10 sentyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan “Oxu, Yarat, Qazan!” adlı Yay Festivalının final mərhələsi keçirilib. 5-17 yaş arası uşaq və yeniyetmələr üçün nəzərdə tutulan bu genişmiqyaslı festival, yay tətilini əyləncəli, maarifləndirici və yaradıcı şəkildə keçirmək məqsədi daşıyıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, festival çərçivəsində keçirilən müxtəlif müsabiqə və tədbirlər – “Yaradıcılığını kəşf et”, “Yarat – daxilindəki sənətkarı oyat” və “Qazan – selfi çək, paylaş, ulduz ol!” başlıqları altında reallaşıb. Bakı məktəbliləri bu layihələrdə böyük həvəs və fəallıqla iştirak ediblər.
Final mərhələsində uşaqların öz əlləri ilə yaratdıqları rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi təqdim olunub. Kağız, sap, gil və digər təbii materiallardan hazırlanmış tətbiqi sənət nümunələri, rəsm əsərləri və origami işləri sərgidə nümayiş etdirilib. Bu müsabiqələr uşaqların yaradıcılıq potensialını ortaya çıxarmaqla yanaşı, onların ictimaiyyət qarşısında öz bacarıqlarını sərgiləmələrinə şərait yaradıb.
Festival çərçivəsində keçirilən “Mən, Kitabxana və Selfi” adlı müsabiqəyə də maraq böyük olub. Uşaqlar kitabxanada çəkdikləri selfiləri kitabxananın rəsmi Instagram sosial səhifəsində (#childlibazerbaijan) paylaşaraq yarışa qoşulublar. Ən çox bəyənilən şəkilin sahibi diplom və kitab hədiyyəsi ilə təltif olunub.
Final tədbiri çərçivəsində 15 sentyabr “Bilik Günü”nə həsr olunmuş kitab sərgisi də təşkil edilib. Sərginin əsas məqsədi uşaqlarda oxumağa marağı artırmaq və yeni dərs ilinə ruh yüksəkliyi ilə başlamaqlarına dəstək olmaqdır.
Əsas məqsəd uşaqları kitaba sevgi, yaradıcılığa maraq və mütaliəyə həvəsruhunda motivasiya etmək olub. Yay tətili boyunca keçirilən tədbirlər sayəsində uşaqlar həm əylənib, həm də öyrəniblər.
Festivalda iştirak edən bütün uşaqlara kitabxana tərəfindən “Göy Qurşağı” jurnalı və müxtəlif kitablar hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)