
Super User
“Kitab bələdçisi”ndə metamorfozlar - “Dəyişən bədənlərdir, ya ruhlar?“
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Tarixin müxtəlif dövrlərində ədəbiyyatda metamorfoz əsərlərinə yer verilmişdir. Olduqca diqqət çəkən mövzu sanki xüsusi bir janr kimi ayrılır digər əsərlərdən.
Metamorfoz-insandan heyvana, bitkiyə və ya başqa canlıya dəyişmə kimi izah oluna da bilər.
Metamorfoz ədəbiyyatının tarixi Qədim Roma dövlətindən başlayır. İlkin metamorfoz əsəri Ovidi tərəfindən e.ə. 2-ci və 8-ci illər arasında Böyük Yuliya və Ovidin sürgünü illərində yazılmışdır. Əsər olduqca məşhurdur, 15 kitabdan ibarət mifoloji abidədir. Tam formada əsəri oxuya bilməsək də, sonrakı dövrlərə ilham mənbəyi olduğu dəqiqdir.
Növbəti metamorfoz əsəri Apuleyus tərəfindən yazılmış 11kitabdan ibarət antik romandır ki, bu əsər günümüzə gəlib çatmışdır. Hal hazırda Florensiyada Laurensiya kitabxanasında saxlanılan “Metamorfoz” şahəsərinin yazılma tarixi bizə dəqiq deyil. Əsərin mövzusu haqqında qısa məlumat verməyi özümə borc bildim.
Metamorfoz, digər adıyla “Qızıl eşşək” əsərinin əsas hissəsi Lussi adlı baş obrazın yardımçı olaraq yaşadığı evin sahibəsinin sehrbazlıqla məşğul olduğunu bilməsi, onun quşa çevrildiyini görməsiylə başlayır. Evin digər yardımçısı Lussiyə onu da quşa çevirə biləcəyini, iksirlərin yerlərini söyləyir. Lakin səhv salınan şüşələr nəticəsində Lussi quşa yox, eşşəyə çevrilir. Bu isə tamamilə onun faciəsi olur. Çünki bugünkü heyvan cinayətləri, qətllərinə baxaraq deyə bilərik ki, əsrlər dəyişsə də insanlar elə tarixdəki kimidir bugün, dəyişməyib. Yazıq heyvancığaz şiddət görür, təcavüzə uğrayır, əziyyətlərə dözür. Tək ümidi, çıxış yolu isə bir qızılgül yemək imiş ki, yenidən öz cildinə dönsün. Buna isə İlahə yardım edir və Lussi insan cildinə geri dönür.
Əsərdə həm həyatın sorğulanması, həm maraq dairələrinin və fantaziyaların genişliyi olduqca fərqli formalarda öz əksini tapıb. Sehrbazlıq öyrənmək istəyən Lussi əslində həyatının, insan olmanın dəyərini anlayır bir baxımdan baxanda. Digər yandansa insanların necə vəhşi, necə düşüncəsiz olduğu gerçəyiylə rastlaşır.
Bir digər əsərdə, əksəriyyətimizin oxuduğu, bildiyi Franz Kafkanın “Çevrimə” əsərindəysə biz insan olmanın dəyərini yox, əslində daha çox öz dəyərimizi anlayırıq. Əsərin baş qəhrəmanı Qreqor Zamza olduqca ağır həyat tərzi keçirir və bir gün oyananda gözünü qocaman bir həşərat olaraq açır. Əzabları azalmır, eyni Lussi kimi, daha da artır. İndiyədək evin bütün maddi yükünü çiyinlərində daşıyan Qreqor indi isə ailənin mənəvi yükünü kürəklənir. Atasından olduqca sərt reaksiya görür, anası ondan qorxur, müdiri onu belə görcək arxasına da baxmadan qaçır. Yeganə olaraq bacısı ona hər gün yemək gətirir, onun qayğısına qalır. Özünü günahkar hesab edən Zamzanın halı vaxt keçdikcə daha da ağırlaşır. Atası onu yaralayır, evin maddi yükü azalsın deyə qəbul edilən kirayəşinlərin narazılıqları, əsəbləri nəticəsində hətta bacısı da ondan üz döndərir. Öz yatağında canını tapşırır, bir kibrit qutusunda basdırılır.
