Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ – “Prioritet sahə”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
3.
PRİORİTET SAHƏ
Təbii ki, mütaliə mədəniyyətinin yüksəlməsi, yeniyetmə və gənclərin kitaba cəlb edilməsi, yüksək dərəcədə mədəni, bilikli insanların formalaşdırılması Azərbaycan Respublikasının prioritet məsələsidir.
İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. Bu qiymətli sərvətimizi qoruyan ilk kitabxana eramızdan əvvəl yaradılmışdır. Uzun müddət ərzində onun sosial funksiyaları xeyli dəyişmişdir. İlk kitabxananın məqsədi yalnız sənədlərin saxlanılması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və hazırda informasiya və mədəni komponentləri özündə birləşdirən müasir tipli kitabxana olmuşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir.
Müasir dövrümüzü internetsiz təsəvvür etmək qeyri mümkündür. Azərbaycanda və onun hüdudlarından kənar olan ölkələrdə yaşayan insanlar, o cümlədən yeniyetmələr, gənclər arasında asan, əlverişli ünsiyyət vasitəsi kimi internet geniş imkanlar açmaqdadır. Artıq adi kitabları elektron vəsaitlər əvəz etməkdədir. Belə kitabları əlçatan etmək üçün kitabxanalar kompüter və internet ilə təchiz olunub. Uşaqlar və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana-informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam vermiş və bu proqramda kitabxana-informasiya sahəsində geniş plan hazırlanmışdır.
16 Oktyabr gününü dünya Mütaliə Bayramı kimi qeyd edir. Bu münasibətlə Azərbaycanda da hər il silsilə tədbirlər keçirilir. Bu işdə xüsusən Mədəniyyət Nazirliyinin tabeçiliyində olan Cəfər Cabbarlı adına Gənclər Kitabxanası, F. Köçərli adına Uşaq Kitabxanası, eləcə də M.F.Axundov adına Milli Kitabxana öz fəallıqları ilə seçilirlər. Kitabxanalarda bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, icmal, dəyirmi masa, rəsm müsabiqəsi, oxucularla söhbət, səhnəciklər, icmal və s. təşkil olunur. Mütaliə Bayramı məqsədilə kitabxanalarda ənənəvi kitab sərgiləri də təşkil olunur. Bu mövzuyla bağlı fotostendlər, dünya mətbuatı, eləcə də Azərbaycanın ilk qəzet nümunələri, məqalə və kitablar sərgidə öz yerini alır.
Kitab dünya mədəniyyətinin güclü silahıdır. Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Con Lokun dediyi kimi: “Mütaliə zehni sadəcə bilgi ehtiyatı ilə doldurur, mütaliəni qazanclı edən - düşünməkdir.”
Növbəti: 4.Ümummilli liderin mütaliəyə münasibəti
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
GÜLÜŞ KLUBUnda İosif Stalin və feysbuk
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bizim bütün bəlalarımızın adətən iki səbəbi olur:
-nahaq susdum;
-nahaq danışdım.
2.
-Salam, mən sizin mobil operator şirkətinizin əməkdaşıyam. Necədir bizim xidmət, bəyənirsinizmi?
-…
-Alo, alo, nə dediniz, mən sizi eşidə bilmirəm…
3.
Milyardçı arxayındır ki, hamı onu insanlığına görə sevir.
4.
-İsak, sənin burnunun donqar olmasına səbəb sənin yəhudi olmağındır?
-Xeyir, işaqkən mənim vurub burnumu sındırıblar.
-Bəs niyə vurublar?
-Çünki mən yəhudiyəm.
5.
Heç bəyənmədiyiniz Stalinin vaxtında Feysbukda, yaxud Tvitterdə status yazmağa görə adamı tutmazdılar…
6.
Sual: Makron nə xoşalayır? Vermeşil, ya makaron?
