Super User

Super User

Çərşənbə, 28 Fevral 2024 15:30

“İldırım” - İLQAR FƏHMİ

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tanınmış yazıçı və dramaturq İlqar Fəhminin “İldırım” fantasmaqorik novellasını ixtisarla təqdim edirik. 

 

Artıq futbol cameəsinin çoxdan unutduğu məşqçi Rəsul Mirbabayev qəfil peyda olub Affa-nın qapısını döyəndə, təbii, heç kimin ağlına da gəlməzdi ki, qarşıda ölkə futbolunu hansı sürprizlər gözləyir.

Onu Affa-dakı yaşlı mütəxəssislər müəyyən qədər tanıyırdı. Sovet dövrünün sonlarında "Nefçi"nin ən perspektivli gənc futbolçularından idi, SSRİ dağılandan sonra bir çox idmançılar kimi Avropaya getmiş, bir neçə il orda müxtəlif klublarda oynasa da, ordakılardan özünə qarşı elə aşağılayıcı münasibət görmüşdü ki, dözməyib qayıtmış, Türkiyədə məşqçilik məktəbini bitirib, Şərq ölkələrində ortabab klublarda məşqçilik fəaliyyətilə məşğul olmuşdu. Əvvəl perspektivli məşqçi kimi qəbul edilsə də, elə də uğur qazana bilməmişdi. Bəziləri hətta onun ərəb ölkələrinin birində vəfat elədiyini düşünürdülər. Lakin sağ-salamat imiş... Yaşı əllini keçsə də, çox qıvraq və diribaş əhvalını da saxlamışdı.

Onun təklifi isə səfeh adamın sərsəmləməsinə bənzəyirdi - Siz mənə çempionatdakı ən geridə qalan klublardan birini verin, mən öz heyətimi bütünlüklə ora gətirim və ...nəticəsini özünüz görəcəksiz.

Təbii ki, onun sözünə AFFA-nın vitse-prezidenti Şakir müəllim əvvəlcə ciddi yanaşmamışdı. Necə yəni öz heyətimi? Bütöv komandanı hardan gətirəcək?

Və yalnız bundan sonra Rəsul Mirbabayev məcbur qalıb özüylə gətirdiyi flaşkadan bir videomaterialı ona göstərməli oldu...

Şakir müəllim uzun illər əvvəl dostluq elədiyi həmkarına yalnız hörmət əlaməti olaraq bu videomateriala baxmağa razılıq verdi və... peşman olmadı. Videoda yeniyetmə futolçuların iki dəstəyə bölünüb futbol oynamağı çəkilmişdi.

Oyun tərzi isə həqiqətən çox fərqli idi. Hər biri elə bil ki, sözün həqiqi mənasında, topla doğulmuşdular. Həm fərdi ustalıqları, həm ümumi komanda oyunu... Topla elə bil ki, janqlyorluq edirdilər. Topu ayaqlarıyla, sinələriylə, başlarıyla yox, öz istəkləriylə idarə edirdilər. Top da onların iradələrinə tam tabe olurdu... Şakir müəllim elə bil sadəcə oyuna yox, ilahi bir idman tamaşasının fraqmentlərinə baxırdı.

Video bitəndən sonra Şakir müəllimin sual dolu baxışlarını görən qəfil qonaq öz hekayətini qısa şəkildə danışmağa başladı. Bir şərtlə ki, bu hadisə geniş ictimaiyyətdən gizli qalmalıdı.

Hekayət isə belə idi. Rəsul Mirbabayev müxtəlif ərəb ölkələrində məşqçilik edəndən sonra, doxsanıncı illərin sonlarına yaxın Dubayda məskunlaşmışdı, yerli komandaların birinə məşqçilik edərkən, komandanın prezidenti olan gənc ərəb şeyxi ilə möhkəm dostlaşmışdı. Və bir gün ona uzun müddət düşündüyü ideyasını bildirmişdi - müharibələr içində od tutub yanan Şərq ölkələrindən 7-8 yaşlı yetim uşaqları seçib yığmaq və onları dünyadan tam təcrid edərək, qapalı şəraitdə uzun illər ərzində hazırlayıb qeyri-adi, peşəkar futbol komandası yaratmaq...

Ərəb şeyxinə bu fantastik ideya maraqlı gəlmişdi. Razılaşmışdı və Rəsulun bank hesabına on milyon dollar köçürtmüşdü.

Rəsul Mirbabayev də gənc şeyxin yaxın adamlarının köməyilə bir il ərzində müxtəlif Şərq ölkələrindən, qaçqın düşərgələrindən, yetimxanalardan seçilmiş istedadlı yetim oğlan uşaqlarını yığıb, gizli yollarla Türkiyəyə gətirmişdi. Dubaydan fərqli olaraq Türkiyədə gözdən uzaq bölgələr çox idi və qərara alınmışdı ki, gizli təlim məşq bazası məhz belə ucqar yerlərdən birində qurulsun. Rəsul Mirbabayevin ilk baxışdan amansız görünən ideyası bu uşaqları bu düşərgədə tam qapalı saxlamaq (eynən Koroğlunun Qıratı, Düratı kimi) və on il ərzində yalnız futbol üzərində formalaşdırmaq idi...

Baza tam təchiz edildikdən sonra Rəsul Mirbabayev işə başlamışdı. Bakıdakı köhnə dostlarından bir neçəsini də öz yanına çağırmışdı və bir rəhbər heyət formalaşdırmışdı. Hətta texniki heyətin, tibbi personalın da əksəriyyəti onun köhnə dostlarından ibarət idi.

Beləliklə, bu qeyri-adi eksperimentə start verilmişdi. Şimali Qafqaz, Azərbaycan, Türkiyə, İraq, Suriya, Əfqanıstan və s. yerlərdən yığılan uşaqlar qapalı şəraitdə yeni həyata başladılar.

Mirbabayevin səyləri nəticəsində bir-iki ildən sonra, onların keçmiş həyatları artıq unudulmaqda olan yuxu kimi görünürdü. Onlarçün reallıq yalnız yaşıl meydançadan ibarət idi. Yemək-içmək, və məşq. Yaşıl meydan və top... Daha doğrusu, toplar.

Boş qalan vaxtda isə köhnə futbol oyunlarına baxış və müzakirə... Ara-sıra Rəsulun dostu olan gənc ərəb şeyxi də gəlirdi, uşaqların hazırlıq prosesinə baxırdı.

İlk baxışdan, sıradan bir "uşaq idman klubu"nun fəaliyyətinə bənzəyə bilərdi. Lakin Rəsul Mirbabayevin ideyasının vahiməli tərəfi məhz psixoloji beyin yuyulması prosesi idi. O, uşaqlara sadəcə futbol öyrətmirdi. Beyinlərini bütün dünyəvi fikir və düşüncələrdən təmizləməyi, keçmişlərini unutdurmağı, bütün fiziki və əqli enerjini yalnız və yalnız bir istiqamətə yönəltməyi planlayırdı. Eynən orta əsrlərdəki gizli batini təriqətlərin yetişdirdiyi kimi, onun iradəsinə tam tabe olan böyük bir ailə formalaşdırırdı. Bu ailənin üzvləri rəhbərin iradəsinə tam tabe olub, bu ailədən kənar bütün dünyaya isə nifrət və qəzəblə baxmalı idilər. Yalnız biz - yalnız bizim dəstə, bizim ailə... Vəssalam. Bütün gözəlliklər - güc, qüdrət, sədaqət, etibar, inam, qardaşlıq, dostluq, birlik, vəhdət yalnız bu ailənin içindədir. Seçilmiş varlıqlardan təşkil olunmuş bu ailənin... Bu ailədən kənar bütün dünya yırtıcı və vəhşi varlıqlardan ibarətdir. Onlara yaxın getmək olmaz, yaxın buraxmaq olmaz, inanmaq olmaz, etibar eləmək olmaz... Olmaz, olmaz... Onlara yalnız qalib gəlmək lazımdı. Amma həyatda yox, yaşıl meydanlarda...

Uzun illər boyu belə söhbətlərin təsiri altında futbol meydançası uşaqların beynində Xeyir və Şərin müharibə meydanı kimi formalaşmışdı. Onlar da bu müharibədə özlərini Xeyirin yeganə komandasının mücahidləri kimi təsəvvür edirdilər. Rəsul isə onların nəzərində az qala peyğəmbər kimi bir ilahi varlığa bənzəyirdi... Buna görə də bütün çətinliklərə dözürdülər, ən ağır məşq proseslərini həvəslə keçirdilər. Özlərini kainatda Xeyirlə Şərin son döyüşünə hazırlayırdılar.

Yetim uşaqları 7-8 yaşlarından başlayaraq bu cür robotlaşdırmaq yaxşı idimi, pis idimi, bu barədə fikirləri Rəsul öz düşüncələrindən uzaq saxlayırdı. Məqsəd vasitəni üstələyir. Məqsəd ideal saat kimi işləyən vahid bir mexanizm yaratmaq və bu ideal mexanizm vasitəsilə ən yüksəklərə qalxmaq idi. Bu mexanizmin hər detalı, hər hissəsi öz işində mütləq ideala nail olmalı, adi idmançı bacarığını qat-qat üstələməliydi. Hər kəs vahid mexanizmin iradəsini bütün ruhuyla hiss eləməli, bir-birini sözsüz başa düşməli, yalnız bir nöqtəyə vurmalı idilər. Beləcə, yaşıl meydanda ideal nizam üzərində qurulan bir qələbə maşını təzahür etməliydi.