Əsərdəki ən maraqlı təzadlardan biri də məhz budur. Kitabın qapağındakı təsvirdə, əsərdə Qreqorun həşrata çevrilmiş bədəni olduqca böyükdür, bir yataq boydadır, o ayağa durduqda ailə fərdləriylə göz-gözədir. Lakin cəsədi bir kibrit qutusuna yerləşəcək qədər kiçikdir. Bu necə olur?
Qreqor əslində tam mənada antiqəhrəmandır. Antiqəhrəman nədir? Bizim oxuduğumuz əsərlərdə əksər hallarda qəhrəmanın müsbət və ya mənfi xarakterindən asılı olmayaraq savaşçı ruhu, kəskin zəkası ön planda olur. Lakin Kafka Qreqoru olduqca aciz, zəif bir xarakter olaraq yazıb yaratmışdı. Ailəsinin borclarını ödəmək üçün gecəsini gündüzünə qatıb işləyən, özüylə bağlı heç bir hədəfi, heç bir istəyi olmayan bir obrazdır Zamza. Yox, əslində bir istəyi var. Borcları ödəyib bitirən kimi müdirinə onun necə pis bir insan olduğunu deməyi xəyal edir, sonra bu xəyaldan daşınır. Necə də zəifdir, o hələ də öz içindən keçənləri nəinki demək, hətta xəyal etməyə də qorxur. Qəribə olan bir digər təzad da məhz burasındadır ki, ailənin borcu çoxdur və Zamzanın maaşıyla çətinliklə dolanırlar. Lakin evdə xidmətçi var. Xidmətçinin aqibətini soruşanlara isə belə bir məlumat verək ki, Qreqorun yeni cismini gördükdə o da qaçır.
Əsərin həcmi olduqca kiçikdir, lakin yazılma müddəti heç də qısa olmamışdı. Kafka inanırdı ki, bu hekayəni bir-iki uzun oturumda yazsa, o, daha yaxşı alınacaq. Ancaq o, bir neçə fasilə verməli olur və Felitsiyaya yazır ki, bu gecikmələr hekayəyə ziyan vurur. Üç həftə sonra, dekabrın 7-də hekayə tamamlanır. Ancaq o, yalnız daha üç ildən sonra işıq üzü görür.
İndi isə gəlin başdakı sualımıza geri qayıdaq. Dəyişən bədənlər idi? Yoxsa beyinlər, düşüncələr, ruhlar? Metamorfoz ədəbiyyatı əsrləri əhatə edərkən yazılışlarındakı məqsədlər də müxtəliflik yaradır. Mənim fikrimcə, çevrilmə əslində insanların daxili aləmini əks etdirmək üçün vasitədir. Xüsusilə antik və orta dövr ədəbiyyatları insani keyfiyyətləri, insanların zəif, mənfi xüsusiyyətlərini, maraqlarını olduqca dərin araşdırır, onları öyrənir. Bu dünyada daim nələrsə dəyişir. Və biz də nələrisə dəyişirik, dəyişmək istəyirik. Bəzən isə ən təhlükəli olanı, özümüzü dəyişirik. Bu da bir insanı hətta həşərata belə çevirə biləcək yeganə mistikadır. Çevrilmə sadəcə cismani olmur. Gərək ki, hər insan özündəki doğru və yanlışların fərqinə varsın, maraqlarını tanısın, ən əsası özünü tanısın və sevsin. Bu dünyada ən qorxunc insan özünü öyrənməmiş, kəşf etməmiş, anlamamış insandır. Yoxsa sonu sadəcə kibrit qutusundakı həşəratdan və ya şiddətə məruz qalan eşşəkdən fərqsiz ola bilər.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
Energetiklər günü, Puççini, İmanquliyev
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
22 dekabr, Energetiklər günü
Fizika alimləri iddia edirlər ki, elektrik cərəyanı kütlə və çəkisi olmadığına görə əslində özlüyündə əsla təhlükəli deyil. Amma bu cərəyan yüklü hissəciklərin – elektronların axınını özündə ehtiva etdiyindən kütləsi və çəkisi olan, habelə işıq sürətinə yaxın sürətlə irəliləyən elektronlar aşkar təhlükə törədirlər. Bu təhlükə öldürücü dərəcədədir. Ona görə də elektriklərin tövsiyələri boşuna deyil, onlar deyir ki, əgər siz hansısa elektrik cihazının detalı deyilsinizsə, onda bu axının qarşısına nəbadə çıxasınız.
