“Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub

 

"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: "Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz..."

Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. "Ulduz"lu görüşlər"in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib. 

Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.