Lakin prosesin ən aktiv fazasında qəfildən bəd xəbər gəlmişdi. Rəsulun himayədarı olan ərəb şeyxi iki dostuyla birlikdə avtomobil qəzasına düşüb, heç biri sağ çıxa bilməyib.

Bu hadisədən sonra Rəsul xeyli düşünmüş və eksperimentini təkbaşına davam etdirmək qərarına gəlmişdi... Onun Dubaydakı bank hesabında kifayət qədər vəsait var. Bu vəsaitin aylıq faizləri düşərgəni saxlamağa yetəcək qədərdir. Sonrasını isə düşünmək hələ tezdi.

Beləcə, Rəsul sonrakı illərdə öz fəaliyyətini müstəqil davam etdirmişdi. İstədiyinə də nail olmuşdu.

Və budur, artıq komanda yetişib. Onu gün işıqına çıxartmaq vaxtı çatıb.

Vitse-prezident Şakir müəllim bütün bu söhbəti dinlədikdən sonra bir müddət susdu, Rəsulun gətirdiyi daha bir neçə videomateriala baxdı, özlüyündə analiz elədi, sonda bir neçə sual verdi - yeniyetmələr bu vaxta qədər kənar komanda ilə oynayıblar, ya yox?.. Və niyə bunların işığa çıxmağını elə Türkiyədə təşkil eləməyib?

Rəsul Mirbabayev də bildirdi ki, Türkiyədə son vaxtlarda bir neçə yeniyetmə yarışlarında iştirak ediblər, lakin öz güclərini tam göstərməklərinə icazə verməyib. Türkiyədə bunları ortaya çıxarmaq isə çox tez diqqəti cəlb edə bilər. Rəsul isə istəyirdi ki, komandanın Avropa meydanlarına çıxmasından öncə çox diqqət çəkməsin. Yoxsa yüksəlişə mane olanlar çox ola bilər.

Vitse-prezident düşünməkçün Rəsuldan bir neçə gün vaxt istədi, nəhayət, qərara gəldi. Artıq bankrot olmaq üzrə olan və yüksək liqada yerini zorla qoruyub-saxlaya bilmiş "İldırım" komandasının sahibi ilə danışıldı, razılıq alındı və komandanı yenidən qurmaq məşqçi Rəsul Mirbabayevə həvalə olundu. Yeganə çətinlik isə heç bir sənədi-filanı olmayan yeniyetmələri ölkəyə necə gətirmək və onları yerli sənədlərlə təchiz eləmək idi ki, bunu da yol tapıb birtəhər həll eləyə bildilər.

Beləcə, yenilənmiş "İldırım" ölkənin yaşıl meydanlarına çıxdı.

Mövsümün əvvəlində o qədər də inamlı oynamayan komanda bir müddət sonra yavaş-yavaş xal ehtiyatını artırmağa nail oldu, turnir cədvəlinin ortalarına yaxınlaşdı.

Rəsul Mirbabayev isə ara-sıra köhnə dostu olan vitse-prezident Şakir müəllimlə söhbətləşir, fikir və düşüncələrini yalnız onunla bölüşürdü. Düzdü, ilk turlarda Şakir müəllim Rəsulu danlayırdı ki, komanda yaxşı oynamır, potensialını göstərə bilmir.

Rəsul isə onu sakitləşdirirdi ki, hələ tezdi... Qoy kənardan elə görünsün ki, bunların ara-sıra qələbə qazanmaqları da yalnız təsadüfdür. Vaxtı çatanda hamı onların gücünü görəcək. Həm də mövsümün ilk yarısı uşaqların müxtəlif, fərqli komandalarla oyunlara adaptasiya dövrüdü.

Şakir müəllimin ürəyinə ara-sıra şübhələr də yol tapırdı. Bəlkə köhnə dostuna inanmaqda düz eləməyib? Bəlkə onun bütün danışıqları uydurmadı? Bəlkə bu nağıl nəsə başqa məqsədlə uydurulub?

Lakin mövsümün sonuna yaxın "İldırım" həqiqətən də bir az sürəti artırdı və Avropa liqası zonasına düşə bildi. Hərçənd, Şakir müəllimə elə gəlirdi ki, "İldırım" istəsəydi, ölkə çempionu olub Çempionlar liqasına da vəsiqə qazana bilərdi. Lakin Rəsul bunun əleyhinə idi. Ora diqqət mərkəzindədi. Avroliqada isə sürprizlərə öyrəşiblər. Çox diqqət çəkmədən işimizi görəcəyik.

Rəsul öz strategiyasında haqlı çıxmışdı. Komanda Avrokuboklara vəsiqə qazansa da, özünü yenə də müəyyən qədər diqqətdən kənarda saxlamağa müvəffəq olmuşdu... Futbolçular media qarşısına, demək olar ki, çıxmırdı, yalnız baş məşqçi ara-sıra müsahibələr versə də, özünü təsadüfən gəlib Avrokuboklara düşən və bundan özünü itirən çaşqın bir adam kimi aparırdı. Hətta bir neçə dəfə bildirmişdi ki, nə komanda, nə də mən belə böyük yarışlara hazır deyilik.

Ölkənin idman cameəsinin diqqətinin əsas hissəsi çempionun və yuxarı yerlərdəki digər komandaların mərhələ keçmək şanslarına yönəlmişdi. "İldırım" barəsində isə ya heç danışmırdılar, ya da adı gələndə deyirdilər ki, elə birinci mərhələdən uduzub Avrokubokları tərk edəcək.  

Növbəti mövsümün əvvəlində komandanın daxili çempionatda göstərdiyi çox zəif oyun bu fikirləri sanki bir daha təsdiq edirdi.

İkinci mövsümdə bu uğursuz startın fonunda, Avrokuboklarda birinci və ikinci mərhələni keçməyi də o qədər maraq oyatmadı. Kənardan elə görünürdü ki, komanda sanki uğurlu təsadüflərə minnətdar olmalıdı... Birində son dəqiqələrdə vurduğu qolun köməyilə, ikincidə isə oyunsonrası penalti zərbələri nəticəsində mərhələ adlaya bilmişdi. Ələlxüsus, rəqiblərinin zəif komandalar olduğu nəzərə alınanda, bu uğur o qədər də parlaq görünmürdü. Moldova və Kipr komandalarını udmağa nə var ki? 

Yalnız pley-offda Slovakiya klubunu keçib Avropa liqasının qrup mərhəsinə düşəndə, "İldırım" barəsində qismən ciddi söhbətlər getməyə başladı. Hərçənd, yenə də diqqətin böyük hissəsi qrup mərhələsində yerini təmin eləmiş ölkə çempionunun üzərində idi, ondan daha böyük uğur gözləyirdilər, proqnozlar verirdilər, rəqiblərini analiz edirdilər. "İldırım"ın təsadüfi uğuru isə sadəcə qrup mərhələsinə ölkədən iki klubun düşməsinin futbol tariximiz üçün bir ilk olmağı üzərində idi.

Axı kənardan, həqiqətən də belə görünürdü ki, "İldırım"ın yenə də ard-arda bəxti gətirir. Uğurlu təsadüflər və bəxtin köməyi. Vəssalam.

Şakir müəllimsə "İldırım"ın bütün oyunlarını diqqətlə izləyirdi. Özlüyündə analiz etdikcə görürdü ki, elə bil oyunlar qabaqcadan oxşar strategiya ilə planlaşdırılır.

Əvvəlcə komanda hücumda çox dişsiz, sönük oyun nümayiş etdirir, lakin müdafiədə möhkəm dayanırdı. Hansısa məqamda rəqib onun qapısına yol tapsaydı, bir müddət "İldırım" sanki özünü itirmiş kimi görünür, elə təəssürat yaranırdı ki, yenə qollar buraxacaq. Lakin elə olmurdu. Bir müddət xaotik oyun tərzi ilə rəqibin diqqətini keyidəndən sonra, sanki bir anda ideal mexanizm işə düşür, sıxılmış yay açılır, komanda gözlənilməz şəkildə qol vuraraq hesabı bərabərləşdirir, ardınca yenə dəqiq riyazi nizam pozulur, ideal mexanizm qırılıb-dağılır, oyun yenə sönük xaotik bir məcraya düşür. Sona yaxın isə lazım olan nəticəni almaq üçün ilk baxışdan təsadüfi görünən bir qol vurulur. Vəssalam. Hamı sevinir, lakin heç kim bu uğuru nəsə qeyri-adi bir şey kimi görmür.

Vitse-prezident Rəsulla söhbətlərini xatırlayarkən bu strategiyaya haqq qazandırırdı. Bəlkə də düz eləyir. Əgər elə ilk oyunlardan öz ideal mexanizmini, dəqiq nizamını göstərsə, kimlərsə qorxacaq, kimlərsə ehtiyatlanacaq, bu qəfil göbələklərin qabağını kəsməkçün nələrsə edəcək.

Belədə isə heç kim əhəmiyyət vermir, sən də rahat, sakitcə işini davam edirsən.