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
“Qədim sənətin müasir məkanı” adlı tədbir keçirilib
Avqustun 26-sı Azərbaycan Milli Xalça Muzeyinin yeni binada fəaliyyətinin 10 illiyi münasibətilə "Qədim sənətin müasir məkanı" adlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri Milli Xalça Muzeyin direktoru Əminə Məlikova açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ölkənin mədəni irsinin inkişafı və qorunmasında göstərdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ziyalıların, incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə ərsəyə gələn "Xalça mənim üçün..." videolayihəsi təqdim olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan bənzərsiz tikilinin memarı məşhur avstriyalı mütəxəssis Frans Yans qonaqlara müasir Bakının simvoluna çevrilən binanın ərsəyə gəlməsindən bəhs edərək təcrübə və təəssüratlarını bölüşüb.
Tədbirdə yubiley ilində öz tarixi vətəninə qaytarılan, muzeyin kolleksiyasını daha da zənginləşdirən XIX-XX əsrin əvvəllərinə aid Şirvanın "Paşalı" kilimi, Qazaxın "Şıxlı", Qarabağın "Açma-yumma" və "Bəhmənli" xalçaları ilk dəfə nümayiş etdirilib.
Bu milli irs nümunələri müxtəlif ölkələrdən olan kolleksiyaçılar - Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasi (Almaniya) tərəfindən muzeyə təqdim olunub. Tədbir tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın "Caz naxışı" konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Xalça Muzeyi üçün ayrıca binanın tikilməsi haqqında Sərəncam imzalayıb. Bu irimiqyaslı layihə Azərbaycan xalça sənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib.
2014-cu il avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılan xalça formalı unikal binada fəaliyyət göstərən bu muzey hazırda ölkəmizdə ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Bizi qoruyan nə olub? - LAÇINDAN REPORTAJ
Əkbər Qoşalı - “Ədəbiyyat və incəsənət” üçün
Laçındayıq.
Laçın şəhəri günüdür bu gün. Göydə Tanrımıza, Yerdə Dövlətimizə çox-çox şükürlər olsun!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Burada - Zəfər küçəsində, yaxası “Laçının azad olunmasına görə” və digər medallı qazilərimizlə görüşmək çox xoşdur.
Laçın şəhəri Bayraq Meydanında, hərbi orkestrin möhtəşəm musiqi müşayiəti ilə təntənəli açılış oldu; sonra günün proqram axışı başladı - sərgi, film baxışları, görüşlər, kitablaşmalar, şeirləşmələr, diləkləşmə, dərdləşmə və uğurlaşmalar…
Laçın doğumlu şairlər ərklə qolumuzdan tutub, özəl şövqlə tanıtım edirlər: bax, ora Hoçazdı, ora İşıqlı dağdı… Həkəri bax, bax, oralardan başlayır… Quzeyimiz Kəlbəcər, güneyimiz Qubadlı, gündoğarımız Xocalı, Şuşa və Xocavənd, günbatarımız isə Gorusdur.
Burada, bax, burada, Leninin heykəli vardı, şükür, daha heç vaxt olmayacaq…
Laçın şəhəri 102 il öncə Abdallar kəndi ocağında yaranıb, Laçın adlandırılıb və şəhər statusu alıb;
94 il öncə isə inzibati ərazi vahidi olaraq Laçın rayonu yaradılıb.
Ümumi sahəsi 1835 kv.km olan Laçın rayonu 72 min ha yaylaq sahəsinə və 34 min ha zəngin meşə massivinə malikdir.
Laçının 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır.
Bəlli olduğu kimi, Laçınımız keçmiş DQMV ilə özünüdoğrultmamış Ermənistan Respublikası arasında yerləşirdi. DQMV cəhənnəmə vasil oldu, Ermənistan da uzağı neçə ilsə mövcud olacaq. Laçın yenə eyni coğrafiyaya hakimdir, lakin onun böyük strateji önəmini bilən yalnız özümüz deyildik, özgələr də bilirdi; özgələr özümüzdən bəlkə daha dərin işləmişdi ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin işğalına uğradı… - Bu işğal, əlbəttə, düşmənin hərtərəfli hərbi-siyasi dəstək verən havadarları sayəsində mümkün olmuşdu.