Həsən Seyidbəyli, Nəsir İmanquliyev və Cakoma Puççini
Amerikalılar bu dəfə Milli qozla və iydə ilə çörək gününü qeyd edəcəklər. Düzü, mən bu şeylərlə şörəyin miksinin nə dad verəcəyindən bixəbərəm, bu birləşməni heç təsəvvür də edə bilmirəm, amma fakt faktlığında qalır. Rumınlar isə 1989-cu ilin bu günündə Çauşesku rejimini devirib milli xilas fondunu hakimiyyətə gətirmələrini qeyd edəcəklər. Yenə həmin ilin həmin günündə Brandenburq qapıları açılıb, iki Almaniyanın əhalisi bir-birinə gedib-gəlməyə başlayıb.
1938-ci ildə Cənubi Afrika sahili sularından müasir balıqlardan ən qədimi hesab edilən latimeriyanı tutublar. 1920-ci ilin bu günündə tanınmış Azərbaycan kinodramaturqu, kinorejissoru, “Cəbhədən cəbhəyə” və “Uzaq sahillərdə” kimi iki şedevrlə mədəniyyətimizə töhvələr vermiş Həsən Seyidbəyli doğulub. 1911-ci il dekabr ayının 22-də Bakıda Nəsir Əsəd oğlu İmanquliyev anadan olub. Bu gün 110 yaşı qeyd edilən Nəsir İmanquliyev ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın babasıdır, Azərbaycan mətbuatının inkişafında böyük xidmət göstərib, 87 il ömür sürüb.
1895-ci ildə alman fiziki Vilhelm Rentgen həyat yoldaşının əlini şüalandıraraq dünyada ilk dəfə rentgen fotosu çıxarıb. 1876-cı ildə Filippo Marinetti – Avropa ədəbiyyatı və incəsənətində futurizmin təməlini qoymuş italyan yazıçısı doğulub. 1858-ci ildə isə digər məşhur italyan – 12 opera müəllifi, bəstəkar Cakoma Puççini dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)
1 saylı Gəncə “ASAN xidmət“ - 10 il
21 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Gəncə regional “ASAN xidmət“ mərkəzinin açılışı baş tutub. 21 yanvar 2014-cü il tarixində Prezident İlham Əliyev mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.
10 illik fəaliyyəti dövründə mərkəzə ümümilikdə 5,300,000-dən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda Səyyar ASAN xidmət avtobusu vasitəsilə 287000 -dən çox vətəndaş müraciəti qəbul olunub.
Gündəlik orta müraciət sayı 2000-ə yaxındır.
1 saylı Gəncə regional “ASAN xidmət“ mərkəzində 3000 nəfər könüllü fəaliyyət göstərib. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, tamaşalar, idman yarışları intelektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.
Xatırladaq ki, 2022-ci ilin 30 yanvar tarixində Gəncədə növbəti – 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışı gerçəkləşib. Prezident İlham Əliyev açılışda iştirak edib.
(Materialı “ASAN xidmət” təqdim etdi)
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
“ASAN Könüllüləri” Təşkilatının 10 yaşı qeyd edilib
19 dekabr 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə “Könüldən 10 il!” adlı yubiley tədbiri baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ASAN könüllülərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ünvanlanıb.
Rəsmilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində könüllülük fəaliyyətinin bir hərəkat kimi geniş vüsət aldığını, bu istiqamətdəki tədbirlərin müstəsna əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, ASAN könüllülərinin 10 il öncə yaratdıqları təşkilat tərəfindən reallaşdırılan tədbirlər on minlərlə gəncin şəxsi inkişafının dəstəklənməsinə, peşəkarlıq bacarıqlarının və karyera imkanlarının genişləşdirilməsinə əvəzsiz töhfələr verib.
Eyni zamanda uğur qazanmış ASAN könüllüləri çıxış ediblər. Təşkilatın fəaliyyətinə dair hesabat xarakterli müxtəlif videoçarxlar yayımlanıb, sərginin və “Mədəniyyət Carçısı” proqramı tərəfindən hazırlanan kompozisiyaların, musiqi çıxışlarının da nümayişi baş tutub.
Təşkilatın 10 illik fəaliyyəti müddətində sədr kimi çalışmış şəxslər təltif ediliblər.