Şakir müəllim görürdü ki, deyəsən, bu saat qələbə qazanmaq yox, bu qələbənin çox da diqqət cəlb edən olmamağı Rəsulun daha çox enerjisini aparır. Elə bil lazım olan yerə gedib çatana qədər öz ovcundakı qiymətli incini hamıdan bacardıqda gizlətməyə çalışırdı. Qorxurdu ki, əlindən ala bilərlər. Hətta oyunçuların adları da elə idi ki, heç kimin yadında qalmırdı. Əli Quliyev, Məmməd Həsənov, Əli Məmmədov, Həsən Ağayev... Adam əlləşsə də, bunların içindən hansınınsa adını yadında saxlaya bilmirdi. 

Vitse-prezident yalnız bir şeydən narazı idi - "İldırım" ikinci mövsümdə ölkə çempionatının ilk on turunda bircə qələbə də qazana bilməmişdi. Hiss edirdi ki, Rəsul bunu da qəsdən edir. Özündən soruşanda cavab alırdı ki, uşaqların bütün diqqətini yalnız Avrokubok oyunlarına yönəltmişəm.

Axı düzgün deyil, Rəsulun köhnə dostu deyirdi, bəs gələn il nə olacaq? Avrozonaya düşməsəz, gələn il Avrokuboklarda oynaya bilməyəksiz. Rəsul da əlini yellədib deyirdi ki, bu ildən salamat çıxaq, gələn ili sonra fikirləşərik.

Şakir müəllimin ürəyindən ani şübhələr keçirdi ki, deyəsən, heç gələn il olmayacaq...

"İldırım" qrup mərhələsinin oyunlarına da sönük başladı. Yenə eyni strategiya ilə oynadı. Az qol vurdu, əksəriyyəti də təsadüfi qollar kimi görünürdü. Amma çox qol da buraxmadı. Son tura qədər qrupda vəziyyət eləydi ki, qrup liderliyini təmin eləmiş "Roma"nı çıxmaq şərtilə, qalan üç klubun da qrup ikincisi olmaq şansı var idi. Həm "Slovan", həm də "Rapid" eyni xal yığmışdı, son sırada olan "İldırım" onlardan bir xal geridə idi.

Düzdü, "İldırım"ın son tura qədər şansını saxlaması inanılmaz görünsə də, oyun tərzinin sönük və solğun olması, yenə də böyük diqqət çəkməsinə mane olurdu. Ara-sıra onu sürpriz adlandırsalar da, hətta Avropa mediasında belə, yalnız təsadüflər nəticəsində bu yerə qədər gəlib çıxdığı bəyan edilirdi.  

Son turda adətincə sönük bir oyunun sonunda cərimə zərbəsindən vurulan bir qolla qrupdan çıxmağa nail olan "İldırım" yenə də müəyyən mənada əsas diqqətdən kənarda qalmağa nail ola bildi. Çünki ölkə çempionu da qrupdan çıxmışdı və medianın diqqəti də daha çox onun üzərində idi.

Əlbəttə, yerli media "İldırım"ın məşqçisini də, oyunçularını da tez-tez kamera qabağına gətirirdi, Rəsul bunun qabağını tam ala bilməyəcəyinə əmin idi... Lakin oyunçular eynən meydançada oynadıqları kimi elə sönük və mənasız şeylər danışırdılar ki, bir dəfə müsahibə alan jurnalist ikinci dəfə yaxın gəlmək istəmirdi.

Təbii ki, icmalçılar, şərhçilər, idman jurnalistləri səthi də olsa, "İldırım"ın oyununu analiz edirdilər. Lakin deyilən əsas fikirlər bu idi ki, komanda öz oyununu hələ tapa bilmir, ara-sıra maraqlı kombinasiyalar, fərdi texnika nümayiş etdirə bilsələr də, çox xaotik oynayırlar, qurulan nizam tez dağılır, oyun tərzi daha çox başıpozuq xarakter daşıyır. Bir sözlə, komanda oyunu yox səviyyəsindədir. Komanda öz gücündən daha ağır bir yükün altına girib və çabalayır.

Yalnız Şakir müəllim hiss edirdi ki, bütün bunlar məqsədli şəkildə qurulub. Rəsulun komandası bu saat öz gücünü göstərməkdən daha çox, gizlətməklə məşğuldur.

Qrupdan çıxandan sonra ölkə çempionu elə ilk mərhələdə "Ayaks"a məğlub olub yarışı tərk etdi, "İldırım" isə iki oyunda bir top fərqi ilə "Partizan"ı keçə bildi.

Yalnız bundan sonra ölkə mediasının diqqəti "İldırım"a yönəldi. Komandanın oyunu daha ciddi şəkildə analiz edilməyə başlandı. Ara-sıra Avropa şərhçiləri də onlar barədə qısa da olsa, yazılar və reportajlar hazırlamağa başladılar.

İlk öncə komandanın müdafiə xəttinin çox möhkəm olduğu ön plana çıxarıldı. Müdafiəçilərin sanki qapı qarşısında keçilməz dəmir hasar çəkdiyi təqdir olunurdu. Sanki məşqçi bütün diqqət və bacarığını müdafiə xəttinin qurulmasına yönəldib. Lakin yarımmüdafiə və hücum xəttinin çox zəif olduğu deyilir, bunun ardınca yenə də oxşar fikirlər təkrar edilirdi - zəif rəqiblər və təsadüfi qollar. Bəxt, uğur amili... Yalnız nadir mütəxəssislər başa düşürdülər ki, bəxt bu qədər uzun müddət bir komandanın üzünə gülə bilməz, burda nəsə hiylə var.

Püşkatma nəticəsində "İldırım"ın 1/8 final mərhələsindəki rəqibinin "Olimpik Lion" olacağı bilindi. Çempionlar liqasında "Çelsi"yə uduzub Avroliqaya düşən "Lion" burda ən əsas favoritlərdən biri sayılırdı. Təbii ki, ölkə mediası da öncədən "İldırım"ın böyük hesablı məğlubiyyətlə yarışı tərk edəcəyi anonsunu verirdi. Elə Avropada da eyni fikirləri yazırdılar.

Püşkatmadan sonra, məşq zamanı Rəsulla ikilikdə görüşən Şakir müəllim qəribə də olsa, onun üzündə sevinc və fərəh hiss elədi.

Şakir müəllim bunun səbəbini soruşanda Rəsul bildirdi ki, bu vaxta qədər komandamın gücünü çox göstərmədən qələbələr qazanmaq çox çətin idi. Şükürlər olsun ki, çətin də olsa, buna nail olduq. Bu vaxta qədər heç kim bizi ciddiyə almadı, əl-ayağımıza dolaşmadı, mane olmadı. İndi daha maskaları atmaq vaxtı yetişib. Daha rahat nəfəs almaq, ayaqlarımıza bağlanmış daşları açmaq olar.

Rəsul Mirbabayevin üzündəki qəribə fərəh və rahatlıq hissini Şakir müəllim məşq prosesində uşaqların sifətlərində də gördü... Simaları müxtəlif olsa da, üzlərindəki təbəssüm, gözlərindəki ifadə eyni idi. Çöhrələrində qəribə bir işıq parıldayırdı. Elə bil artıq bütün mümkün qələbələri qazanıb bütün kubokları almışdılar. Hər birində eyni ifadə, eyni işıq, eyni parıltı. Elə bil üzlərindəki ifadəni klonlaşdırmışdılar.

Şakir müəllim onların hazırlığına mane olmamaqçün Rəsulun vaxtını çox almadı, ayrılanda yalnız onu soruşdu ki, "Lion"a qarşı hansı taktika ilə oynayacaqsan?

Rəsul Mirbabayev ani düşündü, gülümsünüb dedi ki, üç mərhələdə hamının tanıdığı üç fərqli oyun üslubu quracam, dördüncüdə isə öz oyunumuzu oynayacağıq.

Rəsul heç nə anlamadı. Nə üç, nə dörd? Axı mərhələ yalnız iki oyundan ibarət olur?

Lakin bunun səbəbini soruşmağa vaxtı qalmadı. Rəsul sağollaşıb aralandı, uşaqların yanına getdi.

Şakir "İldırım" oyunçularının üzündə məşqdə gördüyü təbəssümün səbəbini, həm də Rəsulun dediklərinin mənasını "Lion"la səfərdə ilk oyunda anladı və heyrətə düşdü. Həm də tək o yox. İlk oyundan sonra bütün azarkeşlər eyni əhvaldaydılar.

"İldırım" oyunçuları elə bil həqiqətən də zəncirdən qurtulmuşdular. "Lion"un məşqçisi rəqibinin keçmiş oyunlarını analiz edib iti bir hücum xətti qurmuşdu ki, "İldırım"ın möhkəm müdafiə xəttini sındıra bilsinlər. Lakin ilk dəqiqələrdən "Lion"un bütün taktiki gedişləri iflasa uğradı. Lion öz qarşısında sanki 80-ci illərin sonlarının Almaniya yığmasını görürdü.

"İldırım" bütün taktika və strategiyası, oyun tərzi ilə həqiqətən də məşhur alman maşınını təqlid edirdi. Həm də çox yüksək səviyyədə... Fransızların bütün cəhdləri bu alman maşınının ağır təkərləri altında qalıb ovulurdu. "Lion" oyunçuları elə bil İkinci Dünya müharibəsində dəmir tankın qarşısına çıxmış əliyalın fransız əsgərlər idi və atdıqları bütün qumbaralar dəmir zirehə dəyib partlasalar da, heç bir xətər yetirə bilmirdilər.

