27 may 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir təşkil olunub. Tədbir çərçivəsində uşaq yazıçısı Zahirə Cabir ilə 177 nömrəli tam orta məktəbin şagirdlərinin maraqlı görüşü baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Zahirə CabirAzərbaycanın dövlət müstəqilliyinin tarixi, onun qorunub saxlanılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu barədə danışıb. Görüş zamanı, həmçininyazıçı uşaqlara müstəqillik mövzusunda qələmə aldığı əsərlərindən parçalar oxuyub, onların suallarını cavablandırıb və yazıçı olmaq arzusu olan gənc oxuculara tövsiyələrini verib. Yazıçı Azərbaycanın müstəqillik tarixindən, azadlıq və vətənpərvərlik ruhunun uşaq ədəbiyyatında əksindən danışaraq bildirib ki, "gələcəyin vətənpərvər və düşüncəli vətəndaşlarını formalaşdırmaqda ədəbiyyatın rolu əvəzsizdir."
Tədbir zamanı, həmçinin “Heydər zirvəsi” adlı videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı əvəzsiz rol, onun milli kimliyimizin qorunmasına verdiyi töhfələr əhatəli şəkildə təqdim olunub.
Tədbirdə iştirak edən şagirdlər müstəqilliklə bağlı qısa çıxışlarla vətənə olan sevgilərini ifadə ediblər. Belə görüşlər uşaqların həm mütaliə vərdişlərinin inkişafına, həm də milli dəyərlərə bağlı yetişmələrinə böyük töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(28.05.2025)