İşğalda Laçının əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb. İşğal sonucunda 220 civarı mədəniyyət, 100-dən artıq təhsil, müxtəlif təyinatlı digər müəssisələr işğalçılar tərəfindən talan edilib, dağıdılıb. Eləcə də, 54 dünya, 200-dən çox yerli önəmə malik tarixi abidə vandalizmə məruz qalıb. Ağzında erməni deyirsən, işğal deyirsən…
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud pozaraq, özünü qanmaz yerinə qiyaraq, Laçında coğrafi adların dəyişdirilməsi, bu elimizin təbii resurslarının talanı və özləri üçün qazanca çevrilməsi yönündə görünməmiş görməmişliklər edib. Bu azmış kimi, Suriyadan olan ermənilər öndə olmaqla qanunsuz məskunlaşma siyasəti ilə məşğul olub.
Bu anlamlı gündə, bayramda çox kədərli cümlələr qurmaq istəmirəm. İşğal da keçmişdə qaldı, işğalçı da keçmişdir. Haqq incəlmiş olsa da, üzülmədi. Tarixi ədalətin təntənəsinə min şükür! Il Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər sonucunda 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu öz bayrağımıza bürünməyə başladı. İki il bundan öncə - 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bayaq Laçın kinoteatrında filmə baxırıq - qazi zabitimiz deyir, Laçın-Şuşa yolunu tutmaqçün həmlə edərkən bir tətəfimiz qorumasız idi; düşündük ki, bu tərəfimizi də dağlarımız, meşələrimiz qoruyar! Şahanə yaraşdırmadır!
Uzun söz olmasın, yığcam sözə zərər yoxdur, indi Laçın yeni inkişaf dönəmini yaşayır.
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”! - Bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevindir.
Laçın bundan sonra ancaq və ancaq inkişaf edəcək, inkişaf edəcək!
Hava Limanı olacaq Laçının,
Bayrağı uca olacaq Laçının,
sözü ötkün olacaq Laçının,
Laçın həmişə Laçın olacaq!
Bu yazını Laçında yazıram,
bu mənim Laçında ilk yazımdır,
bu mənim Laçına ilk gəlişimdir,
inşallah yenə gələr, yenə yazarıq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Laçında dağların nəfəsi – poeziya saatı
Laçın Şəhəri Günü tədbirləri çərçivəsində tanınmış laçınlı şair-tədqiqatçı İlham Qəhrəmanın yeni nəşr olunan "Laçın - 100" ədəbi antologiyası kitabının təqdimatı və poeziya saatı təşkil olunub.
AzərTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.
Bildirilib ki, toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 illiyinə (1924-2024) həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığıyla açılır.
Diqqətə çatdırılıb ki, tərtibçinin axtarışlarının sayəsində XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (Suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi aşıq və şairlərin şeirlərindən nümunələr də kitabda yer alıb.
Daha sonra müasir laçınlı şairlərinin və musiqiçilərinin çıxışlarından ibarət "Poeziya dəqiqələri” keçirilib.
Doğma yurdumuz barədə səsləndirilən şeirlər Laçın sakinləri tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Sizə bir təşəkkür borcum var! - MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT
Türk dünyasının milli dəyərlərini, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirən, dini tolerantlığı, multikulturalizmi gücləndirən, Şərqlə Qərb arasında mədəni dialoqa nail olan , beynəlxalq aləmdə adı xüsusi hörmətlə çəkilən Vətən qızı Mehriban Əliyeva!
Sizə bir təşəkkür borcum var!!!
Nəyə görə və niyə?!
Ona görə ki, sevgi dolu ürəyinizin istisini Günəş kimi təmənnasız paylayırsınız!!! Sevginizdən neçə qəlbə işıq düşür. Eşq ilə, sevgi ilə qurulan yurd, ocaq bərbad ola bilməz. İnsan öz evini, oçağını sevməsə, qonşunun, el-obasının da ocağı yanmayacaq.
Vətən qızı, mən sizin milli kökükümüzə bağlılığınızdan danışacağam. Can üstə olan milli musiqimizə dəyər verib, Mərkəzi Asiya və Şərq regionunda Muğamın dirçəldilməsi kimi möhtəşəm bir layihəni həyata keçirməklə ruhumuza qida verdiniz. Sözümüz, səsimiz, muğamımız, sazımız dirçəldi. Bundan sonra bu mədəni və mənəvi dəyərlərimiz yaşamağa pasport aldılar. Dünyanın hansı ölkəsinə getdinizsə, milli irsimizi, musiqimizi özünüzlə apardınız. Mədəniyyətimizi, tariximizi görmək istəməyənlərə görk etdiniz, kor gözləri, kar qulaqları açdınız.