Birinci hissədə iki, ikinci hissədə isə daha bir qol vuran "İldırım" elə bir komanda oyunu göstərdi ki, çoxlarına elə gəldi, istəsəydi üç yox, otuz qol vurardı. Onlar oynamırdılar, sadəcə, dəqiq saat kimi işləyən bir mexanizm göstərirdilər.

Bakıdakı oyun da eyni hesabla başa çatdı. "Lion"u kənarlaşdıran "İldırım" növbəti mərhələdə Dieqo Simeonenin uzun illər rəhbərlik etdiyi "Atletiko" Madridlə üz-üzə gəlməli oldu. Simeone işə daha ciddi yanaşdı, "İldırım"ın son oyunlarını dəqiq analiz edərək uzaq ölkədən qəfil pırtlayıb çıxmış bu yeni alman maşınının qarşısına necə çıxmaq barədə planlar qurdu.

Lakin ilk oyunda Simeonenin da bütün planları iflasa uğradı. Oyun başlayan kimi "Atletiko" oyunçuları qarşılarında klassik alman maşınını yox, 60-70-ci illərin Braziliya yığmasını gördü.

Alman mexanizmi sanki bir anda göyə sovrulmuş, yerində əsl futbol şousu göstərən Braziliya yığması peyda olmuşdu. Sadəcə fərq onda idi ki, burda Pele bir dənə yox, çox idi. Komanda sanki bir estetik futbol şousu nümayiş etdirirdi. Oyunçular futbol yox, rumbo oynayırdılar, ritmik bir rəqs göstərirdilər. Hər oyunçunun fərdi oyun texnikası, qeyri-adi fintləri, topla aktrobatik hərəkətləri, daban ötürmələri, baş üstündən zərbələri heyrət doğururdu. Oyunun sürəti də elə bil maksimum aşağı salınmışdı. Heç kim tələsmirdi. Sanki tamaşaçılara bu estetik oyundan yetərincə zövq almağa şərait yaradılırdı.

Əvvəlki oyunlardakı dəmir müdafiə xətti də qaldırılmışdı. "İldırım" oyunçuları elə bil eynən o vaxtkı braziliyalılar kimi, demək istəyirdi ki, siz nə qədər bacarırsızsa vurun, biz istədiyimiz qədər vuracağıq... İlk oyun 3-2, ikinci oyun isə 5-3 hesablı qələbələrlə başa çatdı. "İldırım" hətta hesabda geri düşəndə də oyun tərzini dəyişmir, sürəti artırmır, eyni cür şən, estetik futbol şousu göstərirdi.

Şərhçiləri ən çox çaşdıran isə komandanın hər iki mərhələdə bir-birindən radikal şəkildə fərqli oyun tərzi nümayiş etdirməsi idi. Axı bu necə ola bilər? Eyni oyunçuların bu qədər fərqli oyun nümayiş etdirməsi ağlasığmaz görünürdü.

Yarımfinal püşkatmasında "İldırım"ın qarşısına Almaniyanın "Ayntraxt" komandası çıxdı.

Klubun məşqçisi Dino Topmüller "İldırım"ın əvvəlki oyunlarını analiz edərək heyrətlənsə də, əsl alman soyuqqanlılığını qoruyub-saxladı. Oyundan əvvəlki müsahibələrində də qəribə bir kinayə ilə bildirdi ki, onlar nə oynayır-oynasın, özləri bilər. İstər futbol oynasınlar, istər tanqo. Biz elə öz oyunumuzu oynayacağıq.

Yalnız peşəkarlar bu kinayənin arxasında qəribə bir acizlik çaları olduğunu da hiss elədilər. Axı onun qarşısında iki müxtəlif oyun tərzi göstərən bir klub vardı. O öz komandasını bunların hansına uyğun hazırlasın? Axı bilmirdi "İldırım" bu dəfə nə göstərəcək? Ona görə də bu fikrin üstündə qətiyyətlə durdu - heç bir taktiki dəyişikliklər etmədən öz oyunlarını oynamaq.

"İldırım" isə üçüncü sürpriz edərək, bu dəfə "Ayntraxt"ın qabağına Yohan Kroyfun vaxtındakı holland komandası kimi çıxdı. Klassik alman maşınına qarşı hollandların Total futbolu... Maşın mexanizmində hər detal öz yerini dəqiq bilir, artıq heç nə eləmir və bu da nəticə verir. Burda isə heç kəsin konkret yeri yox idi. Hər kəs hər yerdə idi.

"İldırım" oyunçuları sürətli yerdəyişmələrlə, gözlənilməz improvizasiyalarla "Ayntraxt"ın dəqiq saat mexanizmini elə çaşqın vəziyyətə gətirmişdilər ki, oyunçuların az qala başları da hərlənirdi. Belə bir vəhşi sürəti olan oyuna hazır deyildilər. "İldırım"ın sürətli Total futbolu qarşısında alman maşını cırıldayır, fısıldayır, lakin yerindən tərpənə bilmirdi. İlk oyun 2-0, ikinci oyun isə 2-1 hesablı qələbə ilə bitdi və "İldırım" Avropa liqasının finalına çıxdı.

Əvvəlki oyunlardan sonra mətbuat konfranslarında iki kəlmə danışıb aradan çıxan Rəsul Mirbabayev bu dəfə tamam fərqli bir ampluada çıxdı. Müdrik, ağıllı, ciddi görkəmdə olsa da, eyni zamanda qəribə bir divanəlik çaları ilə sanki Avropa futbol cameəsini heyrətləndirmək məqsədi güdürdü.  

Rəsul jurnalistlərin ilk suallarını kənara qoyub öz fikirlərini danışmağa başladı, bildirdi ki, dünya şər, rəzalət, zülmət dünyasıdır. Bu zülmət, şər dünyasının ortasında ilahi işıq altında yaşıl meydan var. Futbol şərə qalib gəlmək üçün yeganə döyüş meydanıdı. Bura ilahi ədalətin zəfər çala biləcəyi yeganə yerdir. Bu meydanda tam qələbə çalan, bütün şeytani rəqiblərini yenən dəstə isə bütün dünyada ilahi ədaləti bərpa edəcək, şərin kökünü kəsəcək, bütün dünyada işıq və səadət bərpa olunacaq... Tanrı kainatı, təbiəti ideal mexanizm kimi qurub. İnsanlar öz dünyalarında bu ideal düzəni pozublar. Şərə təslim olublar, bir-biriylə yola getmirlər, didişirlər, vuruşurlar. Vəhdət yoxdu. Lakin insanların içində kimsə kiçik də olsa, bir ideal mexanizm, ilahi bir struktur yarada bilsə, deməli, bu mexanizmin həm yaradıcısı, həm də hər bir fraqmenti öz-özlüyündə Tanrı düzəninin bir hissəsinə çevrilir və dünyanın düzəlməsinə doğru aparan yeni bir cığır açmış olur. İlahi düzənə açılan cığır məhz futbol meydançasından başlamalıydı. Bir şərtlə ki, tamah, şöhrətpərəstlik, sərvət, pul, var-dövlət, intriqalar, bir sözlə insanı rəzilliyə sürükləyən bütün bu şeytani əməllər bu yaşıl meydançadan uzaqlaşdırılmalıdı. Necə ki, biz bu vaxta qədər öz komandamızı bu rəzilliklərdən kənar saxlaya bilmişik...

Rəsulun bu qəribə çıxışını dinləyən jurnalistlər təəccüblə baxışırdılar və anlamırdılar ki, qarşılarındakı futbol məşqçisidi, ya moizə oxuyan bir keşişdi. Ya da peyğəmbər.

Rəsul Mirbabayev həmin an kameraların qarşısında həqiqətən də, bir futbol peyğəmbəri kimi dayanmışdı.

Çıxışını bitirib başqa heç bir suala cavab verməyərək ayağa qalxanda Rəsul Mirbabayev qəfildən nəyisə xatırladı, yenə kameralara çönüb dedi ki, biz sizə ideala yaxın üç klassik oyun tərzi göstərdik. Başqalarının oyunlarını... Finalda isə öz oyunumuzu göstərəcəyik. Və bir də unutmayın. Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futbolçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz...

Bunu deyib çıxıb getdi.. Heç kim də heç nə anlamadı. Qapı dirəyinin bura nə dəxli? Oyunçu niyə qapını yox, qapı dirəyini nişan almalıdı. Hətta Şakir müəllim də bu barədə soruşanda Rəsul söhbəti yayındırıb dəqiq cavab vermədi. 

Final öncəsi ölkədə qəribə bir ajiotaj vardı. Azarkeşlərdə "İldırım"ın bu sürprizi qəribə hiss və duyğular yaratmışdı. Elə bil bu qəfil nağıla həm inanır, həm də inanmırdılar. Çaşqınlığın əsas səbəbi isə məlumatsızlıq idi. Son həftələrdə klub yenə də qapanmışdı və hazırlıqlarını gözdən uzaq bazasında keçirirdi. Heç kim nə məşqçidən, nə oyunçulardan müsahibə ala bilmir, məşq prosesindən reportajlar edə bilmir, oyunçuların keçmişi barədə məlumatlar tapa bilmirdilər.