Tədbir çərçivəsində “bp-Azərbaycan” şirkəti və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən reallaşdırılacaq “ASAN İnkişaf Proqramı” elan edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümə həsr olunmuş proqram ASAN könüllülərinin şəxsi inkişaflarına, onların beynəlxalq sertifikatlar əldə etmələrinə dəstək olmağı hədəfəyir.
“Könüldən 10 il!” yubiley tədbiri musiqili proqramla başa çatıb.
Xatırladaq ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 35.000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. Onlardan 1000-ə yaxını “ASAN xidmət” mərkəzlərində çalışır.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Salam əleyküm, Hitler ağa!
Sərtyel, “Ədəbiyyat və incəsənət”
XATİRƏ
Georgiya Daneliyanın xatirələrindən:
“Bir dəfə mən Daşkənddə televizorda özbək dilinə çevrilmiş “Baharın on yeddi anı” filminə baxırdım. Orada Borman kabinetə daxil olub Hitlerə təzim edərək dedi: “Salam əleyküm, Hitler ağa!”
(Şəkildə)
XƏBƏR
Bizim avtomobil sənayemizi çinlilər icarəyə götürürlər. Bundan sonra bütün avtomobillər bir-birinə oxşayacaq.
Eynən çinlilər kimi.
LƏTİFƏ
Bir erməni lətifəsini diqqətinizə çatdırıram.
Ərlə arvad sözləşirlər.
Arvad:
-Ara, sən niyə üstümə bağırırsan? Sən özün guya axşam yeyib-içmirdin?
Kişi:
-Axçi, mən kişilərlə yeyib-içirdim.
Arvad:
-Ara, mən də küşilərlə yeyib-içirdim də.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib
III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində dünyaca məşhur opera müğənniləri - Azərbaycanın Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib. Bu barədə AzərTAC xəbər paylaşıb.
Dolğun konsert proqramından əvvəl tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova parlaq vokalçıların Azərbaycanın musiqi mədəniyyəti və vokal ifaçılıq sənətinin formalaşdırılmasında xidmətləri, milli vokal ifaçılıq məktəbinin ənənələrinin layiqli şəkildə qorunub saxlanılması haqqında danışıb. Qasımova bacılarının yaradıcılığı yüksək ifaçılıq mədəniyyəti, zəngin zövqü, intellektual dünyagörüşü özünə qarşı tələbkarlıqla sıx bağlıdır, bu da öz əksini repertuar seçimində və klassikdən əvvəlki və orta əsrlər musiqiçilərinin mürəkkəb əsərləri, Azərbaycan bəstəkarlarının məşhur mahnıları və ariyaları üzərində aparılan iş prosesində tapır. Buna görə də Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva və Zülfiyə Sadıxovanın ifa etdikləri musiqi əsərləri musiqili komplimentlər kimi səslənib, Bakı Musiqi Akademiyasının Vokal və opera hazırlığı kafedrasının professorlarına olan çox böyük hörməti vurğulayıb və tamaşaçılar tərəfindən çox böyük heyranlıqla qarşılanıb. Əməkdar artist İnarə Babayeva Andrea Falkonyerinin “O Bellisimi capelli”, Vinçenso Bellininin “Vaga Luna, che Inargenti”, Nikolay Rimski-Korsakovun “Qızıl gülün əsiri olmuş bülbül”, Sergey Raxmaninovun “Qızçiçəyi”, Ferens Listin “Oh! Quand je dors”, Qara Qarayevin “Gürcüstanın təpələrində” və “Mən sizi sevirdim” əsərlərini təqdim edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti İnarə Babayeva Cakomo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, “Boqema” operasından Muzettanın valsını, Üzeyir Hacıbəylinin “Sənsiz” romansını, Frederik Lounun “I Could Have Danced all Night» və Tofiq Quliyevin “Əziz surət” əsərlərini, “Qoy gülüm gəlsin, ay nənə” Azərbaycan xalq mahnısını ifa edib
Konsertin sonunda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə çıxaraq İnarə Babayevanı səmimi-qəlbdən təbrik edib, ona təşəkkürünü bildirib. O qeyd edib ki, məhz onların sənətinə həsr olunmuş konsert ilk dəfədir keçirilir.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri
Qardaş Özbəkistanın sevilən şairi Xasiyyət Rüstəmi DGTYB-nin xətti ilə Azərbaycanda olduğu vaxt tanıdım. Sonra münasibətlərimiz daha da inkişaf etdi, bir-birimizi yaxından tanıdıq və bir-birimizə bağlandıq. Ən az öz tərəfimdən ehtiyat ki, mən onu həm bir ziyalı, bir ədib olaraq, həm də türkcanlı, Turan¬eşqli xanıməfəndi olaraq, bir vəfalı dost olaraq çox qiymətləndirirəm. Özəlliklə, “Kitab Dünyası”nı yalnız Özbəkistanın deyil, türk dünyasının (və bütün dünyanın) ədəbiyyat-sənət ocağına çevirməyi, bu planda Azərbaycan ədəbiyyatına geniş şəkildə diqqət yetirib, yer ayırmasını böyük sevgi-sayğıya layiq bilirəm.