Mədəniyyətimizin, incəsənətimizin və muğam sənətimizin beşiyi olan Şuşa şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun prezidenti kimi sizin təşkilatçılığınızla "Xarıbülbül" və "Muğam" Musiqi festivallarında bütün dünya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, dövlət başçımızın əzminin, yenilməz iradəsinin şahidi oldu.
Abrımız, ismətimiz, milli kodumuz olan kəlağayını UNESKO-nun Maddi İrs Siyahısında birincilər sırasına yazdınız. Bu da tariximizin, mədəniyyətimizin kiçik bir maddi nümunəsi idi. Kəlağayının sehri və və qədim tarixini qəbul etmək Azərbaycanın, türk dünyasının qədim ənənələrini qəbul etməkdir. Gün o gün olsun ki, Azərbaycan qadınları və qızları sizin timsalınızda kəlağayımızı, milli geyimlərimizi şad və xürrəm günlərində milli geyim kimi öz sandıqlarına əlavə etsinlər.
Ölkəmizin hər yerində, xarici ölkələrdə - bütün qəbullarda və mərasimlərdə qız və gəlinlərimiz, kişilərimiz milli libasa bürünsünlər. Bu da milli ruhumuzu özümüzə qaytaracaq. Milli ruhu güclü olan, milli dəyərlərini qoruyan xalq əbədiyaşardır.
Göy Tanrısının Yer üzündə olan işıqlı qızı, Mehriban xanım!
Siz kimsəzilərin yanında oldunuz, əli hər yerdən üzülənin əlindən tutdunuz. 2016-cı ilin aprel döyüşlərindən sonra qarşınıza çıxan hər bir şəhid anasını bağrınıza basıb, könlünüzün istisi ilə viran olmuş qəlblərinin ağrısını aldınız. Evi uçmuş, yurdu viran olmuşların yurduna, evinə gedib, onların tək olmadığını—Vətən boyda, Azərbaycan boyda sahibləri olduğunu dediniz. Siz təkləri tək qoymadınız.
Siz bir şəhid anasının, bir köçkün, kimsəsiz ananın qarşısında diz çöküb əlindən öpüb, nazını çəkdiniz. Bu əyilmək də sizi elin-obanın gözündə ucaltdı. Sizi xəyal edib düşünən sıravi azərbaycanlıların evinə gedib, süfrələrinin başında oturub çayını içib, duz-çörəklərini kəsdiniz. Qədim milli adət-ənənlərimizi yaşatdınız.
Bir şəhid qadınına məhkəmə tərəfindən haqsızlıq olanda, onun Tanrı dərgahında olan həyat yoldaşının ruhu şad olsun deyə, yazdığım statusumdan iki saat sonra, həmin xanıma artıq himayə etdiyinizdən xəbər tutdum. Oğlunun ürəyində itmiş inamını işıq kimi gözündə yandırdınız.
Sevə -sevə abadlaşdırılmasında iştirak etdiyiniz dini ibadət yerlərimizi, məbədlərimizi, pirlərimizi ziyarət etdiniz. Bu ziyarətlərinizi gerçəkləşdirərkən gözümdən qaçmayan bir məqam oldu. Hansı qocaman ağacı gördünüzsə dayanıb salam verdiniz, gövdəsinə, yarpağına sığal çəkdiniz, daş yaddaşları oyatdınız. Əlinizin istisi tarixlərə şahid daşlara toxunduqca, ürəyinizdən, beyninizdən, ruhunuzdan keçirdiklərinizi Tanrı, Göy Səma qəbul etdi. O gün- bu gün, müqəddəs bildiyiniz, ayaq basıb ziyarət edtiyiniz hər yerdə Tanrı saf dualarınızı, alqışlarınızı alıb, gözəl pay kimi, buta kimi Azərbaycana, Türk dünyasına qaytarır. Daşların yaddaşı iti olur. Daşların dilini hər yoldan keçən bilməz, daşlar hər yoldan keçənə sirr açmaz. Siz daşları, ağacları ziyarət edəndə Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Ebe Ana, El ene, Yel Ana, Ulu Ana kimi Tanrı dərgahında dolaşan analarımızın ruhları hər zaman başınızın üstündə dolanır.