Yalnız Rəsul Mirbabayevin son mətbuat konfransındakı çıxışını müzakirə edir, deyilən fikirlərin qəribəliyinin təsiri altında çaşıb qalırdılar. Kimsə Rəsulu dahi, kimsə divanə adlandırırdı. Hətta belə söhbətlər gəzirdi ki, komandanı tamam başqa bir mütəxəssis hazırlayır, Rəsul Mirbabayev isə saxta bir fiqurdu, camaatın qabağına çıxarılmaqçün saxlanılır.

Beləcə, hamı nəfəsini qısıb bu nağıl-simfoniyanın son akkordunu - finalı gözləyirdi. Avropanın qrant klublarının seleksionerləri və məşqçiləri isə əl-ayağa düşərək burdan hansı oyunçuları transfer edəcəkləri barədə qızğın mübahisələr edirdilər. Hətta belə bir şayiə gəzirdi ki, Madridin "Real" klubunun prezidenti istəyir ki, "İldırım"ın bütün oyunçularını məşqçisiylə birlikdə alıb, "Real-2" klubunu tam təzələsin, özünü doğruldanları hissə-hissə əsas heyətə qatsın.  

Portuqaliyanın Lissabon şəhərində keçiriləcək bu final oyununda isə "İldırım"ın qarşısına futbolun yaradıcıları olan İngiltərə təmsilçisi - Londonun "Arsenal" klubu çıxacaqdı.

"Arsenal"ın məşqçisi müsahibələr zamanı "İldırım"la bağlı suallara cavab verərkən maraqlı bir fikir səsləndirmişdi. Biz "Topçular"ıq, həmişə alovla, ildırımla oynamaq bizim alnımıza yazılıb...

Beləcə, Lissabondakı final oyunu başladı...

İlk hissə bitənə yaxın azarkeşlər Rəsul Mirbabayevin son mətbuat konfransındakı sözlərini yada salmağa başladılar. Dirəyə vurulan toplar barədə fikrini...

Həqiqətən də oyunda çox qəribə bir görüntü vardı. "İldırım"ın oyununda heç bir vahid üslub, dəqiq strategiya, taktika hiss olunmurdu. Elə bil ki, bugünkü oyun bütün taktikalardan, strategiyalardan üstün idi. Bu da şou idi, amma başqa bir şou... Karusel şousu. Peşəkar idmançılar bunu yəqin ki, voleybol üslubu adlandıra bilərdilər. Qapıçıdan başqa bütün futbolçular eynən voleybolda olduğu kimi, hər iki dəqiqədən bir dairəvi hərəkətlə yerlərini dəyişirdilər. Müdafiəçi on dəqiqədən sonra dövrə vurub hücumun ön xəttində mövqe tutur, sonra yenə geri qayıdırdı. Hücumçu dövrə vurub yarımmüdafiəçi, sonra da müdafiəçi olurdu və yeni mövqeyində öz işini eyni peşəkarlıqla görürdü. Braziliya üslubunda fərdi peşəkarlıq da öz yerində idi. Lakin bu hələ məsələnin əsas tərəfi deyildi. Əsas sürpriz bu idi ki, "Arsenal"ın qapısına vurulan bütün zərbələr qapı tirlərinə dəyirdi. Nə qapıya girirdi, nə də qapıdan kənara gedirdi. Yalnız qapı tirləri. "İldırım" oyunçuları elə bil bilyard oynayırdılar. Bəlkə də bütün dünya futbolu tarixində qapı tirləri bu qədər ağır zərbələr almamışdılar.

Fasilə zamanı bu məqamı təsadüfə yozanlar da oldu, burda bir ilahi işarə görənlər də... Uzun müddət ərzində komandanın həmişə bəxti gətirib, indi isə ən məsuliyyətli məqamda bəxt "İldırım"dan əvəz çıxır, verdiyi bütün şansları sanki geri alır, bütün zərbələr qapı tirindən geri dönür.

İkinci hissədə də eyni oyun tərzi davam elədi. "Arsenal" topçularının hücumları "İldırım"ın cərimə meydançasında boğulurdu, əks hücumlar isə mütləq şəkildə "Arsenal"ın qapı tirlərinin silkələnməsiylə başa çatırdı. İkinci hissənin ortalarında iş o yerə çatmışdı ki, "Arsenal"ın qapıçısı vurulan topların ardınca heç tullanmırdı. Çünki arxayın idi ki, yenə top qapı tirinə çırpılıb qayıdacaq... Elə də olurdu. Azarkeşlər dumanlı şəkildə anlayırdılar ki, absurd görünsə də, bu detal öncədən planlaşdırılıb. Lakin səbəbini anlaya bilmirdilər. Niyə bir komanda qarşısına belə bir məqsəd qoya bilər ki?

Hamı nəfəsini qısıb bu qəribə oyunun nəticəsini gözləyirdi.

Düz doxsanıncı dəqiqədə "İldırım"ın cərimə meydançasında müdafiəçilərdən biri əllə oynadı və hakim oyunu saxlayıb penalti təyin elədi. Yenə hamı heyrətə düşdü. Axı elə də təhlükəli vəziyyət deyildi və topun qarşısına əl uzatmağa ehtiyac yox idi.

Penalti vurulanda "İldırım"ın qapıçısı eləcə dayanıb gülümsəyərək rəqib oyunçusuna baxdı.

Elə bil "İldırım" nümayişkaranə şəkildə "Arsenal"a bir qol hədiyyə eləmişdi...

Niyə axı? Bəlkə komanda daha bir möcüzə göstərmək istəyir? Əlavə olunmuş 4 dəqiqədə bir neçə qol vurub, qələbə çalmaq istəyir?

Amma Rəsul Mirbabayevin planı, deyəsən, başqa idi. Əlavə olunmuş vaxtın son saniyələrində "İldırım" səlis və sürətli bir hücumla "Arsenal"ın müdafiə xəttini yardı, cərimə meydançasına daxil olan hücumçu isə topa Roberto Karlosun da qibtə edəcəyi çox qüvvətli bir zərbə vurdu və... Top doqquzluğun üstündə dirəyin küncünə elə möhkəm çırpıldı ki, qapı tirləri birləşən yerindən qopub bir anda şaqqıltıyla sınıb dağıldılar...

Elə o andaca Rəsul Mirbabayevin dəli qəhqəhəsi bütün stadiona yayıldı...

Hamı şok içində idi. Bu nə zərbə idi? Və niyə məhz qapı tirlərinin birləşən yeri nişan alınmışdı? Bu nə mesaj, nə ideya idi?

Bu barədə düşünməyə artıq vaxt qalmamışdı. Hakim heç qapını dəyişməyə də icazə vermədi. Onsuz da oyunun son saniyələri idi. Bir də niyə bu qədər gözləyəydilər ki...

"Arsenal"ın qapıçısı topu oyuna daxil edən kimi hakim final fitini səsləndirdi və oyun bitdi. Ən maraqlısı bu idi ki, "Arsenal"ın çaşqın oyunçuları qələbə çaldıqlarına hələ də tam əmin deyildilər.

Nəhayət, tribunaların hay-küyü sanki oyunçuları yuxudan oyatdı, "Topçular" başa düşdülər ki, Uefa kubokunun bu qəribə finalında qalib gəliblər.

Mükafatlandırmadan sonrakı mətbuat konfransında Rəsul Mirbabayev yalnız bir söz dedi: - Biz bal arısıyıq. Yalnız bir dəfə sanca bilirik. Həm də biz çərçivədən qol keçirən yox, çərçivələri sındıran bir komandayıq... Sözünü dedi və çıxıb getdi.

Oyun haqqında müzakirələr isə hələ bir müddət davam elədi. Ən çox da məhz qapı tirlərinə vurulan zərbələr müzakirə olunurdu. Bir oyunda qapı tirinə 48 zərbə dəymişdi. 49-cu isə qapı üçün ölümcül olmuşdu.

Oyunun ertəsi günü Rəsul Mirbabayev Lissabonda icarəyə götürdüyü iri katerə komandanı yığıb yüngül bir dəniz səyahətinə çıxdı. Ölkəyə qayıtmazdan əvvəl oyunçuların bir az istirahət eləməyi üçün.

...Və gəmi bir gün sonra yoxa çıxdı.

Kimsə dedi Afrikaya gediblər, kimsə dedi Amerikaya, kimsə dedi Şərq ölkələrinə...

Katerin yoxa çıxmağından bir həftə sonra Affa-nın İcraiyyə Komitəsinə Rəsul Mirbabayevin adından bir mesaj daxil oldu.

- İldırım çaxdı, itdi. Bu rəzil dünya ilahi oyun üçün hələ hazır deyil. Biz dünyaya ilahi oyunun necə olduğunu göstərdik. İndi isə yoxa çıxmaq vaxtıdı... Özünüzü yaxşı aparsaz, yenə qayıda bilərik... 

Bununla da nağıl bitdi.

Azarkeşlər arasında isə uzun müddət Rəsul Mirbabayevin son müsahibəsindəki fikirlər müzakirə olunurdu - Bir oyunçu on dəfə ard-arda zərbə vurub qol ata bilər. Amma heç bir futbolçu on dəfə ard-arda qapı dirəyini nişan ala bilməz... Həm də biz çərçivədən qol keçirən yox, çərçivələri sındıran bir komandayıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu şeirə mahnı da bəstələnib. Bəstəkarı Elçin İmanov, İfa edən Xalq artisti Eyyub Yaqubov. Məncə, poeziyamızda Ana barədə yazılan ən gözəl şeirlərdəndir. 

