Səma Muğannanın kitablarının təqdimatı keçirilib Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

26 sentyabrda Azərbaycan Yazıçılar Birliyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə AYB-nin Natəvan klubunda gənc yazıçı, İsa Muğanna varisi Səma Muğannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” romanlarının təqdimatı keçirilib.

 

Tədbirin aparıcısı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac olub.

Çıxış edənlər arasında akademik, Atatürk Mərkəzinin direktoru, professor, BDU-nun müəllimi Nizami Cəfərov (“Həyatımdan parçalar” romanının ön sözünün müəllifi), Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, ədəbiyyatşünas alim və publisist Əsəd Cahangir, Yazıçılar Birliyinin üzvləri – şair Nazim Əhmədli və şair Nazim Muğanlı, eləcə də Nəbi Xəzrinin yadigarı Arzu Babayev yer alıblar.

Tədbirdə şair Nazim Muğanlı Səma Muğannanın doğum gününə həsr etdiyi şeiri səsləndirib. BDU-nun magistr tələbəsi Ülviyyə Orucova “Qeyb olan uşaqlıq” romanından kiçik bir hissəni oxuyub. Bəndəniz - Bakı Dövlət Universitetinin tələbəsi  Nigar Həsənzadə isə Nəbi Xəzrinin şeirlərindən birini səsləndirib.

Çıxışlarda qeyd olunub ki, “Həyatımdan parçalar” əsəri adından göründüyü kimi müəllifin həyat yoluna istinad etsə də, yalnız şəxsi xatirələrlə məhdudlaşmır, oxucunu cəlb edən ümumi bir mənəvi ovqat yaradır.

Tədbirdə Səma Muğannanın məktəb müəllimləri də iştirak ediblər.

Sonda yazıçının anası, Bakı Dövlət Universitetinin müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna çıxış edərək öz arzularını və təbriklərini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.