Azərbaycanın Birinci xanımı! Heydər Əliyev Fondunun adı ilə irimiqyaslı, möhtəşəm layihələri həyata keçirməklə, ölkəmizin həm daxildə, həm də xaricdə böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuş Vətən qızı!
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva!
İnsan dünyada nə edirsə hesabına yazılır. Etdiyiniz bütün xeyirxahlıqlar ömür yolunuzun hesabatıdır. Gözləmədiyiniz, bilmədiyiniz yerdə qarşınıza çıxacaq!!!
Göy Tanrısı, Qızıl Günəş, Ay Tanrısı, Yaradan öz mehr-məhəbbətini sevdiklərinizdən və sizdən əsirgəməsin!!! Dünya durduqca xeyirxah əməlləriniz yaşayacaq. Tarixdə dastan olacaq!!!
Hörmətlə, “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar”
İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
Respublika Gənclər Kitabxanasında “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva -60” adlı elektron məlumat bazası hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan, geniş ictimai-siyasi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Mehriban_Eliyeva_el_melumat_bazasi/index.html yerləşdirilən elektron baza öz xeyirxah missiyası ilə xalqın misilsiz sevgisini və dərin rəğbətini qazanan Birinci xanımın millət vəkili, Heydər Əliyev Fondunun, Azərbaycan Gimnastika və Mədəniyyət Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətini əks etdirən çoxlu sayda bölmələrdən ibarətdir. Elektron bazada Mehriban xanım Əliyevanın layihə rəhbəri və ön söz müəllifi olduğu kitablar, haqqında qələm alınan nəşrlər və dövrü mətbuat nümunələrinin siyahıları, akademik Nizami Cəfərovun müəlllifi olduğu və Birinci xanıma həsr edilən “Vətənə fədakarlıqla xidmət nümunəsi” məqaləsinin tam mətni də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan məlumat bazasında Birinci vitse-prezidentin müxtəlif tədbirlər və əlamətdar hadisələrlə bağlı təbrikləri, paylaşımları, təltif edildiyi çoxsaylı mükafatlar haqqında məlumatlar da təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – “Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətlərini inkişaf etdirir”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
Hər birimiz kitablara borcluyuq!
Heydər Əliyev
1.
ON SÖZ
Təqvimdə 2024-cü ildir. Təbii ki, hər dövrün öz tələbləri, öz müsbət və mənfilikləri var. Bugümüzün də kifayət qədər müsbət tərəfləri var. Azərbaycanımız ərazi bütövlüyünü tam bərpa edib, öz inkişaf strategiyasının yeni mərhələsinə qədəm qoyub. Sabahımızın qurucuları olan yeniyetmələrimiz, gənclərimiz alnıaçıq, üzüağ biliklər əxz edir, sənət və peşə öyrənirlər.
Amma 3-cü minilliyin bu dönəmində tək bizdə yox, bütün dünyada ciddi bir problem var, bu, Z(zet) və A(alfa) nəslinin – yəni müasir, tam sosiallaşmış uşaq, yeniyetmə və gənclərin mütaliədən uzaq durması, mobil telefon və internet asılılığından qopa bilməməsidir. Odur ki, indi hər bir təsisatın, hər bir yetkin fərdin qarşısında duran ümdə vəzifə sözügedən nəsildə mütaliəyə maraq oyatmaqdır.
Bizim də məqsədimiz məhz budur. Ona görə də mütaliə mədəniyyətinin formalaşdırılması barədə ən müxtəlif mənbələrdən iqtibaslar edərək, ən ümdə mütəxəssislərdən fikir alaraq sizlərlə bölüşmək qərarına gəldik. Beləliklə, sizlərə mütaliə mədəniyyətini necə formalaşdırmaq barədə danışacağıq.
İlk bəhs edəcəyimiz isə Mütaliə terapiyası barədədir.