 

 

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

 

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana… çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

 

O fidanı bəzi faqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım 

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

 

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

 

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

 

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,

Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

 

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuduğumuz yüzlərlə bədii ədəbiyyat nümunəsindən yadımda cəmi bir neçəsi qalıb, onlardan biri də “Buz heykəl”dir. Bu gün o əsəri əbəs yerə xatırlanıram. 

Bu gün “Buz heykəl”in müəllifi, Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür.

 

Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.

“Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.

Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyətinin tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və digər ordenlər, eləcə də döyüş medalları ilə təltif olunub.

Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Çərşənbə, 28 Fevral 2024 15:00

EKSPRESS-SORĞU - Mənim üç arzum

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

 

Həyatda səhv etmədən yaşamaq mənə görə yaşamamaqdır. Şamın da yaşamasını onun yanması ilə əlaqələndirirlər. İnsan yaşadıqca səhv də edər, büdrəyər də, bəzən yıxılar da. Amma önəmli olan o səhvdən nəticə çıxarmaqdır. Elə arzumun biri də bu olardı ki, elə bir situasiyalara düşüm ki, etdiyim səhvləri təkrar etməyim, həqiqətən də nəticə çıxardığımı hərəkətlərimdə də göstərim.  

 

Digər arzum bir şirkətimin olmasıdır. Hansı sahədə olması ilə əlaqəli hələ dəqiq bir fikrim yoxdur, lakin lider tipli biri olaraq ən yuxarıda işimin başında oturacağım gün yəqin ki, mənim üçün sanki yenidən doğulacağım gün olacaq. Amma ən yuxarıda oturub, bəzi iş adamları kimi sadəcə tapşırıq vermək yox, tapşırıq verdiyin qədər tapşırıq verdiklərinlə birgə çalışmağı da bacarmaqdır liderlik. 

 

Üçüncü arzum isə təhsilimlə əlaqəlidir. Bu barədə geniş nəsə yazmasam da sadəcə  gələn ilə kimi bu arzumun reallaşmasına çox böyük ümidim olduğunu bildirmək istəyirəm. Və bütün oxucularımıza son olaraq bildirirəm ki, arzularınızı qızıl balığa həvalə etməyin, bizim əməyimiz, vaxtımız, məqsədimiz,səbrimiz elə bizim həyatımızın qızıl balığıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Çərşənbə, 28 Fevral 2024 14:00

Rentqenoloq-həkim

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Uşaq vaxtı böyüyəndə insanların içini görməyi arzulayırdı.

Böyüdü və həkim-rentqenoloq oldu. 

 

2.

-Rusiya iqtisadiyyatı inkişaf edir. 

-Yəni daha oğurlamırlar?

-Oğurlayırlar. Sadəcə, indi sanksiyalara görə oğurlananlar ölkə daxilində xərclənir. 

 

3.

Səsi olmayan müğənni bunu yalnız gödək ətəklə kompensasiya edə bilər. 

 

4.

-Həkim, mən sklerozdan əziyyət çəkirəm.

-Təkrar edin: Elkulziolaretmikspansianol hidropanetik virsonkaleks 21.

-Elkulziolaretmikspansianol hidropanetik virsonkaleks. İyirmi neçə? 

-Düzdür, tamam yaddaşınız itib. 

 

5.

-Yaş heç də yaşanmış illərin sayından asılı deyil əsla. Başına gəlmiş əhvalatlardan, keçdiyin yollardan, adladığın sınaqlardan toplu halda sənin bioloji yaşın formalaşır…

-Cavan oğlan, ya şəxsiyyət vəsiqənizi göstərin, ya da siqaret qutusunu qaytarıb yerinə qoyun. 

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzinin yaydığı məlumata görə, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam” portalının akademik direktoru – doktor Yavuz Özoğuzdur.

 

Geniş oxucu auditoriyası tərəfindən izlənilən “Enzyklopädie des Islam” portalı mütəmadi olaraq səhifələrində Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Xəyyam, Yunus Əmrə, İmadəddin Nəsimi, Volfqanq Höte, Teodor Fönten, Fridrix Rükkert, Rayner Maria Rilke kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifidir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qovurmali kələcoşun  hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR:

§ Qovurma əti – 117 qr

§ Yarma – 25 qr

§ Soğan – 17 qr

§ Qurut – 50 qr

§ Əvəlik – 8 qr

§ Ələyəz – 8 qr

§ Duz – 5 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ keşniş – 8 qr

 

QEYD: Qurut əvəzinə qatıqla da hazırlana bilər. 

 

HAZIRLANMASI:

Qurut əvvəlcədən 5-6 saat müd- dətində suda isladılır, aşsüzəndə əzilərək, duru hala gətirilir. Soğan qovurma əti yağında qızardılır, üzərinə əvvəlcədən isladılmış əvəlik, ələyəz əlavə olunur və qovrulur. Daha sonra qurut və isladılmış yarma əlavə olunur və bişirilir. 

Qurut qabda əzilir, əzmə qatı olmalıdır. Noxud ləpəsi ayrıca bişirilir, üzərinə düyü əlavə olunur. Soğan yağda qızardılır, qoz xırdalanır. Daha sonra bütün ərzaqlar qarışdırılır, qarışdırılma (bulanma) bişmə müddətində davam etdirilir. Sonda nanə əlavə olunur. Kələcoş şorbaya zövqə görə sonda qovrulmuş ət də əlavə oluna bilər.

Rəfiqə Dalqlicova (İrəvan şəhəri) eyni nüsxədə yarma əvəzinə düyü, əvəlik və ələyəz əvəzinə nanə, əlavə olaraq noxud və qozdan istifadə etmişdi.

 

Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Çərşənbə, 28 Fevral 2024 09:30

Şəhidlər barədə şeirlər – Nizami Osmanov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nizami Osmanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

NİZAMİ ELŞAD OĞLU OSMANOV

(29.03.2002.-13.10.2020.)

 

Kürdəmir rayonunun Şahsevən kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

ZİRVƏDƏSƏN, NİZAMİ

 

Sən, Şahsevən kəndinin mərd balası Nizami,

Qəhrəmanlıq dastanı, od balası Nizami.

Uşaqlıqdan sevmişdin  hər daşın yurd-obanın,

Dinləmişdin öyüdün  atanın, həm babanın.

 

Bilirdin ki, torpaqlar  bizə bir əmanətdir,

Torpağı azad etmək  hünərdir, cəsarətdir.

Yağılarda qalammaz vətənin çopur daşı,

Torpaq verən igidin  məgər dik durar başı?

 

Həm evdə, həm məktəbdə  dürüstdün, hörmətliydin,

Ata-anaya bağlı, saf sözlü, ülfətliydin.

Əsgərlik bir məktəbdir, hər bir kəsin öz yeri,

Hamı sevirdi səni - rabitəçi əsgəri.

 

Rabitəçi işini öyrənmişdin dərindən,

Yaxşı xəbərdar idin  cihazların sirrindən.

Əsgərliyi qurtarıb hərbçi olacaqdın,

Peşəkar rabitəçi,  orduda qalacaqdın.

 

Başladı müharibə, “Hücum!,   Əsgər irəli!,

Düşməni cəhənnəmə, vaxtdır, göndər, irəli!”

Minlərlə oğul kimi qorxmayaraq döyüşdün,

Sənin də taleyinə şərəfli bir iş düşdü.

 

Qana həris olanlar, qan içində boğular,

Qovuldu yurdumuzdan o  qaniçən yağılar.

Sənintək igidlərin sayəsində Qarabağ,

Azaddır, düşmənlərin ürəyinə çəkdik dağ.

 

Söykənib qəlbindəki zəfər adlı inama.

Sən on səkkiz yaşında  çatdın uca məqama.

Elə zirvədəsən ki, hər kəsə qismət olmaz,

Şəhidlərdən nə qədər yazsa  şair yorulmaz.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Bodo Şefer, «Qaliblərin qanunları»

Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.

Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.

Qalib olmaq üçün, əziz oxucularım, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Həcərin “Vəsiyyət” hekayəsi təqdim edilir.

