İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
18 oktyabr tarixində Lənkəran şəhərində Azərbaycan Yazıçılar Birliyi, Lənkəran Bölməsinin ədəbi-bədii orqanı olan "Şəfəq" jurnalının 2025-ci il 3-4-cü sayının təqdimat mərasimi keçirildi.
Vətən uğurunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsini uca tutmaq hədəfi ilə bir dəqiqəlik sükutla başlayan tədbirdəAYB Lənkəran Bölməsinin sədri, eyni halda "Şəfəq" jurnalının baş redaktoru, tanınmış yazıçı-dramaturq Qafar Cəfərli, AYB Lənkəran Bölməsinin katibi və "Şəfəq" jurnalının redaktoru, şair-publisist Ağamir Cavad, həmçinin Bölmənin əhatə etdiyi rayonlardan gəlmiş şair, yazıçı və ədəbi təhlilçilər yaxından iştirak etdilər.
Qafar Cəfərli öz çıxışında 18 Oktyabr - Dövlət Müstəqilliyin Bərpası günündən söz açaraq Ali Baş Komandan cənab Prezidentin qətiyyəti və iradəsi, eləcə də əziz şəhidlərimizin qanı və əziz qazilərimiz canı və sağlamlığı bahasına nəhayət Dövlət müstəqilliyimizin bərpa edilməsindən söz açaraq bu münasibətlə tədbir iştirakçılarını təbrik etdi. O, həmçinin, "Şəfəq" jurnalının yeni sayı barədə əhatəli məlumat verərək dərgidə ədəbi yazısı dərc edilmiş bütün qələm əhlini təbrik etdi və onlara yeni uğurlar arzulayaraq bir sıra təklif və tənqidlərini bildirdi.
Tədbirdə iştirak edən şair və yazıçılar da öz çıxışında 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası günü barədə öz təəssüratlarını bölüşərək "Şəfəq" jurnalının yeni sayında dərc edilmiş ədəbi yazılarından danışıb, jurnalın parlaq durumu və gələcəyinə əmin olduqlarını bildirdilər.
Tədbir zamanı bölgə yazarlarının işıq üzü görmüş bədii ədəbiyyata aid kitabları, o cümlədən Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, filoloq, ədəbi təhlilçi-tənqidçi və şair Şəhla Rəvanın, fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadənin, həmçinin, Cəlilabad ədəbi mühitinin nümayəndəsi, yazıçı-şair Pərvanə İsgəndərqızının yeni nəşr edilmiş şeir, ədəbi təhlil və roman tərcümə əsərləri bölmənin sədrinə hədiyyə edildi.
Məlumat üçün qeyd etmək lazımdır ki, "Şəfəq" jurnalının bu sayında təkcə Cəlilabad ədəbi mühitinə aid olan 15 nəfərin ədəbi yazısı (şeir və hekayəsi) yer almışdır. Bunlar nəsr sahəsində Əli Yusifin "Paxıl dostlar", İlqar İsmayılzadənin "Dovşanın acı hekayəsi" və İlham Əhmədovun "Gözlənilməz görüş" hekayələridir.
Poeziya sahəsində isə Əlövsət Tahirli, Faiq Hüseynbəyli, Sevil Azadqızı, Mikayıl İnçəçaylı, Arzu Əyyarqızı, Bilal Alarlı, Sakit Üçtəpəli, Əlizadə Sərdaroğlu, Sevinc Şirvanlı, Azər Mirzə, Şəhla Rəvan və Bilal Hüseynbəylinin müxtəlif səpkilərdə qələmə aldıqları şeirləri yer almışdır.
Həmçinin, jurnalın "Yeni kitablar" rubrikasında oxuculara cəlilabadlı şair və yazıçılardan: Əlövsət Tahirli, Sevil Azadqızı, İlqar İsmayılzadə, Əlirza Həsrət, İlham Əhmədov, Adil Turablı və Əlizadə Sərdaroğlunun çap olunmuş kitabları haqqında qısa biblioqrafik məlumatlar təqdim edilmişdir. Ədəbi tədbirin sonunda isə xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)