2.
MÜTALİƏ TERAPİYASI
Dərhal ondan başlayaq ki, kitab oxumaq - ənənəvi bilik əxz eləmək anlayışından daha geniş anlayışdır. Bura o qədər sadalamalar aiddir ki (məsələn, stressdən qurtaran, hafizəni möhkəmləndirən, hər hansı bir çətin durumdan çıxmağı təlqin edən, müsbət şəxsi keyfiyyətlər formalaşdıran, pozitivlik verən və s. və i.), onlar barədə məlumat əldə edən bir kimsənin həvəslə kitab oxumağa başlayacağına əsla şübhə etmirik.
Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Biz mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tuturuq ki, bu da əsasən oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir.
Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bəli, valideyində, müəllimdə, kitabxanaçıda əsas keyfiyyətlərdən biri uşaqda mütaliəyə maraq yaratmaq, onu düzgün istiqamətləndirməkdir. Uşaq və yeniyetmələrin mənəvi, intellektual və estetik inkişafında kitabın və mütaliənin rolu danılmazdır. Onlar insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü artırır. Böyüməkdə olan uşaqlara, yeniyetmələrə, gənc nəslin nümayəndələrinə izah etmək lazımdır ki, bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində kitabların böyük rolu vardır.
Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitqlərinin və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə edənlər öz erudisiyaları, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
U. M. Tekkerey kitab barədə deyirdi ki, kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir.
Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir, əksinə televizor onları tirir...
Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
London və Uels universitetlərinin alimləri isə San-Fransiskoda 53 kişi və 75 qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanlarda telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.
Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edir. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hisslər oyadır, kulturoloji hazırlıq aşılayır. Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır. Şagirdlər də, tələbələr də öz müəllimlərini, kitabxanaçılarını mütaliə mədəniyyətinin ən bariz daşıyıcısı kimi tanımalıdırlar. Belə adamlarla ünsiyyət yorucu olmur. Onları dinləmək, onlardan öyrənmək gündəlik tələbata çevrilir.
Bir ayda neçə kitab oxuduğunuzu heç düşünmüsünüzmü? Və bir ildə? Statistikaya inanırsınızsa, orta hesabla bir insan ömrü boyu minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Bu cür laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil.
Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindir: oxumaqdan könüllü imtina edən bir insan özünü bir çox üstünlükdən məhrum edir.
Növbəti: 3.Prioritet sahə
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir” - MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT
Hörmətli Mehriban xanım Əliyeva!
Sizin ictimai-siyasi fəaliyyətiniz, xalqımızın milli mənəvi dəyərlərinə diqqətiniz, Azərbaycan qadını obrazını dünyaya tanıtmanız, Azərbaycan mədəniyyətinin hamisi kimi misilsiz xidmətləriniz, mərhəmətiniz, xeyirxahlığınız, xeyriyyəçiliyiniz bütün Azərbaycan xanımlarına örnəkdir.
Şəxsiyyət kimi xarakterizə edərkən aydın görmək mümkündür ki, siz ənənəviliklə müasirliyin, tarixi köklərə bağlılıqla dünyəviliyin əsas prinsiplərini birləşdirməyi bacaran milli ruhumuza sarsılmaz tellərlə bağlanan lider qadınsınız.
Sizin gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığınız yorulmaz mübarizə yeni Azərbaycanın tərəqqisində, uğurlarında önəmli rol oynayır. Humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinizin təməlində millətə layiqli xidmət dayanır.
Müsahibələrinizin birində vurğulayırsınız ki, həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Sizin də şərəfli tariximizdə öz iziniz var, bu iz əbədi qalacaq.
Siz vətənpərvər, maarifpərvər, tərəqqipərvər Azərbaycan qadınlarından bizə qalan qiymətli mirası ləyaqətlə yaşadırsınız. Sizin həm vətəndaş mövqeyiniz, həm siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətiniz misilsizdir.
Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndər Heydər Əliyevin Vətənimizin, xalqımızın inkişafı və rifahı naminə gördüyü işləri, onun işıqlı ideyalarını yüksək səviyyədə davam etdirirsiniz. Sizin fəaliyyətinizlə Fond nəinki Azərbaycanda, regionda, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələrində çox nəhəng layihələrə imza atır, Azərbaycanın milli mənəvi dəyərlərini, mədəniyyətini, əcdadlarımızın məşğuliyyətinin və sənətkarlıq qabiliyyətinin özünəməxsusluğunu beynəlxalq miqyasda fədakarlıqla təbliğ və təmsil edir.
Mənəvi zənginlik paylaşdıqca çoxalır, miqyası, təsir gücü, dəyəri artır, xalq öz mədəniyyətinə və mənəviyyatına xas cəhətləri daha uzaq, geniş arenalara yayır, həm özü zənginləşir, həm də yad mədəniyyətlərə malik insanları zənginləşdirir, daşıdığı mental dəyərlərə beynəlmiləlçilik qazandırır. Bu mənəvi kriteriyalara sahib xalq özünü dünyada tanıdır, qəbul olunur, belə xalqların nümayəndələri ilə hesablaşmalı olurlar. Siz xalqı tanıdan, mədəniyyəti zənginləşdirən, mənəviyyatı qoruyan Azərbaycan xanımısınız.
Siz qayəsində Vətən, xalq sevgisi dayanan Heydər Əliyevin mənalı ömür yolunu məktəbləşdirmisiniz.
Beynəlxalq tədbirlərdə qadın hüquqlarının, gender bərabərliyinin təmsilçisi kimi çıxışlarınız, qadın zorakılığına qarşı barışmaz mübarizəniz ölkəmizin nüfuzunu dünya arenasında artırır. Məhz bu və digər fəaliyyətiniz mötəbər kürsülərdən alqışlanır. UNESCO-nun baş direktoru İrina Bokova çıxış və məruzələrində, müxtəlif görüşlərdə həmişə xüsusi qeyd edir ki, Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir, Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız.
Siz Azərbaycan mədəniyyətinin hamisisiniz. Sizin fəaliyyət proqramınızın əsas prinsipləri xalqın milli və mənəvi dəyərlərinə sayğı, əxlaq qaydalarına ehtiram, elmə, təhsilə mədəni irsə qayğıdır. Çıxışlarınızda önə çəkirsiniz ki, müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin, mədəniyyətin əhəmiyyəti əvəsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı gündən təhsilə, mədəniyyətə, insanların sağlamlığına diqqəti və yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir.
Sizin misilsiz xidmətiniz, yorulmaz səyləriniz nəticəsində UNESCO ilə sıx əməkdaşlıq yüksək töhfələr verməkdədir. Artıq ölkəmizin neçə-neçə qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmuşdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin doqquzuncu sessiyasında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək örtüklərinin hazırlanması və istifadə olunması” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Beləliklə, bu əlamətdar hadisəyə əsasən ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunması Sizin misilsiz xidmətinizin uğurlu nəticəsidir.
Kəlağayını mükəmməl sənət nümunəsi, mənəvi dəyər, Azərbaycan qadının abır-həya, namus, ismət rəmzi kimi təqdim edəndə Sovet rejimində qıcıq yaradırdı. Hətta Sovetin mürtəce siyasəti nəticəsində ictimai fəal, vəzifəli qadınlara baş örtüyündən istifadə qadağan edilmişdi. Sizin sayənizdə kəlağayı indi qadınların başının tacı kimi dəyərləndirilir. Sizin cənab Prezidentimiz İlham Əliyevlə 2022-ci il, avqustun 12-də İsmayıllı rayonunun qədim Basqal kəndinə səfəriniz zamanı kəlağayı sexində olmanız, kəlağayıya naxış vurmanız, ustalarla maraqlı söhbətiniz, başınıza örtdüyünüz, çiyninizə saldığınız kəlağayı çox qadınların marağına səbəb oldu, diqqətini çəkdi, kəlağayı sevgisini artırdı.
2024-cü il, noyabrın 26-da kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasının 10-cu ildönümüdür. Sizin əməli işləriniz bir daha təsdiq edir ki xalqımız yaşayır, yaradır, onun tarixi və mənəvi irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.
