuzluğu sonsuz rəğbət doğurmaqla yanaşı, həm də klassik şeirimizdən  bəri vərdiş etdiyimiz “sevgililər qovuşmayanda sevgi  eşq mərtəbəsinə yüksəlir” qənaətini tamamilə  alt-üst edir. Səadətindən zövq alan, ona yorulmadan əmək verən,  qiymətini bilən, ailə müqəddəsliyini eşqin ən uca zirvəsi sanan aşiqlər bizi inandırır ki, məhz ailə həyatında sevənlər bir-birini tamamlayır, bir bütün olur. “Mən- Sən” şeirində olduğu kimi....

 

Ən gözəl fəsildə, ən gözəl gündə

Mən elə sən oldum, sən də mən oldun.

Bahar çiçəyində, güz xəzəlində

Mən elə sən oldum, sən də mən oldun.

 

Çiçək körpələrin səs-səmirində, 

Ocağı isidən od hənirində,

Süfrənin ən şirin naz-nemətində

Mən elə sən oldum, sən də mən oldun.

 

Ülvi sevginin doğurduğu bu bütünlük, biütövlük duyğusuna inandıran misralardan sonra “Sən işə yollananda darıxıram evdə mən” deyən qadının işdən evə gələnədək həyat yoldaşını intizarla gözləməsinə işarə edən, bu bir neçə saatlıq  həsrətdən şikayəti ifadə edən “nolar, məni də apar”  fikri son dərəcə səmimi səslənir.

Aşağıdakı misralar da onun uzun  illər boyu ömür-gün yoldaşına sevgisini qəlbində  böyüdüb əzizlədiyini, dünya  içində yaratdığı dünyası olduğunu  təsdiqləyir:

 

Sən ki mənim yer kürəmsən,

Mən ki sənin qoynundayam.

Sən yoxsansa, mən də yoxam,

Sən dənizsən, mən adayam.

(“Ada”)

 

Cəvahir Tanrıverdinin doğmalarına – anasına, atasına, övladlarına... ithaf etdiyi şeirləri var. Lakin bu şeirlər içərisində qaynatası Əzizxan Tanrıverdiyə həsr etdiyi şeirlər xüsusi bir çəkiyə malikdir. Ata qədər əziz, təkcə universitetdə ona dərs dediyi üçün, magistr dissertasiyasının elmi rəhbəri  olduğu üçün yox, bütövlükdə həyatı öyrətməkdə önəmli rolu olan böyük müəllimi, sevgisi, qayğısı ilə  əvəzsiz doğmasına çevrilən Əzizxan  Tanrıverdi...  Kitabda “Yerin yaman görünür” başlığı altında toplanan şeirlərdə alim, şəxsiyyət, alovlu vətənpərvər, qayğıkeş ata, ailə başçısı, böyük Türkçü Əzizxan Tanrıverdinin dolğun obrazı yaradılıb. Bu şeirlərin hər birində gənc şairin öz tərənnüm obyektinə böyük sevgisi bədii əksini tapıb. Dədə Qorquddan yaza-yaza Qorqud müdrikliyi zirvəsinə yüksələn,milli  tarixə işıq tutub bu günümüzə dəyər qatan, gələn nəsillər üçün sözləri seçib saxlayan, ən böyük varidatı milli əxlaqi dəyərlər və Türk mənəviyyatı olan uca bir insandan  bəhs edən misralar gözlərimiz önündə  bütöv bir ömrün epopeyasını canlandırır.  Bu şeirlər əziz bir insanın cismani yoxluğunun ən ağır yuxu kimi təsiri, onun erkən vəfatının doğurduğu nisgil, acı qəm-kədərlə yanaşı, mənalı bir ömrün dastanını danışır.  Bu örnək həyatın  çırağının əbədi yanacağına, nəsillərin yolunu aydınladacağına ümud və inamı  ifadə edir:

 

Hər gələcək nəsillərlə

Səni elmin yaşadacaq.

Bu əsrin Qorqud atası

Dədə Əzizxan qalacaq.

(“Kitabların canlı abidələrdir”)

 

  Vətən üçün canını fəda edən şəhidlər, qələminə sarılıb sözü ilə döyüşən şairlər, varlığını, ömrünü  millətin , Vətənin bu günü,  sabahı üçün şam kimi əridən Qənirə Paşayeva tək qəhrəman Azərbaycan övladları  Cəvahir Tanrıverdi şeirlərində sonsuz sevgi və ehtiramla anılır, tərənnüm edilir. “Sən dənizsən, mən ada” kitabı gənc şairin oxucularla ilk görüşüdür. Ümid edirəm ki, ilk şeirlər kitabının doğurduğu təəssürat Cəvahir Tanrıverdini qələmə daha möhkəm sarılmağa, sözdən sarsılmaz qala ucaltmağa ruhlandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.