Bəzən “Kitab Dünyası” Özbəkistan və Azərbaycanın ortaq ədəbi nəşrinin təsiri bağışlayır və bütün bu gözəlliklər, çiçəklənmələr Xasiyyət Rüstəmin adı ilə sıx bağlıdır.
Xasiyyət xanım Azərbaycanda dəfələrlə olub və mən də, bir neçə dəfə Özbəkistanda olmuşam; artıq bir-birimizin oxumasına bir-birimizdən xəbərsiz səfər edə bilməz hala gəlmişik. Bu, çox xoşdur! – Təsəvvür edin, uzaqlarda səni yanından gözləyən bir şair var, sənin səfərindən şad olan var...
Xasiyyət Rüstəm insani inkişaf, şəxsiyyətinin məziyyətlərinin şeirlərində böyük ölçüdə yansıdan şairlərdəndir. Məncə, yansıtdığı ən böyük keyfiyyət, məziyyət kimi incə qadın qəlbi, qadın dünyası ilə - zərif duyğular, kövrək məqamlarla bağlıdır. Əgər Xasiyyət Rüs¬təmin şeirlərini müəllifi bilinmədən təqdim etsələr, onun bir qadın şairə, duyğulu könüllə, xeyirxah insana və məhz bir türk qızına kömək etmək çətin olmaz. O, oxuculara bu imkanı verdiyi üçün də alqışa layiqdir.
Xasiyyət Rüstəm ədəbiyyatda həm aşikar, həm də gizli mənalarla çıxış edir. – Bir tərəfdən kimliyi özünü gös¬tərir, başqa tərəfdən sanki demədikləri dediklərindən da¬ha düzəldir. Mən biləndən “demədiklərini” yazıram, “deyə bilənlərini” yazıram. Bunun iki səbəbi var: birincisi, poetexnologiyadan onun ifadə etdiyi material, deyə bilən fikir yoxdur, məncə; ikincisi, o, o sözü ki demir, o mənanı ki, sətiraltı verir, bu da Xasiyyət xanımın şair kimliyini qətiyyən qərarlamir – arif oxucu anındaca hiss edir: “demək, belə məsləhətdir”. – Necə deyərlər, işi deməmək özü də (nəyisə) etmək...
Xasiyyət Rüstəminin özəlliklərindən biri, çox məşğul olmasından, çox məşğul olmasından, bir neçə paralel (amma enerji!) işə bölünməsinə baxmayaraq, enerji ehtiyatı, hər yerdə şair qala bilməsidir. Altı beynəlxalq ədəbi ilə, səfərlər bir yandan; davamlı olaraq populyar nəşrin məsuliyyətli baş redak-toru olmaq başqa yandan; yoldaşı, ana, nənə həyat fəaliyyətinin (“evtapşırıqları”)daşımaq bir başqa tərəfdən... – bütün bu mənəvi, ədəbi və hüquqi hüquqi fəaliyyət, işin gedişində, məhz şair duruşu, şair kimliyi ilə özünü bir istedaddır.