Hörmətli Mehriban xanım, əksər milli dəyərlərimizə sevgisi olan bütün Azərbaycan qadınları kimi kəlağayı mənim üçün əzizdi, müqəddəsdi, doğmadı. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, anamın, Vətənimin sevimli qızıyam. Kəlağayı o qədər müqəddəsdir ki, varlığı bizim mənəvi aləmimizin saflığını qoruyub. Başına kəlağayı örtən Azərbaycan qadını bu müqəədəs baş örtüyümüzə xəyanət edə bilməz.
Kəlağayı milli düşüncəmiz, milli ruhumuz, milli kimliyimizin təsdiqidir, xatirə yaddaşımız - şad və kədərli günlərimizin şahidi, milli mədəniyyətimizin, sənətimizin ayrılmaz hissəsidir. Bu düşüncələrə səbəb Sizin kəlağayıya dəyəriniz, diqqətinizdir.
Sizin kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınması kimi uzaqgörən ideyanızdan ruhlanan, bu ideyanı fəaliyyət proqramı kimi qəbul edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı 5 il müddətində daim kəlağayını təbliğ edir, tanıdır. Müxtəlif tədbir və görüşlərdə qədim baş örtüyümüzün mənəvi dünyamıza zənginlik gətirdiyini əsas tutaraq Vətənimizin gələcəyini etibar etdiyimiz gənc nəslin tərbiyəsində önəmli əhəmiyyətinə xüsusi xüsi diqqət yetirir. Son illərdə İctimai Birliyimiz Azərbaycanı şəhər-şəhər, kənd-kənd gəzərək “Sazlı, Sözlü Kəlağayı Günləri” keçirir. Xətai rayonunda və Şuşada keçirdiyimiz “Kəlağayı Festivalı”nı tamaşaçıların böyük coşqusuna səbəb oldu. Təhsil ocaqlarındakı tədbirlərdə məktəblilər və tələbələrin kəlağayıya sevgisi bizi ruhlandırır. Artıq kəlağayı milli təfəkkürümüzün, mənəviyyatımızın ayrılmaz atributuna çevrilib.
Artıq iki ilə yaxındır ki, Birliyin nəzdində şəxsi “Kəlağayı Muzeyi” yaratmaq ideyamızı gerçəkləşmişik. Muzeyin açılışında Özbəkistandan ölkəmizə elmi simpoziuma gələn 15 nəfər elm adamı, Azərbaycanın elm, sənət, söz nümayəndələri iştirak ediblər. Evimizin ən geniş otaqlarından birində fəaliyyət göstərən muzeydə 200-dən çox kəlağayı, 100-dən çox toxuma əl işlərim, tariximizi yaşadan qədim əntiq və məişət əşyaları, rənggarlıq əsərləri nümayiş etdirilir. Eksponatlar artdıqca darısqallıq yarandığından dəyərli mədəni irsimizi ziyarətçilərə layiqincə nümayiş etdirmək çətinləşir.
Hörmətli Mehriban xanım, 2024-cü il, avqustun 26-sı Sizin doğum gününüz, 60 illik yubileyinizdir. Sizi - alicənab, müdrik, insanpərvər, kübar, kreativ, yüksək erudisiyalı, güclü, cəsarətli, həmçinin mərhəmətli, zərif Azərbaycan xanımını təbrik edirik.
Sizi noyabrın 26-da İkeçiriləcək növbəti “Kəlağayı Festivalı”nda görmək bütün Azərbaycan xanımları üçün şərəf olar.
Hörmətlə:
Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
Haqqa qovuşan alim… - NƏSİMAN YAQUBLUNU İTİRDİK
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dünyada əbədi yaşayacaq kimsə yoxdur. Hər kəsin öz möhləti var və bu möhlət necə deyərlər, fərqi yox, ya vəlvələdən, ya zəlzələdən başa çatdısa- əlvida!..
Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi...
O, 1962-ci ildə dünyaya gəlmişdi. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdu. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxumuşdu. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışmışdı.
1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı…
...Daim axtarışda idi. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi...
Bəli, bu dünyada Nəsiman Yaqublu adında bir alim vardı. Bizi tərk edib haqqa qovuşdu. Gedənə rəhmət diləyərlər.
Başın sağ olsun, Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)