 

 

 

NƏSR

 

HƏCƏR                                                                                                

              

VƏSİYYƏT

 

          Şəhidlər xiyabanına çatanda bərk tövşüyürdü. Daha kirdarı qalmamışdı. Belini düz tuta bilmir, dikəltsə də, yenə əyilir, ayaqlarını sürüyə-sürüyə yeriyirdi. Pillələri qalxıb nəfəsini dərmək üçün bir az dayandı. Ağaclarda quşlar şövqlə oxuyurdu. Bu, onu lap kövrəltdi, dodaqaltı: “Yazıq balam”, – deyib yoluna davam etdi. Əvvəldən söz vermişdi,  səbirlə ağlayacaqdı. Buradan qayıdanda bir az yüngülləşsə də, hikkə ilə bərkdən ağlayanda heydən düşür, yeriməyə taqəti  qalmırdı. Qızları ilə gələndə bir qədər rahat olur, kimsəsizliyini unudurdu. Qıpqırmızı bayraqlarla, çələnglərlə, qərənfillərlə bəzədilmiş təzə qəbirlərin birinin yanında diz üstə çökdü. Sonra bir az dikələrək başdaşındakı şəklə üzünü söykəyib gözlərini yumdu. Soyuq daş ürəyinəcən axan bir sərinlik gətirdi. Gözünün yaşı yanaqları aşağı süzülür, saqqalından axıb yaxasına tökülürdü. Belə dayanmağa heyi olmadığı üçün yenə qəbrin üstünə çökdü. Qollarını açıb sanki kimisə qucaqlamaq, bağrına basmaq istədi. Arıq, skeleti çıxmış sinəsində çarpazladığı qollarının arası boş  qaldı. Bomboş... Havanı qucaqlamaq olmur. O tərəf-bu tərəfə baxıb kiminsə olub-olmadığını bilmək istədi. Hələ ki heç kim yox idi. Özünü saxlaya bilmədi, hönkürtü ilə içindən çıxan fəryad səsi az qala qulaqlarını batırdı.  Yerini rahatlayıb kürəyini başdaşının kənarına söykədi. İyirmi gündü ki,  gəlmirdi qəbir üstünə. Gələ bilmirdi. Həm üç avtobus dəyişmək, həm də uzaq yolu gəlmək... Ürəyi də sözünə baxmır, sinəsində ovuc içində çırpınan quş kimi pırıldayırdı. Bilirdi ki, ömrünün sonuna az qalıb, lap az... Nəfəsini dərib için-için sızıldadı, yenə ağladı. Lap körpəlikdən indiyəcən oğlunun bütün həyatı gözü önündən film kimi keçirdi. Birdən qışqırtı səsi eşidib yana döndü. Arada burda rastlaşdığı qadın idi. Oğlunun qəbri üstünə gəlmişdi. Uşaqları qonşu idi – qəbir  qonşusu. Heç vaxt danışmaz, baxışları ilə salamlaşar, hər kəs öz dərdinə ağlayıb gedərdi. İndi qadın da tək gəlmişdi. Bir az ağlaşıb sakitləşdilər.

          – A bacı, niyə təksən? Həmişə yanında adam olurdu axı.

          – Nə bilim. Gəlin tək qoymur, mənnən gəlirdi.  Cümə axşamını gözləyə bilmədim. Dözəmmədim... Dolmuşdum...

          – Allah rəhmət eləsin. Bizə yaman dağ qoyub getdilər sağ olmuşlar...

          Dediyi söz özünə də qəribə gəldi, yenə kövrəldi:

          – Sağ olmuşlar... Hanı sağ olmuşlar, hanı ?

          – Yaxşı, qardaş, dilimiz öyrəşib, sözdü daa,  deyirik... Anası yoxdu? Niyə tək gəlirsən həmişə?

          – Anası bəxtəvər bundan sonra yaşamadı. Getdi. Yazıq xəstəydi. Yataq xəstəsi. İflic. Neçə illərdi... Çox qulluq elədim, sağalmadı. Uşaqdan sonra onca gün yaşadı. Onca gün...

          – Allah rəhmət eləsin. Yenə qalsaydı,  dərd ortağı olardı. Tək çətin olar sənə.

          – Dinmirdi, danışmırdı. Dərd ortağılıq bir şey qalmamışdı bədbəxtdə. Sənin də, deyəsən, yoldaşın yoxdur, – deyib sonra üzrxahlıq etməyə başladı, – bağışla, bacı, namünasib söz dedim...

          – Namünasib niyə olur? Yoxdur. Çoxdan rəhmətə gedib. Rəhmətlik doxsan üçüncü ildə müharibədə həlak oldu. Bu uşağı, qardaşını nə zülmlə saxlayıb böyütmüşdüm.       

          – Allah rəhmət eləsin. Bir başa iki yumruq. Düşməni Allah yox eləsin. Camaatı  yaman günə qoydular. Hərə bir cür çəkir.

          Qadın dərindən ah çəkib:

          – Hə, çəkir, – deyib sonra, – haradansan? – deyə soruşdu.

          – Qarabağdanam.

          – Yenə bu günə şükür. Alındı.... Heç olmasa ürəyimizə bir az su səpildi. Bildik, uşaqlarımız havayı ölmədi. Bunların qeyrətinə qurban olum. Böyük  təskinlikdir. Millət bunlarla fəxr eləyir,  qarşılarında baş əyir.

         Danışdıqları müddətdə kişi bir dəfə də başını qaldırıb qadının  üzünə baxmamışdı. İndi gözlərini qıyıb ani nəzər saldı,  yerə baxaraq köksünü ötürüb:

O tərəfi də var. Yaxşıdır. Ancaq mən balamı istiyirəm. Dözə bilmirəm. Ürəyim göynüyür. Kürəyim alışır. Tək oğlumdu. Kəllədə bir göz. Bütün ümidimiz ona idi. Bu da belə. Bizimki yaman pis gətirdi, – dedi, – yoxsulluq, çətinlik.... Təzə-təzə gün görmək istəyirdik ki, davanı başladılar lənətliklər. Çıxıb gəldik bura. Yer yox, yurd yox, pul yox. Üç uşaq, bir də ikimiz... Köhnə, uçuq-sökük  yataqxanada güclə bir otaq tapdıq. Sığındıq ora. Nə zülmlə qızlarımı, bu uşağı saxladım.  Arvadın da bir simsarı yoxdu. O yazıq tamam yetim idi. Bibisi saxlayıb böyütmüşdü. Əsgərliyə gedəndə sözünü, razılığını alıb getdim. Gəlib evləndim.  Xasiyyətim pis idi. Yazığa gün vermirdim. Cırtdqoz adam necə olar?  Sözümü çevirə bilməzdi. Döyürdüm. Elə bil Allah məni qarğımışdı. O qədər xətrini istiyirdim, ancaq içən kimi hirs-hikkəmi onun üstünə tökürdüm. O yazıqdan nəyin hayıfını çıxırdım, özüm də bilmirdim. Adımı Dəli Tahar qoymuşdu.  Gözümdən iraq vaxtı deyirdi. Hərdən qulağm çalırdı.  Üzbəsurat deyəmməzdi.  Bura gələndən sonra elə bil qollarım düşdü yanıma. Yazığım gəlirdi. Yataqxanada yaşamaq zülümdü... Bir otaq... Bakının istisi. Yoxsulluq... İrəlilər hökümətin verdiyi çörək pulu gündəlik çörəyə ancaq çatırdı. Birtəhər böyüdülər. Qızları verdim ərə. Öz qohumumuzdu ikisi də. Yeznələri deyirəm. Hə, baxırlar arvad-uşaqlarına.  Ancaq uşaqları zəifdi. Hörümçəkdən can umurlar. Dünyaya düşəndən iynə-dərmandadırlar. Həkimlər deyir, qohumluqdandı.  Nə bilim, əşşi, qavaxlar da çox adam qohumla evlənirdi. Bə o vaxt uşaqlar niyə xəstə olmurdu?  Mən öz dərdimi – arvadın xəstə olmağını deyirəm – ancaq çəkirdim, qızlarınkı da bir tərəfdən. Nəvənin xəstə olmağı yamandır. Arvad iflic olandan sonra bir adamı yaxına qoymadım. Dedim, uzaq durun, hər qulluğunu özüm eliyəcəm. Hər səhər duran kimi üzünü yudum, saçını daradım, yeməyini yedirtdim. Bir dəfə də olsun, hamamını gecikdirmədim.  “Obşi” hamam idi. Yataqxananı bilirsiz dəə. Qucağıma alıb aparır, yerə adyal sərib üstündə çimizdirirdim.  Günahlarımı yudum. Dedim, bəlkə, Allah maa cəza verdi onu döydüyümə görə. Ancaq sonra fikirləşdim ki, maa cəza verirdi,  özümü eliyəydi xəstə, bu yazığın nə günahı vardı ki? Camaat yaman hörmət eliyirdi. Deyirdilər, savabını, o dünyanı qazanmısan. Taa bilmirdilər ki, ona qulluq elədikcə ürəyim sakitləşir, günahlarımı yuyuram. Dinib danışmırdı. Amma bilirdim ki, şüuru var. Bir az var. Bu uşağı görəndə gözündə ayrı cür baxış əmələ gəlirdi. Dəyişirdi yazıq. Sifəti açılırdı. Uşaq ayrı cür uşağıydı. Təpərli. Qoçaq. Oxumadı, ancaq əsgərlikdən gələndən sonra qatır kimi işlədi. Biləyində fır əmələ gəlmişdi. Pul yığdı, şəhərdən kənar, uzaq yerdə torpaq aldı. Köməkləşdik, ikicə otaq tikə bildi. Yaman söyünürdü dədəsi ölmüş. Deyirdi, dədə,  o yataqxanadan, camaatla bir ubornuya getməkdən,  eyni hamamda çimməkdən canımız qurtaracaq. Təzəcə  yığışmışdıq o evə. İstəklisi də varıydı. Yaşı keçirdi. Elə bu arada toy eləmək istəyirdim. Dedim, gəlin gələr, evin qalanını da yavaş-yavaş tikərik. Çox söyünürdüm, çox. Həm də qorxurdum elə bil. Ürəyimə dammışdı ki, bizə söyünmək düşmür.  Elə də oldu. Allaha neyləmişdik axı? Nə namarddığ eləmişdik? Qaldım o evdə bayquş kimi tək.