Xasiyyət Rüstəm istəyirəm öz gücü, Azərbaycanda və bir çox ölkə başqa başqa təltif edilib, təqdir görüb, əsərləri neçə dilə çevrilib, neçə-neçə kitabı gün görüb belə, mənlə işləyir, elə ina¬nıram ki, onun daha böyük uğurları hələ qabaqdadır. Bu onun indiyədək əldə etdiyi uğurları heç bir şəkildə kölgə altına salmır; olaraq, hər kitab, hər səfər, hər tanışlıq və əlbəttə, hər şeir onu daha da kamil və Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri, yeni imkanları üzə çıxır. Və bizləri, oxucuları ona daha böyük uğurları yaraşdırır, özümüzə ondan yeni ba¬şarılar dosta veririk...
Fürsətdən istifadə edib, Azərbaycanda ikinci kitabı münasibəti ilə müəllifi ürəkdən təbrik edirəm, Azərbaycan oxucusuna bu gözəl kitabı qazandıran könül dostlarıma da təşəkkür edirəm! Var olun! Oxucularımızı bu gözəl “Leli ağaclar”ına sahib olmaq üçün təbrik edirəm!
Qoy, bu kitab iki qardaş ölkə arasında, qardaş ədə¬biyyatçılar arasında yeni bir bağ, yeni körpü olsun!
Prof.Dr.Qənirə PAŞAYEVA,
Azərbaycan Respublikası
Milli Məclisin Mədəniyyət idarəsinə
İyul-2020. Bakı
“Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası ixtiyarınızdadır
Könül, “Ədəbiyyat və incəsənət”
Daim yenilikləri ilə fərqlənən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu gün də təqvimi unutmayıb. Belə ki, elmi fəaliyyəti Azərbaycan tarixşünaslığına qızıl hərflərlə yazılan, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlarda təbliğ edən, görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyi münasibətilə “Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası hazırlayıb.
Qeyd edim ki, elektron məlumat bazasında akademik Ziya Bünyadovun həyat və elmi fəaliyyəti, rəhbəri olduğu elmi tədqiqat işləri, Azərbaycan və xarici dillərdə nəşr edilən kitabları, tərcümələri, məqalələri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, haqqında yazılan nəşr nümunələrinin siyahıları təqdim edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Ölümsüzlüyə qovuşan ömür”, “Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində. Hollandiyalı tədqiqatçı Sara Krombaxın dissertasiyası haqqında düşüncələr” kimi bölmələrlə yanaşı, akademikin layiq görüldüyü təltif və mükafatlar, Türkiyə Milli Kitabxanasında qorunan kitabları haqqında məlumatlar da yer alıb. Məlumat bazasında akademikin video və fotoqalereyası və 100 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və videomaterial da sərgilənib.
Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə -https://ryl.az/melumat-bazalari/Ziya_Bunyadov_el_melumat_bazasi/index.html keçid edə bilərlər.
Xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Güzgülərin yaddaşını sındırmaq olmur - LİRİK ETÜDLƏR
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
1.
Aşiqlər sevgi acısını
bala çevirən arılardır
Bu arıların iynələri yalnız öz qəlblərinə
sancılmaq üçündür.
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin Vətəni
qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
sadiqliyin intiharıdır.
2.
Çirkin simalar
güzgünü günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur,
bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
"Günəş oğrusuna" aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların sevgisinə
çırtaçırtla yanarlar...
3.
Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
kədərin hökmdar olduğu sarayın
cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
saat əqrəblərinin zamandan
qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm..
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları, ayaqları olmayan
külək kimi qaçıram.
Özümü tapmağa,
qaranlıqlar arxasındakı
"sirli nur qapı"sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)
Ədəbiyyat Fondu akademik Feyzulla Qasımzadənin 125 illiyini qeyd etdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar Ümummilli lider Heydər Əliyevin müəllimi olmuş görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadənin anadan olmasının 125 illiyidir və bu münasibətlə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin və AMEA-nın təşkilati dəstəyi ilə
“Akademik Mirzə Feyzulla Qasımzadə: iki zirvənin fatehi – Alim və müəllim” mövzusunda yubiley tədbiri keçirib.
Yazıçılar Birliyinin “Natavan” klubunda təşkil olunan tədbirdə dövlət və hökümət nümayəndələri, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də ədibin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis açaraq görkəmli alimin mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən danışıb. Akademik Feyzulla Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirən Varis onun şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata malik alim və pedaqoq olduğunu vurğulayıb. Bildirib ki, A.Bakıxanov, N.B.Vəzirov, M.F.Axundov, M.Ş.Vazeh, Əbülqasım Nəbati və neçə-neçə mütəfəkkirlərimiz müstəqil tədqiqat predmeti kimi Feyzulla Qasımzadə tərəfindən araşdırılmışdır.
Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan xalqının zəngin ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə haqlı olaraq hər zaman fəxr etdiyini vurğulayıb. O, görkəmli ədiblərin yaradıcılıq yolunun gənc nəslə tanıdılması və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran akademik Feyzulla Qasımzadənin zəngin elmi irsi barədə məlumat verən Çingiz Abdullayev onun milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirib ki, görkəmli alimin rəhbərliyi ilə 30 elmlər doktoru, 120-dən çox elmlər namizədi yetişdirilib. Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, akademik Feyzulla Qasımzadə Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyyatının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqat əsərini 3 dəfə çap etdirib. Həmçinin bu yüzillikdə yaşayıb-yaratmış böyük sənətkarlar, mütəfəkkirlər haqqında monoqrafiyalar yazıb. O, 600-dək elmi məqalənin, 34 kitabın müəllifi olub.
Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan akademik Feyzulla Qasımzadənin elmi-pedaqoji fəaliyyətindən danışıb, onun böyük bir elmi məktəb yaratdığını söyləyib. Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. O, Mirzə Fətəli Axundzadə və digər ədiblərimizin yaradıcılığı ilə bağlı ciddi tədqiqatlar aparıb.
Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünas alim olmaqla yanaşı, Azərbaycan ədəbiyyatını sistemləşdirərək ali məktəblər üçün dərslik hazırlayan, bütöv bir ədəbiyyatşünas və tənqidçilər nəsli yetişdirən böyük bir pedaqoq olduğunu deyən Sabir Rüstəmxanlıonun gərgin elmi axtarışlarının nəticəsi olan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini həmin dövrün ədəbiyyatının öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbə hesab edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixini Mirzə Feyzulla Qasımzadəsiz təsəvvür etmək qeyri–mümkündür. Alimin o dövrdə tədqiqatları olmasa idi, XIX əsrşünaslıq ədəbiyyatı da olmazdı”, - deyən akademik Nizami Cəfərov Feyzulla Qasımzadənin türk ədəbiyyatına, Osmanlı ədəbiyyatına, hətta aşıq ədəbiyyatına dərindən bələd olduğunu diqqətə çatdırıb. Bildirib ki, akademik Feyzulla Qasımzadənin namizədlik dissertasiyası Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə olub və o, ədibin yaradıcılığını sistemli şəkildə dərindən araşdırıb.
Akademik Nizami Cəfərov qeyd edib ki, görkəmli alim əsərlərini sovet dövrü ideologiyasının qəbul edə biləcəyi hüdudda qələmə alıb. O, Azərbaycan ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün örnək rolu oynayan fundamental əsərlərin müəllifidir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında Feyzulla Qasımzadənin klassik ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə müstəsna və özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən görkəmli alim həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.
“Feyzulla Qasımzadənin əsərlərinin tədqiq olunması, böyük tirajla çapı mühüm əhəmiyyətə malikdir”, - deyə bildirən akademik Teymur Kərimli alimin həmin dövrün İran qəzetlərini əldə edərək oradakı məxrəzlərdən isifadə etməsini, eləcə də Türkiyədən hər hansı təzkirəni tək başına əldə etməsini böyük hadisə kimi dəyərləndirib.
Akademikin elmimizə verdiyi töhfələri sadalayan fil.e.n Şərəf Cəlilli həm də onun Azərbaycan məfkurəsinin formalaşmasına verdiyi töhfələrdən, yetişdirdiyi tələbələrdən, qoyduğu mirasdan danışıb.
Tədbirdə Xalq artisti Oqtay Mirqasımov, professor Himalay Qasımov, fil.e.d. Təyyar Salamoğlu, fil.e.d Yeganə İsmayilova, dos.Sakibə Ələsgərova, dos. Razi Məmmədov və başqaları akademik Feyzulla Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğindəki müstəsna xidmətlərindən danışıblar.
Sonda mərhum alimin qızı, fil.ü.f.d. Nigar Qasımzadə və nəvəsi biol.e.d Tubuxanım Qasımzadə akademik Feyzulla Qasımzadənin xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Tarix unudulmayanlarındır, odur ki, bütün dəyərli ziyalılarımız daim yada salınmalı, anılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)