Gənclər Kitabxanasında Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana, “Xan” nəşriyyatı və “Azərbaycan oxucuları” Kitab klubunun birgə təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib. Tədbirin fəxri qonağı Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı olmuşdur.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Cəfər Cabbarlı yaradıcılığının gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə “Azərbaycan oxucuları” Kitab klubunun üzvləri, müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak edib.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova 1937-ci ildən  Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, bugünki müzakirədə iştirakına görə dramaturqun ev-muzeyinin rəhbəri Qəmər xanım Seyfəddinqızına öz dərin təşəkkürünü bildirib.

Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri Qəmər xanım Seyfəddinqızı   ədibin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini bildirib. Ailəsinin xatirələrini dilə gətirərək, Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı epizodları bölüşüb.

“Azərbaycan oxucuları” Kitab klubunun nümayəndəsi Əfsanə Ağayeva Cəfər Cabbarlının o dövrdə qələmə aldığı, müraciət etdiyi mövzuların, ön plana çəkdiyi problemlərin bu gün də aktual olduğunu və bununla da görkəmli ədibin zəngin irsinin bir klassika, gənclər üçün bir örnək olduğunu bildirdi.

“Xan” nəşriyyatının nümayəndəsi Aysel Səfərova son illərdə nəşriyyat tərəfindən çap olunan Sona xanım Cabbarlının xatirələri əsasında toplanan “Xatirə ədəbiyyatı” silsiləsindən “Onu kim unudar?” kitabı, “Sevil” və “Almaz” nəşrləri haqqında məlumat verərək, “Milli klasika” seriyasından çap edilən nüsxələri Qəmər Seyfəddinqızıya hədiyyə etdi.

Ədibin həyat və yaradıcılığı ilə bağlı məlumatları diqqətə çatdıran  Qəmər Seyfəddinqızı müzakirə olunan əsərlərlə bağlı düşüncələrini, təhlili fikirlərini gənclərin diqqətinə çatdırıb. Tədbirdə Cəfər Cabbarlının ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən əsərləri, onların mövzuları və personajları geniş müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən gənclərin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Kitab müzakirsəində kitabxana tərəfindən hazırlanan “Sənəti ilə həyata yol göstərən Cəfər Cabbarlı” adlı videomaterial nümayiş olunub.

Sonda Qəmər xanım Seyfəddinqızı  Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.