          Qadın yaylığının altından çıxan ağ saçlarını səliqəyə salıb qəbrin üstündə yerini dəyişərək rahatladı. Sonra:

– Qardaş, – dedi, – Allah səbir versin sənə. Hansımız asan saxladıq ki balalarımızı? Mənimki o vaxt getdi, həlak oldu.  Məndən on yaş böyük idi, qırx yaşı vardı yazığın.  Nə çətinliklə burada özümüzə yurd-yuva qurmuşduq. Yuxu kimi gəlir. Nə zillətlər çəkdim. Gəlin xeylağı, ər yox. Yeyin yeriyirsən,  deyirlər, dəlidir. Yavaş yeriyirsən, deyirlər, ölüdür. Qohum-qardaş da yaxın durmur. Əvvəl əl tuturdular arada. Sonra onlar da bezikdi.  Hərdən hökümət adamları gəlirdi. Veriliş üçün çəkirdilər. Yardım-zad da olurdu. Amma o paylar qarın doyurmur ee...  Bir dəfə bir qohum kişinin sənədlərini istədi ki, sizə yardım yazdıracam.  Sonra gəldi ki, mümkün olmadı. Xeyli keçmişdi üstündən. Eşitdim ki, adımıza neçə yerdə yardım yazdırıb, özü alır. Özünün də neçə yerdə dükanı, vəzifədə oğlanları vardı. Məlumat verdim həmin yerlərə. Mənimlə düşmən oldu. Kitabxanada işləyirdim. Ayda beş-altı "şirvan" maaş alırdım. Onunla yaşamaq olardı? İşdən çıxdım. Bir qohumun restoranında qab yudum.  Hər axşam evə yemək gətirirdim. Uşaqlar sevinirdilər. Hərdən  yeməyin içindən dişlənmiş ət tikələri çıxırdı. Dəli olurdum...

         Sonra dedilər,  şəhid ailələrinə dükan açmaq asandır. Kişinin şəhidlik sənədlərini təqdim elədim. Nə zillətlə balaca bir dükan açdım. Uşaqlar da kömək eləyirdi. Bir az tükümüz duruldu. Oxumuşdu bu balam. İnistut bitirmişdi. İşləyirdi. Ürəyim dağa dönürdü. Şükür eliyirdim ki, balalarım yekəldi. İşləyirlər, əziyyətdən qurtardım. Daha rahat olaram. Hardaa?.. Əşşi, nə isə... Dərdimi təzələdin... Dava başlayanda, düzü, ana ürəyidir, qorxurdum, dedim, sənin iki balan var, bala, getmə. Dədən getdi, həlak oldu, yetimliyin nə demək olduğunu bilirsən. Barı balaların yetim böyüməsin. Dedi, ana, bu günü nə vaxtdı, gözləyirdim. Gedəcəm. Qabağıma durma.  Varlıların, vəzifəlilərin uşaqları onsuz da getməyəcək. Torpağı kim alsın? Namus-qeyrət  işidir. Həm də atamın intiqamını alacam. Getməliyəm. Getdi. İyirmicə gün çəkdi... İyirmi gün... Həlak oldu...  İnnən belə nə yaşamaq?  İki körpə uşağı var. Onlardan ötrü gərək çabalayam .   

          Kişi arada bir öskürür, nəfəs aldıqca xışıldayan sinəsini arıtlayırdı.

          – Hə, bacı, sənin də heç günün gün olmayıb. Bizimki arada kəndi soruşardı. Evimizi, həyəti, qohum-qonşuları soruşardı. Çox şey yadında deyildi. Bura gələndə bir qırıq uşaq idi axı. Bu, qızlardan sonra doğulub. Müharibə başlayanda  uşaq  tamam dəyişdi. Dünyanı unutdu. Ayaqları yerə dəymirdi. Sümüyü oynağa gedirdi savaşmaqdan ötrü.  Davada  gedib o yerləri gördü. Kəndi, evimizi tapdı. Yaman fərəhlənirdi. Deyirdi, dədə, köçüb gələrik bura. Nə gözəl ellərimiz varmış. Buranın qışı belədir, gör yazı, yayı  necə olacaq. Heyvan, toyuq-cücə saxlayarıq. Anama da təmiz havanın xeyri dəyər. Arının dilini yaxşı bilirsən, öyrədərsən, arı saxlayaram. Burda olan kasıb olmaz.  Eeh, yazıq balam...  Fikirləşirdim, götür-qoy eləyirdim. O vaxtları dədəm xəstə idi. Cavan vaxtı burda – Bakıda işləyirmiş. Vallah, rayon yerində camaata şərait, yaşayış imkanı yaratsalar, heç kəs yurdunu buraxıb şəhərə gəlməzdi. Yazıq kişinin ayağının biri dəzgaha düşüb kəsilmişdi. Qayıdıb kənddə evlənir, orada təsərrüfatla məşğul olur. Anam çox qoçaq, işgüzar idi. Yadıma gəlir, meşələrdən zoğal toplayıb axtalayar, alça yığıb lavaşa qurudar,  pendir, şor tutardı.  Maşın yolu yox idi. Belimizə şəllənib piyada qonşu kəndə,  ordan da yük maşını ilə Şuşaya – bazara satmağa aparardıq.  Həmin gün evdə bayram olardı. Sonra yazıq arvadın canı xəstə düşdü.  Ağır işlərdən oldu...

          Kişi söhbətiniə ara verdi. Köhnə gödəkçəsinin cibindən canavar başlı  bir qəlyan çıxarıb:

          – Bunu çəkəndə qanıq verir. Siqaretlərdə dad-tam qalmayıb, – dedi. Qəlyanını odlayıb dərindən sümürdü. Qatıtüstünü ciyərlərinə çəkdi. Elə bil ürəyinin yanğısını – odu odla söndürmək istəyirdi. Ağzından, burnundan çıxan qalın tüstü dumanı içindəki yanıqlı ahı da özü ilə birgə çəkib çıxardı. Yaşarmış gözlərini qıyıb:

          – Oralarda katorqadakı  kimi işləməsən, dolanmaq  olmurdu. Əsgərliyə gedəndə dedim, qayıdıb hər işi qaydasına salacam. Gedəndə dədəmin qapısında bir sürü heyvan qoyub getmişdim. Gəldim ki, təsərrüfat  tamam dağılıb, cəmi  altı keçi qalıb.  Çoxunun da əmcəyi, bədəni qırma ilə dolu, düyün bağlıyıb. Qoyunları orda-burda girəvəyə salıb tutub aparmışdılar. Keçi əl vermir axı.  A kişinin qızı,  keçiləri ov heyvanı kimi ovlamışdılar. Onu da düşman  eləməmişdi ki. Öz kəndçilərimiz – özümüzünkülər eləmişdi. Haram yeməyi Allah qəbul eləmir. Haram pis şeydir. Təhəri var. Elə bil dünyam qaraldı.  Məni yaman pisikdirdilər. İstədim,  qayıdam  Bakıya,  ya Rusetə.  Ancaq dədəm qoymadı. Dedi, dağ adamınınkı elə dağdır, bala. Dağ adamı aranda,  şəhərdə ya axtalanmış öküzə,  ya da qırmızı görmüş buğaya dönür.  Yəni normal adam olmur.  Ağlıma batdı. Həm də dədəmə yazığım gəldi. Qaldım. Təzə-təzə özümüzü düzəldirdik ki, qaçqınçılıq başladı. İndi də ki belə...  – dedi.

          Qəlyanını ikinci dəfə sümürəndə sanki öz-özünə:

          – Arvad  otuz il dedi, bu zəhrimarı tərgit, tərgidə bilmədim. Andıra qalmış elə bil kəbinli arvadımdır. Tütünü də tapılmır. Yeznəm ordan-burdan soraqlıyıb gətirir,  – deyəndə kal öskürək tutdu. Sinəsini arıtlayıb davam etdi:

          – Mənim balama qismət olmadı, əyər bundan sonra gedib o xaraba qalmış yerləri abad eləyib, yenə oğurluqla məşğul olacaqlarsa, yenə kəndin dul arvadının, yetiminin malını oğurlayacaqlarsa,  heç getməsinlər. Oraları düşman fitnəsiynən baravar haram mal yemək, allahsızlıq dağıtdı, ehtiyac içində qoyduqları  yetim-yesirin, qəribin ahı dağıtdı. Vallah, elə belədir. Maa əyan oluf, bilirəm... Balalarımızın qanına hayıf döyülmü? O torpağa bizim uşaqların qanı töküluf.  Məndən ötrü Məkkədən,  Kərbəladan irəlidir o torpaqlar. Belə yerdə haramçılıq gərək olmaya. Hər şey yaxşı olsun gərək. Çox yaxşı. Balam istədiyi kimi, – deyib yenə ağladı.  

          Qəlyanın külünü yerdəki balaca daşa döyüb çırpdı. Cibinə qoyub dəsmalını çıxardı. Üzünü isladan göz yaşlarını silib  göyə baxdı:

– Bacı, günortaya az qalıb. Mən gedim. Yolum uzaqdır, çox uzaq. Yaxına salsın Allah yolumu. O dünyanı deyirəm. Taa mənim bu dünyayla bir işim qalmayıb. Gedim balamın yanına, – deyib ayaqlarını sürüyə-sürüyə  qəbirlərin arasındakı cığırla keçib getdi. Əyilmiş beli başdaşıların arasında görünməz oldu.  Bayaqdan ağaclarda nəğmə oxuyan quşlar susmuşdular…

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.